443
İthaflar
Bəhruz.'>Bəhruz. Mən ki, səhnədə oynamıram.
Ziyad. Nə olsun ki oynamırısan.
Mirbağır ağa. Deyirlər bütün bu əməsalahı sən düzəltmisən. Bu əmmamələr, ləbbadələr,
deyirlər, hamısı sənin buyruğun ilə tikilib. Hətta deyirlər ki, qurbanı olduğum İmamzadanı da
burada sən düzəltmisən.
Bəhruz. Mən rəssamam.
Mirbağır ağa. Xəbərim var. Məndən soruşsaydın, heç ona da razı olmazdım. Qurani-şərifdə
yazılıb ki, gərək bəndeyi-islam bəni-insan rəsmi çəkməsin. Bunlar kair işidir.
Bəhruz. Düzdür. Elə yazılıb.
Mirbağır ağa. Vaxta ki, elə yazılıb, gərək bəndeyi-islam da əməl eləsin. Neynək! İndi ki,
maşallah rəssam olmusan, nə olar? Çək cəddinə qurban olduğum Məhəmmədin şəklini, çək qolları
qələm olmuş Həzrət Abbasın şəklini (Bəhruz acı-acı gülümsəyir). Yox, əgər onlar da ürəyinə yatmır,
neynək, Rüstəm Zalı çək, Bəhram Guru çək. Yoxsa bu nədir? Atmısan iş-gücünü qoşulmusan bu
lotu-bambılılara.
Bəhruz. Mən sənətkaram.
Mirbağır ağa. Ol da, neynək? Amma belə bəd əməllərə qol qoyma!
Bəhruz. Sabiri oxumusanmı heç? “Hophop”u deyirəm.
Mirbağır ağa. O, ləinin biridir, babıdır.
Bəhruz. O, yazıb ki:
Şairəm çünki vəzifəm budur əşar yazım,
Gördüyüm nikü-bədi eyləyim izhar yazım.
Mirbağır ağa (əsəbi). Deməli, sən də?
Bəhruz. Mən də, Mirbağır ağa, mən də!
Mirbağır ağa. Onda sənə də min lənət, sənin “Hophop”una da, “Molla Nəsrəddin”inə də
(Qapıya tərəf gedir, birdən ləbbadəsinin ətəklərini yığışdıra-yığışdıra). Lap mənim təqlidimi
çıxardan o məluna da. Bunun cavabını sən özün ver, Ziyad bəy!
Əsəbi halda çıxır. Bəhruz onun dalınca baxıb gülür.
Ziyad. Ə, yəni sən belə ağız-burun bahəm eləmisən?
Bəhruz. Sakit, tamaşa gedir.
Ziyad. Başınıza dəysin tamaşanız. Daha şəhərdə adam tapmadız? Gərək mənim dədəmə
dolaşaydız? Dayan, indi mən onların bir tikəsini qulaqları boyda eləyim, onda görsünlər (Səhnəyə
hücum edir).
Bəhruz. Geri dur, ayıbdır.
Ziyad. Ayıb sizə olsun, siz utanın. Mənə Hacı Kazım oğlu Ziyad deyərlər. Sən öləsən səsini
çıxartsan meyidini elə burada sərərəm.
Bəhruz. Onlar sənə nə pislik eyləyiblər?
Ziyad. Canım, mənə vəzzariət oxuma. Çəkil!
(Yenə səhnəyə hücum etmək istəyir. Bəhruz
müqavimət göstərir). Çəkil deyirəm sənə.
Bəhruz (əsəbi və həyəcanlı). Qoymaram, qoymaram onlara toxunasan. Bacarırsan məni öldür.
444
İthaflar
Sinəsini açıb onun qarşısında dayanır. Ziyad əlini cibinə atıb bıçaq çıxarmaq istəyir, bu vaxt
arxadan gurultulu alqış səsləri gəlir.
Oğulbəy. Bəhruz, hardasan, tez ol, səhnəyə.
Getmək istəyir. Ziyad bunu eşidib hirslə
Ziyad. Yaxşı, bizimki qalsın sonraya, danışarıq!
Çıxır, bu vaxt Qəmküsar səhnədən, Şirin isə bayırdan gəlir.
Şirin. Nə gözəl şeymiş bu teatr, ay bala! Canın üçün o qədər gülmüşəm ki...
Qəmküsar. Hə,
necə bilirsən, Şirin xala, məndən şeyx olar ya yox?
Şirin. Şeyx nədir, canım, səndən lap müctəhid də olar.
Qəmküsar. Bəhruzu evləndirəndə kəbinini özüm kəsəcəyəm. Qoymaram molla mənim
ruzuma şərik olsun.
Yasamən gəlir.
Yasəmən. Dadaş!
Bəhruz. Yasəmən, bacım! (onu bağrına basır). Bu güllər nədir, ay qız? Hardan yığmısan
bunları?
Yasəmən. Mən yığmamışam,
ay dadaş, bunları sənə Tilisdən göndəriblər.
Bəhruz (ikirli). Tilisdən?
Yasəmən. Deyəsən içində kağız da var.
Bəhruz (tez güllərin arasından kağızı tapır). “Hörmətli Bəhruz, sizi də, dostlarınızı da
ürəkdən təbrik edirəm. Sizin fırça tutan əllərinizi öpməyə, məğrur başınız önündə səcdə etməyə
hazıram. Lütfkarlığınız mənim üçün ən böyük səadət olar. Eteri...” (Məktubu bükür, cibinə qoyub,
ikirli) Fırça tutan əl, məğrur baş, yenə də həmin sözlər, yenə də o...
İşıq sönür.
445
İthaflar
SƏHNƏ QABAĞI
Gecə... Sakit küçə... Mirbağır və Ziyad Qəmküsarın qarşısını kəsirlər...
Mibağır ağa. Dayan ləinin biri ləin!
Ziyad. Ayaq saxla!
Qəmküsar (qaranlıqda onları tanımır). Kimsiz, nə istəyirsiz?
Mirbağır ağa. Canına
azar istəyirik, ürəyinə dərd.
Qəmküsar. Niyə özünüzdən çıxmısız? Sizə nə pisliyim dəyib?
Ziyad. Sən bütün şəhəri özündən çıxartmısan, bişərəf!
Qəmküsar. Əl çəkin məndən,
mən şairəm, mühərrirəm.
Mirbağır ağa. Şair, mühərrir. Zatına bələdəm sənin. Yeddi arxa dönənini tanıyıram. Ağayi-
Qəmküsar!
Qəmküsar (onu tanıyır, bərkdən gülür). Necə? Sənsən, Mirbağır ağa? Mən də elə bildim
haranın quldur-qaçağıdır gecə vaxtı üstümə hücum çəkən. Molla da adama əl qaldırar? Siz ki, ruhani
bir aləmdə yaşayırsız, hurilərlə, qılmanlarla dərdləşirsiz. Şeyx Nəsrullah demişkən, yediyiniz də
gündə bir xurmadır.
Mirbağır ağa. Çəkmə şeyx Nəsrullahın adını. O fırıldaqçı, bambılı imiş.
Qəmküsar. Yaxşı, onda mənim qabağımı niyə kəsmisiz? Mən ki, Şeyx Nəsrullahın
fırıldaqlarını göstərirəm.
Mirbağır ağa. Bəs Hacı Kazım, bunun dədəsi?
Ziyad. Bəs Hacı Həsən, Hacı Bəxşəli?
Mirbağır ağa. Yox, sən elə bu gecə şəhərdən çıxmalısan, məlun! Mən bilirəm sən hansı
yuvanın quşusan. Ə, Ziyad, nə durmusan?
Qəmküsar. Dayanın! Bu şəhərdən haraya getsəm də, mən yenə buraya qayıdacağam. Qorxun
o gündən ki, sizi bu şəhərdən qovacaqlar.
Ziyad. Hələlik bu şəhərin ağası bizik. Mən elə buradaca, bu qaranlıqda sənin nəfəsini
kəsəcəyəm.
Onun üstünə hücum çəkir.
Qəmküsar. Nadanlar!.. Gör hələ bizim yolumuzda nə qədər daş-tikan var? Gör idrak sahibləri
nələr çəkir, nələr?
İşıq sönür. Pərdə
ALTINCI ŞƏKİL
1920-ci ilin baharı. Dördüncü şəkildə gördüyümüz otaq.
Bəhruz ağır addımlarla yan otaqdan çıxır. Şirin ona yaxınlaşır.
Şirin. Qızdırman bu gün bir az düşüb. Al bu bir dilim almanı ye, həkim də harada olsa gələr.
Bəhruz. Gözlərim qaralır, heç nə görmürəm.