69
İnsan bioloji, ictimai varlıq kimi xarici
mühitlə daimi əlaqədə olub, onun fəaliyyətini psixi prosesin
qanunauyğunluqlarından ayrılıqda təssəvvür etmək qeyri-mümkündür. Məsələyə bu baxımdan yanaşmış
olsaq, deməli, bioloji, psixoloji, ictimai və s. qanunauyğunluqlara aid ümumi biliklər fiziki tərbiyənin
düzgün təşkilinin mühüm amili kimi, eyni zamanda onun elmi – nəzəri əsaslarına daxildir.
Fiziki tərbiyə prosesi bu prosesdə iştirak edən şagirdin baş beyin yarımkürələri qabığı ilə, ali
sinir sisteminin qanunauyğunluqları ilə, həmçinin müvafiq psixi proseslərlə qarşılıqlı sıx bağlı olur.
Həmin sahədə qazanılmış konkret biliklər də ( fizioloji, psixoloji və ictimai hadisələr üzrə) fiziki
tərbiyənin səmərəli təşkilinin tərkib hissəsidir. Bundan əlavə, xarici mühitin qanunauyğunluqları üzrə
biliklər, fiziki tərbiyə prosesində qarşıya çıxan didaktik qanunauyğunluqlarla fiziki hərəkətlərin yerinə
yetirilməsini təmin edən müvafiq fizioloji, psixoloji biliklər də fiziki tərbiyə təliminin lazımi səviyyədə
təşkilinin əsaslarına aiddir.
Fiziki tərbiyənin düzgün təşkilində vacib şərt olan elmi-nəzəri əsaslar haqqında söylədiklərimizi
konkretləşdirmək məqsədi ilə onun fizioloji əsaslarına istinad etməklə nümunələr göstərək. Həmin
nümunələrdən biri fiziki hərəkətlərin fəal istirahətlə sıx əlaqədar olmasıdır. İ.M.Seçenov
fəal istirahətin
hərəkətlərlə bağlı olması ideyasını ilk dəfə olaraq elmi cəhətdən işləmiş və bunun nəzəri əsaslarını tədqiq
etmişdir. O, müəyyənləşdirmişdir ki, orqanizmin işdən sonra sakit vəziyyətdə saxlanması iş qabiliyyətini
tam mənası ilə bərpa etmək mümkün deyildir. İşdən sonra orqanizmi yalnız sakit vəziyyətdə saxlamaq
yox, əksinə xüsusi hərəkətlərlə onun iş qabiliyyətini bərpa etmək vacibdir. İ.M.Seçenovun fikrincə
yorulmuş üzvə müvəqqəti olaraq istirahət verdikdən sonra, yorulmamış üzvün işləməməsi, bu üzvdə
qıcıqların əmələ gəlməsinə və bu qıcıqların mərkəzi sinir sisteminə verilərək yorulmuş üzv mərkəzinin
tam istirahət etməsinə və beləliklə, həmin üzvün iş qabiliyyətinin daha tez bərpa edilməsinə səbəb olur.
O, təcrübə də sübut etmişdir ki, fizioloji nöqteyi-nəzərdən istirahəti mütləq sakitlik kimi başa düşmək
olmaz. Bir işin başqa işlə əvəz edilməsinə itirahət forması kimi baxmaq lazımdır.
Müşahidə olunduğu kimi, məktəblərdə, idarə və müəssisələrdə təşkil olunan bədən tərbiyəsi
fasilələri də fəal istirahətin formalarından biri olmaqla, məhz fiziki hərəkətlərin elmi-nəzəri əsası olan
fizioloji əsaslarda həyata keçirilir.
A.A.Uxtomski sübut etmişdir ki, işdən qabaq hərəkətlər etdikdə, əmək qabiliyyəti artır, orqanizm
normal iş ritminə daxil olur. İşin ritmini və sürətini birdən-birə müəyyən bir qaydaya salmaq mümkün
deyildir. Bunun üçün əvvəlcədən fəal tədbirlər həyata keçirilməlidir. İşdən əvvəl gimnastikanın həyata
keçirilməsi də həmin fizioloji fikrə əsaslanmışdır.
İ.P.Pavlov iş qabiliyyətini yüksəltmək, yorğunluğun və fəal istirahətin əsas səbəblərini öz
əsərlərində belə şərh etmişdir: «… əmək qabiliyyətini uzun müddət saxlamaq üçün iş ilə istirahət vaxtının
düzgün növbələşdirilməsi böyük əhəmiyyətə malikdir». O,
daha sonra göstərir ki, beyin qabığının
müəyyən nayihəsinin uzun müddət qıcıqlandırılması, bu nahiyyənin işgörmə qabiliyyətini azaldır, lakin
bu zamani işin xarakteri dəyişdirilərsə, yəni beyin qabığının başqa hüceyrələri işləməyə məcbur edilsə, bu
zaman əvvəlki nayihənin qabiliyyəti tez bərpa olunar. Göstərilənlərdən aydın olur ki, hər hansı bir
əmək fəaliyyətinin (fizioloji) başqa bir əmək fəaliyyəti ilə əvəz olunması (zehni) uzun müddət işləyən
beyin qabığı nahiyyəsinin istirahətini təmin edir. Bütün bunlar şagirdlər üçün nəzərdə tutulmuş gün
ərzində görəcəyi hərəkət rejiminə də aid edilir. Burada ailə şəraitində təşkil olunan səhər gimnastikası,
dərsəqədər gimnastika, ayrı-ayrı fənlərin tədrisi zamanı təşkil olunan bədən tərbiyəsi dəqiqələri (2-3
dəqiqə), fasilə vaxtı (böyük tənəffüsdə) keçirilən müxtəlif növ oyunlar, əyləncələr, yuxudan qabaq gəzinti
və s. daxildir.
Fiziki tərbiyə proqram materiallarının seçilməsi, onun siniflər üzrə bölünməsi, fiziki tərbiyə
dərslərinin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin və s. təşkili
və keçirilməsi tam olmasa da, hər
halda həmin fizioloji prinsiplər üzərində qurulmuşdur. Fiziki tərbiyə dərslərinin 3 hissədən ibarət
qurulması (hazırlıq, əsas və tamamlayıcı) onun elmi-nəzəri cəhətdən düzgün və səmərəli qurulmasına
əyani sübutdur. Çünki fiziki tərbiyə dərsinin hazırlıq hissəsinin başlıca vəzifəsi şagirdlərin orqanizminin
anotomik və funksional fəaliyyətinin işdən qabaq əsas işə (hissəyə) – yəni hərəkətləri və yaxud müxtəlif
idman növləri üzrə fəndlərin texnikasına yiyələnməyə hazırlamaqdan, taktiki variantların
mənimsənilməsinə yönəltməkdən, bu sahədə iş qabiliyyətini yüksəltməkdən ibarətdir. Əsas hissədə isə
hərəkətlərin texnika və taktikası təlim olunur. Dərsin tamamlayıcı hissəsində mühüm vəzifə kimi
orqanizmin funksional fəaliyyətinin gərginliyini azaltmaq, təxminən əvvəlki vəziyyətə gətirməkdir. Bu
70
isə orqanizmi nisbətən sakitləşdirmək, fiziki iş görmə qabiliyyətini sadə və rəngarəng oyunlarla, diqqəti
cəlb edən təmrinlərlə və tənəffüs hərəkətləri vasitəsilə azaltmaq, başqa sözlə desək, beyin qabığının
müvafiq nahiyyəsinin uzun müddət qıcıqlanmasının (yanmanın) qarşısını almaq,
digər hüceyrələri
işləməyə məcbur etmək, beləliklə, əvvəlki nahiyyənin iş qabiliyyətini bərpa etmək, onları növbəti iş
növünə hazırlamaq – zehni əmək tələb edən fənlərin (riyaziyyat, fizika, tarix və s.) tədrisinə, xüsusən də
bu fənlərin yüksək səviyyədə qavranılmasına əvvəlcədən hazırlamaqdan ibarətdir.
Fiziki tərbiyə təliminin elmi və təcrübi əsaslarının digər cəhətlərinin tədqiqatın müvafiq fəsillərində şərh
ediləcəyini nəzərə alıb, bu barədə fikirlərimizi deyilənlərlə məhdudlaşdırmağı lazım bilirik. Fiziki tərbiyə
proqramının, ədəbiyyatın və dərslərin müşahidəsinin təhlilindən, müəllimlərlə söhbətdən məlum olur ki,
milli fiziki tərbiyə vasitələri və təlim metodlarından səmərəli istifadə, fiziki tərbiyə prosesində özünə
layiqli yer tutmamış, eləcə də müəllimlər bu sahədə çox az biliyə malikdirlər.
Həmin məsələyə dair
qarşıya bir sıra suallar çıxır:
- Fiziki tərbiyə üzrə proqramlar üçün materiallar seçərkən baş beyin yarımkürələri qabığının
fəaliyyətini nəzərə almaq olarmı? - Fiziki tərbiyə üzrə təlim işlərinin effektivliyinin
artırılmasında uşaq orqanizminin böyümə və inkişafının qanunauyğunluqlarını öyrənməyin əhəmiyyəti
vardırmı?
- Fiziki tərbiyə sisteminin təkmilləşdirilməsi məqsədi ilə ali sinir fəaliyyətinin müvafiq
qanunauyğunluqlarına istinad mümkündürmü?
- Nəhayət, həmin qanunauyğunluqlar hansılardır?
Qoyulmuş suallar fiziki tərbiyənin səmərəli təşkilinin fizioloji əsasları ilə bağlıdır və istər-
istəməz onları tədqiq etmək zərurəti meydana çıxır.
Fiziki tərbiyə prosesinin səmərəli təşkili yalnız fizioloji cəhətdən deyil, eyni zamanda şagirdlərin
psixoloji məsələləri ilə əlaqədardır.
Buna görə də tərbiyənin təlimində psixi proseslərə diqqət yetirmək olduqca əhəmiyyətlidir. Bunun təlim
sistemində həm nəzəri və həm də böyük təcrübi faydası vardır. Bunları nəzərə alıb, biz fiziki hərəkətlərin
təliminin psixoloji xüsusiyyətlərinə də diqqət yetirməli, xüsusilə həmin işin ayrı-ayrı psixoloji proseslə
əlaqəsini
öyrənməli, təlim dövründə səmərəli istifadə etməlidir. Duyğu, eşitmə, görmə, təvəvvür,
qavrama, diqqət, təfəkkür və i.a. psixoloji proseslərin fiziki tərbiyə prosesinin optimal təşkilinə müsbət
təsirini nəzərə alıb, bunların funksional fəaliyyətini həmin işə cəlb etməlidir. Bundan əlavə, fiziki tərbiyə
vasitələrinin, o, cümlədən milli fiziki hərəkətlərin şagirdlərin psixologiyasına təsirini öyrənməli, təlimə
müsbət təsir göstərən psixoloji şərtləri aşkara çıxarmalıdır.
Söylənilənlər fiziki tərbiyə prosesinin səmərəliliyinin artırılmasında xüsusi əhəmiyyət kəsb etməklə
bərabər, onun psixoloji əsaslarının mühüm tərkib hissəsidir.
Bunlardan belə bir qənaətə gəlmək olur ki, fiziki tərbiyə işlərinin səmərəli surətdə həyata
keçirilməsinin elmi-nəzəri əsaslarını tədqiqatlar aparmaq yolu ilə aşkara çıxarmaq və təcrübi məşğələlərin
təşkilində ondan müvəffəqiyyətlə istifadə etmək lazımdır.
Bunu nəzərə alsaq, tədqiqatın bu fəslində fiziki tərbiyənin məzmununun yeniləşdirilməsində və təlim
metodlarından istifadədə mühüm amil olan uşaq orqanizminin böyümə və inkişafının
qanunauyğunluqlarını, fizioloji və psixoloji əsaslarını araşdırmağa səy göstərəcəyik.
A.A.Uxtomski bir sıra sinir mərkəzlərinin bu cür uyğunlaşma fəaliyyətinin müəyyən işlərin icrasını
təmin etməsini öyrənmiş və onu dominat adlandırmışdır. Bütün bunlar göstərir ki, insanın istər mürəkkəb
və istərsə də sadə olsun, hər cür əmək fəaliyyəti mərkəzi sinir sisteminin ali hisslərində müvafiq
istiqamət alması, sinir mərkəzlərinin işində sistemliliyin işçi quruluşunun (işçi dominat) olması
nəticəsində təşkil edilir.
Sual olunur: Bəs əmək fəaliyyətinin yüngülləşməsinə səbəb nədir? Həyat təcrübəsindən məlum olur ki,
əmək növündən heç də asılı olmayaraq, ona müsbət təsir göstərən işin təkrar-təkrar, yəni dəfələrlə yerinə
yetirilməsi konkret desək, hərəkətlər təkrar edildikcə, həmin sistem daha da möhkəmlənir,
bir növ adət
halına keçir. Başqa sözlə desək, eyni qıcıqların eyni şəraitdə, eyni mühitdə dönə-dönə təkrarlanması
nəticəsində yüngülləşməsinə səbəb olur. Doğrudan da, hər bir şəxs öz üzərində və ya başqalarının
üzərində müşahidələr aparmış olsa, o, çox asanca hiss edə bilər ki, hər bir əmək fəaliyyəti təkrar
edildikcə, onda əmək vəziyyəti asan yaranmaqla, həm də daha da yüngülləşir. Heç şübhəsiz ki, bütün
bunlar əmək fəaliyyətini yüksəldir və iş qabiliyyətini artırır.