188
Məmməd Əmin Rəsulzadənin 1952-ci ildəki bu narahatlığını Türkiyədəki
yaxın dostu Feyzi Aküzüm belə xatırlayır: «Məmməd Emin bəy hər vasitə ilə
dünya siyasəti qarşısında Azərbaycanın səsini eşitdirəcək, kommunizmin dünyaya
gətirəcəyi fəlakəti anladacaq bir təbliğat orqanına ehtiyac olduğunu çətin də olsa
maddi sıxıntılar içində yaşasa da mütləq lazımlı sayırdı. Bu məqsədlə Yenişəhr
Sakariyə caddəsindəki evində Dərnək işləri ilə bağlı bir toplantı keçirdi. Bu
toplantıda mən də vardım. Emin bəyin giriş sözündən sonra necə bir təbliğat orqanı
çıxarılması ilə bağlı uzun söhbətlər və qarşılıqlı fikirlər irəli sürüldü.
Bülleten olsun? Kitabça olsun? Həftəlik və ya 15 günlük qəzetə olsun,
yoxsa müntəzəm bir dərgi?
Bir xeyli müzakirədən sonra Emin bəyin tövsiyəsi ilə aylıq bir dərginin çap
olunması razılaşdırıldı. Sonra dərgi hansı adla çıxarılacağı müzakirə olundu. İrəli
sürülən adlar arasında Qurtuluş, Odlu vətən, Dirilik, İstiqlal kimi indi xatırlaya
bilmədiyim daha bir çox adlar vardı. Mən isə: «Madam ki, Dərnəyimiz Azərbaycan
kültur dərnəyidir, o halda Dərnəyin adını daşıması baxımından dərginin adının
«Azərbaycan» olması lazımdır. Bu ad Dərnəyin qayəsinə, çalışmalarına, hər kəs
tərəfindən mənimsənilməsinə daha uyğun düşər»—dedim. Bununla əlaqədar
Məmməd Emin bəy diqqətlə mənə baxdı və «mən də Feyzinin fikrinə şərikəm,
Dərginin adı Azərbaycan olsun!» — dedi».
Tezliklə dərginin ilk nüsxəsinin hazırlığına başlandı.
Bir ağrı. Türkiyədə olanda gedib Feyzi bəylə görüşdüm, Feyzi bəy dərgini
hansı maddi çətinliklərlə çıxardıqlarını, Məmməd Əmin Rəsulzadənin bu işdən
ötrü necə əziyyətlər çəkdiyini xatırlayıb ağladı.
Ankara. 1952-ci il, aprelin 1-i. Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi
Azərbaycan Kültur Dərnəyinin orqanı olan «Azərbaycan» dərgisinin ilk nüsxəsi
çapdan çıxıb. Dərginin üz səhifəsində bu sözlər yazılıb: «Birlik dirilikdir»,
«Türkləşmək, islamlaşmaq, müasirləşmək». Elə dərginin üz səhifəsində
Azərbaycanın xəritəsi verilib. Xəritədə «O Azərbaycanın», onun bir vaxtlar
başçılıq etdiyi Azərbaycan cümhuriyyətinin xəritəsi verilib. Doğrudur, 1952-ci ildə
bu xəritədəki Azərbaycandan bir iz qalmamışdı. Vətən işğal olunmuş, torpaqları
qana boyanmışdı. Yurdun güllü-çiçəkli bağlarını, büllur bulaqlı, başı qarlı dağlarını
isə şura hökuməti ermənilərə sovet hədiyyəsi kimi pay etmişdi. Bəli, dağıdılmışdı,
viran olmuşdu torpağı. Bu ağrıların hamısını bilirdi. Bu ən yaralı yeri, ürək ağrılı
xatirəsi idi. Amma indi «O Azərbaycan»ın, 23 aylıq cümhuriyyət Azərbaycanının
xəritəsini çap edirdi ki, ümidlər, inamlar ölməsin, yaşasın. Bir gün gələcək ki, o
torpaqlar yenə Azərbaycanın olacaq. Bu ümidi yaşatmaq istəyirdi adamlarda.
...«Azərbaycan» məcmuəsi Anafartalar caddəsində—Azərbaycan Kültur
Dərnəyinin yerləşdiyi binada çıxarılırdı. Qiyməti 25 quruş idi.
Dərginin elə ilk nömrəsində Məmməd Əmin Rəsulzadə vətəni Azərbaycan
haqqında oxuculara məlumat verir, bu gözəl məmləkətin tarixindən, bu günündən
danışırdı.
189
O yazırdı:
«Doğuda Xəzər dənizi, qüzey Qafqasiya, Batıda Gürcüstan ilə Ermənistan
və güneydə İranilə sərhəddir. Başı qarlı dağlarla, bəzi yerlərində okean səthindən
aşağıda yerləşən burası türlü bitkilərlə, heyvanlar baxımından çox çeşidli bir
mənzərəyə malikdir».
Məmməd Əmin Rəsulzadə vətəni Azərbaycanın şanlı tarixini, tanınmış
ziyalılarını bir daha Azəri türklərinə xatırladırdı. Doğma yurdunun şanlı
keçmişindən danışan alovlu vətənpərvər Azərbaycan cümhuriyyətini, istiqlal
bayramı olan 28 may gününü də yada salırdı. Məqaləsinin sonunda bir sərt həqiqəti
də unutmurdu:
«...Velikorusiya daxilində cərəyan edən daxili hərbdən müzəffər çıxan
bolşeviklər Yaxın Şərqdəki qarışıq durumdan və hərb sonu Avropasındakı
vəziyyətdən istifadə edərək qızıl ordunun üstün qüvvətləri ilə sərhədi keçib 27
aprel 1920-ci ildə Azərbaycanı işğal edərək qanlı üsullarıyla cümhuriyyəti
sovetləşdirirlər».
«Azərbaycan»ın ilk nömrəsindəcə qərib mühacirlərin vətən həsrəti ilə
çırpınan ürəklərinin ağrısı duyulur.
Mühacirlərin çoxu ilk dəfədir Türkiyəyə gəlib. Ölüm təhlükəsi başları
üstündən sovuşan bu adamlar bir müddət sevinsələr də, az keçməmiş vətənin
ayrılığına dözə bilmir, intizar dolu səslə doğma ananı, qardaşı, bacını yada salırlar.
Məmməd Əmin Rəsulzadə ondarın halını yaxşı bildiyindən dərginin ilk sayında
vətən, ana həsrətli şerlərə çox yer verir.
Məmməd Əmin Rəsulzadənin çıxardığı «Azərbaycan» jurnalı az sonra
yalnız acılı xatirələrin, vətən həsrətli şerlərin deyil, eyni zamanda kəskin, siyasi
ruhlu məqalələrin çap olunduğu bir orqana çevrildi.
«O Azərbaycanın» səsi. Bir gün qəribə hadisə baş verdi. Neçə il idi ki,
həsrəti ilə yaşadığı «O Azərbaycan»ın səsini eşitdi. Hə, elə o Azərbaycanın,
ömrünün unudulmaz iyirmi üç ayını yaşadığı vətəninin səsinə qulaq asdı. Evindəki
yarısınıq kresloda əyləşdiyi zaman birdən radioda Üzeyir Hacıbəyovun «Koroğlu»
operasından üvertüranın səslənəcəyi elan olundu. Üvertüranın elə başlanğıcından
halı başqalaşdı, oturduğu kresloda çırpınmağa başladı: Yox, bu «O Azərbaycanın»
səsidir. Bu o vətənin nəfəsidir. Üzeyir bəy bu musiqini qızıl imperializmin dəmir
məngənəsi arasında yazsa da o Azərbaycan düşünüb. Başqa cür də ola bilməz.
Üzeyir bəy heç zaman o azad vətəni unuda bilməzdi. O vətəndə yaşadığı
zaman böyük işlər görmürdümü? Xalqı üçün çalışmırdımı? Üç rəngli
bayrağımızdan ilhama gəlmirdimi? Yazılarında vətənimizi satmaq istəyənlərə
nifrətlər yağdırmırdımı? Yox, ola bilməz. Ola bilməz ki, Üzeyir bəy o vətəni
unutsun, üç rəngli bayrağı yaddan çıxarsın. Gör neçə ildən sonra o keçmiş günü
xatırlayıb, istisini yaşadıb içərisində. Yox, Üzeyir bəy bu musiqini bolşevik
Azərbaycanının adına yazmayıb. O istəyib ki, bu yolla da olsa, xalqa «o vətən»i
xatırlatsın. Bu musiqi əzilən xalqımın işğalçılara nifrət zərbəsidir. Bu musiqi
Dostları ilə paylaş: |