MÜQƏVVA
Yaddaşında nə vardısa pərən-pərən düşmüşdü, ən adi şeyləri belə heç cür xatırına salammırdı. Elə bil bütün bunlar yuxuda baş verirdi; həyatla, insanlarla əlaqəsini büsbütün itirmişdi.
Hər tərəf zülmət kimi qaranlıq idi. Elə bil qaranlıq dünyaya düşmüşdü, çünki belə zülmət, belə qaranlıq ancaq nağıllarda ola bilərdi. Səmada ulduzlar görünmürdü, təkcə günəş var idi, ancaq günəş dünyanı işıqlandırmırdı, işığı, istiliyi tükəndiyindən ulduz kimi soyuq-soyuq közərirdi.
Adamlar qaranlığa məhəl qoymadan tələsə-tələsə keçib gedirdilər, ancaq hara getdikləri bilinmirdi. O, insanların qarışqa kimi qaynaşdığı qaranlıqda çaş-baş qalmışdı, hayana gedəcəyini bilmirdi. Dörd bir tərəf qaranlıq idi, hansı səmtə çevrilirdisə, zülmət keçilməz sədd kimi, divar kimi qabağını kəsirdi. Sanki dünya elə belə yaranmışdı; yer üzü başdan-binadan işıq, aydınlıq tanımırdı. Yadını-yaddaşının ən dərin qatlarında bu dünya, bu insanlar, bu rəng ona tanış, doğma gəlirdi, təkcə harda gördüyünü xatırlayammırdı.
Böyük şəhərin küçələri ilə addımlayırdı. Hayana gedəcəyini bilmirdi, hər yan qaranlıq idi. Və hayana gedəcəyindən asılı olmayaraq onu zülmət və qaranlıq gözləyirdi. Getdikcə daha artıq əmin olurdu ki, ömrünün hansı ilindəsə özünə doğma bildiyi bu böyük şəhərdə işıq və aydınlıq axtarmaq əbəsdi.
Onun təsəvvüründə qara rəng dünyanın sonuydu və fəhmlə bilirdi ki, haçansa dünyanın əvvəli də beləcə zülmət olub; dünyada əbədi bir rəng var – zülmət. Qalan bütün rənglər təsəllidi, yalandı, aldanışdı.
Dəniz vağzalındakı qəhvəxanaya girdi. Keçib küncdə boş stullardan birində oturdu. Qəhvəxanaya girməklə dünyanın qaranlıq olduğunu birdəncə unutdu.
«–Yenə gəldin?.. ».
Qəhvəxanaya ayaq basan kimi hər dəfə bu sualı eşidəcəyindən qorxurdu. Ona elə gəlirdi ki, günlərin birində hamının gözü qabağındaca qovub qəhvəxanadan çıxaracaqlar, bir də buralara ayaq basammayacaq. Bu qorxunun içərisinə nə vaxtdan dolduğunu bilmirdi. Bu qorxu qəlbinə, varlığına elə hopmuşdu ki, hər dəfə içəri ayaq basandan keçib adamlara qarışanacan, yarım litr şirin çaxırı qurtum-qurtum içib qurtaranacan gözünü təkərli podnosunu sürə-sürə stolların arasında vurnuxan xidmətçidən ayırmırdı.
Zəif, tutqun divar lampalarının işığında çalınan caz havasına sanki divarlar, boş stullar, stolların üstündəki büllur qədəhlər rəqs edirdi. Caz havası elə oynaq idi ki, ondan başqa bircə nəfər də olsun oturmamışdı.
Bu qəhvəxanada o heç vaxt başqaları kimi arın-arxayın oturub yeyib-içməmişdi. Hərdən ömrünün ağır dəqiqələrində içib unutmaq üçün, hərdən də sərxoş çağlarında caz havasına qulaq asmaq üçün gəlib burada oturardı. Qışın soyuğunda şaxta nəfəsini kəsəndə canını isitmək üçün bura gəldiyi günlər də olurdu.
«–Dur, cəhənnəm ol burdan!».
Ürəyinə dammışdı ki, gec-tez bu hökmü eşidəcək. Ona görə də elə bil qor üstündə otururdu. Xidmətçinin üstünə atılacağını, yağlı əllərilə qolundan tutub sürüyə-sürüyə bayıra çıxaracağını hər dəqiqə gözləyirdi; adam seyrək olanda içəri girməyə cəsarət eləmirdi.
Qəhvəxanadan çıxıb evə getmək üçün avtobus dayanacağına gəldi. Dayanacaqda bir qız bir oğlanla qolboyun olub öpüşürdülər. Qız barmaqlarını daraq kimi oğlanın saçlarına keçirmişdi, oğlanın əlləri kor-kor qızın kürəyində gəzirdi. Qızın əl sumkası, oğlanın dəftər-kitabı yerdə ayaqlarının altındaydı. Hər şeyi unudub bir-birinə sarmaşmışdılar. Elə bil dünya bunlar üçün qaralmışdı.
Avtobusa minib arxa pilləkəndəcə dayanıb durdu. Tünlükdən içəri ayaq basmaq olmurdu. Qaranlıqda göz-gözü görmür, adamların sir-sifəti seçilmirdi. Dayanacaqları elan edirdilər ki, sərnişinlər nə vaxt düşmək lazım olduğunu unutmasınlar. Sonuncu dayanacaqda avtobusdan düşüb evə yollandı. Qaldığı evlə dayanacağın arası dörd-beş dəqiqəlik yoldu. Avtobusdan düşəndən sonra az qala qaça-qaça özünü evə çatdırdı. Qaranlıqda əlilə cibini eşələyib açarı çıxardı, tələsə-tələsə qapını açdı.
Dəhlizdə elektrik lampasının düyməsini basdı. İşıq yanmırdı. Ancaq qəribəydi, soyuducunun səsi otağı başına götürmüşdü. Otağa girən kimi dərhal paltarlı-paltarlı yatağa uzandı. Soyunmağa həvəsi yoxdu. Yorğun olsa da, uzun müddət yuxuya gedəmmədi, eləcə gözlərini otağın qaranlıq pəncərələrinə dikib durdu.
Bəlkə ona görə yuxuya getmək çətin idi ki, qalxmağa, oyanmağa ümidi qalmamışdı. Çoxdannan bəriydi ki, dünya gözlərində sehrini, gözəlliyini itirmişdi. İndi yuxu da əzabdan savayı heç nə gətirmirdi. Qayğıları tükənmişdisə, ömrün yükünü, möhnətini çəkəmmirdisə, sabaha, gələcəyə aparan yol qaranlıqdısa, bəs onda nəyin xatirinə yaşayırdı?..
...Yuxuda görürdü ki, tanımadığı adamlar onu tabuta qoyub aparırlar. Tabutda, üstünə salınmış ağ mələfənin altına sağ olduğunu heç kəs bilmir. Elə heysizdi ki, gözlərini açammır, eləcə bir-birinə sıxılmış kipriklərinin arasından dəfninə yığılmış adamlara tamaşa eləyir. Bu qədər adamın içərisində bircə tanış sifət belə gözlərinə dəymir. Ha əlləşirsə, çevrilib tabutdan qalxammır. Nə isə demək, danışmaq, özünün sağ olduğunu onu dəfn eləməyə aparan bu adamlara başa salmaq istəyir, ancaq nə illah eləyirsə, səsi çıxmır.
Artıq adamlar qəbiristanlığı haqlamışılar. Düşünəndə ki, bu dəqiqələrdə nə isə bir şey eləməsə, sağ olduğunu bir yolla bildirəmməsə, sonra gec olacaq, onu diri-diri torpağın təkinə quylayacaqlar, birdən-birə ona qeyri-adi bir qüvvə gəldi. Əvvəlcə gözlərini açdı, sonra qalxıb tabutun içərisində oturdu...
– Aaauuuuu...
Adamlar vəhşi səslə ulaya-ulaya tabuta açıb bircə anda qaçıb dağılışdılar.
Yuxudan oyananda pəncərədən yenə zülmət tökülürdü. Yatmaqdan başı, boynunun damarları ağrıyırdı. Yatağına uzananda ona elə gəlirdi ki, yuxudan qalxanda səhəri açılmış görəcək. Ancaq qalxmışdı, dünya isə əzəlki kimi qat-qaranlıq idi.
Başının ağrısından gözləri dumanlanırdı. Bilirdi ki, içməsə dünyasında baş ağrısı keçib getməyəcək. Uzandığı çarpayının altında boş şüşələr vardı, həmişə içdiklərini oraya yığırdı. Nə qədər ümidsiz olsa da, inanırdı ki, bəlkə sərxoş çağlarında yadından çıxıb şüşələrin hansınınsa dibində bir şey qalıb. Şüşələri bir-bir çalxalayıb küncə itələyirdi. Əlinə keçən çirkli bir şüşəni çalxalayanda çoxdannan qalıb qıcqırmış çaxırın turş təmi onu vurdu. Əlləri titrəyə-titrəyə dodağına tutub son qətrəsinə kimi içdi. Bir qədər özünə gəldi.
Yuyunmaq üçün vanna otağına keçdi. Soyunub buz kimi soyuq duşun altına girdi. Dəsmalla qurulanıb yataq otağına qayıtdı.
Ciblərini eşələdi, bircə qəpik də olsun pulu yox idi. Əslində bilirdi ki, pulu yoxdu, cibləri tamam bomboşdu, ancaq o hər cür möcüzəyə inanırdı.
Uşaqlarından xəbəri yoxdu. Harda yaşadıqlarını bilmir. Ailəsini itirəndən sonra onunla maraqlanmağı belə ağlına gətirməyib. Ancaq bir dəfə uzaqdan, lap uzaqdan arvadı və uşaqlarını yad bir kişi ilə küçədə görmüşdü. Tanımadığı o yad kişi uşaqlarının əlindən tutub arvadı ilə söhbət eləyə-eləyə hayanasa gedirdi. Özgə bir adamın doğma balalarının əlindən tutması, özü sağ ola-ola uşaqlarının özgə mehrinə qısılmağa qəfil xəbər kimi onu büsbütün sarsıtmışdı. Arvadının mənzildən imtina eləməsi, alimentlə uşaqlarını dolandırmağı özünə təhqir bilməsi onu sonralar, çox sonralar düşündürməyə başlamışdı. Sanki aradan keçən illər dumanlı düşüncələrini sahmana salmışdı. İndi özünə uzaqdan baxır, işlədiyi cinayətin (buna günah deməyə dili gəlmir) ağırlığını bütün əzasıyla dərk eləyirdi.
Avtobuslar əvvəlki kimi belədən-belə şütüyürdülər. O da dayanacaqda gözləməyə başladı. Ancaq hansı avtobusu gözlədiyini bilmirdi. Avtobuslarsa bir-birinin ardınca keçib gedirdilər.
Hayana getsin? Əslində onunçün hayana getməyin elə bir fərqi yox idi, hər dəfə olduğu kimi bu dəfə də evdən məqsədsiz-məramsız çıxmışdı. Bütün tanışlarını bir-bir gözlərinin qabağına gətirirdi. On il idi ki, özündən savayı heç kəsin qapısını açmırdı. Ən yaxın dostlarının belə evinin yolunu-səmtini unutmuşdu. İnsanlarla əlaqəsini itirmişdi, təmtəkcə yaşayırdı. Ancaq özünün təkliyinə, bu boyda şəhərdə kimi-kimsənəsi olmadığa inanmırdı. Səkilər, divarlar, avtobus dayanacaqları, su köşkləri, bulvarda, qəhvəxanada rastlaşdığı adamlar uzaq uşaqlıq illərindən xatirə qalmış oyuncaqlar kimi onun yaddaşında doğma, lap doğmaydılar.
On il idi ki, dünyada nələr baş verdiyindən xəbərsizdi. Səhər, günorta, axşam içirdi, azacıq ayılmaq təhlükəsi hiss eləyən kimi günün hansı vaxtı olur-olsun fərq eləməzdi, dəli kimi ora-bura vurnuxur, bir şey tapıb içirdi. Bir az içdimi, hər şey yoluna düşürdü, özünü indicə anadan olubmuş kimi rahat və qayğısız hiss eləyirdi.
Onunçün zaman ölçüsünün heç bir əhəmiyyəti yoxdu. Yuxusu çəkilən kimi şəhərə çıxır, içib özünə gələndən sonra dənizin sahilinə enirdi. Yorulub əldən düşənə qədər gözlərini qaranlıq sulardan çəkmirdi. Evə qayıdıb dincini alandan sonra hər şey təzədən başlayırdı. Beləcə bir-birinə bənzəyən günlər təkrarlandıqca həyat, yaşayış onu məngənə kimi sıxırdı.
Ona elə gəlirdi ki, içərisində gizli, əlacsız bir xəstəlik var və hər saat, hər dəqiqə bu xəstəlik ağrısız-əzabsız ölümə doğru sürükləyir. Ancaq hər an ölümə doğru sürükləyən bu gizli, əlacsız xəstəlik onu zərrəcə qorxutmur.
Ulduz kimi soyuq-soyuq işaran günəş səmanın bir səmtindən hərəkətsiz asılmışdı. Minbərdən azan səsi gəlirdi. Ancaq azançının səhərmi, günortamı, ya axşammı azanını çağırığı bilinmirdi. Bu səs dalğalana-dalğalana qaranlığa elə qarışırdı, elə qovuşurdu ki, sanki zülmət dünyaya azançının səsindən yayılırdı.
Dəniz vağzalına tərəf baş aldı. Sahil həmişəki kimi qələbəlik idi. Skamyalar tutulmuşdu. Gəlib dənizin sahilindki məhəccərə söykəndi, gözlərini qaranlıqda səssiz-səssiz ləpələnən sulara dikdi. Həmişə dənizin sahil suları boyu uçuşan qağayılar gözə dəymirdilər. Dünyanın belə zülmətə boyanması onları bu yerlərdən uçurmuşdu. Ona elə gəlirdi ki, bir vaxt gələcək, qaranlıqların içərisindən xəfif dalğaları yara-yara sahilə bir gəmi yan alacaq və onu alıb biryolluq bu zülmətin qoynundan xilas eləyəcək, itirdiyi işıq və aydınlığa doğru aparacaq. Qaranlıqda bağrı yarıla-yarıla bu gəmini çoxdannan bəriydi ki, gözləyirdi, ancaq günlər ötür, dəniz səmtindən səs-səda gəlmir, qaranlıq sular inadla susurdu.
– Bu kişi bütün günü burda dayanıb dənizə baxır, - hündürdən danışa-danışa gedən qızların hansısa bunu pıçıltıyla dedi.
Qulağı bu səsi çaldı, ancaq çevrilib səs gələn tərəfə gözlərinin ucuyla da baxmadı. Dünyanın işıq və aydınlıq çağlarında dəniz sahilinə enəndə çiçək kimi əlvan rəngl bu qızlardan gözlərini çəkəmmirdi. Yanından ötüb keçəndə burnuna dəyən ətirdən az qalırdı huşunu itirə. Ancaq indi qəlbində hər şeyə ölü bir biganəlik vardı. Hissləri və duyğuları o qədər korşalmışdı ki, onu heç nəylə heyrətləndirmək olmazdı.
Dəniz bayaqkı kimi lal və səssiz idi. Elə xəfif titrəyirdi ki, sanki sulara körpə nəfəsilə sığal çəkirdilər. Qaranlığın qoynundan nə sahil körpüsünə yan alan gəmilərin fit səsləri eşidilir, nə bir vaxt dan sökülənəcən sayrışan mayak işığı görünürdü. Gözlərini gülmət boşluqlara dikib durmuşdu. Ona elə gəlirdi ki, gəmi o burda olmayanda, yatıb dincini almaq üçün evə getdiyi zaman gəlir və sahil boyu onu axtara-axtara fırlanıb geri qayıdır.
– Gəmi nə vaxt gələcək? – Onda bir az aralı sahil məhəccərinə söykənib qaranlıq dənizə tamaşa eləyən əli əsalı bir qocadan soruşdu və o saatca da soruşduğuna peşman oldu.
Ancaq deyəsən qoca onun sualını başa düşmədi.
– Nə dedin? - gözlərini dənizdən ayırmadan laqeyd-laqeyd soruşdu.
Dərhal sualı dəyişdi:
– Deyirəm, qağayılar day görünmürlər, birdəfəlik yoxa çıxıblar.
– Bu həngaməyə qağayımı dözər... Yazıqlar canlarını götürüb qaçıblar. Bizik dözürük...
Qoca bir müddət susdu, sonra dərdli-dərdli danışmağa başladı:
— Ötən əsrdə bir şair öz zəmanəsində vəziyyətin gündən-günə pisləşdiyini görüb keçmiş günləri yad eləyrək yazırdı ki, «əcəb əyyam imiş əyyami-sələf, gərək o günlərdə olaydıq tələf».
İstəməsə də söhbətə qoşuldu, çünki özü başlamışdı.
– O vaxtdan düz yüz əlli il keçir. O hesabnan dünya çoxdan dağılmalıydı.
– Bəli, düz əsr yarımdı ki, hər şey beləcə pisliyə doğru gedir.
– Bəs elədisə, niyə dünya dağılmır. Min ildi ki, dünya elə həminki dünyadı. Təkcə nəsillər əvəz olunub.
– Hə elədi... Deməli, hər şey insanların başında çatlayıb. Dünya elə həminki dünyadı... elə həminki dünyadı... həminki dünyadı... dünyadı...
Birdən çevrilib baxanda indicə söhbət elədiyi əli əsalı qocanın yerində ağ saçları boyun-boğazına dolaşmış səksən yaşlarında bir qarı gördü. Qarı dişsiz ağzıyla saqqız çeynəyə-çeynəyə başa düşmədiyi yad bir dildə nəsə deyib dənizə atıldı, ağ saçları suları yayıla-yayıla üzüb qaranlığa qarışdı.
1985, Peterburq-Bakı
SƏHƏR DUMANI
Payız səhərinin tutqun işığı evin gündoğana açılan pəncərəsindən otağa dolduqca içərinin zülməti çəkilib gedirdi. Ona elə gəlirdi ki, hər gün uzanıb yatdığı çarpayısında deyil, dünyanın sonu-səmti bilinməyən, buluddan, günəşdən, torpaqdan savayı özgə heç nəyin gözə toxunmadığı qərib bir yurddadı.
Gözlərini səhərin tutqun işığından ayıra bilmirdi. Yatağında o yan-bu yana çevrilir, qaçmış yuxusunu qaytarmaq istəyirdi, ancaq səhərin tutqun işığı üz-gözündə oynadıqca yuxusu dağılıb gedirdi.
Qalxmaq istədi, bacarmadı. Qocalıq məngənə kimi bərinə-bədəninə sarınmışdı və bu dəhşətli məngənənin qaçılmaz olduğunu bütün əzasıyla hiss eləyirdi. Bu məngənənin gücünü damarlarında, sümüklərində, əzələlərində duyurdu. Və duya-duya qocalığın görünməz əllərində boğulurdu.
Əzim kişi çoxdannan bəriydi ki, içində ölüm gəzdirdiyini bilirdi və Əzim kişinin özündən qaçmağı içində gəzdirdiyi ölümdən qaçmağıydı. Əzim kişi nə illah eləyirdisə, ölümdən aralanammırdı, çünki ölüm kişinin içərisinə çökmüşdü, ağrı kimi, yorğunluq kimi qanına, varlığına hopmuşdu, ölümün qoxusunu duyurdu. Əzim kişi nə illah eləyirdisə, ölümün caynaqlarından qopammırdı, açılammırdı. Və içərisində böyüdükcə Əzim kişinin ölümü gəzdirməyə tabı-taqəti qalmırdı.
Əzim kişi içərisində ölümlə birgə ağrı gəzdirirdi. İçərisini göynədən bu ağrı artıq olduğunu, oğul-uşağın çiynində yükə çevrildiyini dərk eləməyiydi. Qocanı ağrıdan oydu ki, ağsaqqal ola-ola evin, ailənin qayğıları onsuz həll olunurdu. Xəstə ola-ola dərdinə dərd kimi baxılmırdı. Günlərlə qızdırma içərisində qovrulsa da, iştahası büsbütün çəkilsə də, bunun səbəbinin qocalığında axtarılmağıydı. Və Əzim kişini göynədən ən böyük dərd öz evində qonaq kimi yaşamağıydı.
Zorla qalxıb həyətə çıxdı. Sabahın soyuğunda üşüdü, titrəyən əllərilə köynəyinin açıq yaxasını düymələdi.
Əvvəllər də ertədən oyanardı. Günün gözü çırtlamamış bağı-bağçanı suvarar, heyvanları açıb kəndin ayağındakı örüşə ötürər, toyuqları hindən buraxardı. Düz əlli il idi ki, səhərləri beləcə təkrar olunardı. Arvadının sağlığında nə qədər ertə qalxsa da, onu həyətdə görərdi. İndi isə oğlu ilə gəlini səhər yuxusunu yatırlar. Onları oyatmağa qıymır. Heç bu barədə işarə də vurmayıb. Özlərinin ağlı kəsir, qoy necə istəyirlərsə, eləcə yaşasınlar.
Gecə səhərə kimi nəvələri yatmır, illah da kiçiyi – zərrəcə yuxu yoxdu gözlərində. Onların ucbatından yatmağa, rahatlanmağa imkan tapmır. Ancaq bundan qətiyyən narahat olmur, əsəbiləşmir. Əksinə, yuxusuz gecələrində bu səs ona həyan olur, təkliyini, kimsəsizliyini unutdurur. Belə gecələrində özgə heç nəyin fərqinə varmır, təki, səs olsun, hənir olsun. Ömrün, yaşın bu çağında təklik, kimsəsizlik qədər onu heç nə qorxutmur.
Qoca şehli otları ayaqlaya-ayaqlaya bağın ətəyindəki çəpərin döşünə qalxdı. Uzaqdan qəbiristanlıq səmtə boylandı. Səhərin tutqun işığında qəbiristanlığın gümüşü rəngli günbəzi seçilmirdi. Bir azdan duman çəkilib günəş doğacaq, günbəzin par-par yanan işığı kəndin ətəyindən başlayaraq göz işlədikcə uzanıb gedən yovşanlı düzənliyə qəribə bir işıqlıq gətirəcəkdi. Və səhərin doğacaq soyuq günəşində bu rəng də uzaqdan-uzağa qocanı üşüdəcəkdi.
Uzaqda yovşanlı düzənliyin qurtaracağında gömgöy göyərən sututar yerlər səhər dumanında güclə sezilirdi. Gün qalxdıqca duman göylüyə tərəf çkilirdi. Və elə bil qəlbinin, köksünün hansısa bir parçası dumana qoşulub göylüyün, boz yovşan kollarının üstüylə ağır-ağır çıxıb gedirdi.
Son günlər duman dağılanacan beləcə dikdirin üstündə dayanıb düşüncələrə dalardı.
– Sabahın xeyir, Əzim kişi!
Qoca diksindi, ancaq səsin hayandan gəldiyini kəsdirəmmədi.
– Aqibətin xeyir olsun, oğul, - dedi.
Dumana qarışıb uzaqlaşan addım səsləri bir müddət qulağından çəkilmədi.
Bir vaxtlar kolxozun naxırını otarana səhərdən-axşamacan at belində təzə otlaqlar axtara-axtara düzü-dünyanı yorub əldən-ayaqdan salardı. Ömrü yəhər üstündəcə keçmişdi. İndi nə vaxt idi ki, atı açıb başlı-başına buraxmışdı. Ancaq heyvan bu cür sərbəstliyə, azadlığa alışmadığından heç yana çıxıb getmir, evin, məhlənin həndəvərindəki otlaqlarda dolaşırdı. Hərdən gecələr atın kişnərti səsini eşidirdi. At sahibinin başında nə isə bir qəza olduğunu hiss eləmişdimi, nəydi, gecələr üzünü evə sarı tutub uzun-uzun kişnəyirdi. Belə çağlarında o bu səsdəki çağırış anlayırdı, ancaq qocalığın amansız əllərindən qopub bağın ayağındakı çəmənliyə enməyə güc-taqət tapammırdı, içərisindən oyula-oyula qalırdı.
Səhərin səssizliyini pozan suyun səsiydi və bu səs suya qarışmırdı, suyun üstüylə ləpir sala-sala çıxıb gedirdi.
Bütün bu bağ-bağat təzə pöhrəliklərə kimi öz əlindən çıxmışdı. İndi səhərin soyuğunda göy dumanda yuyunan ağaclara baxdıqca onlara yazığı gəlirdi. Ağaclar niyə belə ağlaşırdılar? Bir azdan doğan günəş ağacları göz yaşlarını qurudacaq, onlar yenə heç nə olmayıbmış kimi xoşbəxt-xoşbəxt gülümsəyəcəklər.
Səhər dumanı bağa-bağçaya, ağacların yarpaqlarına, göylüyə çökmüşdü, çayın üstündən asılmışdı. Ona elə gəlirdi ki, insan ömrü də bu duman kimidi, hiss olunmadan çəkilib gedir, yerində boşluq qalır, kimsəsizlik qalır. Bunu bütün varlığıyla dərk eləyə-eləyə ömrün sovuşduğunu anlayammırdı, insanı heçliyə aparan amansız, qaçılmaz həqiqətlə heç cür barışammırdı.
Qoca ağlına da gətirmirdi ki, bir vaxt gələcək, nəfəsi bağın-bağçanın, göylüyün, boz yovşan topalarının üstüylə ağır-ağır çıxıb gedən bu dumana qarışmayacaq. «İnsanın sonu torpaqdısa, həyatın tükənib torpağa qarışması qaçılmazdısa, ölümlə hər şey qurtarırsa, bəs onda sonsuzluq nədi, əbədiyyət nədi?! Niy insan özünə belə şeylərlə təsəlli verir, niyə insan təsəllilərə allanır...».
Dumanın içərisindən atın kişnərti səsini eşitdi. Ürəyi elə atlandı ki, az qaldı huşunu itirə. Çəpərin payalarından tutub güclə ayaq üstə dayandı. «Görən at niyə kişnəyir bu vədə? Sahibinin yaxınlıqda, çəpərin döşündə olduğunu bilirmi? Səhərin gözü açılmamış bu nə çağırışdı belə? Səs yaxından gəlir, heyf, dumandan heç nə görmür...».
Çağırmaq istədi, ancaq səsi çıxmadı. Elə bil səsi içərisində düyün düşmüşdü.
Quşlar çığırışa-çığırışa başının üstündən uçub getdilər. Səsdən sümükləri səksəndi. Başını qovzayıb səmaya baxdı, səhər dumanından heç nə seçəmmədi. İçərisinin hansı bir əzasısa elə bil dumana qarışdı, quşların səsinə qoşulub uça-uça uzaqlaşdı. «Bir az yüngülləşsin, gərək çal-çəpərə əl gəzdirə, dağılıb gedib, təzədən kollanmalıdı–böyürtkənin əsl çalınan vaxtıdı. Yoldan ötən elə düşünər ki, həyət-baca yiyəsizdi. Nar kolları, üzüm tənəkləri budanmalıdı, bu gün-sabah qış kəsdirəcək qapının ağzını. Bağın ayağındakı qızılavarı da çalıb yağışlar düşməmiş tayanın başını bitirməlidi. Bircə xəstəlik sovuşa, bircə yüngülləşə...». Bütün bunları düşünə-düşünə özündən sonra bir dünya aydınlıq qoyub gedən səhər dumanından gözlərini çəkəmmirdi.
Qocanın ağlına da gəlmirdi ki, bağın-bağçanın, göylüyün, sututar yerlərin üstüylə ağır-ağır çıxıb gedən bu duman onun ömrünə çökən sonuncu dumandı.
1984, Bakı
YARPAQSIZ BUDAQLARIN
YAŞIL NƏĞMƏSİ
Qara zurnanın səsi adamları evdən bayıra çıxarır, sehr kimi, tilsim kimi çəkə-çəkə toy evinə gətirirdi. Ayaqlar qarışqa kimi bu səsin qaynadığı yurda tələsirdilər.
Sona qarı mağarın bir güncündə əlləri qoynunda bitib durmuşdu. Üzünə, gözlərinə dünyanın əzabı çökmüşdü. Qara zurnanın səsi qara yel kimi içərisini dalğalandırırdı. Bir az qabaq bu səs onu da yatağından qaldırıb xəstə-xəstə mağara çəkib gətirmişdi. Ancaq indi qarı onu xəstə yatağından qoparıb gətirən zurna səsini eşitmirdi, tamam özgə, indiyəcən eşitmədiyi uzaq bir səs eşidirdi.
Onu heç kəs toylarda gördüyünü xatırlayammazdı; mağarda görünməz bir yerdə dayanar, gizlin-gizlin qulaq asar, sonra da xəbərsi-ətərsiz çəkilib gedərdi.
Sona o səsin sehrinə düşüb hər şeyi unutmuşdu. O səsdən savayı heç nə eşitmirdi, eşidəmmirdi. ...O səs hayandan gəlirdi belə? Birdən-birə xəyalı körpəliyinə uçdu, yaddaşının ən uzaq torpanlıqlarında ay doğdu.
... Günəşli bir yaz günü, ağacların ağ-çəhrayı çiçəklər gətirən vaxtı balaca Sona uşaqlarla gizlənparç oynayırdı; qaçıb tut ağacının iri yaşıl yarpaqlı budaqları arasında gizlənmişdi, nə qədər axtarırdılarsa, tapammırdılar onu.
Bu, indiki kimi yadındaydı.
Sonra uşaqlar onu axtara-axtara düzü-dünyanı yorub əldən-ayaqdan salmışdılar. Kor-peşman evlərinə dağılışmaq istəyəndə Sona qışqıraraq özünü budaqların arasından yerə buraxmış, güllü çit donu quru budağa ilişib cırılmış, müvazinətini itirərək boynu üstə yerə gəlmişdi.
Bunlar da yadındaydı.
Sağalandan sonra Sona yenə gizlənparç oynayırdı. İllər ötdükcə uşaqlar biri-birinin bəhsinə böyüyürdülər, təkcə Sona böyümürdü, boy əvəzinə belinin qozu dikəlib qalxırdı.
İndi o günləri xatırlaya-xatırlaya ürkək-ürkək mağarı süzürdü. Gəlini üzü duvaqlı yuxarı başda sağdışla soldışın arasında oturtmuşdular. Tanıdığı, bildiyi yaxın, doğma adamların içərisində birdən-birə qərib bir tənhalıq duydu. Qayıtmaq istədi, qaçmaq istədi, qoyub gəldiyi ölüm yatağının soyumasından qorxdu, ancaq bu qorxu, bu təlaş bircə an çəkdi, yenidən o səsin, o havanın sehrinə düşdü.
O səsi nə vaxt idi eşitmirdi Sona. O səs ruhuna, qəlbinə yayıldıqca dünyanın üzünə, gözlərinə çökmüş əzabı kölgə kimi, duman kimi çəkilib gedirdi. Sona qarı cavanlaşırdı, gözəlləşirdi. Elə bil toyu Qara Səmidin oğlu Lətiflə naxırçı qızı Gülsümə çalmırdılar, Yetim İsmiylə ona çalırdılar.
Ağappaq ay işığına bürünmüş bürkülü bir avqust gecəsi bir zaman yıxıldığı həmin iri yaşıl yarpaqlı tut ağacının altında Yetim İsmi onunla halallaşmışdı. Yetim İsmi davaya gedəndə bərk-bərk tapşırmışdı ki, gözləsin onu, qayıdacaq, qayıdannan sonra işləyib pul yığacaq, ev tikəcək, əməlli-başlı toy çaldıracaq. İndi Sona qarı birdən-birə Yetim İsminin davadan qayıtmadığını unutmuşdu. Yetim İsmini gözləyə-gözləyə qoz belinin bir az da büküldüyünü unutmuşdu.
Sonanın yaşıdlarından kimsə sağ qalmamışdı; təkcə o, Yetim İsmini gözləyə-gözləyə ömürdən bir az da möhlət istəmişdi. İndi o möhlət nə vaxtdan bəriydi qurtarmışdı, altı ay idi ki, Sona gözlərini yollardan yığmışdı, dünyaynan halallaşıb ölüm yatağına bürünmüşdü.
Qara zurna göynədə-göynədə çalırdı. Qızlar, gəlinlər əl-ələ, qol-qola yallı gedirdilər. Sona qarı heç kəsi görmürdü və heç kəs Sonanı görmürdü. O hava iliyinə qarışıb sümüklərinə yayılırdı, sümükləri öz-özünə oynayırdı.
Qara zurna oynayanları bir-bir yorub ortadan çıxarır, süst halda oturacaqlara salırdı.
Meydan tamam boşalmışdı. Zurnaçı Qara dərdli bir hava çalırdı. Elə dərdli çalırdı ki, elə bil qara zurna puçur-puçur yarpaqlayacaqdı. Elə dərdli çalırdı ki, oynamaq istəyənlər havanın sehrinə düşüb özlərini unutmuşdular, oynamaq yadlarına düşmürdü.
Handan-hana zurnaçı yorulub dayandı.
Sona qarı yerində dayana bilmirdi, əli-qolu, ayaqları oynayırdı, ürəyi oynayırdı, gözləri, bəbəkləri oynayırdı. Sona qarı nə illah eləyirdisə, özünü saxlaya bilmirdi. Və bir də gördü ki, meydanın ortasındadı. Qozbel Sona çalğısız oynayırdı. Zurnaçını da heyrət götürmüşdü; zurna dizinin üstündə ağzı açıla qalmışdı, bilmirdi gülsünmü, ağlasınmı, yoxsa çalsınmı?
Zurnaçı birdən-birə özünə gəldi, qarının oyununa uyğun çalmağa başladı, ancaq qarının havasını tapammırdı, qarı öz havasına oynayırdı, o havanın səsinə oynayırdı. O havanı heç bir alətdə çalmaq olmazdı.
Sona gəlinlə üzbəüz dayanıb oynayırdı. Elə bil gəlini qovub mağardan çıxarmaq istəyirdi, ancaq çıxarmırdı. Elə bil keçib gəlinin yanında oturmaq istəyirdi, oturmurdu.
Naxırçı qızının gözlərindən gildir-gildir yaş tökülürdü. Ancaq bu göz yaşları duvağın altından görünmürdü. Kimsə gəlib Sonanın qolundan tutmalıydı, tutmurdu. Kimsə gəlib Sonanı çəkib mağardan çıxarmalıydı, çıxarmırdı, hamı heyrət içində bu oyunun sonunu gözləyirdi.
Qarı oynadıqca mağarın qırışığı açılırdı. Və birdən qarı oynaya-oynaya gülməyə başladı. Yavaş-yavaş camaat da ona qoşuldu. Səs-küy mağarı bürüdü. Qarını görənlər uğunub özlərindən gedirdilər. Sona qarı qəhqəhə çəkə-çəkə oynayırdı, dünya dağıla vecinə deyildi. Zurnaçı hələ də qarının havasını tapammamışdı, qəribə, əcaib bir şey çalırdı. Sonra qarı oynaya oynaya mağardan çıxdı. Oynaya-oynaya həyət qapısından çıxdı. Oynaya-oynaya kəndi kəsib keçən ağ yola çıxdı.
Toy camaatı Sona qarının dalınca düşdü. Sona ayaqyalın oynayırdı, cırıq qaloşları çıxıb hardasa qalmışdı, köhnə, qara örtüyü boynundan düşmüşdü, bir çəngə ağ yumaq saçları pırpızlanıb durmuşdu.
Zurnaçı Qara əcaib havasını çala-çala qarıya çatmaq istəyirdi, ancaq çatammırdı. Camaat Sonanı qaytarmıq istəyirdi, ancaq qaytarammırdı. Sona qarı oynaya-oynaya gedirdi.
Sona qarı oynaya-oynaya birdən dikəlib durdu; kürəyindəki donqar tamam itdi. İndi dimdik oynayırdı, bayaqdan ikiqat bükülmüş qarı boylu-buxunlu bir arvad olmuşdu.
Sona qarının dikəlib durmağıyla zurnaçı Qaranın çaldığı o qəribə, əcaib hava dodaqlarında, barmaqlarının ucunda donub qaldı. İndi Sonanın qulaqlarında o hava daha aydın oxunurdu. Və Sona bayaqkı dəli ehtirasla oynaya-oynaya elə bil ki, düzdən-dünyadan çıxmaq istəyirdi, sehr kimi, ruh kimi qeyb olmaq istəyirdi.
* * *
Sabah yer üzünə dünyanın ən qərib gecəsi doğacaqdı; axşamdan başlayan payız yağışları bir həftə ara vermədən tökəcək, evləri, ağacları, yolları başdan-başa yuyub çimizdirəcəkdi.
Sona qarı bunu bilmirdi.
Sabah gecə Yetim İsmi onu tut ağacının altına çağıracaq, qolları arasına alıb gildir-gildir tökən payız yağışlarının altında bütün gecəni ovunduracaqdı.
Sona qarı bunu da bilmirdi.
Sabah gecə soyuq payız yağışlarının altında tut ağacı son xəzəllərini töküb bir daha yarpaq gətirməyəcəkdi.
Sona qarı bunu bilməyəcəkdi.
1985, Bakı
Dostları ilə paylaş: |