Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   145

 59
yürüş  və ekskursiyalarda, müxtəlif cür əyləncələr təşkil etməklə, həmçinin müxtəlif  şəraitdə müxtəlif 
hərəkətlərin, oyunların icra olunması, eləcə  də  çətinləşdirilmiş maneələrin qət edilməsi yolu ilə inkişaf 
etdirmək mümkündür. Bu şərtlə ki, hərəkət və oyunlar düzgün təşkil olunsun və lazımi səviyyədə 
keçirilsin. Bu zaman uşaqlarla təşkil olunan fiziki hərəkət məşğələlərinin sıxlığına, fiziki yükün yaşa, 
fiziki hazırlığa və inkişafa uyğun olması əsas şərtdir. 
              Sürət –  hər hansı  işi və ya hərəkəti daha tez yerinə yetirmək qabiliyyətidir. Eyni məsafəni 
hamıdan tez başa vurmaq, müxtəlif maneələri sürətlə qaçmaq, velosiped və xizək sürməklə sürətə nail 
olmaq olar. Qəflətən verilən siqnallar vasitəsilə, hərəkətin müxtəlif tempdə və ritmdə icrası və startdan 
çıxmaqla irəliləmələr yolu ilə də sürəti artırmaq olar. 
              Sürəti inkişaf etdirməkdən ötrü sürət hərəkətlərindən  əlavə, müxtəlif növ dəyişkən 
situasiyalardan ibarət məzmun kəsb edən müxtəlif oyunlardan da istifadə olunur. Fiziki hərəkətlərin 
yerinə yetirilməsi zamanı onların düzgün dozalaşdırılması,  həmçinin onların dəyişən tempdə və ritmdə 
icrası da sürətin tərbiyə olunmasında vacib əhəmiyyət kəsb edir. 
              Cəldlik  –  hər hansı bir işi, habelə fiziki hərəkətləri, oyunları ani olaraq düzgün, cəldliklə icra 
etmək qabiliyyətinə deyilir. Cəldlik həm də mürəkkəb koordinasiya hərəkətlərini tez bir zamanda 
mənimsəmək, müvafiq şəraitin tələbinə uyğun fiziki hərəkətlərin yerinə yetirilməsi kimi başa düşülür. 
Cəldlik  ən çox yeni hərəkətlərin öyrənilməsi prosesi, həmçinin öyrənilmiş  hərəkətlərin təkrarı  və onun 
yeni hərəkətlərlə koordinasiyası zamanı inkişaf edir. Çünki əvvəllər öyrənilmiş  hərəkətlərlə yeni 
hərəkətlərin əlaqələndirilməsi sinir sisteminin hərtərəfli işgörmə qabiliyyətini yüksəldir. Bütün bunlar isə 
hərəkətin koordinasiyasını yaxşılaşdırır, yeni hərəkət növlərini mənimsəmək qabiliyyətini təkmilləşdirir. 
Bundan əlavə, cəldlik şəraitin dəyişməsi tələbindən asılı olaraq bir hərəkətdən o birinə tezliklə keçmək 
bacarığını  və  fəaliyyətini təmin edir. Gimnastika hərəkətləri, oyunların, tullanmaların, atmaların icrası 
zamanı cəldliyi daha da genişləndirmək olar. Bir cəhəti də qeyd etmək lazımdır ki, ibtidai yaşlı uşaqların 
sinir sistemi plastik olduğu üçün bu yaşda cəldlik daha sürətlə inkişaf edir. 
              G ü c– böyük əzələ  gərginliyi hesabına xarici müqavimətin və yaxud maneələrin aradan 
qaldırılması kimi başa düşülür. 
              Hər hansı bir fiziki hərəkət icra olunarkən, yük apararkən, güləşərkən və i. a. zamanı az və ya 
çox güc sərf etmək lazım gəlir.  Gücü inkişaf etdirmək müxtəlif çəkili əşyalardan (doldurulmuş toplardan, 
daşlardan), sallanma hərəkətlərindən, dayaq hərəkətlərindən, atmalardan, yadronun itələnməsindən, 
tullanmalardan, dartınma oyunlarından, kəndirə dırmanmadan və s. hərəkətlərdən istifadə olunur. 
              Demək, qüvvə  və sürət-güc hərəkətlərindən səmərəli istifadə etmək vasitəsilə gücü daha da 
inkişaf etdirmək olar. Həmin yaşlarda gücü inkişaf etdirmək üçün statik xarakterli hərəkətlərdən,  xüsusi 
güc hərəkətlərindən istifadə  məsləhət görülmür. Statik hərəkətlərdən istifadə  tənəffüsün normal 
edilməsinə mane olur. Bu da nəticə etibarı ilə ürək-qan-damar və sinir sisteminin normal fəaliyyət 
göstərməsinə  əngəl törədir. Öz gücündən istifadə edərək güc sərf etmək isə daha çox əzələ qüvvəsi 
işlətməyə səbəb olur, bu isə onların həddən artıq gərginləşməsi ilə nəticələnir. 
              İbtidai məktəbyaşlı  uşaqların gücünü artırmaq məqsədilə  ən çox dinamik mahiyyətli fiziki 
hərəkətlərdən istifadə tövsiyə edilir. Bura müxtəlif növ tullanma və atma (tullama) hərəkətləri daxildir. 
Həmin hərəkətlərin idman əşyaları – vasitələri ilə icrası daha faydalı olur. 
              Dözümlülük-  uzun müddət tələb edən fəaliyyətə orqanizmin davam gətirməsidir. Dözümlülük 
dinamik  şəraitdə  və statik mühitdə özünü büruzə verə bilər, yəni hərəkət zamanı  və  həm də yerində – 
hərəkət etmədən dözümlülüyü nümayiş etdirmək olar. Suyun altında müəyyən müddət nəfəs almadan tab 
gətirmək, uzaq və ya qısa məsafəyə sürətlə qaçmağa dözmək dözümlülüyü inkişaf etdirir. 
              Dözümlülük iki cürdür: ümumi və xüsusi. Ümumi dözümlülük – uzun müddətə, həm də ardı-
arası kəsilmədən şərtlənir (üzün müddət yeriş, qaçış və s.). Xüsusi dözümlülük isə müəyyən bir fəaliyyət 
üçündür. Bu idmanla daha sıx bağlıdır. Qısa məsafəyə qaçış üçün sürət dözümlülüklə bir-birini 
tamamlayır. Həmin hərəkətlər icra olunarkən fiziki yükün tədricən artırılması (məsələn, yeriş  və qaçış 
məsafəsinin artırılması), məşğələ üçün vaxtın uzadılması, eləcə  də  uşaqların xüsusiyyətlərinin nəzərə 
alınması da dözümlülüyün inkişafına kömək edir. 
              Çeviklik  – Orqanizmin üzvlərini istənilən anda istənilən tərəfə yönəltməkdir. Çeviklik dayaq 
hərəkət aparatının müəyyən bir hissəsinin mütəhərrik olması ilə xarakterizə olunur. O, hərəkətin müəyyən 
amplitudada icrasına xidmət edir. Bu isə sürət, cəldlik və i.a. keyfiyyətlərin qənaətlə sərf edilməsini və 


 60
onların fəaliyyətini tam sürətlə təmin edir. Qaçış, hoppanmaların müxtəlif növlərinin icrası vaxtı çeviklik 
tərbiyə olunur, hərəki bacarıq və vərdişlərin müasir təkmil formalarını mənimsəmək mümkün olur. 
              Elastiklik– bədənə istənilən vaxtda istənilən formanı verməkdir. Bədənə yuvarlaq forma vermək
ensiz bir yerdən keçmək, müxtəlif növ akrobatika hərəkətlərini yerinə yetirmək nəticəsində  bədənin 
elastikliyini təmin edir. 
 
Statik vəziyyətdə və hərəkət zamanı düzgün qamət 
vərdişlərinin formalaşdırılması 
              Dinamik  hərəkətlər  əzələlərin bu və ya digər qruplarına təsir edir. Bu zaman bir əzələ qrupu 
işlədikdə, digəri istirahət edir və əksinə. 
              Statik hərəkətlərdə isə eyni əzələ qrupları uzun müddət gərginlikdə qalır. Yəni onlar fəaliyyət 
göstərirlər. Bu da uşaqların orqanizminə  mənfi təsir göstərə bilir. Qan dövranını  çətinləşdirir, hərəkət 
aparatının işinə mane olur. Məktəbyaşlı uşaqların iş qabiliyyəti aşağı olduğu üçün onlara statik hərəkətləri 
həddən artıq tətbiq etmək lazım deyil.  
              Qamətin düzgün inkişafını  təmin etmək mürəkkəb və  çətin işdir. Uşaqlar oturarkən, ayaqüstü 
vəziyyətində, yeriyərkən onlara düzgün qamət hərəkətləri verilməlidir. Bunu bədən tərbiyəsi dərslərində 
və şagirdlərin hərəkət gün rejimində etmək lazımdır. 
              Gözəyarıölçmə.  Bu elə bir keyfiyyətdir ki,  gözün və əzələnin (duyma) köməyi ilə insana hər 
hansı bir məsafəni təxmini də olsa müəyyənləşdirmək qabiliyyətidir. Gözəyarıölçmə bütün fiziki 
hərəkətlərin və müxtəlif növ oyunların keçirilməsi zamanı inkişaf edə bilər. Bu şərtlə ki, uşaqların diqqəti 
bu hərəkətin yerinə yetirilməsinə yönəldilsin. Yeriş vaxtı  uşaqlar düzgün addım atmalı, istiqaməti 
gözləməlidirlər. Tullanmada təkan ayağını taxta üzərinə  dəqiq qoymalıdırlar ki, düzgün və güclü təkan 
verərək, müvafiq istiqamətə «uçuş» edə bilsinlər.  Sonra isə münasib yerə düşsünlər. 
              Gözəyarı ölçmə düzülmələrdə, xüsusən cərgə və sıraya düzülmələrdə daha yaxşı inkişaf edir (Bir 
cərgədən, sıradan, iki və ya daha çox cərgəyə, sıraya düzülmədə və əksinə). 
              Bir  sıradan və yaxud cərgədən dairə  təşkil etməkdə  də gözəyarı ölçmə inkişaf edir. Çünki bu 
zaman uşaqlar bir-biri ilə müvafiq məsafə saxlamalı  və düzgün dayanmalıdırlar.  Onlar bu işi gözün 
köməyi ilə görürlər. Cismin uzağa və istənilən nöqtəyə atılması da gözəyarı ölçmənin inkişafına zəmin 
yaradır. Uşaq bütün gücünü toplamaqla bərabər, atmanın dəqiq olması  məqsədilə üzv və sistemlərini 
cəmləşdirir. Uşaqların bir-birinin ardınca yeriməsi və qaçmasının özü də gözəyarı ölçməyə kömək edir. 
 Yuxarıda göstərilənlərlə bərabər, ibtidai məktəbin fiziki tərbiyəsinin qarşısında aşağıdakı vəzifələr 
də qoyulur: 
              «Vətənin müdafiəsinə hazıram» hərəkət kompleksi üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmək, 
fiziki tərbiyə, idman və gigiyena üzrə biliklərə sahib olmaq, mənəvi-iradi keyfiyyətlərə, yüksək 
mədəniyyətə yiyələnmək. 
 
 
1.4. Fiziki tərbiyənin vasitələri 
              İbtidai məktəb  şagirdlərinin fiziki tərbiyə vasitələri bunlardır:    fiziki  hərəkətlər (gimnastika, 
oyunlar, yüngül atletika, turizm və s.), təbii (hava, su, günəş) və gigiyenik amillər. Həmin vasitələr təcrid 
olunmuş vəziyyətdə deyil, birlikdə tətbiq olunduqda daha səmərəli olur. 
              Fiziki hərəkətlər.  
İnsanın konkret vəzifəsinin həlli ilə bağlı məqsədyönlü hərəki fəaliyyəti hərəkət adlanır. Hər bir hərəki 
fəaliyyət ayrı-ayrı hərəkətlərdən ibarətdir. İnsanın fiziki təkmilləşməsi üçün tətbiq olunan hərəkətlər fiziki 
hərəkət adlanır. Fiziki hərəkətlər fiziki tərbiyə qanunauyğunluqlarına uyğun təşkil olunmuş fəaliyyətdir. 
              Məktəbdə  əsas fiziki tərbiyə vasitəsi fiziki hərəkətlərdir. Fiziki hərəkətlər hərəki bacarıq və 
vərdişləri formalaşdırır, hərəkət aparatını inkişaf etdirir. Qan dövranını  və maddələr mübadiləsini 
yaxşılaşdırır, tənəffüsə müsbət təsir göstərir. Fiziki hərəkətlər surəti, cəldliyi, gücü, dözümlülüyü artırır, 
insan həyatı üçün vacib olan yeriş, qaçış, hoppanma, müvazinət və atmalar kimi təbii hərəkətlər üzrə 
vərdişləri təkmilləşdirir. Burada başlıca əhəmiyyəti hərəkətlərin seçilməsinə və keçirilməsi metodikasına 
yönəltmək lazımdır. Hərəkət və oyunlar seçilərkən uşaqların anatomik-fizioloji və psixoloji xüsusiyyətləri 
nəzərə alınmalıdır.  Uşaq orqanizminin xüsusiyyətlərinə görə onlara uzun müddət statik vəziyyətdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə