Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 3,41 Mb.
səhifə52/61
tarix18.06.2018
ölçüsü3,41 Mb.
#49706
1   ...   48   49   50   51   52   53   54   55   ...   61

ƏLLİ ÜÇÜNCÜ DƏRS


 Əhmədiyyə necə meydana gəlmişdir?

 Əhmədiyyə firqəsinin əqidə və e᾿tiqadları nədən ibarətdir?


ƏHMƏDİYYƏ


Tə᾿sisçisi:

Qadiyaniyyə kimi də məşhur olan və bəzi tərəfdarları özlərini Mirzaiyyə də adlandıran Əhmədiyyə firqəsi Mirzə Qulam Əhməd Qadiyani tərəfindən tə᾿sis olunmuşdur. Qulam Əhməd təqribən Hicrətin 1255-ci (1839-cu miladi) ilində Hindistanın Pəncab vilayətində yerləşən Qadiyan şəhərinin Qurdaspur məntəqəsində dünyaya gəlmişdir. Atası Mirzə Qulam Mürtəza, Əmir Teymur Qurqaninin əmisi Əmir Bərlasın nəslindən idi. Əmir Teymur, Əmir Bərlasın ixtiyarında olan Kiş vilayətini ələ keçirdikdən sonra o, ailəsi ilə birlikdə əvvəlcə Xorasanda, sonra isə Hicrətin 10-cu əsrinin sonunda Hindistana gəlib Bəpas çayının kənarında məskunlaşdı. Əmir Bərlasın maddi və ictimai mövqeyinin yüksək olması Hindistandakı İngilis dövlətinin diqqətini özünə cəlb etmişdi. Qulam Mürtəzanın sənəti təbabət idi və deyilənlərə görə o, İngilis dövləti ilə səmimi münasibətdə olmuş və neçə illər onlara xidmət etmişdir. Qulam Əhməd ibtidai təhsilini başa vurduqdan sonra islami elmlərə yiyələnməyə başlayır. Lakin az sonra İngilis dövləti onu 1860-cı ildən 1865-ci ilədək «Səyalkut» şəhərində dövlət idarələrinin birində xidməti vəzifəyə götürür. Lakin həmin il işini atıb vətəni «Qadiyana» qayıdır. Bir neçə il təklikdə ibadətlə məşğul olur. 1880-cı ildən e᾿tibarən camaat tərəfindən rəğbətlə qarşılanan «Bərahinul Əhmədiyyə» adlı kitabı yazıb nəşr etdirir. Bu da Qulam Əhmədin ictimai mövqeyinin güclənməsinə səbəb olur.

Cavanlıq illərindən mənəviyyat və ruhi tərbiyə naminə özünü çətinliklərə vadar edən və həmin dövrlərdə Allah tərəfindən peyğəmbərliyə göndərildiyini və ona vəhy olunduğunu iddia edən Qulam Əhməd əlli yaşına çatdıqda, camaatdan bey᾿ət almaq icazəsini alır. O, Peyğəmbərin (s) hədisinə istinad edərək özünü «İslam dininin islahatçısı» kimi qələmə verib deyirdi: Mən İsa ibni Məryəmdən daha üstünəm və hind, müsəlman, məsihi və zərdüştlərin intizarında olduqları həmin sonuncu ilahi rəhbərəm.

Sonralar peyğəmbərlik iddiası etmiş və Səyəlkutun müftisi 1900-cu ildə cümə namazındakı xütbəsində onun peyğəmbərliyini rəsmi şəkildə e᾿lan edərək demişdir: «Həqiqətən Mirzə Əhməd Allah tərəfindən göndərilmişdir və ona iman gətirmək hər bir şəxsə vacibdir.

Mirzə Əhməd Qadiyani peyğəmbərlik iddiasından təqribən səkkiz il sonra, yə᾿ni 1908-ci ildə Qadiyan şəhərində vəfat etdi və elə oradaca dəfn olundu.

ƏHMƏDİYYƏ FİRQƏSİNİN ƏQİDƏLƏRİ


Tarixi mənbələrdə və öz əlyazmalarında Mirzə Qulam Əhmədin peyğəmbərlik iddiası sübuta yetirilsə də, onun bu iddiası xoş xəyal və xülyadan başqa bir şeyə bənzəmir.

Qulam Əhmədin Hindistan kimi çoxtəriqətli və yoqa ayininə mənsub olan bir məntəqəsində bə᾿zi şəxslərin özlərini əzab və çətinliklərə vadar etdikdən sonra camaatı öz ətrafına yığaraq yeni məzhəb yaratması bəlkə də onun peyğəmbərlik iddiası etməsinə öz tə᾿sirini göstərmişdir.



Belə ki, o, iyirmi beş yaşından bir guşəyə çəkilərək ibadətə qapılmış və özünü bir çox çətinliklərə vadar etmişdir. Mə᾿lum olduğu kimi o, əvvəllər özünün Məsih, sonra İmam Zaman Mehdi, daha sonra isə Tara Krişna olduğunu iddia etmişdir. Krişnanın məzhəriyyət (Allahın, insanın vücudunda zühur etməsi) iddiası etməsi isə Hinduizm e᾿tiqadından qaynaqlanmışdır. Bunun səbəbi də Hindistanda fəaliyyət göstərməkdə olan üç dinin (tarixi kökü olan Hinduizm, İslam və İngilislərin oraya gətirdikləri məsihiyyətin) özlərinə tərəfdar yığmaları olmuşdur. Lakin deyilənlərdən belə mə᾿lum olur ki, Qulam Əhmədin peyğəmbərlik iddiası heç də ciddi və əsaslı olmamışdır. Əvvəla ona görə ki, onun peyğəmbərliyi özünün iştirak etdiyi cümə namazında müfti tərəfindən e᾿lan olunmuşdur. Belə ki, əgər onun peyğəmbərlik iddiası ciddi olsaydı, əvvəlki şəriətlə fərqli olan şəriət gətirər və orada bə᾿zi dəyişikliklər apararaq özünün yeni şəriətini təbliğ edərdi. Bir halda ki, orada müsəlmanların şəriəti ilə fərqli olan (bir qədər sonra işarə edəcəyik) elə bir dəyişiklik nəzərə çarpmır. Digər tərəfdən də peyğəmbərlik iddiası edən şəxslər Allah tərəfindən onlara vəhy nazil olduğunu və bəşəriyyətə yeni asimani kitab gətirdiklərini iddia etmişlər. Bab və Bəhaullahı buna misal çəkmək olar. Lakin Qadiyani ayinində heç bir müqəddəs kitabdan söz açılmır. Belə ki, Qadiyanilər (Əhmədiyyələr) əqidələrinin sübuta yetirilməsində daim Qur᾿ana istinad etmişlər. Hərçənd Qur᾿an ayələrini öz əqidələrinə əsasən təhlil və təfsir etmişlər. Bunu da nəzərdən qaçırmamalıyıq ki, islam nöqteyi-nəzərindən peyğəmbərlərin sonuncusu həzrət Məhəmməddən (s) sonra kiminsə peyğəmbərlik iddiası etməsi tamamilə əsassız və eyni zamanda həmin şəxsin dindən çıxması deməkdir. Bu səbəbdən də istər sünni, istərsə də şiə alimləri Qulam Əhmədin dindən çıxmasına dair fətva vermişlər. Əllamə İqbal Lahuri isə Qulam Əhmədin peyğəmbərlik iddiasını həzrət Məhəmmədin (s) peyğəmbərliyinə qarşı mübarizə və islamdan xaric olmuş müstəqil məslək adlandırmışdır. Qulam Əhmədin başqa bir əqidəsi həzrət İsa Məsihlə əlaqəli idi. O, belə bir əqidədə idi ki, Məsih dara çəkilməmiş, düşmənlərinin əlindən qaçaraq Hindistana gəlmiş və Kəşmirdə sakin olub orada İncili tə᾿lim və təbliğ etmişdir. Yüz iyirmi il yaşadıqdan sonra orada vəfat etmiş, Kəşmirin mərkəzi Səringərdə dəfn olunmuşdur və dəfn olunduğu yer hal-hazırda «Yazasəf» adlanır.

Qulam Əhməd cihadı rədd edərək deyir: Yaşadığımız dövrdə cihad silah yolu ilə olmamalıdır. Bəlkə sülh və əmin-amanlıqla məzhəbin əsaslarını insanlara tə᾿lim etmək lazımdır. Belə bir hökmün Qulam Əhməd tərəfindən verilməsi və Qadiyaniyyə firqəsinin meydana gəlməsi İngilis istismarı ilə sıx əlaqəlidir. Çünki belə bir nəzəriyyə islam ölkələrinin böyük bir hissəsini İngilis dövləti tərəfindən istismar olunduğu bir dövrdə irəli sürülmüşdür və təbii ki, belə bir şəraitdə cihad hökmünün götürülməsi İngilis dövlətinə böyük köməklik göstərə bilərdi. İngilislər müsəlmanlar arasında belə bir ideologiyanı yaymaqla onların üzərində öz hakimiyyətini çox asanlıqla bərqərar edə bildi. Bu səbəbdən də Qadiyaniyyə firqəsinin müxalifləri belə hesab edirlər ki, Qulam Əhməd ingilislərdən asılı bir şəxs idi və bu cərəyan onların təşəbbüsü ilə meydana gəlmişdir

Bu nəzəriyyənin düzgün olub-olmaması dəqiq şəkildə məlum olmasa da, bu iş nəticə etibarı ilə eyni təsirə malik idi. Çünki Qadiyaniyyə firqəsinin meydana gəlməsi ingilislərin mənafeyinə tamamilə uyğun olmuşdur. Çünki istismarçı qüvvələr müsəlmanlar arasında təfriqə və xürafi əqidələr yaymaqla daim öz siyasətlərini həyata keçirmişlər. Təbii ki, Qadiyaniyyə ideologiyasının yayılması və cihad hökmünün aradan götürülməsi İngiltərə kimi imperialist bir qüvvənin öz məqsədinə çatmasında yaxından köməklik göstərmişdir. Qulam Əhmədin İngilis dövləti tərəfindən yüksək «Ser» ləqəbi ilə təltif olunmasının səbəbi də məhz bu idi.

Qulam Əhməd ona iman gətirməyən müsəlmanları kafir hesab edirdi. Bu səbəbdən də Qadiyaniyyə firqəsinə mənsub olmayan imam camaata iqtida etməyi, vəfat etmiş şəxsə meyit namazı qılmağı, müsəlmanların Qadiyaniyyə qəbristanlığında dəfn olunmasını, Qadiyaniyyə qadınlarının müsəlman kişilərlə evlənməsini və Allahdan bu firqəyə mənsub olmayanların bağışlanmasını diləməyi düzgün hesab etməmişdir.

ƏHMƏDİYYƏ FİRQƏSİNİN QULAM ƏHMƏDDƏN SONRAKI FƏALİYYƏTİ


Qulam Əhməd vəfat etdikdən sonra onun sadiq tərəfdarlarından olan Həkim Nurəddin Bəhirəvi Məsihin ilk xəlifəsi seçildi və ondan sonra bu məqama Qulam Əhmədin 25 yaşlı oğlu Mirzə Bəşirəddin Mahmud tə᾿yin olundu. O bütün aləmə hakim olduğunu iddia edərək deyirdi: «Mən yalnız Qadiyaniyyə və Hind xəlifəsi deyiləm, mən qayıdacağına və᾿də verilmiş Məsihin xəlifəsiyəm... Mənim səltənətim bütün aləmə şamildir.»

İkinci xəlifənin rəhbərlik dövründə Qadiyaniyyə ardıcılları arasında təfriqə yarandı və onlar iki hissəyə bölündülər. Əksəriyyəti təşkil edən birinci dəstə Bəşirəddinin rəhbərliyinə sadiq qalaraq onunla birlikdə Qadiyanın 144 kilometrliyində yerləşən Lahur şəhərinə doğru hərəkət etdilər və orada Rəbvə şəhərinin tə᾿məlini qoyaraq oranı özlərinə mərkəzi iqamətgah seçdilər. Onlar rəhbərlərinə sadiq qalaraq Qulam Əhməd və onun xəlifəsinin Məsih və İmam Zaman Mehdi olmaq iddialarına tə᾿kid edirdilər. Məşvərət məclisi adlı şura tə᾿sis edildi və orada xəlifənin nəzarəti altında firqənin maliyyə, əqidəvi, mədəni və təbliğat işlərinə baxılmağa başlandı. Firqənin davamçıları gəlirlərinin dörddə birini yardım məqsədilə məşvərət şurasına təhvil verməli idilər.

İkinci dəstə Bəşirəddinin rəhbərliyindən imtina edərək Mövləvi Məhəmməd Əlini özlərinə rəhbər seçərək Lahurda məskunlaşdılar. Bu səbəbdən də onlara Lahuriyyə deyilirdi. Onlar Əhməd Qulamın İmam Zaman və peyğəmbərlik iddiasını təkzib edərək belə bir əqidədə olmuşlar ki, o, heç vaxt belə bir fikir irəli sürməmişdir. Sadəcə olaraq dində islahatlar apararaq islam dininə daxil olmuş bid᾿ətləri aradan çıxarmaq istəmişdir. Lahuriyyə «məşvərət məclisinə» oxşar «İslam yayım birliyini» tə᾿sis etməklə öz əqidələrini təbliğ etməyə başlayır. Onlar özlərinin müsəlman və Peyğəmbər (s) davamçıları olduqlarını israr etmiş və Qur᾿anın (Əlbəttə öz əqidələrinə müvafiq olaraq) təbliğ olunmasında böyük səylər göstərmişlər.

Suallar və tapşırıqlar


1. Qulam Əhməd Qadiyaninin tərcümeyi-halını ixtisarla yazın.

2. Qulam Əhməd necə peyğəmbərlik iddiası etmişdir?

3. Qulam Əhmədin cihad hökmünü ləğv etməsindən daha çox kimlər faydalanmışlar?

4. Əhmədiyyənin əqidələrini bəyan edin.

5. Qulam Əhməd vəfat etdikdən sonra Əhmədiyyə firqəsinin aqibəti necə olmuşdur?


Yüklə 3,41 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə