484
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
FRANSIZ POEZİYASI
POL ELÜAR
MƏRDLİK
Aclıq. Qəhətlik. Soyuq. Yaman üşüyür Paris,
Daha küçələrində şabalıd yeyə bilmir.
Elə ayaq üstəcə yatır metroda səssiz,
Dilənçi paltarını geysinmi? Geyə bilmir.
Heç kəsdən yardım umma, mənim fəhlə Parisim!
Sağsan, heyrət doğuran bir ömür yaşayırsan.
Rəngi avazımış, ac, arıqlamış əzizim,
Sən insanlıq yükünü mərdliklə daşıyırsan.
Cəsurluqdur alışan geniş bəbəklərində,
Mənim gözəl Parisim, yaqut, billur şəhərim!
Qılınc kimi kəsərli, iynə tək iti, incə,
Haqsızlığa dözməyən, mətin, məğrur şəhərim!
Qardaşlaşın! Mərdləşin, sərtləşin, ey qardaşlar!
Bu dərddən, bu bəladan qurtulacaq yurdumuz.
Bizim nə dəbilqəmiz, nə əsgər çəkməmiz var,
Nə hərbi paltarımız, nə nizami ordumuz.
Heç nəyimiz yoxsa da, nifrət silahımız var,
Lap yalın əllərlə də qalib gələsiyik biz.
Yadından çıxarmasın zireh geyən yağılar:
Min ton zireh əridir bir damla nifrətimiz.
485
AZADLIQ
Ağaclara, partaya,
Şagird dəftərlərinə,
Dəftərimdə ağaran işıqlı dan yerinə
Həkk edirəm adını.
Oxuduğum... və hələ
Oxuya bilmədiyim təmiz, pak gövhərlərə,
Tonqalda yandırılan əvəzsiz əsərlərə
Həkk edirəm adını.
Uca sərv ağacına,
Qəhrəman qılıncına,
Hökmdarlar tacına
Həkk edirəm adını!
Uşaqlığı anmağın ləzzətinə, dadına,
Cəngavər zirehinə, pəhləvan inadına,
Yuvada cükküldəşən quşların qanadına
Həkk edirəm adını.
Gündüzlər tən bölüşüb yediyimiz çörəyə,
Odlu nəfəsimizlə isinən bir ürəyə,
Bu dünya dedikləri əzəmətli kürəyə
Həkk edirəm adını.
Göydə və göl dibində günəşin yanmasına,
Çayda, çeşmədə axan gümüş ay ziyasına,
Od tutan üfüqlərin cırılmış yaxasına
Həkk edirəm adını.
Çöllə göyün getdikcə uzaqlaşan həddinə,
Gecə ilə səhərin incə nur sərhəddinə,
Dəyirmanlar pərinin hərlənmə qüvvətinə
Həkk edirəm adını.
486
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
Hər dan üzü dünyanın şüaşüa ahına,
İnadcıl gəmilərin dəniz cövlangahına,
Dəliqanlı könlümdən keçən minmin axına
Həkk edirəm adını.
Şaxəli budaq kimi neçə yol ayrıcına,
Şimşəklərin kökünə, cığırların saçına,
Üsyankar meydanlarda bayraqların ucuna
Həkk edirəm adını.
Tən bölünmüş almaya,
Yataqda yastığıma, yaxındakı aynaya,
Pəncərəmdən içəri girən süd teştiaya
Həkk edirəm adını.
Evimizin böyrünə, mərmər astanasına,
Şeylərin bizə adi görünən simasına,
İntiqam atəşinin müqəddəs dalğasına
Həkk edirəm adını.
Birbirinə uyuşan iki can vəhdətinə,
Açıq dost sifətinə, yoldaş sədaqətinə,
Sıxdığım qız əlinin dəmir dəyanətinə
Həkk edirəm adını.
Təmiz, lal bir heyrətə,
Birbirini axtaran həssas dodaqlardakı
Hərarətə, şərbətə
Həkk edirəm adını.
Sönüb gedən mayağa,
Səngərimi saxlayan torpaq adlı dayağa,
O dərdə ki, qaldırır məni hər gün ayağa,
Həkk edirəm adını.
Umudsuz ayrılığa,
Üryan qalan təkliyə,
487
Ölüm pilləkənində çıxdığım hər pilləyə
Həkk edirəm adını.
Qayıtmış sağlamlığa,
Sovuşan təhlükəyə,
Nurla, ümidlə dolu tərtəmiz, şəffaf göyə
Həkk edirəm adını.
Bircə sözün hökmüylə
Ömr edirəm mən artıq.
Səni yaşatmaq üçün doğuluram yenidən
Ulu tanrım –
AZADLIQ!
1942
488
XƏLİL RZA ULUTÜRK
SEÇİLMİŞ ƏSƏRLƏRİ
LUİ ARAQON
EDAM VAXTI MAHNI OXUYAN KİŞİNİN BALLADASI
“Yox, seçə bilməzdim özgə bir yolu,
Yeganə yolumu düz seçmişəm, düz”.
Zindanda nəfəsi ildırım dolu
Dustaq gələcəklə durub üzbəüz.
Gecə iki nəfər ona yalmanır,
Əyilib yavaşca dümsükləyirlər:
“ Daha üzülmüsən, əldən düşmüsən,
Zindan da bezibdir... Boyun qoy, yetər!
Dolana bilərsən sən də bizim tək,
Elə bir söz de ki, etsinlər azad.
Bir az da diz çöküb yaşa, neyləmək?
Axı kimə gərək bunca qeyz, inad?”
“Yox, seçə bilməzdim özgə bir yolu.
Yeganə yolumu düz seçmişəm, düz”.
Zindanda nəfəsi ildırım dolu
Dustaq azadlıqla durub üzbəüz.
“ Bu dəmir qapını bircə sözünlə,
Bircə kəlmən ilə aça bilərsən.
Bütün əzablara son qoyular, son,
Nə cəllad dərd çəkər, nə biz, nə də sən.
Bircə yalan demək nə böyük şeymiş,
Sonra gör nə qədər yaşamaq olar.
Fikirləş, fikirləş, bir də fikirləş,
Qarşıda nə gözəl sabahların var!”
“Yox, seçə bilməzdim özgə bir yolu.
Yeganə yolumu düz seçmişəm, düz”.
489
Məhbəsdən ucadır məhbusun boyu,
Başqa bir nəsillə durub üzbəüz.
“Hər nə mümkün idi, açıq söylədim,
Heç kim duymasa da, kaş dostlar duya.
Mənim cıdırıma bir köhlən gərək,
Mənim Parisimə ibadət, dua.
Qoy cəhənnəm olub getsinlər, nə qəm,
Məgər alçaqlara “hə” demək asan?”
Sonuncu fürsəti verdi əlindən
İnadı özündən qüvvətli insan!
Kişi öz yolunu düz seçsin gərək,
O yol şüa kimi təmiz, müqəddəs.
Bütün zindanları silkələyərək
Bağırır, hayqırır qüdrətli bir səs:
“Ölürəm, Fransam yaşayır, nə qəm,
Yaşayır üsyanım, eşqim, nifrətim.
Mən nəyin uğrunda qurban gedirəm,
Mirasdı dostlara məqsədim, əhdim”.
Alman danışığı, açar səsləri,
Dilmancın ikrahla donquldanması:
Arıq qollarına qandal keçsə də,
Sakitdi dustağın nurlu siması.
“Yox, seçə bilməzdim özgə bir yolu,
Yeganə yolumu düz seçmişəm, düz”.
Qanlı divarları titrədir, sökür
Sabahın nəğməsi – ölməz, ölümsüz.
Güllələr altında oxuyur igid:
“Sarıldım qanımda çimən bayrağa”.
Atəş. Bir də atəş... isti qan gölü...
Heyrət... O, bir daha qalxır ayağa.
Dostları ilə paylaş: |