Azərbaycan Respublikasının Seçki Məcəlləsi


Üçüncü fəsil. Seçki və referendum orqanları



Yüklə 1,1 Mb.
səhifə2/16
tarix31.08.2018
ölçüsü1,1 Mb.
#65653
1   2   3   4   5   6   7   8   9   ...   16

Üçüncü fəsil. Seçki və referendum orqanları

Maddə 17. Seçki (referendum) orqanlarının fəaliyyət prinsipləri

17.1. Azərbaycan Respublikasında seçkilər və referendumlar seçki (referendum) komissiyaları tərəfindən təşkil edilir və keçirilir.

17.2. Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) orqanları — seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasını, keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyən edilməsini, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsini və müdafiəsini təmin edir, həmin hüquqlara riayət olunmasına nəzarət edirlər.

17.3. Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) komissiyaları seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində dövlət hakimiyyəti orqanlarından, bələdiyyə qurumlarından, siyasi partiyalardan, qeyri-hökumət təşkilatlarından və başqa ictimai təşkilatlardan, digər hüquqi və fiziki şəxslərdən asılı deyildirlər; onların və ya onların vəzifəli şəxslərinin seçki (referendum) komissiyalarının fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Seçki (referendum) komissiyalarının işinə müdaxilə edən və ya təsir göstərən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati və ya cinayət məsuliyyətinə cəlb edilirlər.

17.4. Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) komissiyalarının qəbul etdiyi qərarlar və aktlar müvafiq ərazidə fəaliyyət göstərən dövlət orqanları, bələdiyyə qurumları, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, digər ictimai təşkilatlar, referendum üzrə təşviqat qrupları, vəzifəli şəxslər və seçicilər üçün məcburidir. Yuxarı seçki komissiyalarının qərarları aşağı seçki komissiyaları üçün məcburidir.

17.5. Bu Məcəllə ilə müəyyənləşdirilmiş səlahiyyətləri daxilində seçki (referendum) komissiyaları seçicilərə seçkilərin (referendumun) hazırlanmasının və keçirilməsinin gedişi, onların nəticələri haqqında məlumat verilməsi, seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində istifadə edilən məlumatların əldə edilməsi, toplanması, tamamlanması, yenidən işlənməsi, ötürülməsi və mühafizə edilməsi, habelə seçki (referendum) komissiyalarının fəaliyyətinin informasiya təminatı məqsədi ilə (seçicilər haqqında məlumatların qorunması və yayılmaması şərti ilə) dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə etmək hüququna malikdirlər.

17.6. Seçkilərin (referendumun) təşkili və keçirilməsi zamanı seçki (referendum) komissiyaları və onların üzvləri, digər vəzifəli şəxslər öz fəaliyyətlərində aşağıdakı tələblərə əməl etməlidirlər:

17.6.1. seçkilərin (referendumun) təşkili və keçirilməsində qanuna əsaslanmalıdırlar, qanunlar tam, bərabər və qərəzsiz tətbiq olunmalıdır;

17.6.2. qanun çərçivəsində hər bir siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna, namizədə, seçiciyə və seçki (referendum) kampaniyasının digər iştirakçılarına ədalətli və bərabər münasibət bəsləməlidirlər;

17.6.3. namizədə, siyasi partiyalara, referendum üzrə təşviqat qruplarına, seçiciyə münasibətdə neytral və qərəzsiz olmalıdırlar;

17.6.4. hər hansı bir namizədin, siyasi partiyanın, referendum üzrə təşviqat qrupunun dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi başa düşülə bilən hərəkətlərə yol verməməlidirlər;

17.6.5. seçkilərin (referendumun) təşkilatçısı kimi, xidməti və şəxsi mənafelər arasında ziddiyyətlərə yol verməməlidirlər;

17.6.6. seçki (referendum) kampaniyasında iştirak edənlərdən heç bir hədiyyə və digər bəxşişlər almamalıdırlar;

17.6.7. qanunsuz, onların vəzifələri ilə ziddiyyət təşkil edən göstərişləri icra etməməlidirlər;

17.6.8. onların vəzifələri ilə ziddiyyət təşkil edən heç bir hərəkətdə (aksiyada) iştirak etməməlidirlər;

17.6.9. hər hansı bir namizədə, siyasi partiyaya, referendum üzrə təşviqat qrupuna qarşı qərəzli mövqeyin yaranmasına gətirib çıxara bilən fəaliyyətdə (özəl fəaliyyət də daxil olmaqla) iştirak etməməlidirlər;

17.6.10. seçkilərlə (referendumla) əlaqəsi olan heç bir siyasi mübahisə zamanı mövqe bildirməməlidirlər;

17.6.11. siyasi mahiyyət daşıyan seçki məsələləri ilə əlaqədar heç bir seçici ilə münasibətdə olmamalıdırlar;

17.6.12. heç bir siyasi partiyanın rəmzlərini gəzdirməməlidirlər, yaymamalıdırlar, heç bir siyasi partiyaya hansısa başqa yolla münasibət bildirməməlidirlər;

17.6.13. seçki komissiyalarının iclasları istisna olmaqla, qəbul olunan qərarları öz mülahizələri üzrə şərh etməməlidirlər;

17.6.14. hər bir qərarın qəbul edilməsinə təsir göstərə bilən məlumatın əldə edilməsini mümkün etməlidirlər;

17.6.15. qanun əsasında seçicilərə, seçki (referendum) hərəkətlərinin həyata keçirilməsində iştirak etmək hüququ olan şəxslərə sənədlərlə və məlumatlarla tanış olmaq üçün şərait yaratmalıdırlar;

17.6.16. məlumatların yığılmasına, araşdırılmasına, birmənalı və aydın anlaşılmaqla müntəzəm dərc edilməsinə şərait yaratmalıdırlar;

17.6.17. seçicilərin seçkilərdə (referendumda) iştirakı üçün imkan dairəsində bütün tədbirləri görməlidirlər;

17.6.18. seçicilər tərəfindən seçki (referendum) kampaniyasının düzgün başa düşülməsi üçün tədbirlər görməlidirlər;

17.6.19. səs vermək üçün xüsusi şəraitin yaradılması tələb olunan əlil və ya digər fiziki qüsuru olan, uzaq və ya yolu çətin keçilən yerlərdə yaşayan seçicilərin seçkilərdə (referendumda) iştirakı üçün bütün imkanları yaratmalıdırlar.



Maddə 18. Seçki (referendum) komissiyaları sistemi

18.1. Azərbaycan Respublikasında seçki (referendum) komissiyaları sisteminə aşağıdakı komissiyalar daxildir:

18.1.1. Azərbaycan Respublikasının Mərkəzi Seçki (referendum) Komissiyası (bundan sonra — Mərkəzi Seçki Komissiyası);

18.1.2. dairə seçki (referendum) komissiyaları (bundan sonra — dairə seçki komissiyaları);

18.1.3. məntəqə seçki (referendum) komissiyaları (bundan sonra — məntəqə seçki komissiyaları).

18.2. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.

18.3. Seçki komissiyaları Azərbaycan Respublikası Konstitusiyasının 3, 83, 101 və 142-ci maddələrinə uyğun olaraq daimi fəaliyyət göstərən dövlət orqanlarıdır (bu Məcəllənin 35.4-35.6-cı maddələrində göstərilən məntəqə seçki komissiyaları istisna olmaqla).

Maddə 19. Seçki komissiyalarının fəaliyyətinin təşkilinin ümumi qaydaları

19.1. Seçki komissiyaları kollegial formada fəaliyyət göstərirlər.

19.2. Müvafiq seçki komissiyası onun həlledici səs hüquqlu üzvlərinin təyin edildiyi gündən ən geci 5 gün ərzində birinci iclasına toplaşır.

19.3. Seçki komissiyasının sədri, (Mərkəzi Seçki Komissiyasında həmçinin sədr müavini), iki katibi seçki komissiyasının birinci iclasında açıq səsvermə yolu ilə seçilirlər. Seçki komissiyasının sədri seçilənədək onun birinci iclasında və ya sədr olmadıqda iclasa yaşı daha çox olan üzv sədrlik edir. Seçki komissiyasının sədri Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.

19.4. Seçki komissiyaları öz səlahiyyətləri daxilində qərarlar qəbul edirlər.

19.5. Seçki komissiyasının iclası sədr tərəfindən, habelə komissiyanın həlledici səs hüquqlu üzvlərinin azı 1/3 hissəsinin tələbi ilə çağırılır.

19.6. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü, xəstələnmə və digər üzrlü səbəblər istisna edilməklə, seçki komissiyasının bütün iclaslarında iştirak etməyə borcludur.

19.7. Seçki komissiyasının həlledici səs hüquqlu üzvünün bu Məcəllənin 19.6-cı maddəsində göstərilən hallarda əvəz edilməsi məqsədi ilə seçki komissiyalarına əsas üzvlərlə yanaşı eyni şərtlər əsasında irəli sürülmüş əvəzedici üzvlər təyin edilirlər (seçilirlər).

19.8. Seçki komissiyasının iclası haqqında və həmin iclasda baxılan məsələlər haqqında seçki komissiyasının üzvləri komissiyanın sədri tərəfindən iclasın keçirilməsindən 5 gün əvvəl, lakin iclasın keçirilməsinə ən azı 3 gün qalmış xəbərdar edilirlər. Seçki komissiyasının iclasının vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər seçki komissiyasının üzvlərinə yazılı formada və ya elektron kommunikasiya vasitələri ilə şəxsən çatdırılır. İclasın vaxtı haqqında məlumat və həmin iclasda baxılan məsələlərin siyahısı, onlara aid müvafiq qərar layihələri və digər sənədlər səsvermə gününə 5 gündən az qalmışdırsa, 24 saat müddətində, səsvermə günü isə dərhal və şəxsən çatdırılır.

