179
İrəvan xanı və Azərbaycanın digər xanları ilə razılığa gələrək Rusiya tərəfindən
gözlənilən təhlükənin qarşısını almaq üçün hərbi hazırlıq görməyə başladılar.
Tiflisdəki rus qoşunlarının komandanı S.Burnaşev 1784-cü il fevralın 9-da
P.S.Potyomkinə məktubunda bildirirdi ki, Axalsıx, Qars, Ərzurum və Bayazid
paşalıqlarının nümayəndələri İrəvan şəhərində Qulaməli xanın yanındadırlar; onlar
İravan xanlığı ilə Osmanlı dövləti arasında daha yaxın münasibət yaratmaq və
xanın köməyilə Azərbaycanın digər xanlıqlarını da Rusiya və Gürcüstanın əleyhinə
qaldırmağı planlaşdırırlar. S.Burnaşev bunun qarşısını almaq üçün çariçənin
mütləq tədbir görməsini P.S.Potyomkindən xahiş edirdi [1, 17; 125, 56]. Bundan
əlavə, Rusiyanın Ənzəlidəki konsulu Tumanovski 1784-cü ilin aprelində yazdığı
məktubunda bu hazırlıq barədə Həştərxan qubernatoru Jukova ətraflı məlumat
verirdi. Onun yazdığına görə, Ərzurum və Bayazid paşaları Gürcüstana hücum
etmək üçün xeyli qoşun toplayaraq Azərbaycan və Dağıstan hakimlərini də bu işə
cəlb etməyə çalışırlar. Onlar bu yürüşdə iştirak edəcək döyüşçülərin hər birinə ildə
200 rubl verməyi vəd etmişlər [115, 73-74]. Yaranmış vəziyyətlə bağlı II İrakli də
təşvişlə polkovnik S.Burnaşevə məlumat verir, o da, öz növbəsində, bu məlumatı
general P.Potyomkinə çatdırırdı. S.Burnaşevin P.Potyomkinə göndərdiyi 1784-cü il
16 fevral tarixli məruzəsində Axalsıx paşası Dədəgül ağanın müəyyən təkliflərlə
İrəvan xanının yanına gəlməsi xəbəri verilir. Bu təkliflər əsasən xristianların qüvvə
toplamasına imkan verməmək, Rusiya qoşunlarını Cənubi Qafqaza dəvət etdiyi
üçün II İraklinin üzərinə hücum etmək məqsədilə Azərbaycanın digər xanları ilə
birləşmək və s.-dən ibarət idi [78, h.VII, v.173; 214, 83].
Qeyd olunan dövrdə Osmanlı dövlətinin nümayəndəsi Xəlil əfəndi
Azərbaycan xanları və Dağıstan hakimləri ilə görüşüb bir müddət İrəvanda qaldı
[166, 203; 115, 74].
Xəlil əfəndinin tövsiyəsi ilə irəvanlı Qulaməli xan II İrakliyə bac
verməkdən imtina etdi [20, 84, 85, 296; 124, 189] və hətta digər Azərbaycan
xanlarına da yardım göstərdi. S.Burnaşev 1784-cü il martın 26-da göndərdiyi
məruzəsində İrəvan xanının naxçıvanlı Abbasqulu xana yardım
*
göstərməsi
haqqında məlumat verir [214, 84], P.Potyomkinə ünvanladığı digər məxfi
məktubda isə yazırdı: "İrəvan xanı Qulaməli xanın çara (II İrakliyə - red.)
münasibəti birdən-birə dəyişmişdir və indi o, türklərə meyillidir" [1, 110; 125, 56].
General P.Potyomkinin 1784-cü il 2 mart tarixli gizli təqdimatına əsasən,
polkovnik S.Burnaşev II İrakli ilə İrəvanın alınması məsələsini müzakirə edir.
Lakin II İrakli İrəvanın alınması üçün lazımi ordunun olmadığını bildirir [78,
h.VII, v.245; 214, 87]. Bu, bir daha İrəvan qalasının alınmazlığını, xanlığın hərbi-
strateji mövqeyinin güclü olduğunu sübut edir.
General Potyomkin bir gürcü zadəganı vasitəsilə İrəvan xanına qarşı qəti
tədbirlər görmək üçün polkovnik S.Burnaşevə yazılı əmr göndərir. Generalın
*
Bu zaman Naxçıvan xanı Abbasqulu xan hakimiyyətdən devrilmişdi, İrəvan xanı Hüseynəli xan ona
sığınacaq vermişdi [bax:l 15,49-53;214,84-85].
180
əmrini alan S.Burnaşev II İraklinin yanına məsləhətləşməyə gedir [214, 86-87].
İrəvan xanlığına təcavüzün elə də asan olmadığını başa düşən II İrakli öncə
diplomatik vasitələrlə
*
əl atır. Lakin bunun ciddi nəticə vermədiyini görən Rusiya
hakim dairələri və gürcü çarı digər vasitələrə əl atır. Belə ki, 1784-cü ilin yayında
Qulaməli xana sui-qəsd təşkil olunur və xan qətlə yetirilir.
**
Hakimiyyətə xanın 12
yaşlı oğlu Məhəmməd xan Qacar gəlir [166, 205; 215, 74]. Qars mühafizi Mustafa
paşanın məlumatına görə, "Yaranmış real təhlükə qarşısında İrəvan xanının
Osmanlı dövləti ilə yaxınlaşması nəticəsində bölgədəki ruslar və onların müttəfiqi
olan gürcü çarının hiylələri nəticəsində Qulaməli xan qətlə yetirildi" [125; 56-57].
Arxiv sənədləri də İrəvan xanına qarşı törədilən qəsdin hansı istiqamətdən
hazırlandığını aydın göstərir. 1784-cü ildə rus canişini Mixail Markov polkovnik
S.Burnaşevə göndərdiyi məktubunda İrəvanla bağlı yazırdı: "...yaranmış əlverişli
şəraitdən istifadə edərək, çar (II İrakli - red.) nəyi isə bəhanə gətirərək oranı
(İrəvan xanlığını - red.) ordu ilə ələ keçirməlidir" [1, 15; 125, 56].
İrəvan xanlığına rus-gürcü hərbi müdaxiləsinin qarşısını almaq üçün
Osmanlı hökuməti təcili tədbir gördü. Osmanlı dövlətinin dəstəyi ilə xoylu Əhməd
xan dərhal öz kürəkəni, keçmiş İrəvan xanı Hüseynəli xanın 12 yaşlı oğlu
Məhəmməd ağanı (1784-1805) İrəvan taxtına çıxardı [115, 71; 124, 191]. Sultan I
Əbdülhəmid (1774-1789) yeni İrəvan xanı ilə sıx münasibətlər yaradılmasını
diqqət mərkəzinə götürdü. Sultan Ərzurum paşasına pul, Axalsıx, Qars və Bayazid
paşalarına fərmanlar göndərərək onlara İrəvanı II İraklinin təcavüzündən qorumağı
tapşırdı. Fərmanda xoylu Əhməd xanın birləşmiş qoşunların baş sərkərdəsi təyin
edildiyi, bütün paşa və vəzirlərə İrəvan xanına kömək etmələri tapşırıldı [81,
siy.1/194, sənəd 336, h.VIII, v.54-55; bax: 166, 206; 124, 192]. İrəvan xanlığının
Osmanlı dövləti ilə yaxınlaşması rus-gürcü siyasətinə ağır zərbə vura bilərdi. Məhz
buna görə II İrakli İrəvana iki min nəfərlik qoşun göndərdi. O.P.Markovanın
yazdığına görə, İrəvan xanı tələsik axalsıxlı Süleyman paşaya bildirdi ki, o, II
İrakliyə xidmət edəcəkdir. Bununla da tərəflər arasındakı gərginlik müvəqqəti
olaraq sakitləşdi [166, 206; 115,75].
Lakin ilk mənbələrin məlumatları göstərir ki, İrəvan xanı Məhəmməd xan
Qacarın bu mövqeyi müvəqqəti diplomatik gediş idi. Çox keçməmiş, 1784-cü il
sentyabrın 28-də Məhəmməd xan II İraklinin İrəvan qalasına hücum təhlükəsi
qarşısında Osmanlı dövlətinə məktubla müraciət etdi. Çıldır valisi, Qars mühafizi
və Bayazid hakimləri xoylu Əhməd xanla birləşib II İrakliyə qarşı birlikdə çıxış
etmək üçün damşıqlar apardılar [20, 93; bax: 125, 57]. Bunun ardınca Məhəmməd
*
Hüseynəli xanın ölümündən bir neçə ay keçməsinə baxmayaraq, oğlu Qulaməli xanın hələ də yas
libasını çıxarmadığını nəzərə alan II İrakli adəta uyğun olaraq ona rəngli libaslar göndərir və kəşfiyyat
üçün bu fürsətdən istifadə etmək qərarına gəlir [bax: 214, 87].
**
Qulaməli xanın qətli ilə bağlı müxtəlif məlumatlar var: 1.1784-cü il iyunun 7-də Bünyatəli bəy adlı
bir nəfər İrəvan meydanında Qulaməli xanı və onun iki qulluqçusunu odlu silahla qətlə yetirmişdir [bax:
159,266-267); 2. 1784-cü ilin yayında xalqla qəddar rəflarına görə Qulaməli xan qardaşı ilə birgə
İrəvanda baş vermiş iğtişaşlar zamanı öldürülmüşdür [bax: 166,205].