Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər



Yüklə 1,44 Mb.
səhifə25/26
tarix17.09.2017
ölçüsü1,44 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   26

Misirdə bir çox məsihi rahiblərinin sövmiyyələri yeniləşdiyinə görə Qibti məsihiləri üçün çox münasib bir şərait yarandı ki, bu yolla onlar öz nəzəri fikirlərini yaymağa başladılar. Amma tədricən öz ardıcıllarını itirdilər və hal-hazırda Misirdə azılıq təşkil edən bir qurup kimi yaşayırlar.

2. 11-ci əsrdə bir sıra ixtilaflar, o cümlədən dil, düşüncə, əməl (adət-ənənə) və eləcə də Bizans imperiyası ilə Roma imperiyasının qarşıdurmasından yaranan siyasi ixtilaflar nəticəsində məsihi dünyası iki böyük dəstəyə bölündü. Fələstinin şərqində yerləşən kilsələr (Onlar məsihi aləminin mərkəzi sayılırdı), Bizans, yaxud Yunan kilsələri adı ilə tanınan şərqi ortodoks məzhəbinə, Qərb kilsələri isə latın kilsələri adlanaraq sonradan katolik məzhəbinə çevrildi.

Bu iki məzhəbin əsas ixtilaf amilləri dil məsələsindən ibarət idi ki, bu da nəzər və görüşlərin fərqli olması ilə nəticələndi. Bizans kilsələri yunan dilini seçmişdilər. Yunan dili çox zəngin və geniş bir din idi; onda irfani və metafizik tə’birlər üçün geniş imkan var idi. Buna görə də şərqi məsihilər öz nəzəri üsullarının kamil bəyanı və təfsirində fəlsəfi nəzəriyyələrə meyl edirdilər. Amma Qərb kilsələri hüquqi və dəqiq bir dil olan latın dilinə meyl etməklə, məsihi imanının sadə və saf şərhinin və dəqiq hüququnun tə’rifinə üz gətirdilər.

Şərq və Qərb kilsələri arasında ixtilaf yaranmasına səbəb olan və əsas e’tibarilə fəlsəfi yönə malik olan digər əqidəvi ixtilaf bu iki məktəbin həzrət İsanın ilahiləşdirilməsi barəsində olan fəlsəfi idrakı idi. Şərqi məsihilər əsas nəzərlərini həzrət İsanın hülul və təcəssüdünə yönəldirdilər (yə’ni, Allahın İsanın cismində yerləşməsi və hülul etməsi) və onu (yə’ni hülul və təcəssüdü) bəşəriyyətin kamal mərtəbəsinə çatdırılması və Allahın zatı barəsində təfəkkür etməyin vasitəsi hesab edirdilər. Onların fikrincə, insan ilahi və müqəddəs bir mərtəbəyə çatmaq üçün sə’y göstərməlidir. Amma Qərb məsihiləri bu yönə tə’kid edirdilər ki, həzrət İsanın axan qanı insanların günahlarının kəffarəsidir. Yə’ni, günahkar insan yalnız o Həzrətin ölümü ilə islah olunub qurtuluşa çıxa bilər.

3. Məsihi dünyasında məzhəblərə parçalanmanın üçüncü əsas amili 16-cı əsrdə meydana gələn dini islahatlar hərəkatı idi. Bu hərəkat kilsənin qərb məsihi cəmiyyətlərinə hakim olmasına e’tiraz sayılırdı və qərb cəmiyyətlərinin geriyə qalması və süquta uğraması birbaşa dinin və dini hakimiyyətin üzərinə yıxılırdı. Bu da dinə qarşı çox kəskin e’tiraz və tənqidlər dalğasının yaranmasına səbəb olmuşdur. Bu zaman məsihi alimlərindən bir qurupu dini təfəkkürün dirçəldilməsi və dini əqidələrin qəbul olunası bir vəziyyətə salınması üçün məsihi tə’limlərinə yenidən baxış etmək fikrinə düşdülər; belə bir əqidəni yaymağa başladılar ki, məsihiyyətin tənəzzülə uğramasının əsas səbəbi məsihi keşişlərinin həzrət İsanın tə’limlərində etdiyi təhriflərdir və əgər bu təhriflər məsihi dinindən kənarlaşdırılsa, bu tə’limlər camaat üçün dərk olunası və qəbul olunası bir şəkilə düşəcəkdir. Başqa sözlə desək, bu quruplar inanırdılar ki, məsihi dininə edilən bütün tənqid və e’tirazlar həqiqətdə məsihi dinini öhdəsinə alan keşişlərin əməllərinin nəticəsidir; həzrət İsanın dini tə’limlərində heç bir çatışmazlıq yoxdur.

Məsihi alimlərindən bu qurupu protestanizm adı ilə məşhurlaşan belə bir hərəkat başladılar. Protestanizm qərb dünyasında məsihi hakimiyyəti (katolizm) qarşısında yaranan bir hərəkat kimi formalaşdığından, onun əqidələri də katolik əqidələri ilə qarşı-qarşıya durdu. Avropa kilsələrindən bir qurupunun protestanizm hərəkatına qoşulması ilə, bundan öncə hamılıqla katolik olan qərb kilsələri iki hissəyə ayrıldı.

* * *


Şərq kilsələrinin məsihiləri qərb kilsələrinin müqabilində özlərini ortodoks adlandırırlar. Bu ifada düzgün və xalis əqidə mə’nasını daşıyır. Ortodoks kəlməsi düzgün və səhih mə’nasında olan «orthos» və əqidə mə’nasına olan «doxa» kəlmələrindən əmələ gəlmişdir.

Ortodoks və katolik məzhəbləri arasında əsas ixtilaflardan biri Ruhul-qudus ilə əlaqədar olan məsələdir. Ortodokslar Ruhul-qudusun tam mə’nada ata Allahdan əmələ gəldiyini deyirlər. Halbuki katoliklərin inancına görə, Ruhul-qudus oğul Allahdan da yarana bilər. Bu ixtilaf daha böyük bir ixtilafın yaranmasına səbəb olmuşdur ki, bu da ata Allah barəsində yaranan nəzərlə əlaqədardır; bu iki firqə arasında vücuda gəlmişdir, ortodokslar müqəddəs atanı müqəddəs oğuldan üstün hesab edərək, onu bütün işlərin mənşəyi hesab edirlər. Katoliklər isə müqəddəs ata ilə müqəddəs oğulun bərabərliyinə tə’kid edirlər. Buna əsasən müqəddəs üçlük yaxud üç üqnum barəsində olan bəhs, eləcə də bu üçünün bir-birilə necə əlaqədə olması (ata, oğul və Ruhul-qudus) bu iki məzhəb arasında digər əsaslı bir ixtilafın yaranmasına səbəb olmuşdur. Demək olar ki, müqəddəs atanın yerdə qalan iki üqnumdan üstün olmasını təfsir edən ortodoks əqidəsi tövhidə, üç üqnumun bir-birilə bərabər olmasına tə’kid edən katoliklərdən daha yaxındır; bunlar üçlüklə yanaşı vəhdətə də inanırlar.

Bu iki məzhəb arasında yaranan mühüm ixtilaflardan biri də kilsə və kilsə məqamlarının günahsızlığı barəsində idi. Katoliklər papanın və kilsənin ruhani məqamlarının ismətinə, günahsızlığına e’tiqad bəslədikləri və onları xətadan uzaq bildikləri halda, ortodokslar papa və kilsə məqamlarının günahsız olduğunu rədd etməklə yanaşı, həqiqətdə məsihi mö’minlərinin ümumi məcmuəsində külli halda kilsənin günahsızlığına inanmır və kilsəni xətadan uzaq hesab etmirlər.

Dini qayda-qanunlar və onların necə təşkil olunması barədə bu iki məzhəb arasında fərqlər, ixtilaflar gözə dəyir. O cümlədən, ortodoks kilsələri ibadət mərasimlərinin yerli dillərdə icra olunmasını caiz bilir, halbuki katolik kilsələri onun yalnız latın dilində olmasını israr edirlər. Ortodokslar keşişlərin evlənməsini caiz bilirlər, halbuki katoliklər bunu qadağan edib inanırlar ki, keşiş ruhani ata adı ilə dünyəvi işlərə meyl etməkdən uzaq qalmalı və özünü kilsəyə vəqf etməlidir.

Kilsə məqamlarının mərtəbələri ortodoksların nəzərində aşağıdakılardır:

Oskof (yepiskop) yaxud patriyark (xəlifə), keşiş, şəmmas (kilsə xadimi). Amma katolik kilsələrində yeddi rütbə mövcuddur: Ali rütbədən ibarət olan üç mərhələdə keşiş, şəmmas və şəmmasın müavini, aşağı dörd mərtəbədə isə qapıçı, qari, kilsə xadimi, şər və çirkin ruhların qovulmasını öhdəsinə alan şəxs.

Hal-hazırda Şərqi Avropanın ortodoks kilsələrinin əksəriyyəti Balkan hövzəsində və Rusiyada yerləşir, Qərbi Avropa isə katolik və protestan kilsələri arasında bölünmüşdür.

1. Məsihi dünyasında müxtlif məzhəblərin yaranmasının amilləri nədir?

2. Qibti məsihiləri kimlər idi?

3. 11-ci əsrdə məsihi dünyasında hansı ixtilaflar büruzə gəldi?

4. Dini islahat hərəkatı necə yarandı?

5. Ortodoks nə deməkdir?

6. Ortodoks məzhəbinin ən mühüm əqidələri hansılardır?

Keçən dərsdə Məsihi dünyasında baş verən parçalanmanın amillərini şərh etdikdən sonra, Ortodoks məzhəbi ilə tanış olduq. Bu dərsdə bu dinin iki böyük məzhəbi, yə’ni katolik və protestant məzhəbləri aydınlaşdırılacaqdır.

Katoliklik məsihi məzhəblərinin ən qədimidir. Əvvəlki dərsdə qeyd olunduğu kimi, ortodoks məzhəbi 11-ci əsrdə, protestantlıq isə 16-cı əsrdə meydana gəlmişdir.

“Katolik” sözü lüğətdə «hərtərəfli» mə’nasındadır. Katoliklər öz kilsələrini bütün kilsələrin əsası və bünövrəsi hesab etdiklərinə, yalnız onların kilsələrinin həzrət Məsihin dininin həqiqi nümayəndəsi olduğuna və İsanın surətinin məsih kilsəsi olduğuna inandıqlarına görə, özlərinə belə bir ad seçmişlər. Katolik kilsələri Petrosi kilsələri də adlanırlar. Çünki katoliklərin inancına görə, onların əsasını qoyan Petros Həvari olmuşdur. Puls Rəsul da bir müddət o kilsənin rəhbərliyini öhdəsinə almışdır, buna görə də ona Rəsuli kilsələri də deyilir.

Katoliklər inanırlar ki, onların əqidələri xalis məsihiyyət ünvanı ilə tanınır və onların kilsələri sair kilsələr üçün bir mehvər, mərkəziyyət təşkil edir. Bu əqidənin formalaşmasında başqa bir məqsəd də Romanın sair məsihi təbliğat mərkəzlərinə nisbətən mərkəz olması idi.

Həzrət İsanın rəsullarının də’vətindən başlayaraq, İskəndəriyyədə, Yerusəlimdə, İntakiyyədə, Konistantinopolda və Romada yaranan beş böyük məsihi mərkəzləri arasında Roma kilsəsi imperatorluğun mərkəzində yerləşdiyinə görə bu kilsə sair dörd kilsədən üstünlük qazandı. Hətta Konistantinopol kilsəsi yarandıqdan sonra Roma kilsələrinin üstün olmasına daha çox tə’kid olunurdu. Buna görə də Roma kilsələrinə bağlı olan və onun nəzarəti altında fəaliyyət göstərən katolik kilsələri özlərini sair kilsələr üçün mərkəz və mehvər hesab edirdilər.

Roma kilsəsi qələbə çaldıqdan sonra, bu kilsənin böyük yepiskopu ehtiram və tə’zim əlaməti olaraq papa çağırıldı; kilsələrlə məsihi ardıcılları arasında baş verən ixtilaflarda müraciət yeri seçildi və onun rə’yi mütləq qəbul olunurdu.

Papanın ixtilaf və çəkişmələrin həll edilməsində, xüsusilə 2-4-cü əsrlərdə məsihi dünyasında baş verən əqidə ixtilaflarının həll olunmasındakı rolu, həmçinin rəsulların e’tiqadnaməsinin yazılması papanın və kilsə aparatının sair kilsələrə nisbətən öz mövqeyini gücləndirməsinə səbəb oldu. İmperatorluğun mərkəzi Konstantinopola köçdükdən sonra Romada papanın aparatı (hal-hazırdakı İtaliyanın mərkəzi olan Roma) öz iqtidarını məsihiyyət aləminin ruhani mərkəzi ünvanı ilə daha artıq aşkar etməyə və imperiyanın sair dini mərkəzlərinə qələbə çalmağa nail oldu. O dövrdən renosans hərəkatına qədər Roma kilsəsi məsihiyyət aləminin bütün ictimai işlərinə tam nəzarət edir. Amma renesans dövründən sonra Romanın mərkəzi kilsəsi Vatikanda sadəcə olaraq, katolik məsihilərinin dini-ruhani mərkəzi ünvanı ilə rolunu ifa etməyə başladı; ümumiyyətlə ictimai-siyasi işlərə müdaxilə etməkdən əl çəkdi. Özünü sair məsihi məzhəblərindən ayıran katolik məzhəbinin ən mühüm əqidələrindən bəziləri aşağıdakılardan ibarətdir:

İlahi işlərdə müqəddəs ata və müqəddəs oğulun bərabərliyi, papanın və yepiskopların hər növ günahdan uzaq olmaları və kilsənin yeddilik təşkil edən qayda-qanunlarına riaəyət etmək.

Keçən dərsdə qeyd olunduğu kimi, kilsənin məsihiyyət aləminin bütün ictimai işlərinə hakim kəsildiyi on əsr müddətində qərb aləmində dini hakimiyyət əleyhinə müəyyən bir cərəyan başlandı ki, bu proses «renosans» adlandırıldı.

Renosansdan sonra bir çox ideoloji-əqidəvi məktəblər yarandı ki, onların da hər biri də öz növbəsində məsihiliyi əvəz etmək fikrində idi. Bu dövr məsihiyyət aləmində dini təfəkkürü uzaqlaşdırmaq mərhələsi hesab olunur. Məhz bu prosesdə bə’zi din alimlər arasında belə bir fikir formalaşdı ki, kilsəyə və dini hakimiyyətə irad və tənqidlərin çoxu keşişlərin və kilsə xadimlərinin düzgün olmayan əqidə və yanlış əməllərinin nəticəsidir.

Başqa sözlə desək, həmin alimlər inanırdılar ki, kilsə xadimlərinin məntiqsiz və yaramaz rəftarları, məsihiyyət dini barəsində düzgün olmayan təhrif və təfsirləri dini hakimiyyətin on əsrlik qaranlıq tarixini əmələ gətirmişdir. Bu dinin bu cür e’tiraz və tənqidlərdən xilas olması üçün dini adət-ənənələr və əqidələrin məcmusunda yenidən nəzər verilməli, keşiş fikrlərinin məhsulu olan inancları dindən ayırmaq lazımdır ki, xalis məsihi dini hamı üçün aşkar olsun. Bu ideoloji cərəyan dini islahatlar adı ilə məşhurlaşdı. Dini islahatlar cərəyanı katolik keşişlərinin kəskin e’tirazları ilə yanaşı başlandığına görə protestanizm adlandırıldı. Çünki protestant «e’tirazçı» mə’nasındadır və “proetst” kökündən alınaraq e’tiraz və şikayət mə’nasını daşıyır.

On dördüncü əsrin əvvəllərindən katolik təfəkkürü əleyhinə e’tirazlar və müxalifətlər başlandı. O cümlədən, ingiltərəli Can Viklif (1329-1384) 1379-cu ildə aşkar şəkildə kilsə rəhbərliyinin əleyhinə çıxış etdi və bildirdi ki, papanın özü üçün nəzərdə tutduğu qüdrət, şəxsiyyət və e’tibarın din nöqteyi-nəzərindən əsaslı olub-olmaması mə’lum deyildir. O, həmçinin çörək və şərabın rəbbani gecə mərasimində həzrət İsanın həqiqi ətinə və qanına mö’cüzəli şəkildə çevrilməsinə sual altına apararaq, bu etiqada şübhə ilə yanaşdı. Ondan sonra çexoslvakiyalı Can Has (1369-1415) kilsənin silsilə rütbələr əsasında olan təşkilatı əleyhinə, eləcə də kilsə aparatının vəqf olunan bütün əmlaka malik olması qarşısında əks mövqe tutdu və keşişlərin əxlaqı pozğunluqları əleyhinə çox ciddi bir çıxış etdi.

Lakin bu e’tirazların və islahatçılıq hərəkatların ən yüksək mərhələsi 16-cı əsrə qayıdır ki, bu dövrdə protestantların islahatçı şəxsiyyətlərinin ən məşhuru yə’ni, almaniyalı Martin Luter (1483-1546) öz islahatlar proqramını ətraflı şəkildə təqdim etdi. Özü də məşhur bir keşiş olan Luter «95 məsələ» adlı müfəssəl bəyənnaməsində katolik məzhəbinin qayda-qanunları ilə müxalif olan nəzərlərini yazaraq, Almaniyanın Vitnberk şəhərində yerləşən öz kilsəsində asdı. O, həmin bəyənnamədə bu əqidəyə daha çox tə’kid edirdi ki, mövcud adət-ənənələrin və əqidələrin çoxu məsihiyyət tarixi dövründə keşişlərin və kilsə xadimlərinin vasitəsi ilə artırılmış və bu dinin haqq yoldan azmasına səbəb olmuşdur. Luter iddia edirdi ki, bu kimi islahatlarla məsihi dinini həqiqi yoluna qaytarmaq olar.

Martin Luterin ən mühüm nəzəriyyəsini nicat və qurtuluş məsələsi təşkil edirdi. O, inanırdı ki, nicat və qurtuluş ilahi feyz sayəsində iman vasitəsilə hasil olur.

Həqiqi qurtuluşa nail olmaq üçün imanlı olmaq lazımdır. İman da dünyada yaxşı işlər görməyi tələb edir. Halbuki katoliklərin nəzərinə görə nicat və qurtuluş yolu günahların bağışlanmasıdır. Keşişlər ilahi feyz və mərhəmət vasitəsi olduğuna, mö’minlərin dünya və din işləri onlara həvalə edildiyinə görə günahkarları e’tiraf və peşimançılıq izhar etməklə, Allah tərəfindən bağışlaya bilər və onların günahları paklana bilər. Bu əqidə nəticəsində katolik kilsələrində e’tiraf, günahın bağışlanması və bağışlanma qəbzinin satılması dini bir ayinlər kimi yayılmağa başladı. Amma Martin Luter bu mərasimlə kəskin şəkildə müxalifət etdi; onun katolik sistemi ilə olan mübarizələrinin ən yüksək səviyyəsi də məhz həmin məsələ ətrafında idi. Çünki o, bir tərəfdən keşişlərin günahsızlığını, onların Allah ilə bəndələr arasında vasitə olmasını qəbul etmir, digər tərəfdən də qurtuluş yolunu yaxşı əməl görməkdə bilirdi. O, yaxşı əməli dünyanın abadlaşdırıcısı kimi təqdim edirdi.

Bundan əlavə, Luter inanırdı ki, kilsədə təşkil olunan yeddi ayindən yalnız tə’mid qüslü və rəbbani gecə məsihi dinində mövcud olmuş, yerdə qalan beş ayin isə keşişlər tərəfindən atırılmışdır.

O, «95 məsələ» adlı bəyanatını verdikdən sonra Vatikan tərəfindən mürtədlikdə müttəhim olundu və kilsədən uzaqlaşdırıldı. Amma katolik kilsəsi sisteminin əleyhinə olan şiddətli e’tirazlara nəzər yetirməklə (bu Avropanın hər yerində formalaşmışdı) mürtədlik hökmü öz əvvəlki tə’sirini göstərmədi və Avropada protestant hərəkatı sür’ətlə yayılmağa başladı. Hal-hazırda da İngiltərə, Danimarka, Hollandiya, Almaniya, İsveç, Norveç, Amerika və bu kimi sair yerlərin kilsələri də protestant kilsəsi adlanır.

1. ”Katolik” sözü lüğətdə hansı mənanı daşıyır və nə üçün katolik məzhəbi belə adlandırılmışdır?

2. Katolik kilsələri necə inkişaf etmişdir?

3. Katoliklərin ən mühüm əqidələri hansılardır?

4. Protestantların katoliklərlə olan ən mühüm ixtilafları hansıdır?

Dini islahat hərəkatını izah edin.

Keçən iki dərsdə məsihiliyin ən əsas və məşhur məzhəbləri ilə tanış olduq. Əvvəldə qeyd etdiyimiz kimi, bu dindən ayrılmış bir çox firqələr də vardır ki, onlar qeyd olunan məşhur məzhəblərdən ayrılmışlar. Bu və gələn dərsdə həmin firqələri araşdıracağıq. əlavə Diqqət yetirmək lazımdır ki, məsihilikdə başqa firqələr də vardır; irqi, qövmi və dil müxtəlifliyi əsasında formalaşmış həmin firqələrdən danışmaq bu kitabın həcminə sığmadığı üçün onlar haqda söhbət açmırıq.

Renosans dövrünü əhatə edən müxtəlif zaman fasilələrində bir çox islahatçı cərəyanlar da formalaşdı ki, onlar məsihi təfəkkür və rəftarlarında əsaslı dəyişiklik aparmaq barədə müxtəlif təfsir və təkliflər irəli sürdülər. Bu kimi təfsirlərin müxtəlifliyi protestanizm məzhəbində ayrı-ayrı firqələrin formalaşmasına səbəb oldu. Əlbəttə, bə’zi firqələr də sonradan əsl protestanizm cərəyanından yə’ni, Luterə məxsus olan məzhəbdən ayrılmışdı. Protestant firqələrindən yaranan ən mühüm firqələr aşağıdakılardan ibarətdir:

Kalunistlər fransalı Jan Kalunun tərəfdarlarıdır (1509-1564). Luterin islahatçı hərəkat dövrü ilə azacıq zaman fasilə olan bu cərəyan İsveçrədə Kalunun islahatçı təfəkkürünü əks etdirən «Məsihi dininin əsasları» kitabını yazmaqla başlamışdır; O, Luterin bə’zi fikirləri ilə müvafiq və bəzilər ilə də müxalif idi.

Luter kimi Kalun da inanırdı ki, insan günaha aludə olur; amma onun əqidəsi bu idi ki, hər bir şəxs öz dini vəzifələrinə əməl etməli, nəfsani inzibatçılığın riayət olunmasına əhəmiyyət verməlidir; insan həmişə özünü Allahın hüzurunda görəcəyi bir şəkildə yaşamalıdır. Onun nəzərinə görə, öz ömrünü eyş-işrətdə keçirən əyyaş, rəqs etməyi, qumar oynamağı və bu kimi digər işləri təfəkkürdən, müqəddəs kitabı oxumaqdan üstün sayanlar şeytanın əlində oyuncağa çevrilən şəxslərdir; onlar cəhənnəm əzabına məhkum olanlardır. İffət və təqva kimi şərafətli sifətlərin əsaslı məntiqi vardır və onları nəzərə almamaq olmaz. Buna görə də Luterin icazəli hesab etdiyi rahatlıq və sərxoşluğu Kalun düzgün saymır, zahidliyi, günah və çirkin işlərdən uzaq olmağı qurtuluşun əsası hesab edirdi.

Anaba petistlər mərkəzi Avropada yaşayan yüksək saylı quruplar idi ki, onlar katoliklərin, Luter və Kalunist dəstələrin müqabilində qərar tutmuşdu. Onlar qeyd olunan bütün bu quruplar tərəfindən tə’qib edilib əzab-əziyyətə mə’ruz qalırdılar. Bu firqənin adı “ikinci dəfə tə’mid qüslü” edənlər mənasını daşıyır. Çünki bu qurup inanırdı ki, tə’mid qüslü uşaqlar və kiçik yaşlılar üçün deyil, həddi-büluğa çatanlar üçündür və tə’mid qüslünü onlar yerinə yetirməlidirlər; uşaqlıq çağlarında tə’mid qüslü verilmiş şəxslər həddi-büluğa çatan zaman yenidən bu qüslü verməlidirlər. Bu firqənin nəzərində tə’mid qüslü mərasimi mehr-məhəbbətin göstəricisi, məsihiliyə keçməyin nişanəsi və həzrət İsaya vəfalı olmaqdan ibarətdir. Bu qurupların bə’ziləri kəramət və ilham əhli idi; həzrət İsa (ə)-ın yenidən zühurunun min illiyinə inanırdılar. Bə’ziləri də ictimai şəkildə yaşayan kommunaçılar əqidəsində idilər; var-dövlətlərindən şərikli şəkildə istifadə edirdilər. Anaba petistləri inanırdılar ki, yalnız tə’mid qüslünü yerinə yetirən, yaxud həddi-büluğa çatdığı zaman onu yenidən əncam verən təqvalı və dindar şəxslər kilsə üzvləri sayıla bilər.

Kilsənin islahatçılıq cərgəsində dayanan firqələrdən biri də nankonfurmistlər, yaxud müvafiq olmayanlar idilər. Bu qurupun inancına görə, dövlətlər əqidə və vicdan azadlığını pozmayınca, onlara qarşı üsyankarlıq etmək olmaz. Bu firqə məsihi təfəkküründən xaricdə olan əqidələrə qarşı çıxmadıqlarına görə, sair məzhəblər tərəfindən kafirlikdə müttəhim olunmurdular. Onlar “üçlük” əqidəsi ilə də müxalif deyildilər, lakin ictimai-dini işlərdəki təşkilatları rəsmi kilsələrdə mövcud olan adi təşkilatlarla tamamilə fərqli idi və onlar öz kilsələrini tam müstəqil hesab edirdilər.

Piveritenlər, yaxud “təmizlik sevənlər” ingilis protestantlarından bir qurupudur ki, sair Avropa ölkələrində kalunistlərə qoşulmuşlar. Bu qurup ardıcılları Yelizavetanın dövründə (1558) İngiltərəyə qayıdaraq, Kalun tə’limlərində mövcud olan zahidlik, təqva və sadə yaşamaq kimi ingilis kilsələrinin Roma təsirlərindən təmizlənməsinə, zahiri mərasim və adət-ənənələrdən uzaq olmağa və eləcə də ilahi kəlmənin moizə və mə’nalarına üz gətirirdilər.

Onlarla kalunistlər arasında olan fərq bu idi ki, piveritenlər rəsmi kilsədən ayrılmağa inanmırdılar və onların əksəriyyəti keşişlərin silsilə rütbələrini, yepiskoplar şurasını və kilsə mənsəblərini qəbul edir, bu dəyərlərin qorunması şərtilə islahatı qəbul edirdilər. Əlbəttə, onlardan bir qurupu da həmin rütbə silsilələri ilə müvafiq deyildi və keşişlərin bərabərlik prinsipinə inanırdılar. Bu müxalif qurup İngiltərə dövlətinin təzyiqləri nəticəsində Hollandiyaya köçdülər və orada Batistlər, yaxud “müstəqillik istəyənlər” adı ilə hələ də davam etməkdə olan bir firqəni yaratdılar.

Bu firqə islahatçılıq ideyalarını irəli sürən dəstələrin ən ifratçısı hesab olunur. Bu, İngiltərədə formalaşmış Corc Paks (1624-1691) ardıcıllarının ayini idi. Corc Paks iddia edirdi ki, o ilham olunmaq yolu ilə yəqinə çatmışdır. Onun əqidəsinə görə, İsanın dini bir sıra kəlami üsullar və quru e’tiqadlarla İncili qəbul etməkdən ibarət deyil, qəlbə və ruha hopmuş e’tiqaddan ibarətdir; kilsəyə getmək, rəsmi keşişin sözlərinə qulaq asmaq, adi duaları təkrar etmək yolu ilə həqiqi iman hasil olmur. İman insanın qəlbini və batinini nurlandırmalıdır. Həyat mənbəyi və feyz mənşəyi olan ilahi kəlmə müqəddəs kitabın səhifələri ilə hüdudlanmır; onun mənşəyi Allahdır və birbaşa mö’min şəxsin batininə daxil olur; Allah, istədiyi şəxslərin qəlbini Öz kəlməsinin məhəlli qərar verir. Paksın əqidəsinə görə, ruhaninin, yaxud keşişin olmasına heç bir vəchlə ehtiyac yoxdur. Çünki, Allah hər kəsi iradə etsə, heç bir vasitə olmadan onunla danışacaq, qadın və kişi olmasından asılı olmayaraq, hər bir şəxs ilahi kəlamı eşidə bilər. Paks inanırdı ki, Allah qarşısında müti olan e’tiqadlı və mö’min şəxslərin hamısı bir-birilə dost və bərabərdirlər. Onun əqidəsinə görə, məsihi dostlar hansı məclisdə olsalar, yeddi ayinin heç birinə riayət etməyə məcbur deyildirlər; müqəddəsləri və peyğəmbərləri təqdis edib onlara hörmət göstərmək bir növ bütpərəstlik hesab olunur. O, xitabə və moizə etmək əvəzinə, sakit oturub təfəkkür etmək və öz nəfsindən hesab-kitab çəkməyi tövsiyə edirdi.

Pitizm, yaxud “zöhd və pəhrizkarlıq” firqəsi 17-ci əsrdə Almaniyanın islahatçı dindarları arasında meydana gəlmişdir. Bu firqənin ardıcılları inanırdılar ki, hər bir insan həqiqi mənada məsihi olmaq üçün yenidən doğulmalıdır. Buna görə də həzrət İsadan yeni həyat və təzə ömür hasil olmalıdır ki, günah vadisində ölən və Allahın nəzərində yollarını azaraq əbədi əzaba məhkum olan insanların hamısı yenidən dirilib yeni həyata qayıtsınlar. İnsanlar bu həyatı əldə etmək üçün ilahi əhdə nail olmalı, günah zəncirlərindən qurtarmalı və qəlbləri Allaha qovuşmalıdır. Bu iş o vaxt müyəssər ola bilər ki, insanlar zöhd və pərhizkarlıq yoluna qədəm qoysunlar.

Bu firqənin ardıcılları qeyd olunan hədəfə çatmaq üçün çox ciddi əxlaqi üsullara əl atıb riyazət, təharət, təqva və kamil müqəddəsliklə məşğul oldular; bu yolla da kilsənin adi qayda-qanunlarından, dini mərasimlərindən və eləcə də kəlam və əqidə qanunlarından uzaqlaşdılar.

1. Kalunin Luterlə olan fikir ayrılıqları nədən ibarətdir?

2. Anabapetistlər kimlər idi?

3. Paklanmaq istəyənlərin əqidəsi necə idi?

4. Nə üçün Kevikerlər islahatçı dini firqələr arasında ən ifratçı cərəyan kimi tanınırlar?

5. Paklaşmaq istəyən quruplarla Petistlər arasında olan fərq nədədir?

Əvvəldə qeyd olunduğu kimi, katolik məzhəbi məsihilikdə ən qədim məzhəbdir; ortodoks və protestant məzhəbləri də ondan ayrılmışdır. Amma bu iki parçalanmadan əlavə, katolik dəyərlərinin qorunub saxlanılması üçün yaranan digər firqələr də meydana gəlmişdir ki, onların ən mühümü Yəsuidir. Bu firqə həqiqətdə katoliklərin dini islahatlar hərəkatında tutduğu yolu bir növ yeniləşdirmək məqsədi ilə yaradılan məzhəb sayılır. Başqa sözlə desək, bu dində islahat işləri aparmaq istəyənlər katolik təfəkkürünün əleyhinə hücuma keçdikləri zaman İqnatiyus Luyu Layi başda olmaqla bir qurup (1491-1556) Yəsui firqəsinin formalaşması ilə nəticələnən bir hərəkata başladılar.

Luyu Layi İspaniyanın zadəgan sinfindən idi və bir müddət padşah sarayında xidmətçi işləmişdi. Sonralar İspaniya ilə Fransa arasında baş verən müharibədə əsgər kimi iştirak edərək yaralanmışdı. O, xəstə olduğu illərdə məsihi qibtilərinin tərcümeyi-halını mütaliə etməklə tərkidünyalıq fikrinə düşmüşdü. Buna görə də öz silahını həzrət Məryəmin mehrabından asaraq, kilsədə ibadət və nəfsini paklaşdırmaqla məşğul oldu. Bu əməllər də sonralar Yəsui firqəsinin dini ruhani adət-ənənəsinə çevrildi. Lyu Lay müxtəlif səfərlər edərək özünə ardıcıl və şagirdlər toplamağa başladı. Nəhayət 1524-cü ildə “İsanın yoldaşları” adlı hərbi təşkilat yaratdı. O, öz nəzərinə görə kafir və yolunu azmış müsəlmanlara qarşı müharibəyə başladı və bu yolda həddən artıq canfəşanlıq etdi.

Bu firqənin təşkilatı tamamilə hərbi sistem şəklində idi. Burada ona qeydsiz-şərtsiz itaət edənlər toplanırdı. Onlar icazə verilməyən hər növ xoşagəlməz işləri məxfi şəkildə və (onların nəzərində) bəyənilən və düzgün işin müqəddiməsi olduğu halda caiz bilirdilər. Yalan, haqqı gizlətmək, hətta yalandan and içmək belə, onlar üçün düzgün sayılırdı.




Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə