Azərbaycan Respublikasının Seçki Məcəlləsi


İyirmi beşinci fəsil. Milli Məclisə seçkilərə hazırlıq



Yüklə 1,1 Mb.
səhifə12/16
tarix31.08.2018
ölçüsü1,1 Mb.
#65653
1   ...   8   9   10   11   12   13   14   15   16

İyirmi beşinci fəsil. Milli Məclisə seçkilərə hazırlıq

Maddə 155. Milli Məclisə seçkilər zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər

155.1. Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

155.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi qeydə alınmış namizədlərə, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiya bloklarına müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

155.3. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün efir vaxtı ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

155.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

155.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan yerin həcmi namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Bu zaman həmin yerin həcmi namizədlər üçün ayrıca və siyasi partiyalar, siyasi partiyaların blokları üçün ayrıca müəyyən edilir. Onlar həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

155.6. Qeydə alınmış namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının bu Məcəllənin 155.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz verilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

Maddə 156. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları

156.1. Namizədin seçki fondu vəsaitinin yuxarı həddi 500 min manatdan çox ola bilməz.

156.2. Birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

156.2.1. 500 min manatdan çox olmamaq şərti ilə, namizədin, qeydə alınmış namizədin xüsusi vəsaiti;

156.2.2. 150 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti;

156.2.3. çıxarılıb

156.2.4 vətəndaş üçün 3000 manatdan hüquqi şəxs üçün 50 min manatdan çox olmayan könüllü ianələr.

156.3. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilərlər.

156.4. Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

156.4.1. siyasi partiyaların, siyasi partiyalar bloklarının 500 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

156.4.2. çıxarılıb

156.4.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.

156.5. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondunun vəsaitinin yuxarı həddi bu Məcəllənin 156.1-ci maddəsində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış namizədlərin sayına vurulmaqla müəyyən edilir. Eyni zamanda, hər bir namizəd üçün xərclənmiş məbləğ bu Məcəllənin 156.1-ci maddəsində göstərilən məbləğdən yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir. (6, 10)

Maddə 157. Milli Məclisə seçkilər zamanı xüsusi seçki hesabları

157.1. Namizəd birmandatlı seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsi barədə dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açmalıdır.

157.2. Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələrinin 60-dan çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.

157.3. Namizəd, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairəsi üzrə namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasından bildirişin təsdiq edilmiş surəti əsasında, həm də bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz səlahiyyətli nümayəndəsinə xüsusi seçki hesabının açılmasını tapşıra bilər. Namizəd, qeydə alınmış namizəd, siyasi partiyalar, siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər.

157.4. Namizədin, qeydə alınmış namizədin seçki dairəsi dəyişdikdə o, xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytara bilər. Bu hüquqdan istifadə edilmədikdə, bank müvafiq seçki komissiyasının yazılı göstərişi əsasında 3 gün müddətində vəsaiti Mərkəzi Seçki Komissiyasının hesabına köçürür. Bundan sonra namizəd, qeydə alınmış namizəd Mərkəzi Seçki Komissiyasına yekun maliyyə hesabatı verməli, maliyyə hesabatının surətini isə dairə seçki komissiyasına təqdim etməlidir. Yeni seçki dairəsində xüsusi seçki hesabının açılması bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir.

Maddə 158. Vahid seçki fondunun ləğv edilməsi

Vahid seçki fondu yaradan siyasi partiyanın, siyasi partiyalar blokunun birmandatlı seçki dairələrində qeydiyyatdan keçən namizədlərinin sayı 60 və ya 60-dan az olarsa, siyasi partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesabı bağlanır, həmin hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında proporsional qaydada bölüşdürülür.



Maddə 159. Milli Məclisə seçkilər zamanı seçki fondları vəsaitlərinin istifadəsində aşkarlıq

159.1. Birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş və ya qeydiyyatdan keçmiş namizədin seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.3-cü maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

159.1.1. seçki fondu vəsaitinin məbləği siyasi partiya, siyasi partiyaların bloku üçün 10 min manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə 2 min 500 manatdan çox olduqda, həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

159.1.2. seçki fonduna siyasi partiya, siyasi partiyaların bloku üçün 5 min manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə 1 min 250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

159.1.3. seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

159.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

159.1.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

159.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun vahid seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

159.2.1. seçki fondu vəsaitinin məbləği 10 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

159.2.2. seçki fonduna 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

159.2.3. seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

159.2.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

159.2.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

Maddə 160. çıxarılıb

Maddə 161. çıxarılıb

Maddə 162. Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərinin ödənilməsi

162.1. Bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizəd, siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan yekun maliyyə hesabatının verildiyi günədək namizəd, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən ödənilməlidir. Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində göstərilən namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, habelə həmin partiya bloklarının tərkibinə daxil olmuş siyasi partiyaların siyahısını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə siyasi partiyalar bloklarının birgə qərarlarından çıxarışların təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına göndərir.

162.2. Bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün müddətində bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, habelə siyasi partiyaların bloklarına daxil olmuş siyasi partiyalara istifadə edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri haqqında, özlərinin hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər.

162.3. Bu Məcəllənin 80.5, 83.6 və 155.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyəri, bu Məcəllənin 80.6-cı və 83.7-ci maddələrində nəzərdə tutulmuş qaydada namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına verilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş yerin qiymətinə vurulması yolu ilə müəyyən edilir.

162.4. 60-dan çox birmandatlı seçki dairələrində namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 155.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından istifadə etdikdə hər bir siyasi partiyanın, siyasi partiyalar blokunun qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.

162.5. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina ediblərsə, verilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir.

162.6. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmuş, pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş namizədlər, siyasi partiyalar haqqında məlumatlar verirlər. Dairə seçki komissiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşlar, siyasi partiyalar haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər.

Maddə 163. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti

Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir.



Maddə 164. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları pul vəsaitinin öz hesablarına geri qaytarılması

164.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda qeydə alınmış namizədə, siyasi partiyalara və siyasi partiyaların bloklarına təqdim edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.

164.2. çıxarılıb

164.3. çıxarılıb

164.4. Bu Məcəllənin 162.1-ci maddəsinin tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların bloku teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 12 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.

164.5. Bu Məcəllənin 164.4-cü maddəsində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır. Bu Məcəllənin 164.4-cü maddəsində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı verilənədək bu Məcəllənin 164.4-cü maddəsində göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.

164.6. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə bu Məcəllənin 164-cü maddəsi ilə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizəd, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, siyasi partiyaların, siyasi partiyalar bloklarının üzərinə bu Məcəllənin 164-cü maddəsi ilə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, o cümlədən siyasi partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur.

164.7. çıxarılıb

164.8. çıxarılıb

İyirmi altıncı fəsil. Milli Məclisə seçkilərin keçirilməsi

Maddə 165. Milli Məclisə seçkilər zamanı səsvermə otağı

165.1. Milli Məclisə seçkilər zamanı səsvermə otağı bu Məcəllənin 98-ci maddəsinin tələblərinə uyğun təşkil edilir.

165.2. Məntəqə seçki komissiyası səsvermə otağında və ya bilavasitə otağın qarşısında seçki bülletenlərinin nümunələrini, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatları, müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış bütün namizədlərin soyadı, adı, atasının adı, doğum tarixi, təhsili, əsas iş (və ya xidmət) yeri və tutduğu vəzifəsi (bu olmadıqda — fəaliyyət növü), yaşayış yeri, namizədliyini kimin irəli sürməsi haqqında məlumatları məlumat lövhələrində yerləşdirir.

165.3. Namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları haqqında məlumatlar seçki bülletenlərində nəzərdə tutulmuş qaydada və ardıcıllıqla yerləşdirilir.



Maddə 166. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri

166.1. Milli Məclisə seçkilər zamanı seçki bülletenləri bu Məcəllənin 99-cu maddəsində göstərilən qaydada hazırlanır.

166.2. Birmandatlı seçki dairəsi üzrə seçki bülletenində qeydə alınmış hər bir namizədin əlifba qaydasında soyadı, adı, atasının adı, doğum tarixi, əsas iş və ya xidmət yeri (bu olmadıqda — fəaliyyət növü), habelə qeydə alınmış namizədin kim tərəfindən irəli sürüldüyü göstərilməlidir.

166.3. Seçki bülletenində bu Məcəllənin 54-cü maddəsinə uyğun olaraq qeydə alınmış namizədin mənsub olduğu siyasi partiyanın qısa adı, habelə emblemi göstərilməlidir. Seçki bülleteninə daxil olan siyasi partiyaların emblemləri eyni rəngdə olmalıdır.

166.4. Seçki bülletenində bu Məcəllənin 53-cü maddəsinə uyğun olaraq qeydiyyatdan keçmiş namizədin partiya mənsubiyyəti onun arzusu ilə göstərilə bilər.

166.5. Hər bir qeydə alınmış namizədin soyadından sağda boş kvadrat yerləşdirilir.



Maddə 167. Milli Məclisə seçkilər zamanı səsvermə qaydası

167.1. Milli Məclisə seçkilər zamanı səsvermə bu Məcəllənin 104-cü və 105-ci maddələrinə uyğun keçirilir.

167.2. Seçici birmandatlı seçki dairəsi üzrə seçki bülletenində səs verəcəyi namizədin soyadından sağdakı kvadratda işarə qoyur.

167.3. Birdən çox boş kvadratda işarə qoyulduqda, səs etibarsız sayılır.



Maddə 168. Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması

168.1. Milli Məclisə seçkilər zamanı seçki məntəqəsində səslərin hesablanması bu Məcəllənin 106-cı maddəsinə uyğun həyata keçirilir.

168.2. Hər bir protokola bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı səsvermənin yekunlarına dair aşağıdakı məlumatlar daxil edilir:

168.2.1. seçki bülleteninə daxil edilmiş namizədlərin soyadı, adı, atasının adı, bunlar eyni olduqda — namizədlər barəsində digər məlumatlar;

168.2.2. hər bir namizədin lehinə verilmiş səslərin sayı.

Maddə 169. Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarının müəyyən edilməsi

169.1. Dairə seçki komissiyasında səslərin hesablanması bu Məcəllənin 107-ci maddəsinə uyğun aparılır.

169.2. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyən edir.

169.3. Seçkilərdə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd birmandatlı seçki dairəsi üzrə deputat seçilmiş hesab edilir.

169.4. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2 və 168-ci maddələrində göstərilənlərə əlavə olaraq, deputat seçilmiş namizədin soyadı, adı və atasının adı, seçkilərin etibarsız sayıldığı seçki məntəqələrinin sayı göstərilir.

Maddə 170. Birmandatlı seçki dairəsi üzrə seçkilərin baş tutmaması və ya seçkilərin etibarsız sayılması

170.1. Dairə seçki komissiyası, qeydə alınmış namizədlərin lehinə verilən səslərin sayı bərabər olduqda, birmandatlı seçki dairəsi üzrə seçkiləri baş tutmamış hesab edir.

170.2. Dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin;

170.2.3. məhkəmənin qərarı əsasında.



170.3. Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.

İyirmi yeddinci fəsil. Milli Məclisə seçkilərin yekunları

Maddə 171. Milli Məclisə seçkilər zamanı seçkilərin yekunlarının yoxlanılması və təsdiqi

171.1. Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq seçkilərin yekunlarını Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.

171.2. Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20 gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə) yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.

171.3. Konstitusiya Məhkəməsi göstərilən sənədləri aldıqdan sonra 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Məcəlləyə uyğunluğunu yoxlayır. Yoxlama prosesi tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artıra bilər.

171.4. Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

171.5. Seçkilərin yekunları bütövlükdə təsdiq edilmədikdə, Konstitusiya Məhkəməsi bu haqda qərar çıxarır və bu Məcəllənin 145-ci maddəsinə uyğun olaraq yeni seçkilər təyin edilir.



Maddə 172. Milli Məclisə təkrar seçkilər

Bu Məcəllənin 170.2-ci maddəsində nəzərdə tutulan əsaslarla seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və ya bu Məcəllənin 171.4-cü maddəsinə əsasən seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada təkrar seçkilər keçirir.



Maddə 173. Milli Məclisə seçilmiş deputatların qeydə alınması

173.1. Dairə seçki komissiyası seçkilərin yekunları haqqında protokolu imzaladıqdan sonra deputat seçilmiş namizədə dərhal bu barədə məlumat verir. Deputat seçilmiş namizədlər ən geci 60 gün müddətində deputat statusu ilə bir araya sığmayan və Konstitusiyanın 85-ci maddəsinin II hissəsində göstərilən vəzifədən azad olunduqları barədə əmrin surətini (bu vəzifələrdən azad olunmaq barədə 3 gün müddətində ərizə verəcəklərini təsdiq edən sənədin surətini) və ya fəaliyyətlərinə xitam verilməsi barədə öhdəliyi nəzərdə tutan ərizəni Mərkəzi Seçki Komissiyasına təqdim edirlər.

173.2. Birmandatlı seçki dairəsi üzrə seçilmiş namizəd bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələbləri yerinə yetirmədikdə Mərkəzi Seçki Komissiyası həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir. Bu Məcəllənin 173.1-ci maddəsində nəzərdə tutulmuş tələblər bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş məcburi hallar olmadan namizəd tərəfindən yerinə yetirilmədikdə və bunun nəticəsində təkrar seçkilər təyin edildikdə, həmin namizəd təkrar seçkilər keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarının istifadə etdiyi dövlət büdcəsinin vəsaitini tam məbləğdə ödəməlidir.

173.3. Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra namizəd deputat statusu ilə bir araya sığmayan vəzifədən azad olunduqda və ya fəaliyyətinə xitam verdikdə, Mərkəzi Seçki Komissiyası onu deputat kimi qeydə alır və ona deputat vəsiqəsi verir.



Maddə 174. Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi

Milli Məclisə seçkilər zamanı səsvermənin nəticələrinin və seçkilərin yekunlarının dərc edilməsi qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə