41
Xızır baba, su gəti,
Yoxsa vermərəm atı, -
deyə ovsun nəğməsi oxuyurmuşlar. Əlbəttə, buradakı "su" deyimi yağış
mənasındadır. Etiqada görə, at Xızırındır və nə qədər ki, su ilə isladılır, bu ata minə
bilməz. O, ata sahib durmaq üçün mütləq yağış gətirməlidir.
Atla bağlı sınamalardan biri Novruz bayramı ilə, bilavasitə ilin təhvil olması ilə
bağlıdır. Bəllidir ki, at gövşəməyən heyvandır. Amma mif və əfsanələrdə deyilir ki, at
ildə bir kərə - köhnə ilin qurtarıb yeni ilin başlandığı vaxt gövşəyir. Bu da öz
növbəsində "Atın göyşədiyini görən adam o anda nə arzu etsə yerinə yetər" sınamasını
yaratmışdır. Doğrudan da, bir əfsanədə deyilir: "Yoxsul ər-arvad ilin son gecəsi yekə
bir daşı qucaqlarına alıb tövləyə gəlir və atın gövşəməsini gözləyirlər. Gecədən xeyli
keçmiş at gövşəməyə başlayır. Bunu görən arvad əlini tez arxaya ataraq "Bu qızıl
olsun!" - deyir. Geri baxanda görür ki, əri dönüb qızıl olub. Sən demə, o, əlini daşa
yox, ərinə vurubmuş. Amma arvad çoxbilən imiş. Ərini gətirib gizləyir, sirri də heç
kəsə açmır. Uşaqlarına da deyir ki, atanız uzaq səfərə gedib. Amma arvad çətinliyə
düşür. Təkbaşına uşaqları dolandıra bilmir. Odur ki, qızıla çevirdiyi ərinin çeçələ
barmağını kəsib çörək pulu eləyir. Gün keçir, ay dolanır, yenə ilin son gecəsi gəlib
yetişir. Arvad qızıla dönmüş ərini gizlətdiyi yerdən götürüb tövləyə gətirir. At
gövşəyəndə: - Bu adam olsun! - deyərək əlini qızıla vurur. Bununla da o yenidən
adama çevrilir. Ancaq onun çeçələ barmağı olmur".
Ata müsbət münasibət atalar sözlərində də öz əskini tapıb: "At yeriməklə, insan
bilməklə", "At ölər meydan qalar, igid ölər ad-san qalar", "At igidin yaraşığıdır" və s.
Belə təsəvvürlər tək türk xalqlarının, o sıradan azərbaycanlıların yox, digər xalqların
görüşlərində də qədərincədir. Güman ki, bu təsəvvür və görüşlər atın on iki heyvandan
biri olaraq təqvimdə özünə yer almasına yol açmışdır.
İlin xoruz üstə təhvil olması da əski inamlarla bağlıdır. Zərdüştün
"Avesta"sında "Pəridar" adlanan xoruz Hörmüzdün yaratdıqlarından sayılır və
xeyirxah qüvvələrdən olub səhərin açılmasını, danın zülmətlə vuruşda qələbəsini, yəni
işığın Əhrimən güruhu qaranlıq - şər üzərindəki üstünlüyünü xalqa xəbər verir. Bu
gün dilimizdə işlənən "Xoruz olmasa sabah açılmaz" ifadəsinin ilkin anlamı da əslində
bu əqidə, inamla bağlı olubdur. "Vaxtsız banlayan xoruzun başını kəsməsən evdə ölən
olar" sınamasının kökü də, güman ki, "Avesta" ilə bağlıdır. "Avesta"ya görə, arxada
xatırlatdığımız kimi, cahanda ilk insan və hökmdar olan Kəyumərsin oğlu Huşəngi
divlər öldürür. Kəyumərs oğlunun intiqamını almağa yollanarkən bir ağ xoruzla qara
ilanın vuruşduğunun və xoruzun həm də tez-tez banlamasının şahidi olur. Kəyumərs
ilanı öldürür, xoruzun banlamasını isə uğurun başlanğıcı tək dəyərləndirib onu
iqamətgahına gətirir. Xoruz həmişə sübh çağı banlayıb səhərin açılmasını xəbər verir.
Kəyumərs xəstələnir, xəstəlik, ölüm isə "Avesta"da Əhrimən tərəfindən törədilmişdir.
Və belə axşamların birində xoruz banlayır. Xoruzun vaxtsız banlaması adamları
təəccübləndirir. Çünki axşamın özü də şər qüvvələrin əməli sayılır. Adamlar gəlib
görürlər ki, Kəyumərs ölüb. Bunun səbəbini xoruzun axşam, yəni şər vaxtı banlaması
42
hesabına olduğunu zənn etmişlər və əvvəl onun başını kəsmişlər. Sözsüz, bu da
"Vaxtsız banlayan xoruzun başın kəsərlər" sınamasını formalaşdırmışdır. Xoruzla
bağlı söhbətin "Xoruz olmasa sabah açılmaz", - məqamı ildönüm təqviminə daha
münasib görünür.
Əlbəttə, illərin heyvanlar üstündə təhvil olması bir çox baxımdan maraqlı
görünə bilər. Amma bütün bunlar, sözsüz ki, ibtidai, mifoloji təsəvvürlərlə bağlı
çağların məhsuludur. Amma bu da var ki, deyilənlərin elmi həqiqətə uyğunluğu azdır.
Bu adlar təsadüfi səciyyə daşımaqdan da özlərini qoruya bilmişlər. Misal üçün,
monqolların təqvimindəki "əjdaha" sonralar "balıq"la əvəz edilmişdir.
Beləliklə, yazın ilk günü, bahar fəslinin başlanması şərəfinə keçirilən Novruz
bayramını, yəni təbiətin bütövlükdə oyanması, canlanması bayramını azərbaycanlılar
bütün zamanlarda təntənəli mərasim olaraq qeyd etmişlər. Arxada da qeyd etdiyimiz
kimi, ev, ailə Novruz bayramına on azı bir ay qalmış geniş hazırlıq işləri görür.
İlk hazırlıq işi evi təmizləmək və səliqə-sahmana salmaqdan ibarətdir. Odur ki,
ev-eşik silinib-süpürülür, yır-yığış edilir, ağardılır, rənglənir. Paltar, ev əşyaları
yuyulub təmizlənir, qız-gəlinlər xalça-palazı yığışdırır, açıq havaya çıxarır, toz-
torpağını çırpır, günə verirlər. Həyətlərdə, bağ-bağçalarda, küçələrdə abadlıq işləri
aparılır, uçuq-sökük yerlər təmir olunur. Hər tərəf başdan-başa çilçıraq olur. El-obada
buna "evatdı" deyərlər. Hamı üçün təzə paltar tikməyə, almağa cəhd göstərilir. Qızlar,
gəlinlər bayramqabağı biçilmiş Baharı adlı al-qırmızı don geyirlər.
Deyilənlərin bəzi məqamları böyük Azərbaycan şairi M.Şəhriyarın
"Heydərbabaya salam" əsərində də öz poetik ifadəsini tapmışdır:
Bayram olub, qızıl palçıx əzərlər,
Naxış vurub otaqları bəzərlər,
Taxçalarda düzmələri düzərlər,
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası[21].
İlsonu çərşənbələrdə olduğu tək, Novruz bayramı axşamında da tonqal
yandırılır və ailə üzvləri tonqalın üstündən hoppanmaqla köhnə ilin ağırlığından
çıxırlar.
Novruz bayramı tonqalı qonşular tərəfindon yaslı, təziyəli olanların həyətində
də yandırılır. Yaslı olanlar özləri həyətlərində tonqal yandırmır. Çünki bu bayram
onlar üçün "qara bayram" sayılır. Buna görə də qonşular belə həyətlərdə Novruz
tonqalı yandırmaqla təziyədarları yasdan çıxarırlar. Yeni ilə qəmli, kədərli getmək
olmaz. Əks halda onlar ilboyu uğursuzluqdan qurtarmazlar.
Novruz bayramı axşamının tonqalında üzərlik yandırmaq adəti də vardır.
Tonqal sönənə yaxın odun içinə üzərlik atıb deyilir: "Ocağıma əyri baxanın gözləri
partlasın, özü yanıb çatlasın". Yandırılmış üzərliyin tüstüsü ev-eşiyə, mal-qaraya,
qoyun-quzuya da verilir ki, salamatlıq olsun.
Məşğuliyyəti maldarlıq, qoyunçuluq təsərrüfatı olan qədim azərbaycanlı öz
heyvanlarının salamatlığı üçün onlara yalnız Novruz bayramı tonqalının tüstüsünü