43
verməklə kifayətlənməmişdir. O, ayrı vaxtlarda da heyvanlarına göz dəyməsin,
bədnəzərdən qorunsun deyə buynuz və boyunlarından içində üzərlik olan balaca
torbacıq asır. Süd verən inəklərin, qoyunların yelinləri, əmcəkləri şişəndə onların
nəzərə gəlməsi düşünülür. Bunlara da üzərlik tüstüsü verməklə nəzərin yandırılmasına
inanılır.
Göz qaytarmaqdan, nəzər sındırmaqdan, xata-balanı uzaq eləməkdən ötrü
üzərlik yandırmaq adətinin çox qədim kökləri vardır. Bu etiqad haqqında antik
müəlliflərin əsərlərində, N.Gəncəvinin "İskəndərnamə" poemasında da müfəssəl söz
açılmışdır. Poemadakı "Hindli həkimin İskəndərlə söhbəti" hekayətində həkim
İskəndərə gözdəymə və gözdəymənin qarşısını alan üzərlik barədə də sual verir.
İskəndər də cavabında bildirir ki, nəzər havadan keçərək nəinki insana, ümumiyyətlə,
hər şeyə dəyir. Hava təmiz olarsa, nəzərin təsiri olmaz. Bundan başqa, nəzərdə yalnız
bəd-nəzəri günahkar saymaq düz deyil. Burada nəzərə gələnin də təqsiri vardır:
Bədnəzər özü tək eləməz təsir,
Səbəbkar - qarşıda cilvələnəndir.
Şair İskəndərin dili ilə nəzərəgəlmənin əlaməti və bədnəzərin tanıdılması
haqqında da məlumat verir:
Birinə bədnəzər dəyərsə əgər,
Dəyişər əhvalı, tez-tez əsnəyər.
Bədnəzər olarsa əgər bir insan,
Alnı hərarətdən tərlər çox zaman.
Bu iki əlamət aydın göstərər:
Kimdir gözə gələn, kimdir bədnəzər.
Gözdəyəni yalnız üzərlik yandırıb tüstüsünü ona verməklə bəladan qurtara
biləcəyinin sirrini də şair poemada açmışdır:
Üzərlik yananda tüstüsü gedir,
Qara pərdə kimi tutur havanı.
Qaytarır, rəf edir gələn bəlanı[22].
Sonrakı çağlarda da nəzərə gələni, xüsusən uşaqları üzərlik yandırıb tüstüsünə
verməklə sağaltmanın mümkünlüyünə güclü inam olub. Bu cəhət özünü üzərliklə
bağlı ovsun nəğmələrində də qorumuşdur. Kimsənin, daha çox uşaqların nəzərə
gəldiyi bilinəndə üzərlik yandırılır, tüstüsü nəzərə gələnə dəydikdə belə ovsun
nəğmələri oxunulur:
Üzərliksən, havasan,
Minbir dərdə davasan.
Balama göz vuranın
Gözlərini ovasan.
Üzərlik dana-dana,
Ocaqdan götür sana.
44
Nəzəri bəd olanın
Gözləri odda yana.
Üzərliklə bağlı bu deyilənlər onun Novruz tonqalında da nə üçün yandırılma
səbəbini aydınlaşdırır.
Novruz bayramının sayılan adətlərindən biri də qurşaqsallama, yaxud
papaqatmadır. "Qurşaqsallama"nın "papaqatdı"ya çevrilməsi məişət tariximizdəki
yaşayışla - bina, evtikmə ilə bağlıdır.
Evlərin torpaqla örtülmüş damı hamar olur. "Tatı" adlanan bu cür evlərin
damının düz ortasında bacalar açılıb. Həm də kənd yerlərində bu evlər bir-birinə o
qədər sıx, hətta bitişik tikilibmiş ki, bir dama çıxanda bütün evləri damüstü gəzmək
mümkün olurmuş. Tədrici inkişaf, yəni tatı evləri kirəmitli, şiferli evlərin əvəz etməsi
qurşaqatma, qurşaqsallamanı da damdan aşağı - qapıya endirib - "papaqatdı"ya
çevirib.
Qurşaqsallamada, papaqatmada "Xıdır nəbi" mərasimində olduğu kimi, daha
çox uşaqlar, cavanlar iştirak edirlər. Onlar qaranlıq düşəndə evləri gəzib damın
bacasından qurşaq - şal sallayır, qapıdan evin içinə papaq, dəsmal atırlar. Evdə olanlar
da gələnləri qovurğa, boyanmış yumurta, alma, armud, ərik, gavalı qurusu, cürbəcür
bişmiş və şirniyyat payı ilə yola salırlar. Qurşaqsallama adətinin bir xüsusiyyəti
M.Şəhriyarın "Heydərbabaya salam" əsərində təsvir olunub:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim mən də, evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı[23].
Novruz bayramı gecəsində qurşaqsallamanın bir maraqlı növü də vardır. İstək,
sevgi gecəsi də adlanan bu gecədə cavan oğlanlar sevdikləri qızlar olan evlərin
bacalarından salladıqları qurşaqların ucuna dəsmal bağlayırlar. Qız və qızın
valideynləri o saat mətləbi başa düşürlər. Əgər bu işə razılıq varsa, dəsmalı qurşaqdan
açıb qızın qoluna bağlayırlar. Yox, əgər razı deyillərsə, dəsmala bayram
nemətlərindən qoyub qurşağa bənd edərək geri qaytarırlar.
Nişanlı qızlara oğlan evi tərəfindən bayrampayı aparmaq da Novruzun
tanınan, qiymətləndirilən adətlərindəndir. Digər bayramlarda da oğlan evindən nişanlı
qız üçün sovqat aparılır. Amma Novruzda daha təmtəraqlı, sovqatların sayı və növü
çox olur. Həm də cəhd edilir ki, bu sovqatların arasında acılıq gətirən nəsnələr
olmasın. Belə etməsən, deyərlər ki, qız gəlin gələndən sonra acıdil olar.
45
Novruz bayramı axşamında köhnə ilin tamam olması və təzə ilin başlanmasına
bir neçə saat qalmış bayram süfrəsi açılır. Bu süfrə uyğun olaraq, həm "təhvil süfrəsi",
həm də "yeni il süfrəsi" adlanır.
Novruz süfrəsinə məhz bu bayramla bağlı bişirilmiş nə varsa, hamısından
düzülür. Süfrəyə Novruzun əsas atributlarından sayılan, çevrəsinə evdəkilərin sayı
qədər şam düzülmüş bahar rəmzi səməni, nemətlərlə dolu xonça qoyulur. Su dolu
piyalə,
güzgü, qızıl əşya da süfrədə mütləq olur.
Bir sıra müəlliflərin məlumatlarından, həmçinin ədəbiyyat materiallarından
aydın olur ki, ilin təhvil olmasını bilməkdən ötrü süfrənin ortasına qab dolu su qoyub
içinə xırda balıq (balıqların sayı üçdən az olmur) buraxırlar. Göz qoyurlar. Balıq qabın
dibindən quyruğu üstə düz qalxıb suyun üzünə burun vurunca köhnə ilin qurtarıb təzə
ilin başlandığı bilinərmiş. Bu münasibətlə toplardan yaylım atəşi açardılar. Nağaralar
gumbur-gumbur gurlayardı. Şeypur, təbil səsləri yüksələrək, yeni ilin gəldiyi xəbərini
yayardılar. Atəşfəşanlıq başlanardı. Elə ona görə də "Novruzun topu atılan" vaxta "il
təhvil oldu" deyərdilər. "Novruzun topu atıldı" – deyə hamı yeni ilin başlanması
münasibətilə bir-birini təbrik edərmiş. Bayramın bu məqamı xalqımızın adət-
ənənəsini, ayin-mərasimlərini, inam-etiqadlarını dərindən bilən və bu bildiklərini həm
də bədii yaradıcılığında əks etdirən Y.V.Çəmənzəminlinin "İki od arasında"
romanında, demək olar ki, bütün incəliyi ilə təsvir olunmuşdur: "Qazı il təhvilinə beş
dəqiqə qaldığını elan etdi. Hamı özünü şad göstərməyə çalışdı. Xalq adətincə, yeni il
hansı bir əhvali-ruhiyyə ilə qarşılansaydı, eyni əhvali-ruhiyyə ilin sonuna qədər davam
edərdi. Odur ki, üzlər gülümsəyir, qəmi, dərdi unutmağa çalışırdılar, gözlər süfrəyə,
bolluğa və gül-çiçəyə dikilirdi... Bir-iki dəqiqə davam edən dərin sükutu top atəşləri
pozdu: il dəyişilirdi"[24].
Elə Novruz süfrəsində ailə üzvlərinin adına düzülmüş şamlar da köhnə ilin
ömrünü başa vurduğu, təzə ilin daxil olduğu an yandırılır. Cəhd olunur ki, süfrənin
künc tərəflərində kimsə oturmasın. Etiqada görə, evin, ocağın ruhları da bu axşam
gəlib küncdən yaxınlaşaraq süfrədəki nemətlərdən dadırlar. Onların qarşısı kəsildikcə
isə küsüb geri qayıdırlar. İncidiklərindən öz ocaqlarına ziyan gətirə bilərlər.
Novruz bayramı gecəsinin sabahısı, çərşənbələrdə olduğu kimi, axar su üstünə
gedilir, ayinlər icra edilməklə köhnə ilin ağırlıq-uğurluğundan xilas olurlar. Axşamdan
boş saxladıqları qabları yeni il suyu ilə doldurub aparırlar. Evdə qalanların, pal-
paltarın, yorğan-döşəyin, həmçinin mal-heyvanın, bağ-bostanın, əkinəcək yerlərin
üstünə bu yeni il suyundan səpirlər. Bu mübarək sudu, - deyirlər. Bununla da il boyu
özlərinin salamat-sağlam olacaqlarına, bağ-bağatın, əkinəcəyin, mal-qaranın
məhsuldarlığına inanırlar. İnanırlar ki, oğul-uşaq böyütmüş bir qadın hamıdan tez
gedib yeni il suyu gətirsə, bu sudan aşağı olmayanlara içirsə, onlar da övlad anası
olarlar və s.
Suya belə inama arxalanmanın əsas səbəblərindən biri suyun varlığı təmin edən
başlıca vasitələrdən olmasıdır. Susuz yaşayışın olacağı mümkün deyil. Elə bunun özü
azərbaycanlılarda suya ehtiramla yanaşmaq, onu qorumaq inamı yaratmışdır. Əbəs
Dostları ilə paylaş: |