______________Milli Kitabxana_____________
232
başlamışdır. Alban dövrü incəsənəti özünün bir sıra mütərəqqi
sənət ənənələri və yaradıcılıq prinsipləri ilə orta əsr
incəsənətimizin inkişafı üçün möhkəm bünövrə yaratmışdır.
Bütün bunlara görədir ki, bu dövr qədim Azərbaycan incəsənəti
tarixində əsas və başlıca mərhələ kimi qəbul edilir və
incəsənətimizin daha qədim inkişaf mərhələləri hələlik, şərti
olaraq, «Alban dövründən əvvəlki incəsənət» kimi öyrənilir.
Alban dövründən əvvəlki incəsənət XII minillikdən
başlayaraq, e. ə. IV əsrə qədər olan uzun bir mərhələni əhatə edir.
Həmin dövrün başlanğıcında (Mezolit dövründə) yaşamış qədim
insanlar ibtidai icma quruluşunun ilk pilləsində baş vermiş tarixi
hadisələrin şahidi olmuşlar. Onlar madərşah-ana nəsli dövrünün
daş alətləri ilə vidalaşmamış mis-daş dövründə (eneolit) yeni
kəşflərə nail olmuşlar. Sonrakı tunc dövründə (e. d. III minilliyin
ikinci yarısı və II minillik) isə qədim əcdadlarımız pədərşahi-ata
nəsli dövrünün qanunlarına tabe olmuş, metaldan qüdrətli istehsal
alətləri yarada bilmişlər. Dəmir dövründə (e. ə. I minillik) bu
alətlər daha da təkmilləşmiş, tuncdan, əsasən, dini əşyaların
yaradılması və bəzək məqsədləri üçün istifadə edilmişdir. Bu
dövrdə Azərbaycanın qədim sakinləri məhsuldar qüvvələrin
inkişafı, əmək alətlərinin təkmilləşməsi nəticəsində ibtidai icma
quruluşu ilə tədricən vidalaşmışlar. Nəzərdən keçirdiyimiz bu
uzun dövr ərzində qədim qəbilələr yaşayış məskənləri və müdafiə
tikintiləri yaratmışlar ki, bu da əcdadlarımızın memarlıq
sahəsindəki ilk təcrübələri olmuşdur. Onlar eyni zamanda
rəssamlıq sahəsində də bacarıqlarını sına-yaraq, qayalar üzərində
heyvan və insan təsvirləri cızmışlar. Yurdumuzun ibtidai insanları
əşyaların davamlılığına və gözəlliyinə diqqət yetirərək ürəyəyatan,
gözəgəlimli dulusçuluq məmulatı, bəzəkli metal alətləri və s.
hazırlamışlar. Qədim həmyerlilərimiz özlərini bəzəməyi də
yaddan çıxarmamışlar. Onların yaratdığı tunc kəmərlər və nəfis
zərgərlik şeyləri qiymətli sənət əsərləridir. Əcdadlarımızın
minilliklər ərzində tərtib etdikləri piktoqrafik, təsvirli yazılar
ölkəmizdə ibtidai insan cəmiyyətinin mədəni inkişafını əyani
surətdə göstərən ən yaxşı nümunələrdir. həmin piktoqrafik yazılar
yazı mədəniyyətimizin tarixini mis dövründən (e. ə. IV
______________Milli Kitabxana_____________
233
minillikdən) başlamağa imkan verdiyi üçün dünyəvi əhəmiyyətə
malik tarixi abidələrdir.
Azərbaycanın coğrafi mövqeyi və təbii zənginlikləri
memarlığın təşəkkülünə və inkişafına müsbət təsir göstərmiş
amillərdəndir. Ölkədə müxtəlif növ inşaat materiallarının,
cürbəcür daşların və ağacların, gil, əhəng və gəcin bolluğu tikinti
işləri üçün şərait yaratmışdır.
Mağaralar. Azərbaycan ərazisində tapılmış mağaralar ən
ibtidai və ən qədim insan məskənləri kimi qiymətlidir. Belə
abidələrə misal olaraq, Qazax rayonunda Aveydağda tapılmış iki
mağaranı və Fizuli şəhərinin yaxınlığındakı Azıx mağarasını
göstərmək olar. 215-220 m uzunluğunda olan Azıx mağarası
Azərbaycan ərazisində ən böyük mağaradır. Onun böyük
otaqlarında çoxlu qaya rəfləri vardır ki, bunlardan bəzilərinin
altında 100-150 adam yerləşər. Bu əzəmətli mağaranın divarlarını
çoxlu təbii stalaktit formalar bəzəyir ki, bunlardan sonralar orta
əsr memarlığımızda da geniş surətdə istifadə edilmişdir.
Qobustanın «Böyükdaş» deyilən hissəsində də mağaralar
vardır. Burada təbii mağaralarla yanaşı, qayaların irəliyə doğru
uzanmış çıxıntılarının əmələ gətirdiyi süni mağaralar da
tapılmışdır. Bu tipli mağaraların qara dam yaşayış evlərinin ən
ibtidai forması olduğu güman edilir.
Daş dövrü üçün xarakterik olan təbii və süni mağaralar
Gəncəçay ətrafında, Qubadlı, Zəngilan, Qonaqkənd, Zuvand,
Mərəzə və başqa yerlərdə aşkar edilmişdir.
Meqalitik abidələr. Yunanca meqa - böyük, litos - daş
deməkdir. Ona görə də böyük qaya parçalarından qurulmuş qədim
abidələrə meqalitik abidələr deyilir. Meqalitik abidələrin bir çox
növləri vardır. Onlardan menhirləri, dolmenləri, kromlexləri, daş
qutuları, daş xiyabanları, qalereyaları göstərmək olar. Bəzən
siklopik tikintiləri də meqalitik abidələrə aid edirlər.
Meqalitik abidələr Avropanın bir çox ölkələrində və Krımda
aşkar edilmişdir. Qafqaz ərazisində də meqalitik abidələrin
müxtəlif tipləri tapılmışdır. Belə abidələr Azərbaycan ərazisində
də çox yayılmışdır. Əksər hallarda onlar dəfn kultu ilə əlaqədar
olaraq yaradılmışdır. Belə nəhəng abidələrin daşlarının ağırlığı 40,
______________Milli Kitabxana_____________
234
100, 300 ton olduğunu nəzərə alsaq, onların yaradılmasında külli
miqdarda insan qüvvəsinin sərf edildiyi aydın olar. Ona görə də
onların icma abidələri olduğu və ictimai xüsusiyyət daşıdığı
güman edilir. Meqalitik abidələr daş dövrünün sonunda meydana
çıxmış, tunc dövründə isə daha çox yayılmış memarlıq
nümunələridir.
Menhirlər şaquli olaraq yerə basdırılmış daşlara deyilir.
Menhir fransız sözü olub, (men-daş, hir-uzun) uzun daş
mənasında işlənir. Azərbaycanda çoban daşı adı ilə məşhur olan
belə abidələrə dağ və dağətəyi zonalarında rast gəlmək olur.
Onların hündürlüyü əksər hallarda bir metr və bəzən də daha çox
olur. Menhirlərə ancaq qəbiristanlıqda təsadüf edilir. Arxeoloqlar
müəyyən etmişlər ki, menhirlər tunc dövründən sonra öz
əhəmiyyətini itirmiş tarixi abidələrdir. Qədim qəbiristanlıqlarda
cərgələrlə düzülmüş bu şaquli, yonulmamış daşlar ölülər kultu ilə
əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş ölən adamı
təmsil edərək onu bu dünyada guya əbədi olaraq yaşadacaqmış.
Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə səciyyəli
abidələrdir. Maraqlıdır ki, tədqiqatçılar belə daşlar arasında,
ibtidai şəkildə olsa da, kişi və qadın heykəllərinə rast gəlmişlər.
Qədim Azərbaycanda uzun zaman istehsal alətlərinin
sabitliyi, ictimai formasiyaların dəyişməməyi nəticəsində əmələ
gəlmiş konservatizm, köhnəliyə, keçmişə pərəstiş əhval-ruhiyyəsi
qüvvətli şəkil alır və ibtidai insanların mənəvi aləminə, şüuruna,
ideologiyasına təsir edirdi. Bunun nəticəsində ortaya çıxmış atalar
kutu ibtidai icma, qəbilə ağsaqqallarına, başçılarına qarşı daimi
hörmət və pərəstişi qanuniləşdirmişdi. Ağsaqqallara sözsüz tabelik
və pərəstiş onlar öləndən sonra da davam edirdi. Tez-tez onların
qəbrinə yemək qoymaq, çətin günlərdə məsləhət almaq üçün
onların qəbrinə müraciət etmək atalar kultunun, əcdad kultunun
nəticəsi idi. Odur ki, qədim insanlar qəbiristanlıqdakı menhirlərin
altında dəfn edilmiş babaların köməyinə inanır, torpağın
münbitliyi, yağışın çoxluğu, məhsulun bolluğu işində onların
iradəsinin həlledici roluna etiqad edirdilər. Bu etiqad ikinci bir
əqidəni - ölülər kultunu yaratmış oldu. Ənənəvi olaraq davam
etmiş bu ideologiyanın, konservatizmin təsirinin nəticəsidir ki,
Dostları ilə paylaş: |