![]() Blogumuzu ziyarət etməyi unutmayın: utopiaderslik blogspot comƏmtəənin xassələri aşağıdakı sxemdə təsvir olunmuşdur
![]() ![]() Bütün bu cəhətlər əsas etibarilə xalis bazar iqtisadiyyatını səciyyələndirir və azad rəqabətə əsaslanan bazar iqtisadiyyatı üçün xarakterikdir. Lakin müasir bazar iqtisadiyyatı üçün, deyilənlərlə yanaşı, digər cəhətlər də səciyyəvidir. Bunlara aiddir: 1. Dövlətin iqtisadi proseslərə müdaxiləsinin nisbətən geniş olması; 2. İqtisadiyyatın sosial yönümünün genişlənməsi; 3. İstehsalın təşkilinin korporativ formasının üstünlük təşkil etməsi və buna görə də azad rəqabət mühitinin zəifləməsi; 4. Beynəlxalq bazar münasibətlərinin daha böyük miqyasda olması və transmilli korporasiyaların güclü mövqeyə malik olması. Göründüyü kimi, bazar iqtisadiyyatı mürəkkəb, çoxcəhətli münasibətlər sistemini özündə ehtiva edir (birləşdirir). Bazar iqtisadiyyatının obyektləri və subyektləri vardır. Bazar iqtisadiyyatının obyektləri: şirkətlər, firmalar, birliklər, konsernlər, korporasiyalar, fermer təsərrüfatları və s. Bazar iqtisadiyyatının subyektləri: sahibkarlar, biznesmenlər, kommersantlar, muzdlu işçilər, istehlakçılar. Bazar təsərrüfatının subyektlərini üç qrupa bölürlər: 1. Ev təsərrüfatı; 2. Sahibkarlar (biznes) və 3. Hökumət. Beynəlxalq bazar münasibətləri şəraitində başqa bir subyekt sərhəddən kənarda olanlardır. Ev təsərrüfatı – iqtisadiyyatın istehlak sferasında fəaliyyət göstərən əsas struktur vahididir. Bu bir və daha çox adamdan ibarət ola bilər. İstehsal olunmuş maddi nemətlər və xidmətlər ev təsərrüfatlarında istehlak olunur. Ev təsərrüfatları bazar təsərrüfatında istehsal amillərinin mülkiyyətçisi və əsas təqdim edicisidir. İstehsal amillərinin satışından alınan pullar istehlak tələbatlarının ödənilməsinə sərf olunur. Biznes (sahibkarlıq) – bu gəlir (mənfəət) götürmək məqsədilə fəaliyyət göstərən işgüzar müəssisədir. Bu fəaliyyət özünün, yaxud kənardan alınmış kapital qoymaqla baş verir. Burada alınmış gəlir yalnız şəxsi istehlaka deyil, istehsal fəaliyyətinin genişləndirilməsinə də sərf olunur. Biznes bazar təsərrüfatında əmtəə və xidmətləri təklif edən fəaliyyətdir. Hökumət – müxtəlif büdcə təşkilatlarını təmsil edir, məqsədləri mənfəət götürmək deyil, dövlətin iqtisadiyyatı tənzimləmə funksiyasını reallaşdırmaqdır. Eyni bir şəxs ev təsərrüfatını, biznesi və hökuməti təmsil edə bilər. Dövlət qulluğunda muzdla işləyərək eyni vaxtda qiymətli kağızlara sahib olmaqla biznesi təmsil edir; öz gəlirini istehlak şeylərinin alınmasına sərf etməklə həmin şəxs ev təsərrüfatının üzvünü təmsil edir. Bütün subyektlər bazar təsərrüfatının iştirakçılarıdır. Və bazar qanunlarına uyğun olaraq fəaliyyət göstərirlər. §4. Bazar iqtisadiyyatının qanunları, tipləri və modelləri. Bazar iqtisadiyyatı tam bir sistemdir və onu tənzim edən qanunlara tabedir. Bu qanunların bir çoxu ümumiyyətlə iqtisadi sistemlərə aid edilə bilər. Aşağıdakı qanunlar bazar münasibətləri şəraitində fəaliyyət göstərirlər və onların fəaliyyəti nəzərə alınmalıdır. 1. İctimai əmək bölgüsü qanunu; 2.Tələbatların artması qanunu; 3. İctimai əmək məhsuldarlığının artması qanunu; 4.Proporsional inkişaf qanunu; 5.Kapital yığımı qanunu; 6. Mənfəət qanunu; 7. Orta mənfəət qanunu; 8. Rəqabət qanunu; 9. Dəyər qanunu; 10.Pul tədavülü qanunu; 11.Tələb qanunu; 12.Təklif qanunu; 13. Dəyər qanunu; 14.Qiymətlərin tarazlığı qanunu və s. İqtisadi qanunlar çoxdur və bu siyahını davam etdirmək olar. Bu sırada istehsal, bölgü, mübadilə və istehlak fazalarının hər birinin özünə xas olan qanunları da göstərmək olar. Bu qanunların hər biri haqqında yeri gəldikcə ətraflı şərh veriləcəkdir. Ancaq bunu bilmək lazımdır ki, bu qanunlar qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər. Bazar iqtisadiyyatının müxtəlif tipləri və modelləri vardır. Bazar iqtisadiyyatının mahiyyəti dəyişməsə də onun məzmununda müəyyən dəyişikliklərin olması nəticəsində ciddi fərqlər yaranır və bu da bazar iqtisadiyyatının müxtəlif tiplərinin olması fikrini söyləməyə əsas verir. Aşağıdakı tipləri göstərmək olar:
Azad rəqabətə və azad sahibkarlığa əsaslanan bazar iqtisadiyyatını xalis bazar iqtisadiyyatı kimi səciyyələndirmək olar. Bu tip xalis bazar mexanizmi ilə tənzimlənir və XVIII əsr və XIX əsrin sonuncu rübünə qədər olan bir dövrü əhatə edir. Azad rəqabətə və inhisara əsaslanan bazar iqtisadiyyatı XIX əsrin sonlarından XX əsrin 30-40-cı illərini əhatə edən bir dövrdə olmuşdur. Bu XIX əsrin 70-ci illərindən başlayaraq iqtisadiyyatda inhisar hökmranlığının yaranması ilə bağlıdır. Bu zaman iqtisadiyyat azad rəqabət və inhisar mexanizmilə tənzim olunurdu. İnhisarçılıq bazar mexanizminin fəaliyyətini məhdudlaşdırırdı. Qarışıq bazar iqtisadiyyatı, yaxud azad rəqabət mexanizminə, inhisar mexanizminə və dövlət tənzimi mexanizminə əsaslanan bazar iqtisadiyyatı XX əsrin 30-40-cı illərindən etibarən dünyanın inkişaf etmiş ölkələrində formalaşmış iqtisadi sistemdir. Artıq XX əsrin 30-40-cı illərindən etibarən azad rəqabətə və inhisara əsaslanan bazar iqtisadiyyatına dövlət tənzimi mexanizminin müdaxiləsi baş verir. Bu proses əsasən 1929-1933-cü il böhranından sonra güclənir və dövlətin iqtisadi proseslərə müdaxiləsi müntəzəm xarakter alır. Müasir dünyada hakim olan bazar iqtisadiyyatı tipi məhz qarışıq bazar iqtisadiyyatı tipidir. Və bu tipin müxtəlif modelləri mövcuddur. Dünyanın inkişaf etmiş ölkələrindəki bazar iqtisadiyyatı sonuncu tipin müxtəlif modelləridir və onlar hər bir konkret ölkənin spesiyik xüsusiyyətləri, adət-ənənələri, coğrafi mövqeyi və iqtisadi ehtiyatların (təbii resurslar) miqdarı və inkişaf səviyyələrinə uyğun olaraq fərqlənirlər. Mövcud ədəbiyyatda bazar iqtisadiyyatlı ölkələrin modellərini öz məzmununa (mahiyyətinə) görə iki növə ayırırlar – liberal və sosial yönümlü. Bu növlərə daxil olanlar da bir-birindən müəyyən cəhətlərinə görə fərqlənirlər. Amerika (ABŞ) modeli. Bu liberal bazar iqtisadiyyatı modelidir. Onun əsas xüsusiyyətləri:
Yapon modeli – bu model daha spesifikdir. Burada resursların əsas hissəsi «dinc məqsədlər» üçün, sənayenin iqtisadi artımına yönəldilir. Hərbi xərclər çox azdır. Bu ölkədə Amerika və Qərbi Avropa ölkələrinin patentləri və lisenziyaları azad surətdə əldə edilə bilir. İş qüvvəsi nisbətən ucuzdur. Xammal və yanacağı ucuz qiymətə xarici bazardan alırlar. Milli iqtisadiyyata dövlət qayğısı yüksəkdir, iqtisadiyyatın əsas sahələri dövlətin yardımı ilə inkişaf etdirilir. İqtisadiyyat dinamik inkişaf edir. 50-ci illərdən başlayaraq iqtisadiyyat planlaşdırılır. Bunlar beş illik planlardır. İqtisadiyyatda möcüzələr baş verir. Firmanın işçiləri idarəetməyə cəlb olunur, fəhlələrə ömürlük haqq təyin olunur. Burada ümumi mənafe hamının işidir. Əmək haqlarında az fərq vardır. Dövlət sosial bərabərsizliyə qarşı mübarizə aparır. Bu model sosial yönümlüdür. Vətəndaşların xəstəlik və işçsizlik hallarında sosial hüquqları qorunur. Alman modeli. Bu da sosial yönümlü modeldir. Modelin ideoloqu Lyudviq Erxarddır. Modelin aşağıdakı xüsusiyyətləri vardır:
Fransa modeli. Bu Amerika modeli ilə Alman modelinin arasındadır. İqtisadiyyat dövlət tərəfindən yüksək dərəcədə tənzimlənir. 1947-ci ildən iqtisadiyyat planlaşdırılır. Dövlətin özü sahibkarlıq fəaliyyətilə məşğul olur və kapital yığımı prosesinə müdaxilə edir. İsveç modeli. Bu sosial istiqamətli modeldir. Bərabərsizlik azaldılma obyektidir, az təminatlı təbəqələr üzərində güclü himayədarlıq var. Həyat səviyyəsi yüksəkdir. Son 110 ildən çoxdur ki, ÜMM orta hesabla ildə 2,5 % artmaqda davam edir. İşsizlərin sayı 2 %-dən çox olmur. İqtisadiyyatın dövlət bölməsi güclüdür və xidmətlərin bir çoxu pulsuzdur. Dövlət qiymətlərin tənzimlənməsinə xüsusi fikir verir. Cənubi Koreya modeli. Dövlətin iqtisadi tənzimləmə fəaliyyəti güclüdür. Planlaşdırmadan istifadə olunur. 1962-ci ildən 5 illik planlar tərtib olunur. İnvestisiya layihələri hazırlanır, büdcə vəsaitindən istifadə olunur. Maliyyə-kredit sferası uzun müddət dövlət inhisarında olmuşdur. 80-ci illərin birinci yarısından xüsusi maliyyə-kredit təşkilatları fəaliyyətə başlamışdır. Xarici iqtisadi fəaliyyət dövlət tərəfindən tənzimlənir, ixrac stimullaşdırılır, idxal məhdudlaşdırılır. Bu isə milli iqtisadiyyatın inkişafına təsir göstərmişdir. İxraca xüsusi nəzarət olunur. Çin Xalq Respublikasında planlı iqtisadiyyatla yanaşı əmtəə-pul münasibətlərindən də istifadə olunur. Mikroiqtisadi sferada bazara geniş meydan verilir, xüsusi sahibkarlığa şərait yaradılır. Burada «Sosialist planlı əmtəə iqtisadiyyatı» modelinə üstünlük verilir. Bu modelləri öyrənməkdə əsas məqsəd Azərbaycanın iqtisadi inkişaf modeli seçilərkən onlardan ən yaxşısına istiqamət götürmək mümkün olsun. Azərbaycan üçün məqbul sayıla bilən model «tənzim olunan sosial bazar iqtisadiyyatı modeli» ola bilər. 5. İnzibati-amirlik sistemindən (planlı iqtisadiyyatdan) bazar iqtisadiyyatına keçidin zəruriliyi və yolları. «Şok terapiyası». Azərbaycan bazar iqtisadiyyatına keçid yollarında. SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş gənc, müstəqil dövlətlər hansı iqtisadi sistemə keçmək yolunu seçməli idi. Artıq 70 il mövcud olmuş sovet iqtisadi sistemi dağılmışdır (ədəbiyyatda bu inzibati-amirlik sistemi kimi, mərkəzdən planlı idarə olunan iqtisadi sistem və s. kimi adlandırılır) və Azərbaycan da daxil olmaqla, bütün postsovet respublikaları bazar iqtisadiyyatına – kapitalizmə keçmək yolunu seçdilər. Bu aşağıdakı səbəblərlə bağlıdır: - Bazar iqtisadiyyatı hakim bir təsərrüfat forması kimi bir neçə yüz il ərzində fəaliyyət göstərmiş və dünyanın ən inkişaf etmiş ölkələri bu iqtisadi sistem sayəsində belə bir yüksəkliyə qalxmışlar. Gənc dövlətlər də bunu nəzərə alıblar. - Dağılmış iqtisadi sistemi bərpa etmək qeyri-mümkündür və məqsədəuyğun deyildir. Bazar iqtisadi sistemindən qeyri bir mütərəqqi iqtisadi sistem yox idi ki, ona istiqamət götürülsün. Gənc milli dövlətlər bazar münasibətləri yolu ilə gedən ölkələrin əhatəsində idi. Onlarla iqtisadi münasibətlərə girmək, təcrübələrindən, iqtisadi imkanlarından və yardımlarından istifadə etmək, böyük dövlətlərdən siyasi və iqtisadi dəstək almaq üçün bu yolla getmək lazım idi. Bu zərurət oldu. Ancaq bazar iqtisadiyyatı yolu ilə getmək asan iş deyildir. Bu bir-birinə əks olan bir sistemdən tamamilə başqa sistemə keçmək deməkdir və bunun üçün siyasi iradə, vaxt, təcrübə, böyük miqyaslı islahatlar və küllü miqdarda vəsait lazımdır. Azərbaycan siyasi müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatına keçmək yolunu tutdu və ardıcıl tədbirlər həyata keçirməyə başladı. Bu keçid üçün ilk növbədə hüquqi əsas yaradılmalıdır. Elə bir əsas olmalıdır ki, bazar iqtisadiyyatına keçmək üçün lazımi addımlar atmağa icazə versin, görülən işlərin hüquqi təminatı olsun. Bunun ardınca lazımi islahatlar həyata keçirilməlidir. Bu islahatlar bilavasitə bazar iqtisadiyyatına keçmək üçün zəruri olan mülkiyyət bazasının yaradılmasını təmin etməlidir. Bu isə dövlət mülkiyyətinin özəlləşdirilməsi yolu ilə mümkündür. Özəlləşdirmə yolu ilə müxtəlif mülkiyyət formaları və onların da əsasında müxtəlif təsərrüfat formalarının yaradılması mümkün olur. Müxtəlif mülkiyyət formaları əsasında bazar iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan sahibkarlığın müxtəlif istiqamətləri yaranır: xüsusi sahibkarlıq, fərdi sahibkarlıq, kollektiv sahibkarlıq, dövlət sahibkarlığı və s. Özəlləşdirmə nəticəsində mülkiyyət üzərində dövlət inhisarı ləğv edilir. Azad sahibkarlığın maddi zəmini yaranır. Çoxsaylı sahibkarların fəaliyyət göstərdiyi bir şəraitdə azad rəqabət üçün əlverişli imkan yaranır. Azad sahibkarlıq və azad rəqabət mühiti elə bazar iqtisadiyyatı mühitidir. Mülkiyyətin özəlləşdirilməsi ilə yanaşı maliyyə-bank sahəsində islahatlar aparılmalı, milli pul vahidi dövriyyəyə buraxılmalı, onun valyuta kimi hərəkəti təmin olunmalıdır. Ölkənin bank sistemi formalaşdırılmalıdır. Ölkənin müxtəlif növ bazarlarının yaranıb fəaliyyət göstərməsi təmin edilməli və qiymətlər liberallaşdırılmalıdır. Bütün bunlar olduğu şəraitdə ölkənin bazar iqtisadiyyatı yolu ilə getdiyi fikrini söyləmək olar. Hazırda deyə bilərik ki, Azərbaycanda bazar iqtisadiyyatına keçmək üçün lazım olan hər cür şərait yaradılıb və iqtisadiyyat bazar münasibətləri əsasında formalaşır. Müasir bazar iqtisadiyyatı tənzim olunan bir sistemdir. Buna görə də Azərbaycanın bazar istiqamətli, sosial yönümlü iqtisadiyyatı da dövlət tərəfindən tənzim olunmalıdır. Dövlətin köməkliyi ilə yeni iqtisadi sistemə xas olan təşkilati-idarəetmə strukturları da formalaşdırılmalıdır. Bazar iqtisadiyyatına keçməyin iki əsas yolu vardır: tədrici keçid və sıçrayışlı keçid. Tədrici keçid normal keçid prosesidir. İkinciyə misal olaraq Rusiyada tətbiqinə cəhd göstərilən «şok terapiyası» adlanan yoldur. Bu, qüsurlu yoldur və yenicə müstəqillik əldə etmiş, yeni iqtisadi sistemə keçməyə istiqamət götürmüş ölkələr üçün məqbul sayıla bilməz. Bazar iqtisadiyyatına keçməyin ən başlıca şərtlərindən biri də ölkədə siyasi sabitliyin olmasıdır. BÖLMƏ 2. MİKROİQTİSADİYYATY Fəsil MİKROİQTİSADİYYAT VƏ ONUN TƏŞKİLİ FORMALARI 1. Mikroiqtisadiyyat: məzmunu, strukturu, təşkili formaları. Cəmiyyətin həyatında mikroiqtisadiyyatın rolu. 2. Sahibkarlıq fəaliyyəti: mikroiqtisadi sahədə istehsal, bölgü, mübadilə və istehlak. 3. Mikroiqtisadi səviyyədə əmək bölgüsü və bazar strukturunun formalaşması. 4. Mikroiqtisadi səviyyədə infrastrukturun yaranması. §1. Mikroiqtisadiyyat: məzmunu, strukturu, təşkili formaları. Cəmiyyətin həyatında mikroiqtisadiyyatın rolu İqtisadiyyat kursunun 2-ci və ən mürəkkəb bölməsi «Mikroiqtisadiyyat»dır. İqtisadiyyatın bu bölməsində cəmiyyət üçün lazım olan maddi həyat nemətləri və xidmətlər istehsal edilir. Hər bir ölkənin müasir təsərrüfatı özünün ictimailəşmə səviyyəsinə görə müxtəlif olur. Mikroiqtisadiyyat iqtisadiyyatın ən aşağı pilləsidir, ilkin qatıdır. Mikroiqtisadiyyat (yunanca mikros – kiçik deməkdir) – vahid xalq təsərrüfatının bir hissəsidir. Bütün istehsal amillərinə sahib olan xüsusi mülkiyyətçilər və maddi nemətlərin və xidmətlərin istehsalçıları mikroiqtisadiyyat bölməsinə daxildirlər. İqtisadiyyatla məşğul olan təsərrüfatçı subyektlərin əksəriyyəti bu sahədə fəaliyyət göstərirlər. Onlar bu və digər formada maddi nemətlərin və xidmətlərin ilkin istehsalı, bölgüsü, mübadiləsi və istehlakı prosesində iştirak edirlər. Milli sərvət, milli məhsul mikroiqtisadiyyatda yaranır. Mikroiqtisadiyyat kapitalizmin azad rəqabətə, azad sahibkarlığa əsaslandığı dövründə, yəni klassik kapitalizm şəraitində sürətlə inkişaf edib formalaşmışdır. Xüsusi kapitalist müəssisələri, bazarın müxtəlif növləri, istehsal və bazar infrastrukturları mikroiqtisadi səviyyədə yaranıb fəaliyyət göstərir. Son iki əsr ərzində mikroiqtisadiyyatda böyük dəyişikliklər baş vermişdir. Bu dəyişikliklər birincisi, istehsalın maddi amilinin mülkiyyətçisi olan sahibkarların tərkibində; ikincisi, təsərrüfatın formasında; üçüncüsü də milli istehsalın tərkibində baş vermişdir. Başlıca dəyişiklik onun quruluşunda olmuşdur. Bu dəyişiklikləri ilk növbədə bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrin timsalında aydın görmək olar. 1. Qərb ölkələrinin iqtisadiyyatı ilkin dövrlərdə təkbaşına fəaliyyət göstərən sahibkarların müstəqil təsərrüfatlarından ibarət idi. Onların əksəriyyəti kənd yerlərində fəaliyyət göstərirdi. Tədriclə bu yerlərdə böyük dəyişikliklər baş verir. Məsələn, əgər ABŞ-da 1890-cı ildə 80 % amerikalı, azad mülkiyyətçilər öz sahələrində, özləri üçün işləyirdisə, hazırda onlar cəmi 10 % təşkil edir. 2. Kiçik təsərrüfatlar bir neçə dəfə iqtisadiyyatda öz yerlərini (təsərrüfat formalarını) dəyişmiş və daha geniş sahələrə yayılmışdır. Bu istehsalın bir mərhələsindən digərinə keçidlə baş vermişdir. Belə ki, sənayeləşməyə qədərki dövrdə kiçik azad mülkiyyətçilər kənd yerlərində və sənətkarlıq istehsalında çoxluq təşkil edirdilərsə, industrial epoxanın (sənaye epoxası) başlanğıcında daha çox sənaye müəssisələri yaranır və üstünlük təşkil edir. Postindustrial cəmiyyətdə xidmət sferası üstünlük təşkil edir. 3. Qərb ölkələrinin müasir iqtisadiyyatlarında xüsusi mənimsəmə forması kimi kiçik təsərrüfatlar üstünlük təşkil edir. Bunlara aiddir: çoxsaylı kənd təsərrüfatı fermaları, saysız-hesabsız ailə köşkləri, restoranlar, motellər, apteklər, kinoteatrlar (yedəkli). ABŞ-da 80-ci illərin ortalarından kiçik istehsala xüsusi partnyorluq kapitalı və böyük olmayan səhmdar cəmiyyətləri də daxil edirdilər ki, onların illik istehsal etdikləri məhsulun dəyəri 100 min dollardan az idi. Burada iş qüvvəsinin 1/3-dən istifadə olunurdu. Ölkə ailələrinin 1/5-i kiçik müəssisələrlə bağlı idi. Kiçik təsərrüfatlar İngiltərədə də möhkəm mövqeyə malikdir. Burada 80-ci illərin əvvəlinə 100 min böyük olmayan firma və 230 min pərakəndə ticarət müəssisəsi vardı. Hər on işləyəndən birinin öz firması var. Bu kiçik müəssisələr bütün iş yerlərinin 1/4-i təmin edir. Ümumi Milli Məhsulun 1/5-i onların payına düşür. Azərbaycanda mikroiqtisadiyyatın vəziyyəti. Keçid dövrü şəraitində kiçik müəssisələr və kooperativlər iqtisadiyyatda mühüm yer tuturlar. Bu barədə aşağıdakı cədvəldən məlumat almaq olar1.
4. Ölkənin bütün məcmu təsərrüfatı həcmcə iki hissəyə ayrılır. Bu ABŞ-da daha aydın görünür. Burada korporasiylar bütün fərdi firmalardan orta hesabla 50 dəfədən çox məhsul satır. 800 aparıcı firmanın istehsalda, nəqliyyatda, kommunal xidmətdə və ticarətdə istifadə etdiyi adamların sayı 15 milyon kiçik bizneslə məşğul olan təsərrüfatların istifadə etdiyi qədərdir. ABŞ-da bütün sahibkarların 80 %-i kiçik və orta sahibkarlardan ibarətdir, ancaq onlar ÜDM-in 20 %-ni istehsal edirlər. 20 % təşkil edən iri korporasiyalar ÜDM-in 80 %-ni istehsal edir. Kiçik müəssisələrdə əmək məhsuldarlığı aşağıdır. Kiçik müəssisələr əsasən yaşamaq üçün daha çox səy göstərirlər. Onların çoxu rəqabətə tab gətirməyərək bağlanır. Ancaq onların yenilərinin yaranması da çox tez baş verir. 1987-ci il məlumatına görə İngiltərədə kiçik müəssisələrin həftəlik artımı 500 olmuşdur. Deməli, bütövlükdə mikrosahibkarlıq forması daha davamlıdır. Mikroiqtisadi təsərrüfatların möhkəmliyinin (davamlığının) mühüm səbəbləri:
Mikroiqtisadiyyatın dayanıqlı komponentlərindən biri də ev təsərrüfatıdır. Bu təsərrüfatı ailə aparır, yəni qarşılıqlı əlaqədə olan, bir-birinə kömək duran ailə üzvləri. Ailə təsərrüfatı ilk növbədə onun mövcudluğunun maddi əsasını təşkil edir və ailə üzvlərinin fərdi və kollektiv tələbatlarını ödəmək üçün lazım olan nemətlərin təkrar istehsalını həyata keçirir. Ailə cəmiyyətin ilkin özəyidir. Ailələr mikroiqtisadi səviyyədə firmalarla əlaqədə olur, bu iqtisadi əlaqədir və tsiklik axın şəklində qurulmuşdur. Tsiklik axın – bu istehsal amillərinin, əmtəə və xidmətlərin əsas təsərrüfat subyektləri arasında baş verən dairəvi hərəkətdir. Bu subyektlərin hər biri digərindən müəyyən asılılığa malikdir və digəri ilə iqtisadi əlaqəni qaydaya salır. Belə ki, ev təsərrüfatı istehsal resurslarına malikdir. Bir ailə istehsalın əşya amilinə malikdir – torpağa və kapitala. Digər ailə isə iş qüvvəsinə malikdir. İstehsalın bütün bu amilləri resurs bazarı vasitəsilə (tərpənməz əmlak bazarı, borc kapitalı bazarı və s.) müəssisənin əlinə keçir. Digər tərəfdən müəssisə istehsal amillərinin qiymətinə uyğun olaraq onların sahiblərinə pul ödəyir. Bu pul ailənin gəlirini təşkil edir. Bu pula ailə istehlak şeyləri bazarından və xidmətlər bazarından lazım olan nemətləri əldə edir. Faydalı məhsulların satışından əldə olunan pul firmaya qayıdır. Tsiklik hərəkət bu qayda üzrə təkrar olunur. Bütün bunlar mikroiqtisadiyyatın dayanıqlığını təmin edir. Yuxarıda təsvir olunan resursların, məhsulların və gəlirlərin dövriyyəsi modeli aşağıdakıları göstərir. Birincisi, mikroiqtisadiyyat qapalı sistem kimi fəaliyyət göstərə bilər. İkincisi, bu sistemin dövlət tərəfindən idarəedici təsirə ehtiyacı yoxdur. Üçüncüsü, onun özünü tənzimləməsinin əsası kimi bazar çıxış edir. Mikroiqtisadiyyatın bütün bu xarakterik cəhətləri sahibkarlıq və biznesin inkişafı üçün əlverişli xarici mühit yaradır. Mikroiqtisadiyyatın strukturlarında təsərrüfatla məşğul olan ailələrin rolu həddindən artıq böyükdür. Dövlət ev təsərrüfatı adlanan bu sahəyə ciddi fikir verməli və onların inkişafına hərtərəfli yardım etməlidir. Ailələrin iqtisadiyyatı nə qədər möhkəm olarsa, dövlətin də dayağı etibarlı və güclü olar. Bütövlükdə mikroiqtisadiyyatın cəmiyyətin həyatında rolu çox böyükdür. Mikroiqtisadiyyat milli iqtisadiyyatın əsasını təşkil edir, hər bir xalqın adət-ənənələri, milli dəyərləri, istehsal və istehlak üsulu mikroiqtisadiyyatda qorunub saxlanılır. Mikroiqtisadiyyat cəmiyyətin artan tələbatlarını ödəmək üçün lazım olan maddi nemətlərin və çoxsaylı xidmətlərin istehsalını həyata keçirir. Mikroiqtisadiyyat ictimai əmək bölgüsünün dərininə və eninə inkişafına və tətbiqinə geniş imkanlar yaradır. Peşələr, ixtisaslar burada yaranır və tətbiq edilir. Elmi-texniki kəşflər, ixtiralar bu sahələrdə baş verir və tətbiq edilir. Mikroiqtisadiyyat dövlət büdcəsinin maliyyə təminatçısıdır, əsas vergi ödəyiciləri burada cəmləşmişdir. Mikroiqtisadiyyat əsasən bazar təbiətlidir və özünün tənzimlənmə mexanizminə malikdir. Bazarın əsas növləri mikroiqtisadiyyat səviyyəsində yaranır və fəaliyyət göstərir. Azad bazar, azad sahibkarlıq, azad rəqabət və sərbəst qiymətlər mikroiqtisadiyyat səviyyəsində əlverişli zəmin tapır. Mikroiqtisadiyyat geniş əhali kütləsini əhatə edən, adamları daha çox özünə cəlb edən, onlara iş verən sahələri özündə birləşdirir. Əhalinin yaşayış səviyyəsi mikroiqtisadiyyatın vəziyyətindən, onun formalaşmış strukturundan asılıdır. Ölkənin makroiqtisadiyyatı da mikroiqtisadiyyatın inkişafından asılıdır. Bütün bunlara görə mikroiqtisadiyyatın inkişafına dövlətin daim qayğısı olmalıdır. §2. Sahibkarlıq fəaliyyəti: mikroiqtisadi sahədə istehsal, bölgü, mübadilə və istehlak Biz əvvəlki mövzuda göstərmişdik ki, istehsalın baş verməsi üçün üç amilin – əmək, əmək vasitələri (kapital) və əmək predmetləri (torpaq) – olması zəruridir. Özlüyündə şəxsi və maddi (əşyavi) amillər (resurslar) müəyyən formada təşkil olunmasa, heç bir məhsul istehsal edilə bilməz. Bunun üçün həmçinin istehsalın dördüncü amili – sahibkarlıq fəaliyyəti lazımdır. Sahibkar – firmanın təşkili və idarə edilməsi riskini və məsuliyyətini öz üzərinə götürən şəxsdir (qrup insandır). Sahibkarlıq fəaliyyət növüdür və onu iki əsasa görə fərqləndirmək olar: miqyasına və fəaliyyətin xarakterinə görə. 1. Miqyasına görə iki əsas növə ayrılır: 1) Fərdi sahibkarlıq – bu bir şəxsin və onun ailəsinin yaradıcı fəaliyyətidir (ticarət köşkü, böyük olmayan aptek, kimyəvi təmizləmə və s. yaratmaq). Bu halda asanlıqla müəyyən etmək olar ki, riskə gedən, məsuliyyəti öz üzərinə götürən, idarə edən kimdir. Azərbaycan Respublikasında Sahibkarlıq haqqında qanunla azərbaycan vətəndaşları və xarici vətəndaşlar sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər. 2) Kollektiv sahibkarlıq – hər hansı bir kollektiv birgə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Bu cür sahibkarlıq mülkiyyət payı əsasında yaradılmış firmalarda həyata keçirilir. Burada riski, məsuliyyəti, qərarların qəbulunu bir qrup şəxs öz üzərinə götürür (yoldaşlığın, səhmdar cəmiyyətin üzvləri). Sahibkarlıqla bağlı vəzifələri müxtəlif qruplar yerinə yetirir. Məsələn, idarəedici qərarları direktorlar, menecerlər qəbul edir. 2. Öz xarakterinə görə sahibkarlıq fəaliyyəti bir neçə formada olur.
- qeyri-istehsal biznesi – peşəkar idman, konsert fəaliyyəti və s.; - ticarət biznesi – ticarət müəssisələrində; - xidmət sferasında biznes, məsələn, hüquq kontoru, turist xidməti; - istehsal biznesi – sənaye, kənd təsərrüfatı, tikinti və s.də gəlirli fəaliyyət. Dövlət sahibkarlığı – dövlət müəssisələrində həyata keçirilir. Ancaq burada təsərrüfat rəhbərinin təşəbbüsü yuxarı orqanların əmr və göstərişləri ilə məhdudlaşdırılır. Bazar iqtisadiyyatı şəraitində xüsusi sahibkarlıqla məşğul olmaq mikroiqtisadiyyatın əsasını təşkil edir. Bazar şəraitində sahibkarlıq fəaliyyəti azaddır. O, təsərrüfat fəaliyyətində azad olmalıdır: - Bu iqtisadi subyektin özünün malik olduğu əmlakından, icarəyə götürdüyü sahədən istifadə etmək azadlığıdır. -Bu nəyi və necə istehsal etmək, istehlakçını və tədarükçünü seçmək sahəsində azadlıqdır; -Bu qiymətləri qoymaq, mənfəəti bölüşdürmək (vergini ödədikdən sonra) və digər istehsal məsələlərini həll etmək sahəsində azadlıqdır. Azərbaycan qanunvericiliyinə görə sahibkarlıq fəaliyyəti vətəndaşların müstəqil təşəbbüskarlıq fəaliyyəti olub mənfəət götürməyə istiqamətləndirilmişdir. Bu fəaliyyət müəyyən təşkilati-hüquqi formada, yəni müəssisə formasında həyata keçirilir. Sahibkarların hüquq və vəzifələri qanunla müəyyən edilir. Sahibkarlıq fərdi əmək fəaliyyəti ilə məşğul olmaq formasında və muzdlu əmək tətbiq etməklə fəaliyyət göstərmək üçün müəssisə kimi qeydiyyata alınır. Bəzən belə fikirlər səslənir ki, kiçik sahibkarlar daha azaddırlar. Ancaq müasir iqtisadiyyatda aparıcı mövqe iri müəssisələrə məxsusdur. Güclü rəqabət şəraitində kiçik müəssisələrin daha azad olmalarından danışmaq düz olmaz. Onlar yaşayış uğrunda daim mübarizə aparmalı olurlar. Müasir dövrdə Qərbdə sahibkarlıq fəaliyyəti əhəmiyyətli dərəcədə genişlənmişdir. Bu dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində mümkün olmuşdur. Son iyirmi ildə Yaponiyada sahibkarların ümumi sayı 2 dəfə, ABŞ-da 2,5 dəfə artmışdır. Azərbaycanda da sahibkarların sayı getdikcə artır, bu həyata keçirilən islahatların nəticəsində mümkün olur. Sahibkarların funksiyaları. Dünya iqtisad ədəbiyyatında sahibkarların üç funksiyası göstərilir: Birinci funksiya resurslar əldə etməkdir. İstənilən təsərrüfat fəaliyyəti üçün istehsalın obyektiv amilləri (istehsal vasitələri) və subyektiv, şəxsi amili (iş görməyi bacaran işçilər) olmalıdır. İkinci funksiya – təşkilatçılıq funksiyasıdır. Bu istehsal amillərinin elə birləşdirilməsi və kombinasiyasını təşkil etməlidir ki, məqsədə çatmağı təmin etsin. Üçüncü funksiya – yaradıcılıq funksiyasıdır. Bu təşkilati-təsərrüfatçılıq novatorluğu ilə bağlıdır. Sahibkarın bu funksiyası müasir elmi-texniki tərəqi və qeyri-qiymət rəqabətinin gücləndiyi bir zamanda daha da artmışdır. İnnovasiya ilə bağlı sahibkarın funksiyasının güclənməsi sahibkarlıq fəaliyyəti üçün yeni iqtisadi mühit yaradır. Elmi-texniki işləmələrin bazarı sürətlə inkişaf edir. Yeni texnika və texnologiyanın tətbiqi ilə bağlı vençur biznesi genişlənir. Sahibkarlığın informasiya bazası, informasiya infrastrukturu təkmilləşir. Dövlət orqanlarından məlumat almaq imkanları artır, patent-lisenziya xidməti möhkəmlənir. Elektorn hesablayıcı maşınlarda toplanmış məlumat bankı şəbəkəsi yaradılır və inkişaf edir. Sahibkarlığın inkişafı üçün müəyyən şərait, mühit lazımdır və belə bir mühit daim olmalıdır. Sahibkarlıq mühitini yaradan amillər aşağıdakı sxemdə təsvir olunmuşdur. Yüklə 6,62 Mb. Dostları ilə paylaş: |