156
Azərbaycan Xalq Cümhuriyyəti olduqca çətin və mürəkkəb şəraitdə cəmi 23 ay yaşamasına
baxmayaraq həmin qısa müddətdə böyük işlər görmüş və Azərbaycanın gələcəkdə də müstəqil olması
üçün ciddi zəmin yaratmışdı.
Azərbaycan dövlətinin sərhədləri müəyyən olunmuş, dövlətçilik atributlarımız qəbul edilmişdi.
Milli dövlət quruculuğu sahəsində mühüm işlər görülmüş, Azərbaycan dilinin tətbiq olunması,
mədəniyyətimizin, təhsilin inkişafı, iqtisadiyyatın nizamlanması sahələrində irəliyə doğru ciddi əməli
addımlar atılmışdı.
XIX əsrin son rübündən başlayaraq oyanmış və getdikcə güclənən ümummilli şüur inkişaf etmiş,
azərbaycançılıq ümumşərq, ümummüsəlman mücərrədliyindən ayrılaraq artıq Azərbaycan Xalq
Cümhuriyyəti dövründə, xalqın düşünən hissəsinin fikir və əqidəsində özünə möhkəm yer tutmuşdu.
Nəticədə milli mənlik şüuru güclənmiş, onun inkişafı düzgün, yaradıcı istiqamətə yönəlmişdi.
Daxili ziddiyyətlər, başlıcası isə xarici təcavüz nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut
etsə də, onun fəaliyyəti Azərbaycan xalqının qəlbində ümid çırağı kimi yanmaqda davam etdi. Heç də
təsadüfi deyildi ki, əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq
Cümhuriyyətinin varisi olaraq
bu dövlətin himnini, üçrəngli bayrağını və gerbini bərpa elədi.
XX əsr tarixinin üçüncü mərhələsi 1920-ci ilin aprelindən başlanır və Azərbaycan Sovet Sosialist
Respublikası elan edilməsindən sonrakı -71 il davam etmiş dövrü əhatə edir. Bu mərhələnin birinci iki
ilində Azərbaycan qismən də olsa öz müstəqilliyini qoruyub saxlaya bilmişdisə də, 1922-ci ildə SSRİ
yaradıldıqdan sonra onun tərkibinə daxil edilmişdi.
Əlbəttə, dünya proletar inqilabını həyata keçirməyi qarşısına məqsəd qoymuş bir dövlətin tərkibinə
daxil olan yarımmüstəqil bir dövlət qurumunda milli mənlik şüurundan, azərbaycançılıqdan və soykökə
qayıdışdan danışmaq belə qadağan edildiyindən milli mədəniyyətimiz, xalqımızın milli-mənəvi dəyərləri
amansız təqiblərə məruz qaldı. Hələ 1920-ci ilin aprelindən başlayaraq Azərbaycanın milli ruhlu
ziyalılarına münasibətdə həyata keçirilən repressiya tədbirləri, xüsusilə 1937-1938-ci illərdə Azərbaycan
elminə və mədəniyyətinə böyük zərbələr vurdu. Bu illərdə Azərbaycanın xüsusi xidmət orqanlarında və
hüquq-mühafizə orqanlarında özünə möhkəm yuva salmış, erməni millətçiləri Azərbaycan xalqının milli
azadlıq ruhuna son qoymaq üçün daha çox canfəşanlıq etmək imkanı qazandılar, nəticədə 50 min
nəfərdən artıq
adam güllələndi, 100 mindən çox insan Sibirə və Qazaxıstana sürgün edildi.
Hüseyn Cavid,
Mikayıl Müşfiq, Tağı Şahbazi, Salman Mümtaz və bir çox başqaları kimi yüzlərlə görkəmli şəxsiyyətlər
və milli ideya carçıları məhv edildi.
Bununla belə, 20-30-cu illərdə Azərbaycan xalqının qəhrəman əməyi ilə neft sənayesində böyük
yüksəliş əldə edilmiş, sənayenin yeni sahələri yaranmış, kənd təsərrüfatı dirçəldilmişdi. Azərbaycan
elliklə savadlanmış, orta ümumtəhsil məktəblərinin, xəstəxana və poliklinikaların, ali və orta ixtisas
məktəblərinin, elmi-tədqiqat və mədəni-maarif müəssisələrinin şəbəkəsi xeyli genişləndirilmişdi.
İkinci dünya müharibəsində faşist Almaniyasının antihitler koalisiyası tərəfindən darmadağın
edilməsində misilsiz xidmətləri olmuş Azərbaycan xalqı çox dözümlü və qəhrəman xalq olduğunu bütün
dünyaya bir daha nümayiş etdirdi.
Müharibədən sonrakı illərdə də respublikamız iqtisadiyyat və mədəniyyət sahələrində mühüm
nailiyyətlər qazanmaqla yanaşı, SSRİ-nin digər respublikalarının iqtisadiyyatının bərpa olunması və
inkişafı işində də fəal iştirak etdi.
Azərbaycan xalqı sovet hakimiyyəti illərində mövcud şəraitə uyğunlaşsa da, eyni zamanda onun
qəlbində tam müstəqillik, milli azadlıq hissləri yaşamış, yeri gəldikdə, əlverişli şərait yarandıqda bu
hisslər barədə açıq danışmaqdan, mübarizə aparmaqdan çəkinməmişdir. 70 illik sosializm rejimi
dövründə də bu hisslər xalqı heç vaxt tərk etməmiş, lakin sərt cəza tədbirləri və repressiyalar hər dəfə onu
həmin hissləri qəlbində qoruyub saxlamaqla müəyyən müddət susmağa məcbur etmişdir. Totalitar
kommunist rejimi dövründə Azərbaycana rəhbərlik etmiş şəxslər, ayrı- ayrı istisnalar nəzərə alınmazsa,
demək olar ki, 70-ci illərə qədər respublikada milli mənlik şüurunun dirçəldilməsi, azərbaycançılığa və
soykökə qayıdış məsələlərində Moskvanın göstərişlərinə dönmədən əməl edərək sərt maneələr yaratmış,
özlərinin "proletar beynəlmiləlçiliyi" prinsiplərinə sədaqətini nümayiş etdirmək üçün nə lazımdırsa etmiş,
bəzən isə bu sahədə düşünülmədən atılan uğursuz addımlar milli ruhda tərbiyə işini daha da
çətinləşdirmiş, mərkəzin yerli-yersiz hücumları üçün respublikamızı hədəf seçməsinə bir növ zəmin
yaratmışdı.
Yalnız 1969-cu il iyulun 14-də Azərbaycanın böyük oğlu Heydər Əliyevin respublikaya rəhbər
seçilməsi ilə belə uğursuzluqların qarşısı alınmış, Azərbaycan cəmiyyətinin mövcudluğunun,
fəaliyyətinin, bütövlükdə həyatının ideya-konseptual prinsiplərində yeni milli-mənəvi dəyərlərin
başlanğıcı qoyulmuşdur. Bu baxımdan, 14 iyul 1969-cu il Azərbaycanın ən yeni tarixinə dönüş mərhələsi
kimi daxil oldu. Bu, 60-cı illərin sonlarında iqtisadi və mədəni tənəzzül, milli ideya yoxsulluğu dövrünü