80
yüksək rütbəli zabitlərlə yanaşı sıravi əsgərlər də iştirak edirdi. Əsgərlərdən biri
atam haqqında dedi: — Baxmayaraq ki, o, rus deyil, Azərbaycanlıdır, ancaq bizim
üçün doğma atadan da yaxındır.
Atam həqiqətən də əsgərlə zabit arasında sərt sədd çəkməyən adam idi.
Əsgərin bütün hüquqlarını əlindən alan zabitlərlə o, heç vaxt razılaşmazdı. Məhz
bu keyfiyyətlərinə görə onu əsgərlər ata kimi sevir, hörmət edirdilər.
...Faris baba ilə görüşlərimin birində gördüm ki, o, lüğətlə bir Azərbaycan
yazıçısının romanını oxuyur.
—Faris baba, — dedim, — indən belə dil öyrənmək gec deyilmi?
—Öyrənirəm ki, İbrahim əmim kimi dünənə sabah deməyim.
O nə deməkdir?
— Bu saat danışacam, — deyib qoca iri gözlərilə gülümsündü. —
Xatirimdədir, 1914-cü ilin yazında atam məni də götürüb kəndimiz Salahlıya
gəlmişdi. Hələ müharibə başlanmamışdı. Atam doğma kəndinə, qohumlara baş
çəkməyi çox sevirdi. Ali rütbədə, yüksək bir yerdə işləməyinə baxmayaraq, ildə bir
neçə dəfə kəndə gedərdi. «Bu kənd, — deyirdi, — oğul, harda olsam mənimlədi,
adam nə qədər böyük şəhərlərdə, uzaq ellərdə olsa da doğmasını, ondan süd əmdiyi
yeri unuda bilmir. Buna haqqı da yoxdu».
Atam eşidir ki, İbrahim ağa Usubov da ailəsilə kəndə gəlib. Abdulla əmimlə
onun görüşünə gedirlər. Abdulla əmim İbrahim əmimdən soruşdu ki, nə vaxt
gəlmisən?
İbrahim əmim cavab verdi ki, «sabah».
Atam təəccübləndi ki, bu nə danışır. Abdulla əmim işin nə yerdə olduğunu
başa düşür. Gülə-gülə deyir:
— İbrahim, əgər sabah gəlmisənsə, yəqin ki, dünən də qayıdıb gedəcəksən.
— Qoca əhvalatı danışıb kədərlə gülümsündü. — İbrahim əmim, — dedi, — uzun
müddət Rusiyada qulluq etdiyindən Azərbaycan dilini bir az yadırğamışdı. Məni də
tale ölkədən-ölkəyə, şəhərdən-şəhərə atıb. Fransız, ingilis və bir neçə dildə sərbəst
danışıb yaza bilirəm. Amma hiss edirəm ki, yadlarla o qədər oturub-durmuşam ki,
doğmamı unutmaq ərəfəsindəyəm.
Faris baba çoxillik ömründə bitib-tükənməyən hadisələrin, əhvalatların
şahidi olmuşdu. Heyf ki, bu səmimi, mehriban qoca ilə görüşüm onun həyatının
son günlərinə təsadüf etdi. O, bizim işıqlı dünyamızdan ömrünün doxsan dördüncü
ilində köçdü.
Minillik ədəbiyyata, mədəniyyətə malik xalqımızın minillik də qəhrəmanlıq
tarixi var. İgid Cavanşirin, əyilməz Babəkin, köhlən at belində yadellilərə qarşı
vuruşan Koroğlunun, Nəbinin adı həm öz xalqının, həm də bütün bəşər tarixinin
səhifələrində yaşayır. Onların hər biri öz doğma torpağını, öz yurdunu, öz xalqının
əsrlərdən bəri yaratdığı mədəniyyəti qəsbkarlardan mərdliklə müdafiə etmişdir.
81
Hər əsr tarixə öz qəhrəmanlarını verib, hər igid özünün şücaəti ilə gələcək
nəslə örnək olub.Zaman keçib, illər ötsə də onlar yenə unudulmur, tarixin əbədi
yaddaşında, sənədlərdə həmişəyaşar qalırlar.
İnanırıq ki, hərb tariximizin səhifələrində general-mayor İbrahim ağa
Usubov da beləcə yaşayacaqdır.
Yaralı söhbət
Topoqraf general İbrahim ağa Vəkilovun qəribə taleyi ilə bağlı axtarışlar
aparıb mətbuatda çıxış etdikdən sonra onun doxsan iki yaşlı oğlu Faris baba ilə
dostluğumuz başlandı. Bir neçə dəfə görüşdükdən sonra qoca məna etibar edib öz
həyat yolundan, əmisi general-mayor İbrahim ağa Usubovdan danışdı. Hər dəfə
görüşəndə günahsız olaraq həbs edilib əvvəl Mordoviyada, sonra Karaqandada on
səkkiz il çəkdiyi əziyyətlərdən, iztirablardan yana-yana, bir-birindən dəhşətli
əhvalatlar söyləyirdi.
Eşitmişdim ki, Faris babanın kiçik qardaşı polkovnik Qalib Vəkilovun
komandir kimi böyük xidmətləri olub. Onu da otuz yeddidə həbs ediblər. Arabir
qardaşı haqqında soruşurdum. Hər dəfə də o, söhbətin yönünü dəyişir və bu barədə
danışmaq istəmirdi. Yüzü haqlayıb, uşaq kimi kövrək olan qocanın qəlbinə
dəyməyə qıymırdım. Bir dəfə söhbəti Çingiz İldırımdan saldım. Bilirdim ki, Çingiz
İldırımla Qalib dost olublar. Qoca məcbur olub ötəri bir əhvalat danışdı. Mən əl
çəkməyib, — Qalib niyə tutulub, — deyə soruşanda qoca qəmli-qəmli üzümə
baxıb xeyli dinmədi. Bu an divardakı qədim saatın səsi bizi diksindirdi. Hər ikimiz
dönüb ona baxdıq. Əqrəblər düz on birin üstündə dayanmışdı. Bu gün Faris baba
ilə söhbətimiz həmişəkindən daha çox olmuşdu. Həqiqətən onu bərk yormuşdum.
Durub getmək istəyəndə qoca əlimdən yapışıb:
— Bərk yorulmuşam, — dedi. — Qoy qardaşım Qalib haqqında söhbət
sonraya qalsın, onun faciəsi çox uzundur. Bu, illərlə ürəyimdə gəzdirdiyim yaralı
bir söhbətdir. — Yazıq görkəm alan qoca üzrxahlıq elədi: — incimə, gələn şənbə-
bazar gözləyəcəm...
Təəssüf ki, Faris baba mənə görüşmək üçün vəd etdiyi bazar gününə kimi
yaşamadı...
Sonralar Qalib Vəkilovun doğma qızı Leyla xanımla bir neçə dəfə
görüşdüm.
General Əliağa Şıxlinskinin onlarda saxlanan nadir şəkillərinin üzünü
çıxartdıranda, general babası İbrahim ağa Vəkilov haqqında veriliş hazırlayanda
arabir atası haqqında da soruşurdum. O da əmisi kimi suallarıma çox qısa cavab
verir və nədənsə bu mövzunun üstündən sükutla keçirdi.
«...Bu gün bütün bunlar qəribə görünür, ancaq o illər repressiya olunanların
hətta uşaqları da bəzən öz ata-analarının günahkar olmasına inanır və açıq-aşkar
82
onlardan üz çevirirdilər. Bu nə ilə əlaqədar idi? Qorxaqlıqla, öz şəxsi həyatını
qorumaqla? Bu da vardı, əsas səbəb yalnız kor-koranə, fanatik inam idi».
Professor Nikolay Truşenkonun bu sətirlərini «Smena» jurnalında (1988, №
9) oxuyanda dərhal Leyla xanımı xatırladım. Susmağının səbəbini sanki bu
sətirlərdə tapmışdım. Elə ki, atası haqqında danışmağa başladı, bir daha gördüm və
hiss etdim ki, Leyla xanımdan qorxu hissi doğrudan da çox uzaqdır. Zarafat
deyildi, doğma atadan danışmaq, yazmaq əlli ildən çox idi yasaq edilmişdi. O heç
vaxt «xalq düşməni» adlandırılan atasından üz döndərməmişdi. Nə kor-koranə,
fanatikcəsinə «ellər atası Stalinə», nə də cəllad M. S. Bağırova özünün pənahı kimi
pərəstiş edə bilməmişdi. O illərdə incidilmiş əlli bir min «gözükölgəli»
azərbaycanlı ailəsindən biri kimi dərdini ürəyində çəkmişdi. Və bəlkə də Leyla
xanımın ağlına gəlməzdi ki, vaxt gələcək aşkarlığın, demokratiyanın işığında hər
şey açıq-aydın etiraf ediləcək. Bütün gümanlar, şübhələr ürəklərdən silinib
atılacaq, haqq-nahaq öz yerini tapacaq.
—Təəssüf ki, mən atamı babam İbrahim ağadan daha az görmüşəm, —
Leyla xanım söhbətinə general babasından başlayır. — İlk dəfə atam Qalib həbs
ediləndə mənim cəmisi altı yaşım vardı. İkinci dəfə isə on üç yaşında idim. Ona
görə də atam haqqında anamın söhbətlərindən yadımda qalanlar daha çoxdur.
—Bəs general babanız İbrahim ağa Vəkilov atanız həbs ediləndə sizə onun
haqqında heç nə danışmayıb?
—Yox, babam heç vaxt oğlunun günahsız həbs olunması haqqında söhbət
salmazdı. Sonralar mənə məlum oldu ki, babam atamın tutulmasını ürəyində
sağalmaz yara kimi gəzdirirmiş. Mənim kimi körpə qız uşağına xalqının, Vətəninin
rifahı üçün çalışan atamın xidmətlərini və onun günahsızlığını başa salmaq
iqtidarında deyilmiş. Atam tutulandan sonra babamın qəddinin əyilməyini indi də
gözüm önünə gətirəndə kövrəlirəm. Babam o ağır illərdə qanadları qırılmış quş
kimi gəzirdi.
General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində üç övlad böyüyürdü.
Qleb sənətdə atanın yolunu seçdi. O, hərbçi olmaq məqsədi ilə Tiflisdəki
kadet korpusunu müvəffəqiyyətlə bitirib Xarkovdakı üçüncü Aleksandr adına Ali
hərbi-texniki instituta qəbul olundu. İkinci kursdan sonra Qleb Vəkilov könüllü
olaraq həmin institutu tərk etdi. Sonralar Moskvadakı Alekseyev hərbi məktəbində
təhsilini davam etdirdi.
Əsrin əvvəllərində fəhlə sinfi ayağa qalxıb mütləqiyyətin rədd olunmasını
tələb edirdi. Qanlı bazar hadisələrindən hiddətlənən xalq hərəkatı coşmuşdu.
İmperiyanın hər yerində çarizmin qanlı cinayəti nifrətlə qarşılandı. Belə təlatümlü,
qarışıq bir dövrdə ananın da, atanın da əzabı onlara dinclik vermirdi. Peterburqda
təhsil alan böyük oğlu Borisi, Moskvada yunger məktəbində oxuyan Qlebi də bir
sual düşündürürdü. Mən kiməm, hansı millətə məxsusam? Bu izahedilməz müdhiş
sual qarşısında qalan hər iki qardaş tez-tez ana-ataya müraciət edirdilər.
Dostları ilə paylaş: |