______________Milli Kitabxana_____________
118
haqqında fərziyyələr irəli sürürdülər. Artıq e.ə. III minillikdə
Şumerdə elə mütəfəkkirlər və pedaqoqlar meydana gəlmişdi ki,
bəşəri sualları irəli sürür və ona cavablar axtarıb tapmağa
çalışırdılar. Onlar özlərinin kosmologiya və teologiyasını
yaratmışdır. Həmin mütəfəkkirlərin yaratdığı baxışlar sistemi o
qədər inandırıcı olmuşdur ki, Yaxın Şərqin əksər ölkələri həmin
sistemi etirazsız qəbul etmişlər.
Qədim Şumer ədəbiyyatında şumer kosmologiya və
teologiyasının sistemli fəlsəfi şərhini axtarmaq mənasızdır. Çünki
Şumer mütəfəkkirləri idrakın əvəzedilməz silahı olan
müəyyənetmə və ümumiləşdirmə kimi elmi metodlarına
yiyələnməmişdilər. Gündəlik həyatın bu asılılıq haqqında minlərlə
nümunə verməsinə baxmayaraq, Şumer mütəfəkkirləri həmin
nümunələrdən hər şeyi ümumi və hərtərəfli əhatə edən qanunu
çıxara bilməmişdilər. Qədim Şumer fəlsəfəsi, teologiya və
kosmologiyası haqqında məlumatın ayrı-ayrı ədəbi əsərlərdən,
miflərdən, epik əsatir və himnlərdən toplanması heç də təəccüb
doğurmur. Şumerlərin fəlsəfi və teoloji nəzəriyyələrinin, habelə
dünya haqqında təsəvvürlərinin ilkin və əsas ünsürləri torpaq və
səma (yer və göy) idi. Onlar kainatı «an-ki»-»yer-göy»
adlandırırdılar.
Şumerlərə görə yer yastı disk, göy isə boş məkan olub
aşağıdan və yuxarıdan möhkəm səthə söykənmişdir. Onlar bu
səthin hansı materialdan hazırlandığını bilmirdilər. Yerlə göy
arasında üçüncü element - «külək» - hava, «ruh» yerləşirdi. Bu,
bizim anlayışla atmosferə uyğun gəlirdi. Günəş, ay, planetlər və
ulduzlar atmosferin yarandığı şeydən yaranmışdır və fərqi ondadır
ki, işıq sala bilirlər. «Göy-Yer» aşağıdan, yuxarıdan, hər iki
tərəfdən ucsuz-bucaqsız okeanlarla əhatə olunmuşdur.
Şumer mütəfəkkirləri özlərinin kosmoqoniyasını bu əsas
təsəvvürlərlə qururdular. Onların fikrincə, birinci okean olmuşdur.
Okean «birinci hərəkətverici» olmuşdur. Lakin onlar okeanın
zamanda və məkanda mövcudluğunu fikirləşmirdilər. Sonra
atmosfer yaranır, atmosferdən isə işıq verən cisimlər - günəş, ay,
planet və ulduzlar yaranır. Göyün yerdən ayrılmasından sonra
bitkilər, heyvanlar və nəhayət, insan meydana gəlmişdir. Kainatı
______________Milli Kitabxana_____________
119
kim yaratmışdır və onu gündən-günə, ildən-ilə hərəkət etməyə
kim məcbur edir? Şumer teoloqları allahlar panteonunda hər bir
allahın öz iş-gücü və funksiyası olduğuna inanırdılar. Allahlar
birlikdə Kainatı da hərəkətə gətirirdilər. Şumer filosoflarına görə
allahlar öz niyyətlərini sözlə ifadə edən kimi həmin iş baş verirdi.
Yəni onlar sözün yaradıcı qüdrətinə inanırdılar. Təsadüfi deyildir
ki, allah sözünün həllediciliyi Şərqdə qəbul edilmiş, sonrakı
dinlərdə əsas yeri tutmuşdur. Şumerlərin fikrincə, insanın taleyinə
həyatını yaşamaq və ölmək düşür. Tanrıların taleyi isə başqadır.
«İnsan ayran kimidir, tanrılarsa yağ kimi,
Adam saman kimidir, tanrılar buğda kimi».
Şumer filosoflarının fikrincə, insan həyatı əbədi ola bilməz.
Əcəl hamının qapısını döyməlidir. İnsan ölümə məhkumdur.
Qədim şumer şair-mütəfəkkiri fikirlərini sual-cavab şəklində
belə qururdular:
Qəzəbli, qəddar əcəl adama verməz aman,
Əbədimi tikirik evləri tikən zaman?
Əbədilikmi vurur məgər möhür vuranlar?
Əbədimi ayrılır qardaşlar qardaşından?
Əbədidirmi məgər nifrət hissi insanda?
Əbədi axır məgər çaylar suda daşanda?
Mütləqdirmi cücünün cırcırama olmağı?
Ayna əvəz edərmi əbədilik günəşi?
Dünya bina olanda belə şey görünməmiş.
Ölüyə bənzəmirmi, söylə əsir olanlar.
Ölümün sifətini məgər göstərmir onlar?
Hökm edən insandırmı?
Böyük Enlil onlara xeyir-dua verəndə
Bəs niyə toplaşırlar bir yerdə Annunaklar,
Maraet, ulu tanrılar? Talelər yaradanı
Məgər sorğu-suala tutmurmu taleləri?
Onlar təyin eyləmiş ölümü və həyatı,
Ölüm saatınısa söyləmişlər qəti.
Beləcə buyurmuşlar: «Qoy yaşayan yaşasın».
Şumer allahları da insanlara bənzəyir, onlar bir-birindən
küsür, barışır, bir-biri ilə dalaşır. Bir sözlə, insanlara xas olan
______________Milli Kitabxana_____________
120
bütün keyfiyyətlər allahlara da aid edilir. Əslində yunanların
allahları adlarını dəyişmiş və nisbətən təkmilləşdirilmiş Şumer
allahlarıdır. Şumerdə baş allah və ikinci dərəcəli allahlar var idi.
Yüzlərlə allahların içərisində ən başlıcası səma allahı An, hava
allahı Enlil, su allahı Enki və böyük allah-ana Ninhursaq idi.
Həmin dörd allah allahlara başçılıq edir və çox vaxt bir yerdə
fəaliyyət göstərirdilər. Onlar yığıncaqlarda və məclislərdə yuxarı
başda əyləşirdilər.
Şumer mütəfəkkirləri dəqiq ifadə olunmuş fəlsəfi təlim
yaratmamışlar. Bu, onların əxlaqi prinsiplərinə, öyüd-nəsihətlərinə
də aiddir. Onlarda xüsusi etik normalar məcmuəsi olmadığından
etika haqqında fikirləri ancaq ayrı-ayrı əsərlərdən toplamaq
mümkündür.
Şumer filosofunu heç vaxt mürəkkəb bir problem olan iradə
azadlığı problemi qətiyyən maraqlandırmırdı. Onlara görə,
allahlar insanları öz kefləri xətrinə yaratmışdılar. Odur ki, insanlar
ölümə məhkum, allahlar isə əbədidir. Onlara görə, yüksək əxlaqi
keyfiyyətlər insanlara allahlar tərəfindən bəxş edilmişdir.
Doğrudur, şumerlər həqiqəti və xeyirxahlığı, qanun-qaydanı,
ədaləti və azadlığı, mərhəməti və s. yüksək qiymətləndirmişlər.
Təbiidir ki, onlar şər və bəd əməlləri, özbaşınalığı, yalanı,
haqsızlığı, pozğunluğu, amansızlığı rədd etmişlər. Qədim şumer
filosoflarının fikrincə, böyük allahlar öz təbiətinə görə
xeyirxahdır. Bununla yanaşı, onlar belə hesab edirlər ki, bəşər
sivilizasiyasını yaradan allahlar şəri, yalanı, zorakılığı, bir sözlə
bütün qüsurları özləri cəmiyyətin həyatına gətirmişlər. “Allahlar
nə üçün belə hərəkət edirlər?” sualına onlar cavab tapa bilmirdilər,
əslində heç axtarmırdılar. Eyni zamanda şumer mütəfəkkirləri çox
vaxt allahları yer üzərində hökmranlıq edən padşahlarla
eyniləşdirirdilər. Yəni şahlar necə hər bir adama kömək
etmirdilərsə (yaxın adamları istisna olmaqla), allahlar da onlardan
kömək diləyən ayrı-ayrı adamlara kömək etmirdilər. Elə buna
görə də ayrı-ayrı «şəxsi allahlar», «qoruyucu mələklər» ideyası
meydana çıxırdı. Şumerlərə görə, insanlar allahlara xidmət etmək
üçün gildən yaradılmışlar.
Qədim İkiçayarası mədəniyyəti Cənubi İkiçayarasının əkinçi
Dostları ilə paylaş: |