Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə23/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

Hindistan etnoqrafiyası
69
çiləri hindli xristianlara qarşı kifayət qədər barışmaz münasibət-
lərini ifadə edirlər. Hind dirçəlişinin ideoloqu M.C.Qolvarkar ya-
zır: “Bizim ölkədə yaşayan xristian centlmenlərin məqsədi təkcə 
bizim dini-sosial strukturu dağıtmaq deyil, eyni zamanda müxtəlif 
rayonlarda özlərinin siyasi hakimiyyətini qurmaqdır. Nə qədər ki, 
Hindistan  xristianları  öz  vətənlərinə  tam  loyallıqlarını  bəyan-
lamırlar, özlərini əcdadlarının yaratdığı mədəniyyətin əsl varisi 
kimi aparmırlar, onlar bizim düşmənimiz olaraq qalacaqlar, biz 
onlara bu cür münasibət bəsləyəcəyik”. Hətta 1978-ci ildə “Ca-
nata parti” hakimiyyətdə olarkən, parlamentə təqdim olunan “Din 
azadlığı haqqında” qanunda hindusların xristianlığı və islamı qə-
bul etməsinə qadağa qoyulması təklifi irəli sürülmüşdü. Bu qanun 
İndira Qandi hökuməti zamanı (1980) parlamentdən keçməsə də, 
bəzi ştatların qanunverici orqanlarında qəbul edilmişdir. 
Hindistanda 1947-ci ildə lüteran və metodistlərdən başqa, bü-
tün protestant axınlarının birləşdiyi Cənubi Hindistan Kilsəsi, 1970-
ci ildə Şimali Hindistan Kilsəsi yaradıldı. Bundan başqa 24 təriqəti, 
14 regional şuranı, 10 təşkilatı birləşdirən Milli Xristian Şurası fəa-
liyyət göstərir. Xristian icmalar 1978-ci ildə Kəlküttədə Müqəddəs 
Pavel  Kilsəsində,  Müqəddəs  Fomanın  Malabar  Kilsəsində  birgə 
ibadət keçirmişlər, bu praktika get-gedə daha çox tərəfdar qazanır. 
Hindistanda  sadə  xristianlar  bu  dini  təlimin  incəliklərini  o 
qədər də bilmirlər. Bir sıra din xadimləri sadə xristianların eykü-
menist hərəkata qoşulması üçün “kilsənin hindliləşməsi” ideyası 
ilə çıxış edirlər. Katoliklər bu prosesi “inkulturallaşma” adlandı-
rırlar. Bu prosesdə ruhanilər xristianlığa məxsus paltarları deyil, 
hind “sadhu” və buddist monaxlarının paltarlarına bənzər zəfəran 
rəngində paltarlar geyinirlər. Hind musiqi alətlərinin sədaları al-
tında keçirilən dini ritual zamanı şərab və birlik çörəyi əvəzinə 
kokos südü və kətədən (“çapati”) istifadə olunur, ritual “çandam” 
(möminin alnına dəfnə yarpağından hazırlanmış rəngin çəkilmə-
si) mərasimi ilə davam edir, hətta ikonalarda ənənəvi hind motiv-


Bəhmən Əliyev-Ayvazalı
70
lərinə üstünlük verilir. Bu sahədə katolik kilsəsi xüsusi aktivlik 
göstərir. Kilsənin rituallarına inanan şəxsin hindli, hətta hindust, 
inanc və ehkamlarına görə xristian qalması əsas götürülür. 
Müsəlmanlar  arasında  olduğu  kimi,  xristianlar  arasında  da 
hinduist ənənələri yaşamaqdadır. Maharaştada xristianlar “konkan 
brahmanları”,  “sarasvat  brahmanları”,“xristian  maharlara”ay-
rılırlar. Onlar nikah adətlərində və bir-birindən yemək qəbulunda 
“varna-cati” qadağalarına kifayət qədər sərt şəkildə əməl edirlər. 
Xristianlığı  ilk  qəbul  edənlərdən  biri  olan  Manqalor  (Kar-
nataka)  katolikləri  özlərini  xristian  aristokratlar  sayırlar.  Sosial 
bölgünün bir tərəfi xristianlar və hinduslar arasından, digər his-
səsi “dalitlər” arasından keçir. Belə hesab olunur ki, hindli xris-
tianların  60  %-i  “toxunulmazlar”dan  ibarətdir.  “Neobuddist”lər 
kimi, “xristian dalitlər” yeni dini qəbul etməklə sərt sosial dis-
kriminasiyadan yaxa qurtarmağa, maddi vəziyyətlərini düzüəlt-
məyə çalışırlar. Lakin xristian kilsəsinin qoynunda belə “toxunul-
maz”lar yenə də “toxunulmaz” olaraq qalırlar. Bu ayrı seçkilik 
özünü  nikah  münasibətlərində,  rituallarda  göstərir.  Kilsələrdə 
ibadət zamanı “dalitlər” yalnız qapılarda, yaxud onlar üçün ayrıl-
mış hissədə dayanırlar. Əksər təriqətlərdə hətta qəbristanlıqlar da 
fərqləndirilir, yüksək kastalardan olan xristianların qəbirləri xris-
tian “dalitlər”in qəbirlərindən hasarla ayrılır. Seminariyaya qəbul 
zamanı ayrı-seçkiliyə məruz qalan “dalitlər” xristianlığı qəbul et-
diklərinə görə, maddi itkilərlə də üzləşirlər. Hindistan prezidenti-
nin 1950-ci ildə imzaladığı fərmana görə, xristianlığı qəbul edən 
“qeydə alınmış kastalar”ın (“toxunulmaz”ların rəsmi adı) üzvlə-
ri olan “dalitlər” hinduizmindən xristianlığa keçdikləri təqdirdə 
bütün güzəştlərdən məhrum edilirlər. Hindistan Ali Məhkəməsi 
1985-ci ildə prezidentin bu fərmanını təsdiqləmişdir. Güzəştlərin 
bərpa  olunması  məqsədilə  “Xristian  dalitlərin  azadlığı  uğrunda 
hərəkat”  yaradılmışdır.  Hələlik  Tamilnad  və  Kerala  ştatlarında 
güzəştlər bərpa olunmuşdur. 


Hindistan etnoqrafiyası
71
Hindistanda Roma Katolik Kilsəsi daha çox nüfuza malikdir 
(9,7 milyon nəfər ardıcılı var). Katoliklər daha çox ölkənin cənu-
bunda, eləcə də bəzi Qərb rayonlarında məskunlaşmışlar. Protes-
tant kilsələri (4,3 mln nəfər) içərisində daha çox ardıcıllrı olanlar 
Cənubi Hindistan kilsəsi (700 min nəfər) və Şimali Hindistan kil-
səsidir (1530 min nəfər). Cənubi Hindistan kilsəsini 1947-ci ildə 
ölkənin cənub hissəsində fəaliyyət göstərən protestant təşkilatlar 
yaratmışlаr.  Bundan  başqa,  Hindistanda  baptistlər  (2,1  milyоn 
nəfər), lüteranlar (1,1 milyоn nəfər), mennonitlər, Qurtuluş ordu-
sunun (227 min nəfər) ardıcılları da vardır. İngilislərin işğalı ilə 
bağlı olaraq, Hindistanda anqlikan təriqəti yayılmışdır. 
Parslar.  Hindistanda  VII  əsrdə  islamiyyətin  yayıldığı  döv-
rdə İranın Fars əyalətindən Hindistana köçmüş pars-zərdüştülər 
də  məskunlaşmışlar.  Hazırda  təxminən  100  min  nəfər  “zərdüş-
ti-pars” dini-etnik icması (Maharaştra, Bombey) yaşayır. Bu dini 
icmanın üzvləri doğulandan “athorhan”lara və “behdin”lərə (dün-
yəvi) ayrılırlar. Rəsmən “pars” sözü “zərdüşti” sözü ilə sinonim 
sayılsa da, parsların öz aralarında bu identifikasiya fərqlidir. On-
lar hesab edirlər ki, bütün parslar atəşpərəst deyil, eləcə də bütün 
oda sitayiş edənlər pars deyil. 
Parsların icması kifayət qədər təmin olunmuş şəxslərdən-sa-
hibkarlar, alimlər, siyasətçilər, təhsil işçiləri, hərbçilərdən ibarət-
dir. Onların arasından Hindistan azadlıq hərəkatının məşhur üzv-
ləri  (Dadabhai  Naoroci),  böyük  ticarət-sənaye  konsernlərinin 
(“Tata”, “Modi”, “Dastur”) sahibləri, nüvə fiziki Homi Bhabha 
çıxmışdır. Bu icmada kasıblara, evsiz-eşiksizə rast gəlmək müm-
kün deyil və aralarında “toxunulmazlar” da yoxdur. 
Kompakt yaşadıqları yerlərdə parslar “ancumanlar”da bir-
ləşir,  bura  icma  üzvlərinin  sosial-mədəni  ünsiyyət  yeri  sayılır. 
Mumbay  (Bombey)  şəhərində  parsların  əsas  təşkilatı-“Bombey 
pançayatı” fəaliyyət göstərir. Bu təşkilat parslar arasında böyük 
nüfuza  malikdir.  Beş  ildə  bir  dəfə  parsların  qurultayı  keçirilir. 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə