Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli


İslamda tərbiyə işinin prinsipləri



Yüklə 2,96 Mb.
səhifə7/39
tarix05.10.2017
ölçüsü2,96 Mb.
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   39

4.3. İslamda tərbiyə işinin prinsipləri
İslam dini yarandığı vaxtdan insanları əxlaqa, mənəviyyata, kamilliyə çağırır. İslam uzun illər boyu müsəlman ölkələrində nəsillərin təlim və tərbiyəsində mühüm yer tutmuşdur.

Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Bizdə dinə, mənəvi dəyərlərimizə hörmət var. Biz ümumbəşəri dəyərləri öz xalqımıza aşı­lamalıyıq, ancaq öz milli-mənəvi dəyərlərimizdən də ayrılma­ma­lıyıq”. İslam dini əsrlər boyu bizim mənəviyyatımızın əsasını təşkil etmiş, müsəlmanların dünyada layiqli yer tutmasını təmin etmişdir.

İslam tərbiyəsinin məqsədi insanı mükəmməlliyə, aliliyə çat­dır­maqdır. Mükəmməl və ali insan Allaha yaxın olan insan hesab olu­nur. İslam insanı maddə və mənadan, bədən və ruhdan mü­tə­şək­kil bir varlıq kimi bütöv görür və insanı bütün təmayül və dav­ra­nış­ları ilə birlikdə öyrənir.

O, ilk növbədə, insanın davranışlarını idarə edən mərkəzləri tərbiyə edir. Buna görə də qəlb tərbiyəsinə islam birinci dərəcəli əhəmiyyət verir. Çünki davranışlar qəlbə bağlıdır. İnsanın pis və ya yaxşı, qəddar və ya mərhəmətli olması onun qəlbindən asılıdır. Bu cəhətdən qəlbin düzgün tərbiyəsi və təhsili insanın özünü tanıma yollarını göstərir.

İslamda tərbiyə insanın özünü tanımasına kömək etməlidir. İslama görə, özünü tanıyan, dərk edən insan Allahını tanıyır, baş­qalarını tanıyır və harada necə hərəkət edəcəyini yaxşı bilir. İslam tərbiyəsi insanda islam əxlaqını, islami şərtlərə uyğun davranış normalarını formalaşdırmağı nəzərdə tutur. İslam tərbiyəsi insanın həm dini, həm də dünyəvi elmləri dərindən bilməyi, yüksək mənəvi keyfiyyətlərə sahib olmağı, tələb edir. İslam tərbiyəsi insanın əq­linin, ruhunun, bədəninin bərabər səviyyədə inkişafını nəzərdə tutur.

İslam tərbiyəsi görmüş şəxsin həm bədəni, həm də ruhu sağ­lam­dır. Bədənin sağlamlığı ruha, ruhun da sağlamlığı bədənə bağ­lıdır. Bütün ilahi dinlər insanı ən yaxşıya, ən gözələ və üstün ol­ma­ğa yönəldir. Demək, Allahın insanlardan istəyi yaxşıya, doğruya, gö­zələ, üstün əxlaqa malik olmaqdır.

İslamda tərbiyə məsələsi sadəcə olaraq uşağa gözəl əxlaq və faydalı biliklər vermək deyildir. Tərbiyə məsələsi daha geniş an­lam­da başa düşülərək insanın yaşadığı cəmiyyətin inkişafına öz töh­fə­lərini verməsi, xalqın adət və ənənələrini, dilini, dinini qoru­ması, ona hörmət etməsi, cəmiyyətin iqtisadiyyatını, mədəniy­yətini daim yüksəltməyə çalışmasıdır.

Bu məsələ isə bütün bəşəri mədəniyyəti, mənəviyyatı, əxlaqı əxz etməklə, daim yeni biliklər qazanmaqla və özünü təkmilləş- dir­məklə mümkün ola bilir. “İslam dini insanın tərbiyəsi və nümunəvi cəmiyyət üçün lazım olan qaydaları və istiqamətləri, bəşər tarixinin min illər boyunca əldə etdiyi təcrübə və sınaq məktəblərinin nə­ticələrinə istinad edərək müəyyənləşdirir və insanlara təqdim edir”. İslamda uşağın tərbiyəsi baxımından onun inkişafı iki dövrə ayrdır:



1) Tədbiri dövr.

2) Tətbiqi dövr.