19.9. Seçki komissiyası iclasının səlahiyyətli olması üçün onun həlledici səs hüquqlu üzvlərinin azı 2/3 hissəsi təmin edilməlidir.

19.10. Seçki komissiyasının iclası komissiyanın həlledici səs hüquqlu üzvlərinin 2/3 hissəsi iştirak etdikdə səlahiyyətli hesab edilir.

19.11. Seçki komissiyası üzvünün, habelə iclasda yuxarı seçki komissiyasının rəsmi iştirak edən üzvünün tələbi ilə komissiyanın səlahiyyətinə aid olan və təsdiq edilmiş gündəliyə uyğun gələn hər hansı məsələyə dair səsvermə keçirilməlidir.

19.12. Seçki komissiyası üzvlərinin azı 1/3-nin tələbi ilə seçkilərlə bağlı hər hansı bir məsələ seçki komissiyasının sədrinə ünvanlanan yazılı müraciət əsasında seçki komissiyası iclasının gündəliyinə daxil edilməlidir.

19.13. Seçki komissiyasının bütün iclasları haqqında protokol tərtib edilir, komissiyaya daxil olan bütün sənədlər qeydə alınır.

19.14. Seçki komissiyasının qərarları və iclasının protokolları komissiyanın sədri və katibləri tərəfindən imzalanır. Adları çəkilən şəxslər qərar və protokolu imzalamadıqda, onları bu sənədlərə səs verən komissiya üzvləri imzalayır. Seçki komissiyalarının iclasının protokolları təsdiq olunmaq üçün iclasa ən azı 24 saat qalmış (seçki günü isə gecikdirilmədən) komissiya üzvlərinə paylanır və komissiyanın növbəti iclaslarının birində qərarla təsdiq edilir (bu məsələ seçki komissiyasının iclasının gündəliyinə birinci məsələ kimi salınır).

19.15. Seçki komissiyasının qəbul edilmiş qərarı ilə razılaşmayan üzvlər yazılı formada xüsusi rəy bildirə bilərlər və həmin rəy komissiyanın iclasının protokoluna əlavə edilir. Xüsusi rəy ən geci 3 gün müddətində komissiyanın sədri tərəfindən yuxarı seçki komissiyasına çatdırılmalı, səsvermə günü və səsvermənin ertəsi günü isə onun haqqında təxirə salınmadan məlumat verilməlidir.

19.16. Seçki komissiyası seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün büdcədən ayrılan vəsait həddində əmək müqaviləsi və mülki müqavilə əsasında ştatdankənar işçilər götürə bilər.

19.17. Seçki komissiyasının sədri (Mərkəzi Seçki Komissiyası sədrinin müavini də daxil olmaqla) komissiyanın katibləri və üzvləri arasında vəzifə bölgüsü aparır. Bununla əlaqədar seçki komissiyası sədrinin qəbul etdiyi qərar seçki komissiyası tərəfindən ləğv edilə bilər. Seçki komissiyasının sədri vəzifəsinə görə seçki komissiyası katibliyinin rəhbəri hesab olunur.



Maddə 20. Seçki komissiyalarına kütləvi informasiya vasitələrində yer ayrılması

20.1. Bu Məcəllənin 77.2-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatları seçkilərin hazırlanması və keçirilməsi dövründə hər həftə seçki (referendum) qanunvericiliyini izah etmək, vacib seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddətləri, habelə seçki (referendum) kampaniyasının gedişi haqqında məlumat yaymaq, seçicilərin suallarına cavab vermək üçün Mərkəzi Seçki Komissiyasına əvəzsiz olaraq 15 dəqiqədən, bu Məcəllənin 77.3-cü maddəsində göstərilən teleradio verilişləri təşkilatları isə dairə seçki komissiyalarına 10 dəqiqədən az olmayaraq əvəzsiz efir vaxtı verirlər.

20.2. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən, həftədə azı bir dəfə nəşr edilən dövri mətbu nəşrlərin redaksiyaları seçkilərin (referendumun) hazırlanması və keçirilməsi dövründə Mərkəzi Seçki Komissiyasına əvəzsiz olaraq həftəlik nəşr həcminin bir səhifəsindən az olmayan yer ayırırlar.

20.3. Seçki komissiyaları dövri nəşrlərdə ayrılan yerdən seçki (referendum) qanunvericiliyini izah etmək, seçki hərəkətlərinin qaydası və müddəti, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar (siyasi partiya blokları), referendum üzrə təşviqat qrupları haqqında, seçki (referendum) kampaniyasının gedişi haqqında seçicilərin suallarına cavab vermək üçün istifadə edirlər.



Maddə 21. Seçki komissiyalarında nümayəndəlik

21.1. Qeydə alınmış namizəd və ya namizədi qeydə alınmış siyasi partiyalar və siyasi partiya blokları seçkilər zamanı, referendum üzrə təşviqat qrupları isə referendum zamanı müvafiq seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv qismində aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşını təyin edə bilərlər.

21.2. Siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülmüş namizədi təmsil edən, məşvərətçi səs hüquqlu seçki komissiyası üzvü həmin siyasi partiya, siyasi partiyaların bloku tərəfindən təyin edilir.

21.3. Qeydə alınmış namizədlər, namizəd irəli sürmüş siyasi partiyalar və siyasi partiyalar blokları, referendum üzrə təşviqat qrupları tərəfindən irəli sürülmüş məşvərətçi səs hüquqlu üzvləri müvafiq seçki komissiyası 3 gün müddətində təsdiq edir.

21.4. Siyasi partiyalar və ya referendum üzrə təşviqat qrupları birləşərsə, bir məşvərətçi səs hüquqlu üzv qalmaqla, digər məşvərətçi səs hüquqlu üzvlər seçki komissiyalarının tərkibindən geri çağırılır. Bu tələb siyasi partiya və ya referendum üzrə təşviqat qrupu tərəfindən yerinə yetirilmədikdə, müvafiq seçki komissiyası geri çağırılmalı olan məşvərətçi səs hüquqlu üzvü öz mülahizələri əsasında tərkibindən xaric edir.

Maddə 22. Seçki komissiyası üzvünün statusu

22.1. Referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüləri, namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədi irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər. Belə olduqda və bu hal seçki komissiyasının üzvünü təyin edən orqan tərəfindən təsdiq edildikdə, seçki komissiyasının üzvünü bu Məcəllənin 19.7-ci maddəsində göstərilən əvəzedici üzv əvəz edir. (Bu maddədə nəzərdə tutulmuş qohumluqla əlaqədar (yaxın qohumlar istisna olmaqla) qadağalar bu Məcəllənin 36.7-ci maddəsində göstərilən qaydada seçicilərin sayı 100-dən az olan və 50-dən çox olan yaşayış məntəqələrində təşkil edilmiş məntəqə seçki komissiyalarının üzvlərinə şamil edilmir.). Seçkilərin nəticələri rəsmi elan olunduqdan sonra qohumluq əlaqələrinə görə səlahiyyətlərinə müvəqqəti xitam verilmiş komissiya üzvlərinin səlahiyyəti bərpa olunur. Onların əvəzinə təyin edilmiş komissiya üzvünün səlahiyyət müddəti yerlərinə təyin edildikləri şəxslərin fəaliyyət göstərə bilmədikləri dövrlə məhdudlaşdırılır.

22.2. Bir seçki komissiyasının üzvü eyni zamanda digər seçki komissiyasının üzvü ola bilməz. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü bu Məcəllənin 36.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, dövlət və bələdiyyə qulluğunda ola bilməz.

22.3. Aşağıdakı hallarda seçki komissiyasının həlledici səs hüquqlu üzvü bir ay müddətində, seçkilərin hazırlanması və keçirilməsi dövründə isə 3 gün müddətində müvafiq seçki komissiyasının qərarı ilə seçki komissiyasının üzvü vəzifəsindən vaxtından əvvəl azad edilir:

22.3.1. vəzifəsindən azad edilməsi haqqında yazılı ərizə verdikdə və bu ərizə seçki komissiyasının sədri tərəfindən təsdiqləndikdə;

22.3.2. bu Məcəllənin 22.1-ci və 22.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar olduqda;

22.3.3. siyasi partiyanın üzvü olduqda.

22.4. Seçki komissiyasının həlledici səs hüquqlu üzvünün səlahiyyətlərinə aşağıdakı hallarda dərhal xitam verilir:

22.4.1. prezidentliyə, Milli Məclisin deputatlığına və ya bələdiyyə üzvlüyünə namizəd olduqda;

22.4.2. dövlət hakimiyyəti orqanlarının və ya bələdiyyə qurumlarının seçkili və ya vəzifəli şəxsləri olduqda (bu Məcəllənin 36.3-cü maddəsində göstərilən seçki komissiyalarının üzvləri istisna olmaqla);

22.4.3. Azərbaycan Respublikası vətəndaşlığını itirdikdə və ya digər ölkənin vətəndaşı olduqda;

22.4.4. haqqında məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindikdə;

22.4.5. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli, xəbərsiz itkin düşmüş və ya ölmüş hesab edildikdə;

22.4.6. öz vəzifələrini müntəzəm icra etməməsi haqqında və ya bu Məcəllənin 17.6-cı maddəsinin tələblərini pozmaqla icra etməsi haqqında müvafiq seçki komissiyasının qərarı məhkəmə qərarı ilə təsdiq olunduqda;

22.4.7. seçki qanunvericiliyinin tələblərinin pozulması müvafiq məhkəmə qərarı ilə təsdiq olunduqda.

22.5. Bu Məcəllənin 22.3 və 22.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, seçki komissiyasının üzvü onu təyin edən orqan tərəfindən vəzifəsindən azad edilə bilməz və onun səlahiyyətlərinə xitam verilə bilməz.

22.6. Bu Məcəllənin 22.3 və 22.4-cü maddələrində göstərilən hallarda seçki komissiyasının tərkibindən çıxmış həlledici səs hüquqlu üzvün yerinə, onu əvvəl təyin etmiş orqan tərəfindən bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada, onun çıxdığı gündən ən geci 30 gün müddətində, seçkilərin hazırlanması və keçirilməsi dövründə isə 10 gün müddətində yeni üzv təyin edilir.

22.7. Statusundan asılı olmayaraq seçki komissiyalarının üzvləri bu Məcəllənin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə və ya İnzibati Xətalar Məcəlləsi ilə vəzifəli şəxslər üçün müəyyənləşdirilmiş məsuliyyət daşıyırlar.

22.8. Seçki komissiyasının bu Məcəllənin 36.3-cü maddəsində göstərilən bələdiyyə vəzifələrində, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda, idarələrdə və təsisatlarda işləyən həlledici səs hüquqlu üzvləri, seçki komissiyasında fəaliyyəti dövründə özlərinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər.

22.9. Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini vermək, seçki bülletenlərini saymaq, seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini ləğv etmək, səsvermənin yekunları və nəticələri haqqında protokolları tərtib etmək, seçki komissiyasının səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edilərkən səs vermək, müvafiq seçki komissiyasının qərarını imzalamaq hüquqları istisna olmaqla, seçki komissiyasının həlledici səs hüquqlu üzvü ilə eyni hüquqlara malikdir.

22.10. Seçki komissiyasının həlledici və məşvərətçi səs hüquqlu üzvləri:

22.10.1. müvafiq seçki komissiyasının iclasları, həmin iclasda baxılan məsələlər, onlara aid qərar layihələri və digər sənədlər barədə vaxtında məlumatlandırılırlar;

22.10.2. müvafiq seçki komissiyasının səlahiyyətlərinə aid məsələlər üzrə təkliflər verə, seçki komissiyasının iclasında çıxış edə və bu məsələlər üzrə səsvermə keçirilməsini təklif edə bilərlər;

22.10.3. seçki komissiyası iclasının digər iştirakçılarına gündəlikdəki məsələlərə aid suallar verə və mahiyyəti üzrə cavablar ala bilərlər;

22.10.4. hər bir seçki sənədi (o cümlədən seçici siyahıları, seçki bülletenləri) ilə, aşağı seçki komissiyasının seçki sənədləri ilə tanış ola, sənədlərin (seçici siyahıları, imza vərəqələri, seçki bülletenləri və seçici vəsiqələri istisna olmaqla) surətlərini ala bilər, qanunla dövlət, kommersiya sirri və ya başqa sirr sayılmayan məlumatları əks etdirən sənədlərlə tanış ola bilərlər;

22.10.5. seçki komissiyasının qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq yuxarı seçki komissiyasına və məhkəməyə şikayət edə bilərlər.

22.11. Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvlərinin səlahiyyətləri seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edilməsindən 30 gün sonra başa çatır, lakin yuxarı seçki komissiyasına aşağı seçki komissiyasının qərarından, hərəkətindən (hərəkətsizliyindən) şikayət daxil olmuşdursa, səsvermə və ya səslərin hesablanması qaydası pozulmuşdursa və bu faktlar üzrə məhkəmə araşdırması aparılırsa, həmin səlahiyyətlərə yalnız şikayətin mahiyyəti üzrə yuxarı seçki komissiyası, yaxud məhkəmə tərəfindən qərar qəbul edildikdən sonra xitam verilir.

22.12. Referendumun keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız referendumun keçirilməsi ilə əlaqədar fəaliyyətində, prezident seçkilərinin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız prezident seçkilərinin keçirilməsi ilə əlaqədar fəaliyyətində, Milli Məclis deputatlarının seçkilərin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız Milli Məclis deputatlarının seçkilərinin keçirilməsi ilə əlaqədar fəaliyyətində, bələdiyyələrə seçkilərin keçirilməsi ilə əlaqədar müvafiq seçki komissiyalarına təyin edilən məşvərətçi səs hüquqlu üzvlər həmin komissiyaların yalnız bələdiyyələrə seçkilərin keçirilməsi ilə əlaqədar fəaliyyətində iştirak edə bilərlər.

22.13. Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvünün səlahiyyətlərinə onu təyin etmiş şəxsin və ya namizəd irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı ilə istənilən vaxt xitam verilə, yaxud bu səlahiyyətlər digər şəxsə verilə bilər.

Maddə 23. Seçki komissiyalarının səlahiyyət müddəti

23.1. Seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.

23.2. Aşağı seçki komissiyası tərəfindən vətəndaşların seçki və referendumda iştirak etmək hüquqları pozulduqda və belə bir hal nəticəsində Mərkəzi Seçki Komissiyası (və ya məhkəmə) müvafiq ərazidə səsvermənin nəticələrini etibarsız hesab etdikdə, Mərkəzi Seçki Komissiyası həmin aşağı seçki komissiyasını buraxa bilər. Aşağı seçki komissiyasının buraxılmasına dair Mərkəzi Seçki Komissiyasının qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət edilə bilər. Bu şikayət dərhal baxılmaq üçün qəbul edilir və müvafiq qərar 3 gündən gec olmayaraq çıxarılır. Apellyasiya instansiyası məhkəməsinin bu barədə qərarının qanuni qüvvəyə mindiyi gündən ən geci bir həftə müddətində müvafiq aşağı seçki komissiyası bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada təşkil olunmalıdır.

23.3. Bu Məcəllə ilə nəzərdə tutulan hallarda seçki komissiyası buraxılıb yenidən təşkil edilərsə, yenidən təşkil edilmiş seçki komissiyasının səlahiyyət müddəti buraxılmış seçki komissiyasının səlahiyyət müddəti ilə məhdudlaşır.



Dördüncü fəsil. Mərkəzi Seçki Komissiyası

Maddə 24. Mərkəzi Seçki Komissiyasının yaradılması qaydası

24.1. Mərkəzi Seçki Komissiyası 18 üzvdən ibarətdir.

24.2. Mərkəzi Seçki Komissiyasının üzvləri Milli Məclis tərəfindən seçilir.

24.3. Mərkəzi Seçki Komissiyasının 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə.

24.4. Mərkəzi Seçki Komissiyasının üzvləri ali təhsilli olmalıdırlar.

Maddə 25. Mərkəzi Seçki Komissiyasının vəzifələri

25.1. Mərkəzi Seçki Komissiyası prezident seçkilərini və Milli Məclis deputatlarının seçkilərini, həmçinin referendumların, bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir.

25.2. Mərkəzi Seçki Komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:

25.2.1. seçkilərin (referendumun) hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir seçkilərin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar tədbirlər həyata keçirir, bu Məcəllənin müvafiq müddəalarının eyni cür və dürüst tətbiqini təmin edir;

25.2.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxıb əsaslandırılmış qərar qəbul edir;

25.2.3. özünün təşkiledilmə prinsipinə uyğun olaraq dairə seçki komissiyalarını yaradır;

25.2.4. dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinə rəhbərlik edir;

25.2.5. seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini işləyib hazırlayır, həmin normativləri təsdiq edir və onlara riayət olunmasına nəzarət edir;

25.2.6. seçki (referendum) bülletenlərinin (bundan sonra — seçki bülleteni), seçki bülleteninin qoyulması üçün zərflərin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki (referendum) sənədlərinin (bundan sonra — seçki sənədlərinin) dairə seçki komissiyalarına çatdırılmasını təmin edir;

25.2.7. seçkilərin (referendumların) hazırlanması və keçirilməsi, seçki (referendum) sisteminin inkişafı, seçicilərin hüquqi biliklərinin artırılması, seçki komissiyaları üzvlərinin təlimatlandırılması ilə əlaqədar treyninqlər keçirir və axırıncıların peşə hazırlığı ilə əlaqədar proqramların həyata keçirilməsini təmin edir;

25.2.8. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat qruplarının referendumqabağı fəaliyyəti üçün şərait yaradır; qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiya blokları, referendum üzrə təşviqat qrupları arasında efir vaxtının bölüşdürülməsinin vahid qaydalarını təsdiq edir, səsvermənin və referendumun nəticələrinin dərc olunma qaydalarını müəyyən edir;

25.2.9. dövlət büdcəsindən seçkilərin (referendumların) hazırlanmasına və keçirilməsinə ayrılan vəsaiti bölüşdürür, onun məqsədli istifadəsinə nəzarət edir;

25.2.10. seçki komissiyalarına hüquqi, metodiki və texniki-təşkilati yardım göstərir;

25.2.11. seçki bülletenlərinin, seçki bülletenlərinin qoyulması üçün zərflərin, seçici siyahılarının, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin, səsvermə protokollarının və digər seçki sənədlərinin nümunələrini təsdiq edir, onların hazırlanmasını və mühafizəsini təmin edir;

25.2.12. seçki sənədlərinin saxlanılması və arxivə verilməsi qaydalarını təsdiq edir;

25.2.13. seçki komissiyaları üçün texnoloji təchizat normativlərini təsdiq edir və bunlara əməl olunmasına nəzarət edir; seçki komissiyaları möhürlərinin nümunələrini təsdiq edir;

25.2.14. seçkiqabağı təşviqatın maliyyələşdirilməsinə nəzarət edir;

25.2.15. seçiciləri seçici hərəkətlərinin həyata keçirilməsi müddətləri, qaydası və seçkilərin (referendumun) gedişi haqqında məlumatla təmin edir;

25.2.16. seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin olunmasına nəzarət edir və seçkilərin (referendumun) maddi-texniki təminatı ilə bağlı digər məsələləri həll edir;

25.2.17. müvafiq icra hakimiyyəti və bələdiyyə orqanları ilə birlikdə seçicilərin vahid siyahısını tərtib edir;

25.2.18. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə orqanlarından seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır;

25.2.19. dövlət avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada istifadə olunmasını təmin edir;

25.2.20. müşahidəçiləri qeydə alır və onlara müəyyən edilmiş formada lövhəciklər verir;

25.2.21. bu Məcəllənin 28.1-ci və 28.5-ci maddələrinə uyğun olaraq öz iş qaydasını müəyyən edir;

25.2.22. seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir, öz vəzifələrinə uyğun gəlməyən seçki komissiyalarının sədri və katibləri haqqında təqdimatla müvafiq komissiyaya müraciət edir;

25.2.23. exit-poll keçirən təşkilatların akkreditasiyasını həyata keçirir, həmin təşkilatların akkreditasiyadan keçmə qaydalarını müəyyən edir;

25.2.24. bu Məcəlləyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

25.3. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Məcəllənin həyata keçirilməsinə dair təlimatlar və metodiki göstərişlər qəbul edir və onları dərc etdirir.

25.4. Mərkəzi Seçki Komissiyası bu Məcəllənin həyata keçirilməsi ilə bağlı qəbul edilən təlimatların və metodiki göstərişlərin aşağı seçki komissiyalarına çatdırılmasını təmin etməlidir. Aşağı seçki komissiyaları həmin təlimatları və metodiki göstərişləri Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada onların asan oxunmasını təmin edən məlumat lövhələrində yerləşdirməlidir.

Maddə 26. Mərkəzi Seçki Komissiyasının fəaliyyət istiqamətləri

Referendumun, Milli Məclisə seçkilərin, prezident seçkilərinin və bələdiyyə seçkilərinin keçirilməsi zamanı Mərkəzi Seçki Komissiyası bu Məcəllənin 25-ci maddəsinə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

26.1. Mərkəzi Seçki Komissiyası referendumun hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

26.1.1. referendumun bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;

26.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda referendum üzrə təşviqat qruplarını qeydə alır;

26.1.3. qeydiyyatdan keçmiş referendum üzrə təşviqat qruplarının ümumi siyahılarını dərc edir;

26.1.4. referendumqabağı təşviqat üçün referendum üzrə təşviqat qrupları arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;

26.1.5. referendum üzrə təşviqat qruplarının referendum fondlarına daxil olmuş vəsaitlərdən istifadə olunmasına nəzarəti təmin edir;

26.1.6. referendumun yekunlarını müəyyənləşdirir və mətbuatda dərc edir;

26.1.7. bu Məcəlləyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

26.2. Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

26.2.1. Milli Məclisə seçkilərin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;

26.2.2. bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar və siyasi partiya blokları tərəfindən riayət olunmasını təmin edir;

26.2.3. seçkiqabağı təşviqat üçün siyasi partiyalar və siyasi partiyalar blokları, qeydə alınmış namizədlər arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;

26.2.4. deputatlığa namizədlərin (siyasi partiyaların) seçki fondlarına daxil olmuş vəsaitdən istifadə olunmasına nəzarəti təmin edir;

26.2.5. dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir;

26.2.6. seçki dairələri üzrə qeydə alınmış namizədlər arasından seçilmiş deputatları müəyyən edir, onlara müvafiq vəsiqə verir;

26.2.7. Azərbaycan Respublikası üzrə Milli Məclisə seçkilərin nəticələrini, məntəqə seçki komissiyalarının protokollarındakı məlumatlar da daxil olmaqla, rəsmi dərc edir;

26.2.8. seçilmiş deputatların siyahısını tərtib edir, bu siyahıları və lazımi sənədləri Milli Məclisə təqdim edir;

26.2.9. təkrar seçkilər və sıradan çıxmış deputatların yerinə seçkilər keçirilməsini təşkil edir;

26.2.10. bu Məcəllədə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.

26.3. Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

26.3.1. prezident seçkilərinin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;

26.3.2. prezidentliyə namizədləri, onların vəkil edilmiş şəxslərini, səlahiyyətli nümayəndələrini qeydə alır;

26.3.3. prezidentliyə namizədlərə və onların vəkil edilmiş şəxslərinə müəyyən olunmuş nümunədə müvafiq vəsiqə verir;

26.3.4. qeydə alınmış namizədlərin ümumi siyahısını dərc edir;

26.3.5. prezidentliyə namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şəraiti təmin edir;

26.3.6. bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə riayət olunmasını təmin edir;

26.3.7. qeydə alınmış namizədlər arasında efir vaxtı bölgüsünün eyni qaydada həyata keçirilməsini təmin edir;

26.3.8. prezidentliyə namizədlərin seçki fondlarına daxil olmuş vəsaitlərdən istifadə olunmasına nəzarəti təmin edir;

26.3.9. prezident seçkilərinin nəticələrini müəyyən edir;

26.3.10. prezident seçilmiş namizədə vəsiqə verir;

26.3.11. prezident seçkilərinin nəticələrini rəsmi dərc edir;

26.3.12. prezident seçkiləri üzrə təkrar səsvermə keçirilməsini təşkil edir;

26.3.13. təkrar prezident seçkiləri keçirilməsini təşkil edir;

26.3.14. bu Məcəllə ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.

26.4. Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

26.4.1. bələdiyyə seçkilərinin bu Məcəlləyə uyğun keçirilməsinə nəzarət edir;

26.4.2. dairələr üzrə qeydə alınmış namizədlərin siyahısını dərc edir;

26.4.3. dairə seçki komissiyasının təqdimatı əsasında təkrar və əlavə seçkilərin keçirilməsi haqqında qərar qəbul edir;

26.4.4. seçkilərin nəticələrini rəsmi dərc edir;

26.4.5. bu Məcəllə ilə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirir.



Maddə 27. Mərkəzi Seçki Komissiyası üzvünün fəaliyyətinin təminatları

27.1. Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü komissiyada öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əməkhaqqı alır. Mərkəzi Seçki Komissiyasının sədri, sədrinin müavini, katibi və üzvü olmuş şəxs təqaüdə çıxdıqda fəaliyyətdə olan Mərkəzi Seçki Komissiyası üzvünün əmək haqqının 80 faizi məbləğində pensiya alır.

27.2. Mərkəzi Seçki Komissiyasının üzvü Azərbaycan Respublikası Baş prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz, saxlanıla bilməz, tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz. Mərkəzi Seçki Komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, Mərkəzi Seçki Komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

27.3. Mərkəzi Seçki Komissiyası üzvünün seçkilər (referendum) dövründə ölkə ərazisində gediş-gəliş üçün şəhərlərarası nəqliyyatdan və hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri müvafiq gediş-gəliş sənədləri təqdim olunduqda Mərkəzi Seçki Komissiyasının ayırdığı vəsait hesabına ödənilir.



Maddə 28. Mərkəzi Seçki Komissiyasının işinin təşkili

28.1. Mərkəzi Seçki Komissiyası öz iclaslarının keçirilməsi qaydasını müəyyən etmək məqsədi ilə reqlament qəbul edir.

28.2. Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 12-si iştirak edərsə — azı 8 üzvün; 13-ü iştirak edərsə — azı 9 üzvün; 14-ü və ya 15-i iştirak edərsə — azı 10 üzvün; 16-sı iştirak edərsə — azı 11 üzvün; 17-si və ya 18-i iştirak edərsə — azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

28.3. Bu Məcəllənin tətbiqi qaydaları ilə əlaqədar qəbul edilən təlimatlar və ya metodiki göstərişlər Mərkəzi Seçki Komissiyasının qərarı ilə təsdiq edilməzdən əvvəl hüquqi ekspertizadan keçirilməlidir. Hüquqi ekspertizanın rəyi səsverməyə azı 3 gün qalmış layihə ilə birlikdə Mərkəzi Seçki Komissiyasının üzvlərinə təqdim edilir.

28.4. Mərkəzi Seçki Komissiyasının qərarları ən geci 24 saat ərzində rəsmi dərc edilməlidir və onlar dərc edildiyi gündən qüvvəyə minir.

28.5. Mərkəzi Seçki Komissiyası öz katibliyini yaradır. Katibliyin fəaliyyəti Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Mərkəzi Seçki Komissiyası katibliyin strukturunu və ştat vahidlərini dövlət büdcəsindən ona ayrılmış vəsait hüdudlarında müəyyən edir. Mərkəzi Seçki Komissiyasının Əsasnaməsi, onun katibliyinin strukturu və ştat cədvəli təsdiq edildikdən sonra dərc edilməlidir.

28.6. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanı və internet saytı vardır.

28.7. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının öz blankları, emblemi, döş nişanları və möhürü vardır.



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə