Бағышлајан Рәһм едән Аллаһын ады илә



Yüklə 2,7 Mb.
səhifə25/32
tarix01.08.2018
ölçüsü2,7 Mb.
#60465
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

«Əlli Səkkizinci Görüş»


Hacı Nuri “Nəcmus-saqib” kitabında yazır: Ədalət və bir çox üstün xüsusiyyətləri ilə şöhrət tapmış böyük alim Hacı Molla Möhsün İsfahani Kərbəlanın yaxınlığında yaşayardı. Onun insanlığı, dindarlığı və əmanətə son dərəcə vəfalı olması hamının dillər əzbəri idi. O, böyük alim seyyid Məhəmməd Qətifidən belə bir əhvalat nəql edir:

Bir cümə axşamı tələbələrdən biri ilə Kufə məscidinə getmişdim. O zamanlar belə vaxtlarda məscidə gedib-gəlmək olduqca qorxulu idi. Çünki, yolkəsənlər ətrafa yayılıb soyğunçuluqla məşğul idilər. Bunun üçün də ziyarətə gələnlərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdı.

Biz məscidə daxil olduğumuz zaman orada dua oxuyan bir tələbədən savayı kimsə gözümüzə dəymədi. Biz də məscidin əməllərini yerinə yetirdikdən sonra kimsənin gələ bilməyəcəyindən əmin olmaq üçün içəridən məscidin qapısının qabağına xeyli daş-kəsək yığdıq. Sonra “dəkkətül-qəza”da üzü qibləyə tərəf oturub dua və ibadətlə məşğul olmağa başladıq. Gözəl əxlaqlı həmin tələbə isə həzin səslə “babul-fil” məqamına yaxın oturub “Kumeyl” duasını oxuyurdu. Hava olduqca saf, ay da tam dairəvi şəkildə idi. Onun işığı məscidə düşdükcə məni özünə cəzb edirdi. Birdən, məscidi müşk və ənbərdən də qoxusu gözəl ətir iyi bürüdü. Sonra ətrafa elə parlaq işıq yayıldı ki, ayın işığını belə üstələdi. İşıq məscidin bütün fəzasını bürüdü. Uca səslə “Kumeyl” duasını oxuyan həmin tələbə susaraq diqqətini ətrafı bürüyən iyə və məscidi nura qərq edən işığa yönəltdi. Elə bu vaxt möhkəm bağladığımız qapıdan çiyinində səccadə, əynində hicazlılara məxsus paltar olan bir şəxs içəri daxil oldu. O, qeyri-adi vüqarla həzrət Müslimin (ə) məqbərəsinə tərəf gedirdi. Bizim isə nəzərimiz qeyri-ixtiyari olaraq onun camalına dikilmişdi. Həyəcandan sanki qəlbimiz yerindən qopacaqdı. Bizə yaxınlaşıb salam verdi. Amma dostum o qədər həyəcanlı idi ki, salam verməyə taqəti olmadı. Mən isə çətinliklə də olsa salamının cavabını verdim.

O, həzrət Müslimin (ə) ziyarətgahına tərəf getdikdən sonra biz əvvəlki vəziyyətimizə qayıtdıq. Dostumdan soruşdum: Bu şəxs kim idi? Haradan məscidə daxil oldu? Sonra yerimizdən qalxıb onun ardınca həzrət Müslimin (ə) ziyarətgahına tərəf getdik. Gördük ki, orada olan tələbə köynəyini cırıb uşağı ölmüş ana kimi zar-zar ağlayır. Ondan niyə belə ağladığını soruşduq. Dedi: Qırx cümə axşamıdır ki, İmam Zamanı (ə) görmək üçün bu məscidə gəlirəm. Amma arzuma çata bilmədim. Bu gün də özünüz gördünüz, İmam Zaman (ə) gəlib başım üstə dayanıb nə etdiyimi soruşdu. Mən isə üzündəki heybətdən dilim tutulub bir söz deyə bilmədim. O da üzünü çevirib getdi.

Məscidə qayıdıb qapının arxasına nəzər saldıqda, gördük ki, daşları ora necə düzmüşdüksə eləcə də qalmışdır.

«Əlli Doqquzuncu Görüş»


Dizful alimlərindən biri orada baş verən maraqlı bir əhvalat nəql edir ki, o əhvalat “Əş-şəmsut-taliə” və “Şeyx Ənsari” kitablarında da nəql olunmuşdur. Həmin əhvalat belədir:

Məhəmməd Hüseyn Təbrizi, Təbrizin tanınmış tacirlərindən biri idi. Övladı olmadığından uzun müddət müalicə və dava-dərmandan sonra nəhayət, ziyarətgahlara üz gətirir. O deyir: Bir gün Nəcəf-Əşrəfə gedib orada Səhlə məscidində dua və münacat edərək İmam Zaman (ə)-dan kömək istədim. Gecə mükaşifə halında gördüm ki, alicənab bir şəxs mənə yaxınlaşıb dedi: Dur, get Dizfula, toxucu Məhəmməd Əli Culagərin yanına və bil ki, istəyin yerinə yetmişdir.

Mən Dizfula gedib həmin şəxsin ünvanını axtarmağa başladım. Bir qədər axtardıqdan sonra axır ki, onun yaşadığı yeri tapa bildim. Onu gördükdə, çox xoşum gəldi. Çünki o olduqca sadə bir adam idi və balaca dükanında toxuculuqla məşğul idi. Onunla salamlaşdım. Salamımın cavabını verib dedi: Məhəmməd Hüseyn, gözlərin aydın! İstəyin yerinə yetmişdir.

Məni birinci dəfə görməsinə baxmayaraq adımı bilməsindən çox təəccüb etdim və ondan gecəni yanında qalmağı xahiş etdim. Dedi: Eybi yoxdur, qala bilərsən.

Sonra balaca dükanına daxil oldum və elə bu vaxt axşam azanı verildi. Birlikdə şam və xiftən namazlarını qılıb axşamdan bir qədər keçdikdən sonra süfrə açdı və ortaya bir az arpa çörəyi, bir az da qatıq qoydu. Beləcə, birlikdə axşam yeməyini yedik. Gecə oldu və yatdıq. Səhər sübh namazını qılandan sonra o, bir az dua oxudu və sonra yenə dükanına girib işi ilə məşğul olmağa başladı.

Mən ona dedim ki, sizə iki sualım var: birinci, mənim hacətimin qəbul olduğunu haradan bildiniz və ikinci, belə bir yüksək məqama necə nail olmusunuz? Dedi: Axı, bu nə sualdır ki, verirsən?! İstəyin yerinə yetib, daha başqa bir şey lazım deyil və çıx öz yolunla get. Dedim: Mən sizin qonağınızam və siz də gərək qonağa hörmətlə yanaşasınız. Xahiş edirəm, özünüz barədə mənə danışasınız və bilin ki, danışmayınca, yerimdən tərpənən deyiləm. Çox isrardan sonra dedi: Mən əvvəldən elə gördüyün həmin bu məhəllədə bu işlə məşğulam. Əvvəllər dükanımın qarşısında olduqca zülmkar bir dövlət mə`murunun evi var idi. Əskərlər növbə ilə onun evini mühafizə edirdilər. Bir gün əsgərlərdən biri gəlib məndən soruşdu: Siz özünüz üçün yemək-içməyi haradan əldə edirsiniz? Mən də ona dedim ki, mənmi əhli-əyalım yoxdur. Hər il üç yüz kiloqram arpa alıram, unundan çörək bişirirəm və beləcə, yaşayıram. Əskər dedi: Mən burada gözətçi işləyirəm, amma bu zalımın haram yolla qazandığı və bizə verdiyi yemək-içməkdən istifadə etmək istəmirəm. Əgər sənə zəhmət deyilsə, mənin üçün də yüz kilo arpa al və özün üçün çörək bişirdiyin zaman mənim üçün də gündə bir çörək bişir ondan yeyim. Əgər mənim üçün bu işi görsən, sənə çox minnətdar olaram. Mən də onun xahişini qəbul etdim və hər gün gəlib məndən iki çörəyini götürüb gedirdi.

Bir gün çörəkləri bişirib hazır qoymuşdum ki, gələndə ona verim. Amma nə qədər gözlədimsə, gəlib çıxmadı. Gedib onu tanıyanlardan soruşdum, dedilər xəstədir. Mən onu yoluxmaq üçün yanına getdim və həkim gətirmək üçün ondan icazə verməsini istədim. Dedi: Lazım deyil, mən bu gecə ölməliyəm. Gecə yarısı bir nəfər gəlib sənə ölüm xəbərimi verəcək. Sən də bura gəlib nə desələr, onu da edərsən. Unun qalanı da sənin olsun. Mən axşam onun yanında qalmaq istədim. Amma mənə icazə vermədi. Sonra mən dükanıma qayıtdım.

Gecənin bir aləmində gördüm ki, kimsə dükanın qapısını döyür. Qapını döyən şəxs məni səsləyib dedi: Məhəmməd Əli, gəl bayıra. Mən də tez eşiyə çıxdım və dükanın qabağında tanımadığım bir şəxs gördüm. Birlikdə məscidə getdik. Ora çatdıqda, gördüm ki, həmin əskər artıq dünyasını dəyişmiş və iki nəfər də cənazəsinin kənarında dayanmışdır. Onlar məni görcək, dedilər: Gəl kömək et və cənazəni çaya aparıb orada qüsl verək.

Bir sözlə onu aparıb çayın kənarında qüsl verdik. Sonra kəfənləyib namazını qıldıq və məscidin kənarında dəfn etdik. Bundan sonra mən öz dükanıma qayıtdım. Bir neçə gündən sonra gecə yarısı dükanımın qapısını döydülər. Eşiyə çıxdım. Yenə tanımadığım bir şəxs mənə dedi: Ağa səni çağırır, gəl birlikdə yanına gedək.

Paltarımı geyinib onunla birlikdə yola düşdük. Nəhayət, bir çöllüyə gəlib çatdıq. Gecə yarısı və ayın axırı olmasına baxmayaraq hava on dörd gecəlik ay kimi, olduqca aydın və işıqlı idi. Heyrət məni bürümüşdü. Bir neçə dəqiqədən sonra parlaq bir çöllüyə çatdıq. Uzaqdan gördüm ki, bir neçə nəfər dairəvi şəkildə oturmuş və onların kənarında bir nəfər də ayaq üstə dayanmışdı. Oturanlardan biri olduqca vüqarlı və heybətli idi. Başa düşdüm ki, o şəxs İmam Zaman (ə)-dır. Bu səbəbdən də bütün vücudumu qeyri-adi qorxu hissi bürüdü və bütün bədənim titrəməyə başladı. Mənim ardımca gələn şəxs dedi: Bir az qabağa get. Mən də qabağa gedib dayandım. Ayaq üstə duran şəxs mənə dedi: Qabağa gəl, qorxma. Mən yenə bir qədər qabağa getdim. İmam Zaman (ə) onlardan birinə buyurdu: Bizim şiəmizə xidmət etdiyi üçün əskərin vəzifəsini ona verin. Dedim: Mən bir toxucuyam, necə əskər ola bilərəm? Belə fikirləşdim ki, məni dünyasını dəyişən həmin əskərin yerinə tə`yin etmək istəyir.

İmam Zaman (ə) gülümsəyərək dedi: İstəyirik onun mənsəbini sənə verək. Mən yenə sözlərimi təkrar etdim. İmam Zaman (ə) yenə buyurdu: Biz istəyirik mərhum əskərin tutduğu məqamı sənə verək və demirik ki, sən onun yerinə əskərlik edəsən. Get və bil ki, bundan belə sən onun yerini tutacaqsan.

Sonra tək geri qayıtdım. Hava isə artıq çox qaranlıq idi. Və şükür Allaha ki, o vaxtdan bu günədək İmam Zaman (ə)-ın göstərişləri mənə çatır və mən onunla sıx əlaqədəyəm. Sənə bu əlaqəmiz də onun verdiyi göstərişlərdən biri idi.




Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə