Azərbaycan Respublikasının Seçki Məcəlləsi


MİLLİ MƏCLİSƏ SEÇKİLƏRƏ HAZIRLIQ



Yüklə 1,79 Mb.
səhifə21/33
tarix23.02.2018
ölçüsü1,79 Mb.
#27501
1   ...   17   18   19   20   21   22   23   24   ...   33

MİLLİ MƏCLİSƏ SEÇKİLƏRƏ HAZIRLIQ


Maddə 155. Milli Məclisə seçkilər zamanı kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması üçün xüsusi tələblər

155.1. Qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatda iştirakı bu Məcəllənin on üçüncü fəsli ilə tənzimlənir.

155.2. Teleradio verilişləri təşkilatlarının ayırdıqları pulsuz efir vaxtının ümumi həcminin 1/3 hissəsi qeydə alınmış namizədlərə, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müzakirələrin, dəyirmi masaların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır. Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.137

155.3. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarının kanallarında birgə təşviqat tədbirlərinin keçirilməsi üçün qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün efir vaxtı ayrılır, hesablanır və ayrı-ayrılıqda həyata keçirilir. Bu cür pulsuz efir vaxtından qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları bərabər əsaslarla istifadə etməlidirlər. Bu halda hər bir namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən istifadə edilən efir vaxtının həcmi ayrıca müəyyənləşdirilir.

155.4. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən teleradio verilişləri təşkilatlarının efir vaxtından ödənişli əsaslarla istifadə norması onun ümumi həcminin namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyənləşdirilir.

155.5. Bu Məcəllənin 77.1-ci maddəsində göstərilən dövri nəşr səhifələrində ayrılan yerin həcmi namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının ümumi sayına bölünməsi yolu ilə müəyyən edilir. Bu zaman həmin yerin həcmi namizədlər üçün ayrıca və siyasi partiyalar, siyasi partiyaların blokları üçün ayrıca müəyyən edilir. Onlar həmin yerdən müvafiq ödəniş müqabilində istifadə edə bilərlər.

155.6. Qeydə alınmış namizədlərin, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının bu Məcəllənin 155.2-ci maddəsində göstərilən tədbirlərdə iştirakdan imtina etməsi bu Məcəllənin 80.6-cı maddəsinə uyğun olaraq pulsuz verilən efir vaxtı həcminin artırılmasına səbəb olmur.

Maddə 156. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları

156.1. Namizədin seçki fondu vəsaitinin yuxarı həddi seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə müəyyənləşdirilən şərti maliyyə vahidinin 500 min manatdan çox ola bilməz.

156.2. Birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları aşağıdakı pul vəsaiti hesabına formalaşa bilər:

156.2.1. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 min manatdan çox olmamaq şərti ilə, namizədin, qeydə alınmış namizədin xüsusi vəsaiti;

156.2.2. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 150 min manatdan çox olmamaq şərti ilə, namizədi, qeydə alınmış namizədi irəli sürmüş siyasi partiyanın, siyasi partiyalar blokunun tərkibinə daxil olan siyasi partiyaların vəsaiti;



156.2.3. bu Məcəllənin 164.8-ci maddəsində müəyyənləşdirilmiş hallar istisna olmaqla, qeydə alınmış namizədə dairə seçki komissiyası tərəfindən müvafiq birmandatlı seçki dairəsi üzrə qeydə alınmış digər namizədlərlə bərabər həcmdə ayrılmış vəsait;

156.2.4. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 3000 manatdan və hüquqi şəxs üçün 50 min manatdan çox olmayan könüllü ianələr.

156.3. Birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizəd irəli sürmüş və ya namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları vahid seçki fondu yarada bilər.

156.4. Siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:

156.4.1. siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 500 min manatdan çox olmamaq şərti ilə, xüsusi vəsaiti (siyasi partiyalar blokunun bu xüsusi vəsaiti seçki blokunu yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);

156.4.2. bu Məcəllənin 164.8-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, Mərkəzi Seçki Komissiyasının siyasi partiyaya, siyasi partiyaların blokuna ayırdığı vəsait;

156.4.3. vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri. Könüllü ianələrin həddi seçkilərin təyin edilməsi haqqında qərarın dərc edildiyi günə olan şərti maliyyə vahidinin vətəndaş üçün 3000, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz.

156.5. Siyasi partiyanın, siyasi partiyalar blokunun seçki fondu vəsaitinin yuxarı həddi bu Məcəllənin 156.1-ci maddəsində göstərilən məbləğin irəli sürülmüş və ya qeydə alınmış namizədlərin sayına vurulmaqla müəyyən edilir. Eyni zamanda, hər bir namizəd üçün xərclənmiş məbləğ bu Məcəllənin 156.1-ci maddəsində göstərilən məbləğdən yuxarı ola bilməz. Bu tələbə riayət olunması siyasi partiyaların, siyasi partiyalar bloklarının maliyyə hesabatlarında göstərilməlidir.138

Maddə 157. Milli Məclisə seçkilər zamanı xüsusi seçki hesabları

157.1. Namizəd birmandatlı seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsi barədə dairə seçki komissiyasına bildiriş təqdim etdikdən sonra 5 gün müddətində öz seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açmalıdır.

157.2. Namizədlər üçün vahid seçki fondu yaratmaq niyyətində olan siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairələrinin 60-dan çoxunda irəli sürülən namizədlərin siyahısını Mərkəzi Seçki Komissiyasına təqdim etdikdən sonra 5 gün müddətində vahid seçki fondunu formalaşdırmaq üçün xüsusi seçki hesabı açırlar.

157.3. Namizəd, siyasi partiyalar, siyasi partiyaların blokları birmandatlı seçki dairəsi üzrə namizədin irəli sürülməsi barədə dairə seçki komissiyasından bildirişin təsdiq edilmiş surəti əsasında, həm də bu Məcəllənin 53-cü və 54-cü maddələrində göstərilən sənədlər əlavə edilməklə xüsusi seçki hesabı açırlar. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku öz səlahiyyətli nümayəndəsinə xüsusi seçki hesabının açılmasını tapşıra bilər. Namizəd, qeydə alınmış namizəd, siyasi partiyalar, siyasi partiyaların bloku Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə, başqa şəxsə özünün seçki hesabında olan vəsaitdən istifadə etmək hüququ verə bilər.

157.4. Namizədin, qeydə alınmış namizədin seçki dairəsi dəyişdikdə o, xüsusi seçki hesabının qalıq vəsaitini könüllü ianə vermiş şəxslərə, hüquqi şəxslərə proporsional əsasda qaytara bilər. Bu hüquqdan istifadə edilmədikdə, bank müvafiq seçki komissiyasının yazılı göstərişi əsasında 3 gün müddətində vəsaiti Mərkəzi Seçki Komissiyasının hesabına köçürür. Bundan sonra namizəd, qeydə alınmış namizəd Mərkəzi Seçki Komissiyasına yekun maliyyə hesabatı verməli, maliyyə hesabatının surətini isə dairə seçki komissiyasına təqdim etməlidir. Yeni seçki dairəsində xüsusi seçki hesabının açılması bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada tənzimlənir.

Maddə 158. Vahid seçki fondunun ləğv edilməsi

Vahid seçki fondu yaradan siyasi partiyanın, siyasi partiyalar blokunun birmandatlı seçki dairələrində qeydiyyatdan keçən namizədlərinin sayı 60 və ya 60-dan az olarsa, siyasi partiyanın, siyasi partiyalar blokunun xüsusi seçki hesabı bağlanır, həmin hesabın bağlanması ilə eyni vaxtda hər bir namizəd üçün xüsusi seçki hesabı açılır və vahid seçki fondunun vəsaitləri namizədlərin seçki fondları arasında proporsional qaydada bölüşdürülür.

Maddə 159. Milli Məclisə seçkilər zamanı seçki fondları vəsaitlərinin istifadəsində aşkarlıq

159.1. Birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş və ya qeydiyyatdan keçmiş namizədin seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.3-cü maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

159.1.1. seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin siyasi partiya, siyasi partiyaların bloku üçün 10 min mislindən çox, namizəd, qeydə alınmış namizəd üçün isə 2 min 500 manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

159.1.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin siyasi partiya, siyasi partiyaların bloku üçün 5 min manatdan çox, namizəd, qeydə alınmış namizəd üçün isə 1 mn 250 manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

159.1.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;

159.1.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

159.1.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

159.2. Siyasi partiyanın, siyasi partiyalar blokunun vahid seçki fondu haqqında aşağıdakı məlumatlar bu Məcəllənin 77.2-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində hökmən dərc edilməlidir:

159.2.1. seçki fondu vəsaitinin məbləği seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 10 min manatdan çox olduqda həmin vəsaitin xərclənməsinin maliyyə hesabatı barədə;

159.2.2. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 5 min manatdan çox məbləğdə ianə köçürən hüquqi şəxslər barəsində (bu zaman eyni hüquqi şəxs tərəfindən vəsaitin bir neçə ianə şəklində köçürülməsinin mümkünlüyü nəzərə alınmalıdır);

159.2.3. seçki fonduna seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı barədə;139

159.2.4. ianəçilərə qaytarılan vəsaitlər barədə, geri qaytarmanın əsası haqqında;

159.2.5. seçki fonduna daxil olmuş vəsaitin ümumi həcmi və onun xərclənmiş hissəsinin ümumi məbləği barədə.

Maddə 160. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları pul vəsaitlərinin geri qaytarılmasının ardıcıllığı



Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının aldıqları pul vəsaitlərinin geri qaytarılmasının qaydaları bu Məcəllənin 90.5-ci - 90.7-ci maddələri ilə müəyyən edilir.

Maddə 161. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları büdcə vəsaitlərinin xərclənməmiş hissəsinin geri qaytarılmasının məcburiliyi

Birmandatlı seçki dairəsində səsvermədə iştirak etmiş və həmin dairədə seçicilərin etibarlı hesab edilən səslərinin azı 3 faizini toplamış qeydə alınmış namizəd və ya seçilən sayılmış, habelə səsvermə gününədək bu Məcəllənin 73.3-cü maddəsində göstərilən məcburedici hallara görə namizədliyini geri götürmüş qeydə alınmış namizəd, birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku səsvermə günündən sonra 30 gün müddətində müvafiq seçki komissiyasının onların seçki fondlarına köçürdüyü vəsaitin xərclənməmiş hissəsini bu seçki komissiyasına qaytarmağa borcludur. Bu müddət başa çatdıqda müvafiq bank seçki komissiyasının məktubunda göstərilmiş pul vəsaitini mübahisəsiz qaydada onun hesabına köçürməlidir.140

Maddə 162. Milli Məclisə seçkilər zamanı qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına verilmiş pulsuz efir vaxtının və dövri nəşrlərdə pulsuz ayrılmış yerin dəyərinin ödənilməsi

162.1. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatlarına və dövri nəşrlərin redaksiyalarına pulsuz efir vaxtının və dövri nəşrlərdə ayrılmış yerin dəyərini tam həcmdə ödəməlidir. Göstərilən dəyər seçki fondundan yekun maliyyə hesabatının verildiyi günədək namizəd, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən ödənilməlidir. Mərkəzi Seçki Komissiyası seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 3 gün müddətində göstərilən namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, habelə həmin partiya bloklarının tərkibinə daxil olmuş siyasi partiyaların siyahısını, onların ünvanını, istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi barədə siyasi partiyalar bloklarının birgə qərarlarından çıxarışların təsdiq edilmiş surətlərini bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində göstərilmiş teleradio verilişləri təşkilatlarına və dövri nəşrlər redaksiyalarına göndərir. 141

162.2. Bu Məcəllənin 77.2-ci və 77.3-cü maddələrində göstərilən teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkilərin ümumi nəticələrinin rəsmi dərc edildiyi gündən sonra 10 gün müddətində bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına, habelə siyasi partiyaların blokuna daxil olmuş siyasi partiyalara istifadə edilmiş pulsuz efir vaxtının dəyəri və dövri nəşrdə ayrılmış yerin həcmi və dəyəri haqqında, özlərinin hüquqi ünvanı və bank rekvizitləri barəsində müvafiq məlumat göndərirlər. 142

162.3. Bu Məcəllənin 80.5, 83.6 və 155.2-ci maddələrində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyəri, bu Məcəllənin 80.6-cı və 83.7-ci maddələrində nəzərdə tutulmuş qaydada namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına verilmiş efir vaxtının və dövri nəşrdə ayrılmış yerin ümumi həcminin teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin redaksiyalarının müəyyənləşdirdiyi efir vaxtının və dövri nəşrdə ayrılmış və məlumat üçün dərc edilmiş yerin qiymətinə vurulması yolu ilə müəyyən edilir.

162.4. 60-dan çox birmandatlı seçki dairələrində namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku bu Məcəllənin 155.2-ci maddəsində göstərilən təşviqat tədbirlərinin birgə keçirilməsi yolu ilə pulsuz efir vaxtından istifadə etdikdə hər bir siyasi partiyanın, siyasi partiyalar blokunun qaytardığı pul vəsaitinin həcmi teleradio verilişləri təşkilatları tərəfindən onların iştirak etdikləri birgə təşviqat tədbirlərinin hər birinin iştirakçılarının ümumi sayına proporsional olaraq bərabər paylarla müəyyənləşdirilir.

162.5. Namizəd, siyasi partiya, siyasi partiyaların bloku pulsuz efir vaxtından bu Məcəllənin 81.5-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada və müddətdə imtina ediblərsə, verilmiş pulsuz efir vaxtının dəyəri ödənilmir.

162.6. Bu Məcəllənin 77.2 və 77.3-cü maddələrində nəzərdə tutulmuş teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmuş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərini tam ödəməmiş namizədlər, siyasi partiyalar haqqında məlumatlar verirlər. Dairə seçki komissiyaları səsvermə günündən başlayaraq 12 ay müddətində bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşlar, siyasi partiyalar haqqında Mərkəzi Seçki Komissiyasına məlumat verirlər. 143

Maddə 163. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti

Namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra Mərkəzi Seçki Komissiyasının hesabına köçürməlidir.

Maddə 164. Milli Məclisə seçkilər zamanı namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının aldıqları pul vəsaitinin öz hesablarına geri qaytarılması

164.1. Seçki fondunda pul vəsaiti olmadıqda və yaxud çatışmadıqda qeydə alınmış namizədə, siyasi partiyalara və siyasi partiyaların bloklarına təqdim edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsi onların öz vəsaiti hesabına həyata keçirilir.144



164.2. Verilmiş pulsuz efir vaxtının və dövri nəşrdə ayrılmış yerin dəyərinin ödənilməsinə ayrılmış büdcə vəsaitini qaytarmaq vəzifəsi siyasi partiyalar blokunun üzərinə düşdükdə, qaytarılmalı vəsait bu bloka səsvermə gününədək daxil olan siyasi partiyalar arasında bərabər paylarla bölüşdürülür, bu şərtlə ki, siyasi partiyalar blokunun yaradılması haqqında Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş birgə qərarda ayrı qayda nəzərdə tutulmasın.

164.3. Bu Məcəllənin 161-ci maddəsində nəzərdə tutulmayan qeydə alınmış namizəd bu Məcəlləyə uyğun yekun maliyyə hesabatının verilməsi ilə yanaşı müvafiq vəsaitin qaytarılmasını da öz üzərinə götürürsə, dövlət büdcəsinin geri qaytarılası vəsaitini səsvermə günündən başlayaraq 12 ay müddətində müvafiq dairə seçki komissiyasının hesabına qaytara bilər.145

164.4. Bu Məcəllənin 162.1-ci maddəsinin tələblərini yekun maliyyə hesabatı verilənədək yerinə yetirməyən siyasi partiya, siyasi partiyaların bloku teleradio verilişləri təşkilatları və dövri nəşr redaksiyaları qarşısında müvafiq pul vəsaitinin ödənilməsi haqqında öhdəlik götürübsə, dövlət büdcəsinin vəsaitlərini, habelə istifadə edilmiş pulsuz efir vaxtının və dövri nəşrdə pulsuz ayrılmış yerin dəyərini səsvermə günündən başlayaraq 12 ay müddətində ödəmək üçün onlara möhlət verilə bilər.146

164.5. Bu Məcəllənin 164.4-cü maddəsində nəzərdə tutulan öhdəliklər icra edilmədikdə və vəsaitin qaytarılması haqqında öhdəlikdə göstərilən müddət başa çatdıqda vəsait məhkəmə qaydasında qaytarılır. Bu Məcəllənin 164.4-cü maddəsində göstərilən tələbləri yerinə yetirməyən qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku yekun maliyyə hesabatı verilənədək bu Məcəllənin 164.4-cü maddəsində göstərilən öhdəliyi götürmədikdə yekun maliyyə hesabatının verilməsi müddəti başa çatanadək pul vəsaiti məhkəmə qaydasında qaytarılır.147

164.6. Namizəd, qeydə alınmış namizəd statusunu itirdikdə bu Məcəllənin 164-cü maddəsi ilə namizədlərin, qeydə alınmış namizədlərin üzərinə qoyulmuş öhdəliklər namizəd, qeydə alınmış namizəd sayılmış vətəndaşın üzərinə qoyulur. Namizəd, qeydə alınmış namizəd siyasi partiya, siyasi partiyaların bloku tərəfindən irəli sürülübsə, siyasi partiyaların, siyasi partiyalar bloklarının üzərinə bu Məcəllənin 164-cü maddəsi ilə qoyulmuş öhdəliklər seçkilər qurtardıqda seçkilərdə iştirak etmiş siyasi partiyanın, o cümlədən siyasi partiyalar blokunun tərkibində iştirak etmiş siyasi partiyaların üzərinə qoyulur.



164.7. Mərkəzi Seçki Komissiyası əsas seçkilərin, təkrar və ya əlavə seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən sonra və seçki komissiyaları qarşısında borc öhdəliyi olan vətəndaşların siyahısını dairə seçki komissiyalarına onların yaradılması günündən başlayaraq 5 gün müddətində göndərir.

164.8. Əsas, təkrar və əlavə seçkilərdə və seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi gün seçki komissiyası qarşısında büdcə vəsaiti üzrə borcu olan vətəndaşın, irəli sürüldüyü seçki dairəsindən asılı olmayaraq, dövlət büdcəsindən vəsait almağa hüququ yoxdur. 148

İyirmi altıncı fəsil



Yüklə 1,79 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə