46
yerə deyil ki, ta əski çağlardan suya ruhun əksetdiricisi kimi baxılmış, bəd, qorxulu
yuxu sınsın deyə suya, yəni suda əks olunan ruha danışılmış, səfərə yollananın, yola
çıxanın işi uğurlu olsun deyə arxasınca su səpilmiş, suyu söymək, murdarlamaq ən
böyük günahlardan bilinmişdir. İnsanlara "Sucan ömrün olsun", "Su kimi əziz ol",
"Sularınız axarlı-baxarlı olsun", "Suyun kəsilməsin" – deyə alqış söylənilmiş, "Su
haqqı" - deyə ona and içilmiş, "Su dirilikdir", "Su olan yerdə abadlıq olar", "Su
murdarlıq götürməz", "İlanı da su içəndə öldürməzlər" və s. nəsihətlər deyilmişdir.
Xalq inam və etiqadlarında su canlı, deyiləni eşidən, başa düşən zənn olunmuşdur.
"Kitabi-Dədə Qorqud"da Salur Qazan evinin kimlər tərəfindən talan edildiyini
öyrənmək üçün "Su Haq didarın görmüşdür, mən bu suyla xəbərləşim" - deyir. Onun
sorğusunun sonundakı:
Ordumun xəbərin bilirmisən degil mana!
Qara başım qurban olsun, suyum sana! -
müraciəti, ümumiyyətlə, Oğuzlarda suyun doğrudan-doğruya canlı bilinməsi
fikrini reallaşdırır. Əlbəttə, su ilə əlaqədar istənilən qədər nümunələr göstərmək olar.
Və bu nümunələrin əksəriyyətində, elə "Kitabi-Dədə Qorqud"da da deyildiyi kimi, su
Tanrı üzü görmüş sayılır. Ona görə də o, müqəddəs hesab olunur. Bu deyilənlər,
sözsüz ki, Novruz bayramında da suya qayğı-sayğı, ehtiramla yanaşmağa, onun
köməyinə sığınmağa inamı artırmışdır.
Novruzun gəldiyi gün xalq böyük meydanlara, bazar meydanlarına toplaşaraq
əvvəlcədən hazırlanmış müxtəlif növ mərasimlər keçirir, el şairləri və aşıqlar Novruz
bayramına ithaf etdikləri şeirlərini söyləyir, musiqiçilər könülləri şad edən, necə
deyərlər, "sümükləri dingildədən" məzəli, məlahətli el havaları çalır, cavanlar milli
xalq geyimlərində bu havaların sədaları altında quş kimi süzərdi.
Xan çinarlardan, əzəmətli palıdlardan yelləncəklər asılar, uşaqlar, cavanlar
yellənərdilər ki, çillədə qalmasınlar. Açıqlıqlarda "dirədöymə" oyunundan ötrü
cızıqlar çəkilər. Bir də görürdün baharın vurğunu olan uşaqlar hərəsi qarğıdan bir "at"
düzəldib, o tərəfə-bu tərəfə çaparaq Günəşi səsləyirlər: "Gün buralara, kölgə dağlara,
gün buralara, kölgə dağlara". "Bənövşə, bəndə düşə", "Çilingağac", "Aşıq-aşıq", "Beş
daş", "Mərə-mərə", "Ənzəli", "Qayışdöydü", "Topaldıqaç", "Papaqaldıqaç",
"Baharbənd" və s. uşaqların sevimli oyunlarından olub.
Maraqlı tamaşalardan biri də kəndirbazlıq idi. Kəndirbazlıqla peşəkarlar
(kəndirbazlar) məşğul olurlar. Kəndirbaz, bir qayda olaraq, xüsusi geyimdə kəndirin
üzərində zurnaçılar dəstəsinin və nağaranın müşayiəti ilə rəqs edir, kəndirin bir
tərəfindən digər tərəfinə gedir, atılıb-düşür, müxtəlif oyunlar göstərir, tamaşaçıları
əyləndirir.
Tarixi və ədəbi qaynaqlara istinad edərək deyə bilərik ki, Novruz bayramında
oyun və əyləncələrin içərisində zorxanalar daha təmtəraqlı görünərdi; səməni, bayram
xonçaları ilə bəzədilər, hər tərəf məşəllərlə işıqlandırılardı. Zorxanalarda pəhləvanlar
qara zurnanın güc, qüvvət, döyüşkənlik, yenilməzlik aşılayan zil səsi, zərb alətlərinin
gur sədası altında meydanda gəzər, cavanları güləşə (qurşaqtutma) çağırardılar.
47
El-oba igidləri də hünərlərini göstərərlər, pəhləvanlar qurşaq tutar, güclərini
sınayardılar, daşqaldıranlar məharətlərini nümayiş etdirərdilər. Ərənlər kəhərə atlanar,
at çapar, cıdır təşkil edərdilər, ox atıb yarışardılar.
Novruz bayramı günündən başlamış on-on iki gün müddətində dost-tanış,
qohum-əqrəba bir-birinin evinə bayramlaşmağa, təbrikə gedir, bir-birinin evlərinə
Novruz bayramı üçün hazırlanmış nemətlərdən sovqat aparırlar. Gələnlər bu əziz
bayram münasibətilə gözaydınlığı verir, bir-birini təbrik edir, el alqışlarına üz tuturlar:
-Bayramınız mübarək, neçə-neçə belə bayramlara çatasınız! Ömrünüz-gününüz bahar
ətirli olsun. Üzünüzə xeyirli, nurlu sabahlar açılsın.
Novruz bayramı günlərində yoxsullara, kimsəsizlərə, xəstələrə qayğı və diqqət
göstərilir, bu məqsədlə "Novruz xonçası" hazırlanır və həmin adamlar arasında
paylaşılır. Bu Novruz sovqatı - sevinc payı ilə imkansızları şadlandırmaq, onların
kövrək qəlbini ovundurmaq, xeyir-dua qazanmaq xalqımıza xas olub get-gedə
ənənəyə, əxlaq normasına çevrilib. Bu əməlin adına savablıq deyilir. Əvvəllər küsülü
olanlar bir-birilərinə bayram payı göndərib barışar, kini-küdurəti ürəklərdən çıxarıb
tullayar, giley-güzara son qoyular. Bir sözlə, bu ildən o ilə küsülü qədəm qoymaq
qəbahət sayılır. İşdi Novruzda küsülülər barışmasa, xalq inamına görə, bu küsü yeddi
il davam edər.
Beləliklə, Novruz bayramı yazın, yeni təsərrüfat ilinin başlanğıcını bildirməklə
yanaşı, həm də ümumel, ümumxalq, ümumdövlət sevinc, şadlıq bayramına çevrilir.
Mənbələrin verdiyi xəbərə görə, Novruz bayramı bir vaxtlar doğrudan-doğruya
dövlət işlərinin icrasında da mühüm rol oynamışdır. XI yüzil Səlcuq sultanlarından
Alp Arslan və Məlik şahın vəziri olmuş Nizamülmülkün "Siyasətnamə"sindən bəlli
olur ki, Novruz bayramına bir neçə gün qalmış carçılar şəhərləri, bazarları gəzərək şah
sarayının xalqın üzünə açıq olduğunu elan edərmişlər. Bayram günü camaat saray
meydanına toplaşar və hökmdardan kimin nə şikayəti varsa, çəkinmədən söyləyərmiş.
Bu vaxt padşah taxtdan düşüb baş məbudun (qazi, məhkəmə) qarşısında iki dizi üstə
çökərək deyərmiş: "Hər şeydən əvvəl bu kişi ilə (şikayət edənlə) mənim məsələmi
ayırd elə, heç şeydən ehtiyat edib çəkinmə". Bundan sonra məhkəmə qurularmış və
şikayətlərə ədalətlə baxılarmış. Şahın mühakiməsi qurtardıqdan sonra o yenə taxta
oturar, tacı başına qoyar, üzünü böyüklərə və yaxın adamlarına çevirib deyərmiş:
"Mən ona görə özümdən başladım ki, siz başqalarına zülm etmək tamahına
düşməyəsiniz, indi kimin sizdən narazılığı varsa könlünü ələ alın"[25]. Çox təəssüf ki,
həmin mərasim sonralar sinifli cəmiyyətin, təbəqələrin formalaşması ilə
unutdurulmuşdur.
Amma bu da var ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Novruz bayramı
rəsmi dövlət bayramı kimi qeyd olunmuşdur. Bu barədə M.Ə.Rəsulzadənin dedikləri
belədir: "Müstəqil Azərbaycan hökuməti zamanında Novruz milli bir bayram olaraq
təsbit olunurdu. O gün bütün millətlə bərabər dövlət müəssisələri də çalışmazdı.
Hökumətcə mərasim yapılaraq, ordunun keçid-rəsmi icra olunurdu"[26].
Sovet hökuməti adıyla imperiya yaradan irticaçı bolşeviklər çox böyük