______________Milli Kitabxana_____________
241
Süni mağaralardan yarandığı güman edilən qaradamların
Azərbaycanda yayılması tunc dövrünə təsadüf edir. Çiy kərpicdən
tikilmiş belə binalar Mingəçevirdə tapılmışdır. Onların 3500-4000
illik qədim bir tarixi vardır.
Qaradam tipli yaşayış evlərinin qalıqlarına indi də rast
gəlmək olar. Onların qaradam adlanması güman ki, evin içərisinin
qaranlıq olması ilə əlaqədardır. Belə evlərdə xarici mühitlə əlaqə
ancaq qapı və baca vasitəsi ilə yaradılırdı. Evlər bir qayda olaraq
yoxuşa söykəndiyindən xaricə pəncərə açmaq mümkün olmurdu.
Bu tip evlərin tikilməsində yerin relyefindən istifadə edilməsi,
onların təpələrə söykədilməsi mənzilin yayda sərin, qış-da isə isti
olmasına kömək etmişdir. Qaradamın təpə şəkilli damından aşağı
axan yağış sularının evə tökülməməyi üçün qapının üstündə
xüsusi örtük qoyulurdu.
Tunc dövründə, eramızdan iki min il əvvəl Azərbaycanda
çiy kərpicin geniş yayılmış inşaat materialı kimi işlədilməsini
göstərən tikintilər də tapılmışdır. Ağdamın «Üzərliktəpə» deyilən
yerindən qazılıb çıxarılmış tikintinin qalıqlarını buna misal
göstərmək olar. Onun 20 metrə qədər uzanan enli divarları vaxtilə
buranın yaşayış yeri olduğunu göstərir. Divarların çiy kərpiclə
tikilməsində məhluldan istifadə edilmişdir.
Şimali Azərbaycanda olan qədim tikintiləri öyrənmək üçün
yaşayış binalarının tikinti qalıqlarından əlavə qaya təsvirlərinə,
müxtəlif tipli modellərə də müraciət etmək lazımdır. Bu cəhətdən
Mingəçevirdən tapılmış tunc dövrünün araba modelləri
səciyyəvidir. həmin modellərdə o dövrün yaşayış binalarının bir
çox əsas xüsusiyyətləri əks olunmuşdur. Bu modellərdən görünür
ki, ikitəkərli arabaları quraşdırarkən insanlar yaşadıqları evlərin
xüsusiyyətlərini nəzərə almışlar.
Mingəçevir araba modellərinin quruluşu, əksəriyyətlə,
konus şəklində olub, alaçıqları xatırladır. Onların aşağı hissəsində
qapısı, yuxarısında isə baca kimi istifadə olunan sivri formalı
damı vardır. Gildən hazırlanmış belə araba modellərinin xarici
səthi dairəvi cızma xətlərlə bəzədilmişdir.
Daha sonrakı Midiya dövləti dövründə (e. ə. VII-VI əsrlər)
Cənubi Azərbaycanda nəhəng və bəzəkli müdafiə tikintiləri ilə
______________Milli Kitabxana_____________
242
yanaşı saraylar və yaşayış binaları da yaradılmışdır.
Qədim yunan tarixçisi Herodotun verdiyi məlumata görə,
Midiyanın paytaxtı Ekbatan (indiki Həmədan) şəhərində əzəmətli
bir saray var imiş. Bu sarayda hündür taxta sütunlardan, memarlıq
ünsürlərinin bəzəyində qızıl və gümüşdən istifadə edildiyindən
bina olduqca cazibədar bir görkəmə malik idi.
Mütəxəssislər güman edirlər ki, bu dövrdə ant tipli yaşayış
binaları yaranmağa başlamışdır. Qarşısında eyvan olan evlərə ant
tipli binalar deyilir. Bu tikintilərdə eyvanların əmələ gəlməsi üçün
fasadda ön tərəfdən kənar divarlar irəliyə doğru uzadılmışdır.
Sonrakı dövrlərdə ant tipli binalar Azərbaycanda çox geniş
yayılaraq bir və ikimərtəbəli eyvanlı yaşayış evlərinin ortaya
çıxmasına səbəb olmuşdur. Bundan başqa, qülləvarı yaşayış evləri
də tikilirmiş. Məsələn Kişessu adlı Midiya şəhəri qülləli
binalardan ibarət olmuşdur.
Qədim Midiya ərazisində çox geniş yayılmış tikintilərə
misal olaraq, qaya məqbərələrini və atəşpərəstlik məbədlərini də
qeyd edə bilərik.
Qayalarda qazılmış məqbərələrin fasadı ant tipli yaşayış
binalarını xatırladır. Onların divarları insan təsvirlərindən ibarət
olan qabartmalarla bəzədilirdi. Məqbərənin qarşı tərəfində
yerləşən dəhlizdən sərdabə hissəsinə daxil olmaq üçün yol
düzəldilirdi. Bəzi qaya məqbərələrinin dəhlizində sütunlar
qoyulurdu. Onların yuxarısı, yunan memarlığında olduğu kimi,
antablement hissə ilə bitirdi.
Midiya atəşpərəstliyin mərkəzi hesab edilirdi. Bununla
əlaqədar olaraq dini binalar-məbədlər, atəş ibadətgahları o vaxtın
çox yayılmış memarlıq tikintilərindən hesab edilir. Belə
ibadətgahlar kiçik kürsülük üzərində ucalırdı. İbadətgahın ön
tərəfində bir taxça tikilir və taxçanın yuxarısı karniz şəklində
olurdu. Dini mərasimlər, ayinlər belə atəşgahların qarşısında, açıq
havada keçirilirdi.
Midiya ərazisində çoxlu şəhər olması, orada şəhərsalma
işlərinin geniş miqyasda aparıldığını nəzərə çarpdırır. Yunan
tarixçilərinin əsərlərində Ekbatan (paytaxt), Zombis, Patiqran,
Qazata (ərəb mənbələrində Ğənzə), Kiropolis, Evron, Arzakiya
______________Milli Kitabxana_____________
243
(yaxud Riqa) və Herakleya kimi Midiya şəhərlərinin adları çəkilir.
Qaya təsvirləri. Qaya təsvirlərinə petroqlif deyilir. Bu
termin yunan dilində petros-daş, qlif- oyma, cızma sözlərinin
birləşməsindən əmələ gəlmişdir. Petroqliflərə Orta Asiyada,
Sibirdə, Uralda, Krımda, Azərbaycanda, digər yerlərdə rast
gəlmək olar. Petroqliflər bizi qədim əcdadlarımızın yaşayış
yerləri, təsərrüfat formaları, həyat tərzi, məişət xüsusiyyətləri, dini
təsəvvürləri və bədii təfəkkür səviyyəsi ilə tanış edir.
Qobustan qayalıqlarından və Abşeronun
Şüvəlan
qəsəbəsindən, Ordubad yaylaqlarından və Kəlbəcər dağlarından
tapılmış qaya təsvirləri bu rayonlarda yaşamış qədim insanların
qoyub getmiş olduğu dəyərli mədəniyyət və incəsənət abidələridir.
Qobustan-Baş Qafqaz sıra dağlarının cənub-şərq
qurtaracağında yerləşmişdir. Buradakı qaya təsvirləri bir-birindən
uzaq, ayrı-ayrı yerlərdə yerləşmiş qayalıqlar üzərində iti daşla
cızılmışdır. Bu qayalıqlara yerli əhali «Böyükdaş», «Kiçikdaş»,
«Cingirdağ», «Şonqardağ», «Şıxqaya» və «Daşqışlaq» adı
vermişdir. Həmin qayalıqlar Bakıdan 50-60 km cənubda, Xəzər
dənizinin yaxınlığında yerləşir.
Bu qaya təsvirləri haqqında alimlər tərəfindən müxtəlif
fikirlər irəli sürülmüşdür. Bəziləri onların dini ayinlərin
keçirilməsində mühüm vasitə olduğunu göstərir, digərləri isə bu
təsvirləri ovda müvəffəqiyyət qazanmaq üçün icra edilən iş
magiyası (sehrkarlığı) ilə əlaqələndirərək onların incəsənət
mahiyyətini inkar edirlər.
Petroqliflərin anlaşılması üçün onlara öz dövrlərinin
tələbləri, ehtiyacları cəhətdən yanaşmaq lazımdır. Daş dövründə
insanların başlıca məqsədi qida əldə etmək idi. İbtidai insanlar
artıq qidalanmaq üçün mübarizənin, yaxşı atıb, sərrast vurmağın
başlıca şərt olduğunu dərk edə bilmişdilər. Odur ki, ən ibtidai şüur
səviyyəsində olanda belə ağıllarından, hiylələrindən çox,
qollarının gücünə və gözlərinə arxayın olurdular. Buna görə də
qədim əcdadlarımız ovlayacaqları heyvanın gücünü, qaçmaq
bacarığını yaxşı öyrəndikdən sonra onunla mübarizəyə
hazırlaşırdılar. Bu hazırlıq dövründə ovu uzaqdan yaxşı müşahidə
etmiş ovçular qaya üzərində onun konturlu şəklini çəkirdilər.
Dostları ilə paylaş: |