BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elmlər seriyası
2011
UOT-94 “19/...”
KİPR MÜNAQİŞƏSİNDƏ 1974-CÜ İL
HADİSƏLƏRİ VƏ TÜRKİYƏNİN MÜDAXİLƏSİ
F.M.HACIYEV
АМЕА Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu
farid.h@meclis.gov.az
XX əsrin 70-ci illərində Kiprdə yaranmış daxili siyasi vəziyyət artıq təminat ölkələrini
ciddi tədbirlər görməyə sövq etdi. O dövrdə Yunanıstan hökumətinin Kiprə dair siyasətində
yol verdiyi səhvlər və eyni zamanda Türkiyə hökumətinin bu səhvlərdən istifadə edərək atdığı
qətiyyətli addımlar Kiprin bugünkü mənzərəsini yaratmış oldu. Dövrün şərtlərinə görə
Türkiyənin 1974-cü ildə Kiprə hərbi müdaxiləsi qaçılmaz idi və Türkiyə bu tarixi şansdan
layiqincə istifadə etməyi bacarmışdı.
Açar sözlər: Türkiyə, Kipr, münaqişə, enosis, müdaxilə
1967-ci il böhranından sonra Makariosun enosisin praktiki cəhətdən
mümkünsüz olduğunu qəbul etməsi daxildə Qrivasın və enosisin tərəfdarlarını
ona qarşı qaldırdı. Bu, həmçinin Makariosun Yunan xuntası ilə münasibətləri-
nin pisləşməsinə, daha sonra isə tamamilə pozulmasına gətirib çıxartdı.
Afinada Arxiyepiskopla xunta arasında münasibətlərin pisləşməsi,
Kiprdə isə Makariosa qarşı terrorçu müxalifətin baş qaldırması hadisələrin
gedişini müəyyən edirdi. Artıq Afinada bəzi mühüm fiqurlar Kipr münaqişəsi-
nin həlli üçün Makariosun getməsinin vacibliyini bəyan edirdilər. Onlar
istədikləri həll variantı Türkiyəni ələ almaq yolu ilə enosisə nail olmaq idi.
Lakin bu, Kipr məsələsində Türkiyəyə Axeson planında öz əksini tapmış
güzəştlərin edilməsini nəzərdə tutacaqdı ki, bu güzəştlərlə Makarios heç vaxt
razılaşmazdı. Hər bir halda Makarios xuntanı yox, sürgün edilmiş kralı dəstək-
ləyirdi. Makariosu kənarlaşdırmaq üçün xunta Arxiyepiskopu Ellinizmə xəya-
nət etməkdə günahlandıran və özünü Milli Cəbhə adlandıran bir qrupa dəstək
verirdi. Makariosa qarşı sabotaj və terrorçuluq kompaniyası başladılmışdı və
1970-ci ilin mart ayında Makariosun vertolyotu vuruldu, lakin o, güclə canını
qurtara bildi. Makarios bu işdə Kiprin sabiq daxili işlər naziri Polikarpos
Yorqadyisin əli olduğunu bildirdikdən bir həftə sonra Yorqadyis sirli şəraitdə
qətlə yetirildi. General Qrivas isə 1971-ci ilin payızında gizli yolla Kiprə
186
qayıtdı. O, burada Makarios enosisə xəyanət edəcəyi müddətdə ona qarşı
istifadə edə biləcəyi “EOKA B” adlanan hərəkat yaratdı.
1972-ci ilin fevralında Yunanıstan hökuməti Makariosa nota göndərərək
uzun müddətdən bəri Kiprin xarici işlər naziri vəzifəsində çalışan Spiros
Kiprianunu və xuntanın əleyhinə olan digərlərini vəzifədən kənarlaşdırmağa
və “Millətçi Kipr Ellinizminin” bütün seqmentlərindən (yəni AKEL və enosisə
can yandırmayanları çıxmaq şərtilə) təşkil olunmuş “milli birlik hökuməti”
formalaşdırmağa çağırdı. Makariosa həmçinin Milli Mərkəzin həmişə Afina
olduğunu unutmamağı da tövsiyə etdilər. 2 həftə sonra Kipr Kilsəsinin yepis-
kopları toplanaraq dini hakimiyyətlə dövlət hakimiyyətinin bir araya sığma-
ması iddiası ilə Makariosa prezidentlikdən istefa verməyi əmr etdilər. Ma-
karios Kiprianunu əvəz etdi, lakin eyni zamanda öz populyarlığını sübut etmək
üçün kütləvi mitinqlər təşkil etdi, xuntanın tələb etdiyi hökuməti formalaş-
dırmaqdan imtina etdi və Kralı dəstəkləyən yeni qəzeti maliyyələşdirməyə
başladı.
Aprelin 13-də 3 yepiskop Arxiyepiskopu hakimiyyətdən salınmış elan
etdilər və onun rütbəsini keşiş rütbəsinə qədər azaltdılar. Tezliklə Arxiyepis-
kop Şərqi Pravoslav Kilsələri Sinodunu bir araya gətirməklə daha böyük dini
silahlara əl atmış oldu, belə ki, Sinod öz qərarı ilə Makariosun əvvəlki mövqe-
yini bərpa etdi, eləcə də qiyamçı yepiskopları kilsə daxilində parçalanma və
səmavi qanunlara itaətsizlikdə ittiham edərək onları kilsədən uzaqlaşdırdı. Si-
yasi cəhətdən də Arxiyepiskop seçkilərdə özünə rəqib tanımırdı. Lakin Maka-
rios nədənsə hələ də Qrivasa və “EOKA B”yə qarşı sərt tədbirlər görməkdən
çəkinirdi. Bu isə ya Makariosun azadlıq mübarizəsi dövründə Britaniyanın
istifadə etdiyi metodlardan istifadə etməmək arzusundan, ya da Qrivasın həm
özü kimi kralçı, həm də Kiprin bölünməsinin əleyhdarı kimi hələ faydalı ola
biləcəyi fikrindən irəli gəlirdi. Bununla belə, 1974-cü ilin yanvarında Qrivas
ürək çatışmazlığından vəfat etdi və “EOKA B” dərhal xuntanın agentlərinin
nəzarətinə keçdi. Kipr polisinin çox hissəsi keçmiş EOKA üzvlərindən təşkil
edilmiş, 10000 nəfərdən ibarət Milli Qvardiya isə Yunanıstan Ordusu tərəfin-
dən idarə edilir və ondan daha çox “EOKA B”nin əsgər ehtiyacını ödəmək
məqsədilə istifadə edilirdi (5, 4-7).
1973-cü ilin payızında Afinada baş vermiş növbəti hərbi çevriliş
nəticəsində bir xunta faktiki olaraq Hərbi Polisin Rəisi Briqadir İoannidesin
başçılıq etdiyi digər bir xunta ilə əvəz edildi, baxmayaraq ki, dövlətin həqiqi
başçısı General Faedon Gizikis hesab edilirdi. 1974-cü il iyulun 2-də Prezident
Gizikisə yazdığı məktubda “Mənim hərbi rejimlərə, xüsusilə də demokratiya-
nın beşiyi sayılan Yunanıstandakı hərbi rejimə xüsusi rəğbətimin olduğunu
deyə bilmərəm”, - deyən Makarios, bununla belə, Yunanıstanda kimin haki-
miyyətdə olmasından asılı olmayaraq, onu ana vətənin hökuməti kimi dəyər-
ləndirirdi. Bundan sonra Arxiyepiskop Milli Qvardiyanın tərkibində olan 650
yunan zabitinin geri çağırılmasını istəmiş və məğrurluqla bildirmişdi: “Mən
Yunanıstan hökumətinin Kiprə təyin etdiyi prefekt və ya nümayəndə deyiləm,
187
mən Ellinizmin böyük bir hissəsinin seçilmiş lideriyəm və məhz elə buna görə
də Milli Mərkəzdən özümə qarşı müvafiq rəftar tələb edirəm” (5, 7-14).
Yunanıstan hökumətinin cavabı isə Arxiyepiskop Makariosa qarşı uzun
müddətdən bəri hazırlanan sui-qəsd planına start vermək oldu. 1974-cü il
iyulun 15-də yunan zabitlərinin rəhbərlik etdiyi Milli Qvardiya Kiprdə ha-
kimiyyəti devirdi, prezident sarayının bir hissəsini dağıtdı və Makariosun
öldüyünü elan etdi. Lakin həmin vaxt Makarios Pafosa qaça bilmiş, oradan isə
vertolyotla Akrotiridəki suveren bazaya aparılmışdı. Xunta Makariosun yerinə
keçmiş EOKA terrorçusu Nikos Sampsonu gətirdi. Kiprə daxil olmaq üçün
Türkiyənin əlinə belə əlverişli imkan bir daha düşməyəcəkdi. Belə ki, bir
yandan Zəmanət Müqaviləsinin hüquqi əsasları buna imkan verirdi, digər
yandan isə sonradan Makariosun da BMT-də çıxışı zamanı təsdiq edəcəyi
Yunanıstanın aşkar müdaxiləsi göz qabağında idi. Həmin dövrdə qərb liderləri
arasında müəyyən nüfuza malik olan Bülənt Ecevitin Londona səfər etməklə
zamin dövlətlərdən biri kimi Britaniyanı əməkdaşlığa dəvət etməsi çox düzgün
addım idi. Britaniya hökuməti çətin seçim qarşısında qalmışdı. Əgər o,
Zəmanət Müqaviləsinin IV maddəsinə uyğun hərəkət etməsə, onda bu, türklə-
rin qarşısında yaşıl işıq yandırmaq kimi qiymətləndirilərdi. Lakin Britaniyanın
Suveren Bazalarında cəmi 3000-ə qədər qoşunu var idi və bu kiçik qüvvə ilə
Sampsonu devirib Makariosu yerinə qaytarmaq şübhəli görünürdü. Siyasi
iradə baxımından da çatışmazlıqlar var idi. Bir tərəfdən Britaniya məsələyə tək
müdaxilə etməklə Kipr siyasətində və partizan müharibəsində üzləşə biləcəyi
böyük çətinliklərdən qorxur, digər tərəfdən isə Britaniyanın türklərlə birlikdə
müdaxiləsi halında onun motivlərinin yunanlar və Kipr yunanları tərəfindən
səhv başa düşülməsi şansları böyük idi. Çətinlik onda idi ki, bu müqavilə
yalnız 1960-cı il konstitusiyasını bərpa etmək məqsədilə müdaxiləni nəzərdə
tuturdu və hətta 1964-cü ildə Britaniya buna getməmişdi.
Türkiyənin Baş naziri Bülənt Ecevit iyulun 16-da yaranmış vəziyyətlə
bağlı çıxış edərək bildirmişdir: “Qoy heç kim Kiprdə yaranmış xaos vəziyyə-
tindən istifadə edərək orada yaşayan türklərin hüquqlarına qəsd eləməsin. Biz
bu baş verənlərə göz yummayacağıq. Biz heç kəsə türklərin hüquqlarını tapda-
lamağa icazə verməyəcəyik” (4, 49). İyulun 18-də Ecevit Afinaya ultimatum
göndərərək Sampsonun istefaya göndərilməsini, Kipr Milli Qvardiyasının
yunan zabitlərinin Kiprdən çıxarılmasını və Kiprin müstəqilliyinə təminat
verilməsini tələb etdi. Xunta ağılsızcasına yenə də inanırdı ki, ABŞ əvvəllər
olduğu kimi türklərin güc tətbiqinin qarşısını bu dəfə də alacaq.
Ultimatuma cavabın verilmədiyini görən Ecevitin “sülh əməliyyatı”
adlandırdığı əməliyyat başladı. Əməliyyatın başladılmasını Ecevit bu cür əsas-
landırdı: “Faktiki olaraq baş vermiş bu hadisə çevrilişdən daha artıq idi. Bu,
Kipr Respublikasının müstəqilliyinin və onun əsaslandığı beynəlxalq razılaş-
maların kobud və zorakılıq yolu ilə pozulması idi. Türkiyə Kiprin müstə-
qilliyinin və konstitusion qayda-qanunun zaminlərindən biridir. Bu əməliyyatı
həyata keçirməklə Türkiyə öz hüquqi öhdəliyini yerinə yetirmiş olur. Türkiyə
188
digər mümkün vasitələr tükənməyənə qədər silahlı əməliyyata əl atmırdı. Bu,
işğal deyil, işğala qarşı yönəlmiş əməliyyatdır. Bu, təcavüz deyil, təcavüzə son
qoymaq üçün atılan addımdır. Bu səhər başladılmış sülh əməliyyatı Kipr
tarixinin ən qaranlıq dövrünə son qoyacaqdır” (4, 46). Hava hücumunun
köməyi ilə türklər iyul ayının 20-də sübh tezdən hücum edərək Kireniya
yaxınlığında yerləşdilər və sərt müqavimətlə üzləşdilər. Lakin türklər ard-arda
Kipr yunanlarının yaşadığı bir neçə kəndi tutdular. İyulun 22-də BMT
Təhlükəsizlik Şurası atəşkəsin əldə edilməsinə nail oldu.
Bu arada xunta hökuməti dağıldı və hakimiyyəti Konstantin Karamanli-
sin hakimiyyəti ilə mülkilərə təhvil verdi. Nikosiyada isə Sampson Prezident-
liyi Makariosun Konstitusional müavini Qlafkos Kleridesə təslim etmişdi.
Britaniyanın xarici işlər naziri Ceyms Qallaqanın çağırdığı Cenevrə
Konfransı baş tutana kimi, türklərin 1-ci hücumu zamanı onlarla birlikdə olan
beynəlxalq ictimaiyyət artıq demokratiyanın bərpa olunduğu Yunanıstana
doğru meyllənmişdi. Konfransda artıq rollar dəyişmişdi: Türkiyənin Zəmanət
Müqaviləsinin şərtləri altında hərəkət etməsini qəbul edən Klerides 1960-cı il
konstitusiyasının tam bərpasını istədi. Lakin türklər və Kipr türkləri artıq
başqa dildə danışırdılar. Rauf Denktaş və Türkiyənin Xarici İşlər naziri Turan
Günəş bəyan etdilər ki, yeni böhran 1967-ci ildən sonra guya öldüyü bildirilən
enosis ideyasının hələ də yaşadığını sübut etdi. Onların dediyinə görə, Kipr
türklərində onların adada istənmədikləri barədə fikir oyadılmışdı və buna görə
də artıq Kiprdə 2 muxtar zonadan ibarət Federasiyanın yaradılması qaçılmaz
hala gəlmişdi (7, 3-5). Yaradılacaq federasiyada türklərin zonası isə adanın
34% şimal ərazilərini tutacaqdı. Yalnız bundan sonra türklərin adekvat təh-
lükəsizlik hissi və enosisə qarşı etibarlı zəmanəti olacaqdı, belə ki, yenidən
Yunanıstanla birləşmək meylləri baş qaldırardısa, onda türklərin tam şəkildə
federasiyadan ayrılmasına artıq heç nə mane ola bilməzdi. Dəhşətli təzyiq
altında federasiya prinsipinə güzəştə getməklə Kipri sonrakı işğaldan xilas
etmək üçün Klerides Afina ilə, Kiprin yunan icmasının liderləri ilə, eləcə də
Londonda olan Arxiyepiskop Makariosla məsləhətləşmək üçün Türkiyədən 36
saatdan 48 saata qədər möhlət istədi. Türkiyənin xarici işlər naziri Makarios və
digərlərinin daha çox vaxt udmaq üçün bundan istifadə edə biləcəyini əsas
gətirərək Kleridesin bu xahişini rədd etdi. Həqiqət isə ondan ibarət idi ki,
Ecevit hökumətinin siyasi mövqeyi riskli idi və mövcud olduğu dəhlizdə
özünü narahat hiss edən Türk ordusu gözləmək istəmirdi. Konfransın başa çat-
masından 1,5 saat sonra türklərin yeni hücumu başladı. Onlar tez bir zamanda
Cenevrədə istədiklərindən daha çox ərazini tuta bildilər. Nəticədə Kiprin
ərazisinin 36,5%-i türklərin nəzarətinə keçdi. Türkiyənin bu müdaxiləsi Kiprin
bu günkü siyasi mənzərəsini yaratmış oldu. Belə ki, əvvəllər bu iki müxtəlif
icmanı necə bir araya gətirməyin yolları axtarılırdısa, bu müdaxilədən sonra
dünya ictimaiyyətini artıq bir-birindən qopmuş bu iki bölgə arasında əlaqənin
necə yaradılması məsələsi düşündürməyə başladı.
189
Zəmanət Müqaviləsinin məqsədi ikiicmalı respublikanın müstəqilliyinin
qorunub saxlanılması idi. Bu müqavilə və ondan doğan müdaxilə hüququ
olmasa idi, Kipr Yunanıstanın tərkib hissəsinə çevriləcəkdi. Türkiyənin bu
müdaxiləsinin nəticəsində Kipr adasında bu günə qədər müstəqil respublika
hökm sürür, Yunanıstanda demokratiya bərqərar oldu və 1974-cü ildən bəri
adanın hər iki icması zorakılıq, toqquşma və qətllər olmadan sülh şəraitində
yaşayırlar. Yalnız bütün bunları nəzərə aldıqda, 1974-cü il müdaxiləsinin nə
dərəcədə zəruri olduğunu söyləmək olar.
ƏDƏBİYYAT
1.
Guner Goktug. Kuzey Kıbrıs Türk Cumhuriyyetini hazırlayan siyasi nedenler. Nisan
1990, s. 161-164, Cerrahoglu Zehra. Birleşmiş Milletler Gözetiminde Kıbrıs sorunu ile
ilgili olarak yapılan toplumlararsı görüşmeler (1968-1990). TC Kültür bakanlıgı yayınları.
Yayınlar dairesi Başkanlığı. Kültür eserleri Dizisi. Ankara, 1998, s. 69-71
2.
Manisalı Erol. Dünden Bugüne Kıbrıs. Gündoğan Yayınları / Siyaset ve Sosyoloji Dizisi
172 sayfa, ISBN: 975-520-193-9; Boyut: 14cm x 21cm; Baskı Tarihi: 2002
3.
Olgun Aydın. Dünden Bugüne Kıbrıs Sorunu Kastaş. Yayınları / Tarihsel Araştırmalar
Belgeseli Dizisi 100 sayfa, ISBN: 975-7639-66-X; Baskı Tarihi: 1999
4.
Qazioğlu Ahmet. Two equal and sovereign peoples. Nikosiya: Cyrep, 1997
5.
BolukbasiS. The Turco-Greek Dispute. in C.H. Dodd, Turkish Foreign Policy: New
Prospects, Cambridgeshire: Eothen Press, 1992.
6.
S. Bolukbasi. The Cyprus Dispute and the U.N.: Peaceful Non-Settlement Between 1954-
1996. IJMES, August 1998.
7.
P. Kitromilides. Greek Irredentism in Asia Minor and Cyprus. Middle Eastern Studies,
Vol. 26, No. 1, 1990, pp. 3-17.
8.
Christoff Marcia Kurop. Greece and Turkey. Foreign Affairs, Vol 77, No. 1, 1998, pp. 7-12.
9.
Tozun Bahcheli. Searching for a Cyprus Settlement: Considering Options for Creating a
Federation, a Confederation, or two Independent States. Publius, Vol. 30, Nos.1/2 (2000),
pp. 203-216.
10.
Reddaway John. Burdened with Cyprus, the British Connection. London, 1986, p. 12
11.
www.cyprus-conflict.net
СОБЫТИЯ 1974 ГОДА В КИПРСКОМ
КОНФЛИКТЕ И ИНТЕРВЕНЦИЯ ТУРЦИИ
Ф.М.ГАДЖИЕВ
РЕЗЮМЕ
Статья рассказывает о событиях приведших к разделению Кипра и формирова-
нию двух территориальных зон управляемыми двумя разными правительствами по сей
день. Разногласия между военной хунтой Греции и правительством Кипра, возглавляе-
мым Архиепископом Макариосым, привели к эскалации ситуации на острове. Военный
режим в Греции намеревался отстранить Макариоса от власти и установить схожий
режим на Кипре с целью воплощение идеи Энозиса в жизнь. После кризиса 1967 года
Макариос знал, что любая попытка, связанная с осуществлением Энозиса может
подтолкнуть Турцию к интервенции и, таким образом привести к необратимым и
катастрофическим последствиям. Предсказание Макариоса сбылось, после того как в
1974 году Греческая хунта успешно осуществила военный переворот на Кипре. Турция
190
незамедлительно ввела войска на территорию Кипра с целью восстановления конститу-
ционного порядка. Действуя, таким образом, Турция руководствовалась правом
интервенции данной ей Договором Гарантии 1959 года. Данная интервенция породила
сегодняшний Кипр – остров с двумя администрациями десятилетиями ведущие безус-
пешные переговоры по разрешению Кипрского конфликта.
Ключевые слова: Турция, Кипр, конфликт, энозис, интервенция
EVENTS OF 1974 IN CYPRUS CONFLICT AND TURKISH INTERVENTION
F.M.HAJIYEV
SUMMARY
The article is related to the events leading to the partition of Cyprus and the formation
of two independent territorial entities governed by two separate administrations up to this day.
Frictions between the military regime ruling in Greece and the “leadership” of Cyprus
represented by Archbishop Makarios resulted in the aggravation of situation in the island. The
aim of the Greek military authority was to oust Makarios and to establish a military regime in
Cyprus, thus paving way to Enosis. After the crisis of 1967 Makarios understood that the
revival of the sentiments on Enosis could lead to catastrophic consequences with the
intervention of Turkey. Greece’s successful military coup in Cyprus overthrowing Makarios in
1974 justified the prediction of Archbishop. Turkey intervened immediately, enjoying its right
of intervention vested with it by the Treaty of Guarantee, with a sole aim to restore
constitutional order in Cyprus. This intervention produced today’s Cyprus – the island with
two separate administrations involved in the decades of unsuccessful negotiations.
Key words: Turkey, Cyprus, conflict, enosis, intervention
191
Dostları ilə paylaş: |