“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
17
Patrisio ilə yerini doğrudan-doğruya dəyişdi. Onu öz şəxsi qabından, özü yediyi yeməklərlə
yedirtməyə başladı. Yəni ki, işdi əgər yeməyə zəhər qatılıbsa, bir yerdə ölsünlər. «Heç olmasa
təkcə ölməyim.» - general fikirləşdi...
İndi hər ikisi saray otaqlarında boş-boşuna veyillənir, fil ləriplərini andıran izləri bilinməsin
deyə, ancaq yumşaq xalıların üstü ilə yeriyir, yuxulu dənizdən içəri süzülən yaşımtıl mayak
işığının içi ilə sanki üzürdülər.
Dəniz daşıb kükrəyir, mayak işıq saçır, limandan uzaqlaşan gecə gəmilərinin ayrılıq fiti sahil
boyu közərən təzəyin tüstüsünə qarışıb pəncərələrdən içəri dolurdu... Ya da hər ikisi üzücü
sentyabr axşamları səhərdən-axşamacan pəncərənin qabağında dayanıb, əlindən bir iş gəlməyən
aşiqlər kimi qaranquşları sayırdılar.
General canlı həyatdan o qədər uzaqlaşmışdı ki, real həyat haqqında təsəvvürlərini elə itirmişdi
ki, min bir əziyyətlə özünə tay düzəldib, eyni məqamda gah orda, gah burda görünə-görünə,
ümumiyyətlə, mövcud olub-olmadığına camaatda şübhə oyanacağı ağlına belə gəlmirdi. Bəziləri
hətta onun letargiya yuxusuna getdiyindən şübhələnməyə başlamışdılar. Qarovulun iki dəfə
çoxaldılmasına, prezident sarayına heç kimin girib-çıxa bilməməsinə baxmayaraq, deyirdilər ki,
guya kimsə sarayın içinə düşə bilib və guya kimsə orda içi ölü quşla dolu qəfəsləri, müqəddəs
çəndən su içən inəkləri, ətirli qızılgül kolları arasında yatan cüzamlı, iflic xəstələri görüb... Onda
bütün məmləkət dərin sükut içində donmuşdu, günortadan sonra sübhün açılacağını gözləməyə
başlamışdı. Çünki falçının suyla dolu ləyənə baxıb dediyi kimi, onun öz əcəli ilə, öz yorğan-
döşəyində, yuxuda öldüyü barədə şayiələr gəzməyə başlamışdı və deyirdilər, yüksək rütbəli
məmurlar bu ölüm xəbərini ona görə gizlədirlər ki, aralarında bəzi qan iyli məsələləri hələ ayırd
edə bilməmişdilər.
O, yaxın günlərdə taleyində nə isə baş verəcyini hiss etsə də, bütün bu söhbətlərə əhəmiyyət
vermirdi. Hərdən bir, əvvəli-axırı bilinməyən domino oyununu yarımçıq kəsib general Rodriqo
de Aqilardan soruşdu ki, «dostum, vəziyyət ümumiyyətlə necədir?», onda o biri: «Hər şey öz
əlimizdədir, mənim generalım, ölkədə sakitlikdir», - deyirdisə də, o, canına yeriyən qorxudan
azad ola bilmir, sarayın, mal təzəyindən qalanan qəramət ocaqlarında, bu ocaqların əfi dillərində
nə isə daha qəramətli əlamətlər axtarır, öz taleyini görmək üçün suyu çəkilmiş köhnə quyuların
dibində gəzir, oralarda da heç nə tapmayanda, həyəcandan titrəyə-titrəyə anası Bendisyon
Alvaradonun yanına – bir vaxtlar, həyətində bitən tamarin ağaclarının sərin kölgəsində yellənə-
yellənə təmiz hava udduğu evlərinə yollanırdı. Qoca olsa da, həyat eşqiylə alışıb-yanan anası da
köhnə yelləncəkdə onunla yanaşı oturub, təmiz havadan uda-uda yellənir, yan-yörəsində
hərlənən toyuq-cücəni, tovuzquşuları qarğıdalı toxumu ilə yedirdir, o isə ağ, hörmə kreslosuna
yayxanıb şlyapasıyla üzünü yelləyir, ona əlvan rəngli soyuq meyvə şirələri gətirib: «İçin,
sərinləyin, zat-aliləri…» - deyən ucaboy, qarabuğdayı qızlara kədərlə baxır, anasına demək
istədiyi, lakin deyə bilmədiyini ürəyində fikirləşirdi: «Ey mənim əziz anam Bendisyon Alvarado,
sən bilsəydin ki, mən daha bu dünyayla bacara bilmirəm, artıq tükənmişəm, canımı götürüb bu
məşəqqətdən heç özüm də bilmirəm hara qaçmaq istəyirəm!..» Bu ah-tuxun əsl səbəbindən
xəbərsiz anası da elə bilirdi ki, oğlunu inildədib içini çəkdirən, bu qaraşın qızlardı. Odu ki,
axşam düşən kimi, şəhərin işıqları yanar-yanmaz, o, gizli yolla öz yerinə - saraya qayıdır,
qaranlıq dəhlizlərdən oğrun-oğrun sivişə-sivişə, qarovulun addımlarına diqqət kəsilirdi. Qəfildən
onunla üzbəüz çıxan qarovul isə gümrah səslə: «Hər şey öz qaydasındadır, zat-aliləri! Tam
sakitlikdir!» - deyə hesabat verirdi. O isə gözəl bilirdi ki, onlar bunu vəzifə borcları kimi, qeyri-
iradi deyir, onu da, özlərini də o səbəbdən aldadırlar ki, onlar da onun kimi qorxurdular. Bu elə
bir gərgin dövr idi ki, heç kim özündə inam hiss eləmirdi, amma hamı da yalandan deyirdi ki, hər
şey öz qaydasındadır. Onu rahat yaşamağa qoymayan, şan-şöhrətinin ləzzətinə zəhər qatıb
hakimiyyətin özündən belə iyrəndirən də məhz elə bu inamsızlıq, bu anlaşılmaz xof idi. Hər şey
də həmin o tarixi hadisədən sonra, o əlamətdar xoruz döyüşündən sonra başladı! Gecələr o, quru
döşəmənin üstündə uzanıb, yuxusuzluqdan gözü acışa-acışa, hardansa uzaqdan - kasıbların
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
18
toyundan eşidilən musiqinin – nə vaxtsa onun yasında da beləcə həvəslə çalınacaq barabanların,
gecə saat ikidə mədənlərə oğurluq mal daşıyan becid gəminin sahildən uzaqlaşdıqca verdiyi asta,
ayrılıq fitinin səsinə, səhərə yaxın kağız kimi sökülüb açılan qızılgüllərin xışıltısına qulaq asır,
bədəni soyuq tər basa-basa içini çəkir, bircə dəqiqə belə olsun, fikrini yayındıra bilmirdi. Hansısa
gizli duyğusu, gecənin havası, anasıgildən qayıdarkən, küçədə rastına çıxanlar ona çox şey
deyirdi.
Həmin gecə isə evə qayıdarkən o, küçə boyu axışan kütləni, taybatay açılan pəncərələri, şəhərin
qeyri-adi canlanmasından həyəcanlanıb dekabr səmasının mavi ənginliklərində uçan qaranquş
qatarını gördü və hər şeyi bir az da aydın görmək üçün karetin pərdəsini aralayıb özü-özünə:
«Mənə əziyyət verən, bax bu idi, ana! Üzüb əldən salan bu idi! Axır ki baş verdi!» - deyə
fikirləşdi və elə həmin an da, dekabr göyünün baharsayağı büllur işığı içində üzən rəngbərəng
şarlara – qırmızı, yaşıl, sarı, mavi rəngli saysız-hesabsız nəhəng portağallara baxdıqca özündə
əcayib bir yüngüllük hiss elədi.
Sonra qəfildən nə oldusa, hürkmüş qaranquşların arasından göyə qalxan şarların hamısı birdən-
birə səssizcə partladılar… minlərlə rəngbərəng vərəqələr şəhərin üstünə səpildi və çovğunun
süpürüb havaya dağıtdığı xəzəl kimi havada hərləndi. Prezident karetinin sürücüsü,
qarmaqarışıqlıq idi deyə, atların başını geriyə döndərib izdihamın içindən kənara sıçradı. Heç
kim də bu karetə fikir vermədi, tanıyan olmadı, çünki hamının başı vərəqələrə qarışmışdı.
Camaat vərəqələri göydə tutur, ayaq altından yığırdılar, hamı bir adam kimi yığırdı, mənim
generalım! Vərəqələrin mətnini bərkdən-bərkdən eyvanlardan oxuyurdular, döngələrdən: -
«Rədd olsun zülm! Cəllada ölüm!» - səsləri eşidilirdi. Hətta saray qarovulunun əsgərləri belə,
dəhlizlərə yığılıb bu qiyamçı vərəqələri bərkdən oxuyurdu: «Bir əsrlik despotizmə qarşı
mübarizə aparan milli və sinfi birliyə eşq olsun! Satqın arvada qarşı mübarizə aparan
vətənpərvərlərin birliyinə eşq olsun! Rədd olsun, korrupsiya! Bəsdir qan töküldüyü! Rədd olsun
quldurluq!» Bütün ölkə minillik yuxudan ayıldığı həmin bu dəqiqələrdə ən dəhşətli xəbəri o,
karet tövləsində aldı: «Mənim generalım, Patrisio Araqones zəhərli oxla yaralanıb!»
Bir neçə il əvvəl, axşamüstü, ovqatının təlx vaxtı, bekarçılıqdan darıxıb üzüldüyündən, Patrisio
Araqonesə, dəmir şahı atıb talelərini öyrənməyi təklif eləmişdi. «Pulu ataq, - demişdi – əgər
qartal üzü düşsə, demək birinci sən öləcəksən, yox, əgər o biri üzü düşsə, mən.» Patrisio
Araqones isə pulu atmaqdan imtina edib demişdi ki, işdi, ölməli olsaq, bir yerdə öləcəyik, pul
atmağın da heç bir xeyri yoxdu, udan, uduzan olmayacaq. «Bəyəm unutmusunuz, pulun hər iki
tərəfinə prezidentin profili döyülüb?» Onda general ona, talelərini dominoda sınamağı təklif etdi:
iyirmi oyundan çox udan sağ qalacaq. «Mən razı, - Patrisio Araqones dedi – böyük
məmnuniyyətlə, lakin bir şərtlə, mənim generalım! Mənə, sizi udmaq hüququ verilməlidir.» Bu
hüquq ona verildi və onlar oynamağa başladılar. Əvvəllər udmaq qadağan edildiyinə görə
generala uduzan Patrisio Araqones, iyirmi oyunun iyirmisini də dalbadal uddu, bu iyirmi gərgin
tutuşmanın üzüntüsündən tərləyib soyuyan üzünü silərək, içini çəkdi: «Nə etməli, mənim
generalım, təəssüf ki, mən də ölmək istəmirəm?!..» - dedi. Onda general dominoları taxta
qutunun içinə səliqəylə sıra-sıra yığa-yığa, uşağa dərsi başa salan müəllim təbiriylə, özünün də,
ələlxüsus da domino oynuna görə zorla ölməyə həvəsi olmadığından, vaxtı çatanda, öz ölümü
ilə, öz yorğan-döşəyində, prezidentliyinin lap ilk günündən onun taleyini, su ləyəninə baxıb
oxuyan görücü – falçı qadının dediyi kimi, yuxuda öləcəyindən bənd-bənd danışdı. «Amma, bir
yana baxanda, - dedi - bir az da yaxşı fikirləşsək, yenə heç nə dəqiq deyil, çünki mənim anam
Bendisyon Alvarado məni ona görə doğmayıb ki, gecə-gündüz suda çəngəllə yazılanları
oxuyum. Mən - hökm vermək üçün doğulmuşam. Bir də, mən sən deyiləm, elə özüməm və
Allahına şükür elə ki, bütün bunların hamısı zarafatdı.» Onda bu zarafatın heç də adi zarafat
olmadığı onun ağlına belə gəlməmişdi, yatsa, yuxusuna da girməzdi ki, yaxın bir vaxtda ölüm
püşkü həqiqətən də onlardan birinin payına düşəcək. Elə də oldu.