______________Milli Kitabxana_____________
106
şəhərində meydana gəlibmiş. Aydındır ki, şumerlərin təsəvvürünə
görə, hakimiyyət göydən düşmüşdür, yəni allah tərəfindən bəxş
edilibmiş. Buna uyğun olaraq şumerlər əfsanəvi hökmdarların
hakimiyyətini min və yüz illərlə ölçürdülər. Şumerlərin «Hökmdar
siyahısı» erkən hakimiyyəti əfsanəvi «Ümumdünya daşqınından»
əvvəlki dövrə şamil edirdi. Məsələn, Şuruppak şəhərinin hakimi
Ziusudra belə hökmdarlardan biri hesab edilirdi. Onun adı
əfsanəvi «Ümumdünya daşqını» ilə əlaqələndirilirdi. Guya o, 36
min il hökmdarlıq etmişdi. Ziusudra əfsanəvi hökmdar idi. Onun
surəti akkad dini əsatirlərində Utnapiştim, Tövratda Noy,
müsəlman dinində Nuh adı altında verilmişdir.
Şumerdə hökmdar hakimiyyətinin meydana gəlməsi e.ə. III
minilliyin birinci yarısına təsadüf edir, halbuki şumer yazılı
mənbələri, deyilən kimi, hökmdar hakimiyyətinin yaranmasını
daha əvvəlki, əfsanəvi dövrlərə şamil edir. Şumerdə dövlət
hökmdar hakimiyyəti şəklində artıq e.ə. IV minilliyin sonunda
meydana gəlmişdi.
Erkən sülalələr. Şumer şəhər-dövlətləri e.ə. III minilliyin
birinci yarısında meydana gəlmişdilər. Şumerdə mövcud olmuş
dövlətlər adətən erkən sülalələr adı daşıyırdılar. Erkən sülalələr
dövrü e.ə. XXVIII-XXIV əsrləri əhatə edir. Birinci erkən sülalə
dövründə (e.ə. XXVIII-XXVII əsrlər) Kiş şəhər-dövləti siyasi
üstünlük əldə etmişdi. I Kiş sülaləsinin onuncu hökmdarı guya
1560 il hakimiyyətdə olmuş əfsanəvi Etana idi. «Hökmdar
siyahısı» göstərir ki, Etana çoban idi. Guya o, qartal qanadı
üstündə göyə qalxmış, hakimiyyət rəmzini gətirmiş, sonra bütün
ölkəni birləşdirmiş və hökmdar olmuşdur. Etana Şumer dövrü
əfsanələrinin qəhrəmanı kimi məlumdur. Əfsanədə onun qartal
qanadı üstündə göyə qalxmağı təsvir edilmişdir. Kişdən sonra
Uruk şəhər-dövlətinin yüksəlişi başlandı. Uruk sülaləsi Kiş
sülaləsi ilə yanaşı mövcud olmuşdur. Birinci Uruk sülaləsinin
görkəmli hökmdarları En-Merkar, Luqalbanda və Gilqameş idi.
En-Merkar şərqdə Aratta ölkəsi ilə münaqişəyə girmiş və son
məqamda iqtisadi əlaqə yaratmışdı. Aratta Urmiyyə gölü hövzəsi
(Cənubi Azərbaycan) ərazisinə verilən ad idi. Arattadan Uruka
qızıl, gümüş, inşaat daşı, lacivərd (lazurit) və başqa qiymətli
______________Milli Kitabxana_____________
107
daşlar gətirilirdi.
Kiş dövlətinin onuncu hökmdarı Aka ilə Uruk hökmdarı
Gilqameş arasında hakimiyyət uğrunda ədavət gedirdi. Bu
mübarizə «Gilqameş və Aka» poemasında geniş əks olunur. O
zaman Uruk şəhərinin ətrafına qala divarları çəkilmişdi. Məbəd və
yaşayış evləri olan hissəni qoşa divar əhatə edirdi. 9.5 km uzanan
divar, torpaq və bağ sahələrini də qalanın içərisinə almışdılar.
Qalanın şimal və cənubunda 3.5 m enində darvazalar qoyulmuşdu.
Qala divarlarının üzərində 800 yarımdairəvi müdafiə bürcü
tikilmişdi. Qala divarının eni 5 metrə bərabər idi.
Ur sülaləsi. Şumerdə siyasi ağalıq (hegemonluq) uğrunda
mübarizəyə I Ur sülaləsinin hökmdarları da qoşulmuşdular. Ur
şəhərinin birinci hökmdarı Messanepada «Kiş şəhər-dövlətini zəbt
edib Akanı taxtdan saldı. Bundan sonra Mesanepada «Kiş
hökmdarı» rütbəsini qəbul etdi. Onun varisi dövründə Uruk
hökmdarı Şumerdə ağalıq uğrunda mübarizəni gücləndirdi. Kiş
yenə məğlub oldu, hegemonluq Gilqameşin əlinə keçdi. Gilqameş
dövrünün görkəmli hökmdarlarından biri olmuşdur. Şumerlər
onun şərəfinə dastan da yaratmışdılar. Bu əsər «Gilqameş
haqqında dastan» adı ilə məlumdur. Burada Gilqameş yarı insan,
yarı allah kimi təsvir edilmişdir. Dastanda Uruk şəhəri qala
divarının Gilqameş tərəfindən çəkilməsi göstərilir.
I Ur sülaləsi Şumer tarixində nisbətən uzun müddət qabaqcıl
rol oynamışdır. E.ə. III minilliyin ortalarında Ur şəhəri zəngin
ticarət və mədəniyyət mərkəzinə çevrilmişdi. Arxeoloji qazıntılar
zamanı Urda qiymətli əşyalarla dolu «hökmdar sərdabələri» aşkar
edilmişdir. 1800 qəbir içərisində Ur hökmdarı Meskalamduq və
hökmdar arvadı Şubadın (və ya Puabi) sərdabələri tapılmışdı.
«Hökmdar siyahısında» və başqa mənbələrdə bu hökmdarın adı
çəkilmir, lakin dairəvi qızıl möhür üzərində «Meskalamduq,
hökmdar» sözləri yazılmışdı. Sərdabə əşyaları arasında qızıl
dəbilqə, simli musiqi alətlərindən on birsimli arfa, lira, Şubadın
qızıl tacşəkilli başlığı, qızıl və gümüş qədəh, kasa və başqa qablar,
xəncər, nizə, qiymətli metal və daşlardan hazırlanmış heyvan
fiqurları və s. aşkar edilmişdi. Liranın yuxarı hissəsinə
lacivərddən düzəldilmiş qızıl öküz başı birləşdirilmişdi. Qızıl
______________Milli Kitabxana_____________
108
əşyaların hazırlanması o dövrün zərgərlərinin yüksək
peşəkarlığına nümunədir. Qəbirlərin birində lacivərd, əqiq və
sədəflə bəzədilmiş iyirmi santimetr uzunluğunda lövhə aşkar
edilmişdi. Lövhə üzərində iyirmi bəzəkli dördbucaq şəkli vardı.
Dördbucaqlar üzərində yeddi növ rəsm həkk olunmuşdu. Lövhə
ilə yanaşı dairəvi oyun daşları da tapılmışdır. Bunlar hamısı
müasir damanın qədim nümunəsi kimi qəbul edilə bilər.
Ur qəbiristanlığı avadanlığı şumerlərin həyat və məişəti ilə tanış
olmağa imkan yaradır. Şubadın sərdabəsində onun 25
müşayiətçisinin cənazəsi vardı. Digər hökmdar Abarginin
sərdabəsində 60 cənazə aşkar edilmişdi. Bunlar qadın və
döyüşçülərdən ibarət olmuşdur. Döyüşçülərin hər birinin əlində
nizə, başında isə tunc dəbilqə vardı. Qadın skeletləri yanında ən
qiymətli bəzək əşyaları səpələnmişdi. I Ur sülaləsinin
nümayəndələri müxtəlif rütbələr, o cümlədən «Kainatın
hökmdarı» rütbəsini daşıyırdılar.
Laqaş şəhər-dövləti. Laqaş erkən sülalələr dövrünün son
mərhələsində (e.ə. XXV-XXIV əsrlər) yüksəlməyə başlamışdı.
E.ə. III minilliyin ortalarında Laqaş iqtisadi və siyasi çiçəklənmə
dövrünə qədəm qoymuşdu. Laqaş sülaləsinin banisi Urnanşe idi.
O, Laqaş dövlətinin qüdrətinin əsasını qoydu. Barelyeflərin
(qabarıq nəqş rəsmi) birində Urnanşenin məbəd tikintisində
iştirakı təsvir edilmişdir. Urnanşe öz ailəsi ilə birlikdə təntənəli
mərasimin ön cərgəsində gedir. Onun arxasınca oğullarına
nisbətən daha iri təsvir edilmiş qızı addımlayırdı. Bu, şumer
qadınının ictimai həyatda tutduğu yüksək mövqe ilə izah oluna
bilər. Məbəd tikintisi, kanal çəkilməsi, taxıl quyularının qazılması,
su yollarının geniş istifadə edilməsi və s. Urnanşenin adı ilə
bağlıdır.
Əvvəllər məbəd təsərrüfatı və məbəd əmlakı hökmdarın
səlahiyyəti altına keçmişdi, kahinlərin məbəd təsərrüfatı gəliri
üzərində hüququ məhdudlaşdırılmışdı. Yeni hökmdar
Uruinimgina məbəd torpaqlarını və gəlirini kahinlərin
sərəncamına qaytardı. Əvvəllər vergi toplayanlar özbaşınalıq
edirdilər, əhalidən xeyli müxtəlif vergilər toplayırdılar. Yeni
hökmdar məbəd torpaqlarını, gəmiləri və sahilləri («limanları»)
Dostları ilə paylaş: |