  1. Tədbiri dövr uşağın ana bətni dövrünü, doğuşuna qə­dər olan dövrü əhatə edir. İslamda gələcək nəslin tərbiyəsi do­ğum­la deyil, hələ kişi və qadın evlənməyə qərar verməsi ilə başlayır. Belə ki, evlənəcək şəxslər dini əqidəni nəzərdə tutaraq mömin bir adamla evlənməli, evlilik həyatında isə haram şeyləri yeyib içmək­dən, zina­kar­lıqdan uzaq olmalıdır ki, haram xromosomlar vasitəsilə uşağın genlərinə keçməsin.

Uşaq ana bətnində olarkən ona olan münasibəti duyur və hiss edir. Bu dövrdə uşağa zərər verə biləcək şeylərdən-siqaret çək­mək­dən, zərərli içki içməkdən qaçılmalıdır. Bu cəhətdən tərbiyə işi uşa­ğın ana bətnindən başlayıb həyatı boyunca davam edən və bir çox şərt­­lərin gözlənilməsini tələb edən uzunmüddətli, mürəkkəb bir prosesdir.

  1. Tətbiqi dövr doğuşdan ölənə qədər olan dövrdür. Tətbiqi dövrdə şəxsin yaşına, gücünə, fərdi-psixoloji xüsusiy­yətlərinə, fiziki durumuna, qabiliyyətinə uyğun olaraq onun şüuruna, hisslərinə dav­ranışına təsir göstərilir. Bu ciddi təlim-tərbiyə dövrüdür. Tərbiyəvi təsirlər onu dəyişdirir, formalaşdırır və onu yaxşılığa, gözəlliyə, doğruçuluğa, bir sözlə müsbət əxlaqa doğru aparır.

Tətbiqi dövrdə də yerinə yetirilməsi bir çox vacib və zəruri şərt­lər vardır. Belə ki, uşaq doğularkən, ilk növbədə, ona gözəl bir ad seçib vermək lazımdır ki, o böyüdükcə adına layiq işlər görsün və ata-anasının ona verdiyi addan sonralar peşman olmasın. Uşaq da­nış­mağa başlayarkən, ilk öncə, ona müqəddəs kəlmələr-ana, ata kimi sözlər öyrədilməli, yanında gözəl və əxlaqi söhbətlər aparıl­malıdır.

Uşağın yeməyinə, geyiminə, ünsiyyət və münasibətinə ciddi diqqət yetirilməlidir. Əks təqdirdə mənəvi sərvətlər çox çətinliklə əldə olunar. Uşağın sağlamlığı daim diqqət mərkəzində olmalıdır. Tərbiyənin əsası sağlamlıqdan başlayır. Odur ki, uşaqların səhhətinə ciddi fikir verilməlidir.

Doğuşdan sonrakı mərhələni beş əsas dövrə-uşaqlıq, yeniyet- məlik, cavanlıq, yetkinlik və qocalıq dövrlərinə bölmək olar. Hər döv­rün tərbiyəsi haqqında islamiyyətdə dəyərli fikirlər, hökmlər var­dır. İslam insanı doğuşdan ölənə qədər oxuyub-öyrənmədə, tək­milləşmədə, inkişafda görür və deyir-“beşikdən qəbrədək öyrən”.

Məhəmməd Peyğəmbər (s) insanın kamilləşmə prosesini üç mərhələyə 7-7 yaş dərəcələrinə ayırmış və demişdir: övlad öz həyatının birinci 7 ilində şah, ikinci 7 ilində (7-14 yaş) nökər, müti, üçüncü 7 ilində (14-21 yaş) məsləhətçi, məsul şəxs hesab olunur. Beləliklə, 21 yaşa qədər insanın həyat yolu-şahlıq, nökərlik və məsləhətçi, məsul şəxs dövrlərinə bölünür.

“Şahlıq” dövründə uşaq azad, sərbəst şəkildə, sevgi və mə­həb­bətlə böyüyərsə, böyüklər onun tərbiyəsinə, inkişafına diqqət və qayğı göstərərsə, istək və ehtiyaclarını yerinə yetirərsə, onun fiziki və mənəvi inkişafı üçün hər cür şərait, xüsusilə oyun şəraiti, fəal hərəkətlilik yaradarsa o çox sadə halda ikinci yaş dövrünə itaət mərhələsinə gəlib çatacaq, valideynlərinin, müəllim və tər­bi­yə­çi­lə­ri­nin sözlərini eşidəcək, düzgün psixoloji müvazinətə malik olacaq, özünü normal idərə edə biləcəkdir.

Həzrəti Məhəmməd (s) kəlamlarının birində buyurur: “Uşa­ğın kiçik yaşlarında coşğun, çevik, qaynayıb-daşan olması yaxşıdır, çünki belə uşaq böyüyəndə sakit və özünü idarə etməyə qadir olur”. Belə olan halda yeniyetmə ikinci yaş dövründə tərbiyə­çi­lərin ona verdiyi ədəb, əxlaq, iradə tərbiyəsini layiqincə qəbul edə­cək, öz üzə­rində çalışacaq, ağlı ilə hərəkət edib nəfsinə qalib gə­lə­cək, övlad­lıq borcunu yerinə yetirəcəkdir. Bu dövrdə o ətrafın­da­kı­lardan müəyyən şeyləri soruşur, öyrənir və başqalarına da öyrədə bilir. Onun fəaliyyətinə istiqamət vermək, vaxtına nəzarət etmək lazımdır ki, o daha səmərəli və faydalı olsun.

Beləliklə, yeniyetmə normal şəkildə üçüncü yaş dövrünə-ka­mil­lik dövrünə girəcəkdir. Peyğəmbərimiz (s) bu üç dövr haqqında mürəbbilərin vəzifələrini bir hədisdə belə müəyyənləş­dirmişdir: “Qoy sənin övladın yeddi il oynasın, sonrakı yeddi ili də ədəb öy­rən­sin, tərbiyə alsın və sonra onu özünün müşavirin və yoldaşın he­sab et”.

İslam tərbiyəsi, hər şeydən öncə, islam əxlaqının tərbiyə edilməsini nəzərdə tutur. Bu isə yalnız insanda islam görüşlərinin, dini şüurun tərbiyə edilməsi və ya islam əxlaqının aşılanması ilə məh­dudlaşmır. Buraya: dini və dünyəvi elmlərin öyrədilməsi, etik, estetik, əxlaqi tərbiyənin aşılanması, vətənpərvərlik hisslərinin for- malaşdırılması da daxildir.

Əxlaq alimləri tərbiyə məsələsində iki əsas görüşü ələ almaqdadırlar. Birinci görüşə görə, insan doğuşdan tərbiyəli, ya da tərbiyəsiz olur və o sonradan dəyişilə bilməz. Digər görüş isə, bu­nun tam əksi olaraq, tərbiyəni insan həyatı üçün vacib amil sayır və insanın anadangəlmə tərbiyəli və ya tərbiyəsiz olması ilə bağlı gö­rüş­ləri qəbul etmir. İmam Qəzzali bu məsələdə fərqli görüşə sahib­dir və tərbiyə məsələsində insanları dörd qrupa ayırmaqdadır:



  1. Düzü-əyridən, doğrunu-səhvdən ayıra bilməyəcək qədər qəlbi saf, təmiz olan insanlar. Belə insanların tərbiyələndirilməsi olduqca asan və rahat olur.

  2. Yaxşını-pisdən, xeyiri-şərdən ayıra bildiyi halda hər za­man pis iş görən insanlar. Belə insanlarların tərbiyələndirilməsi çə­tin olsa da mümkündür.

  3. Pisi yaxşı, yaxşını da pis olaraq qəbul edənlər. Bunların tərbiyələnmələri çox mürəkkəb və uzun müddətli bir işdir.

  4. Anadan olandan pislik içərisində böyümüş, mayası şərlə yoğ­rulmuş, pis əməlləri ilə öyünməyi sevən, bədxah ruhlu kim­sə­lərdir. Bunların da tərbiyələndirilməsi çox çətin və uzun müddətli bir işdir.

Qəzzali elmin fəzilətini deyilə biləcək ən gözəl sözlərlə bu şəkildə ifadə etmişdir: “Elmi tələb etmək, öyrənmək ibadət, araş­dır­maq cihad, bilməyən birisinə öyrətmək sədəqə, onu elm əhli üçün istifadə etmək isə Allaha yaxınlıqdır”.

Əqlin fəzilətini heç kəs Qəzzali kimi mənalı şərh etməmişdir. O demişdir:“ İnsanın arzu və istəkləri əsasən üç şey üzərində cəm­lə­şir. Onlardan birincisi var-dövlətdir. Var-dövlət arzusu insana şərəf gətirməz. İkin­cisi elmdir. Elm insana ən uca amalına çatmaq qüdrəti bəxş edər. Üçüncüsü isə sağlamlıq və uzun həyatdır. Bu üç şey içərisində insan üçün ən faydalısı elmdir. Onun üstünlüyü sadəcə olaraq dünya deyil, axirət həyatında da görünməkdədir”. Qəz­zali elmi hər şeyin əsası, əməli isə onun meyvəsi olaraq gör­mək­dədir. Ona görə, elmin ümumi faydasını dünya və axirət üzə­rində yekun­laşdırmaq olar.



  1. Dünya faydası: Elm qəlb gözünü açaraq insanı zülmətdən aydınlığa çıxarır.

  2. Axirət faydası: İnsan elmlə Allahı tanıyıb onun təkliyini dərk edir. Allaha itaət edib onun halal-haramına riayət edir.

Bütün bunlardan sonra belə bir qənaət hasil olur ki, Qəzzaliyə görə elmin özü hədəf deyil, insanın məqsədinə çatması üçün bir vasitədir.

İslam tərbiyəsi insanın əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafını nəzərdə tutur. İslama görə, bədən elə bir qəlibdir ki, ruh buraya tökülür. Bədənə və ruha ağıl rəhbərlik edir və islamın müqəddəs kitabında da deyildiyi kimi Allah ağıldan daha dəyərli bir şey yaratmamış və insanlara - “mən sənə ağıl verdim, ağlını işlət”- demişdir.

İslam tərbiyəsinin səciyyəvi xüsusiyyətlərindən irəli gələn islam tərbiyəsinin prinsiplərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. İslamda tərbiyənin ilahi səciyyə daşıması. Yəni İslamda əxlaqi hökmlər Allah tərəfindən nazil olmuş və insan Allahın tələb- lərinə uyğun olaraq öz işini, həyat tərzini qurmalıdır.

2. İslamda tərbiyənin insan fitrəti ilə bağlılığı. İnsanda olan insanlıq xisləti elə insan doğulanda onun fitrətində bu potensial im­kan kimi mövcuddur və bu insanı ən yüksək əxlaqi keyfiyyətlərə, yük­sək təkamül dərəcəsinə çatdırmağa qadirdir. İnsanda olan bu po­ten­sial imkan düzgün istiqamətləndirilsə, tərbiyə edildikdə həqiqi təkamülə yetişər.

İnsan ilk yaradılışından kamil insan kimi formalaşana qədər müəyyən inkişaf yolu keçir, torpaq və ruh ünsürlərindən ibarət olur ki, bu ünsürlər insanın cismində birləşir, onun meyl, arzu və is­tək­lərini müəyyən edir. Ruhani ünsür insanın əzəli fitrətini təşkil edir. Ona görə də islam tərbiyəsində ruh tərbiyəsinə, mənəvi tərbi­yə­yə xü­susi diqqət yetirilir.



3. İslamda tərbiyənin ümumi səciyyə daşıması. İslam tər­bi­yə­si milli mənsubiyyətindən, sosial vəziyyətindən, irqindən, cin­sin­dən asılı olmayaraq bütün müsəlmanlara aiddir;

4. İslamda tərbiyənin bütöv səciyyə daşıması. İslam insanın həyat tərzini, düşüncə və davranışını bir birindən təcrid edilmiş hal­da deyil, onları vəhdətdə, bütöv halda götürür və onlarla sıx bağlı şə­kildə həyata keçirir.

5. İslamda tərbiyənin üsul və vasitələrinin, məzmun və for­malarının vəhdətdə olması. İslam tərbiyəsi insanın zehni, fi­zi­ki, əxlaqi, estetik tərbiyəsini vəhdətdə götürür, insanları kamil­liyə, çalış­qanlığa, halal və haramı seçmək üçün gərgin axtarışa, böyük­lərə hörmət etməyə, kiçiklərə qayğı göstərməyə, düşünərək danış­ma­ğa, pis əməllərdən çəkinməyə hazırlıq təlqin edir.

6. İslamda tərbiyəyə həm fərdi, həm də ictimai məsuliyyət kimi yanaşılması. Hər bir fərd öz nəfsini təmizləmək, özünü tər­bi­yə etmək üçün məsuliyyət daşıyır. Ona görə də müsəlman Al­lah-Taalanın, Quranın buyurduğu yolla getməlidir. Tərbiyənin ictimai məsuliyyət kimi dəyərləndirilməsi o deməkdir ki, hər bir müsəlman öz müsəlman qardaşının təlimi və tərbiyəsi üçün müəkəlləfdir və dindaşının həmişə doğru yolda olmasını istəyir.

Elmi pedaqogikada mühüm yer tutan tərbiyə prinsiplərinin əksəriyyəti islam tərbiyəsinin də prinsiplərinə aid ola bilər. Tər­bi­yədə yaş, fərdi, cinsi xüsusiyyətlərin nəzərə alınması, sözlə əmə­lin vəhdətinin gözlənilməsi, ardıcıllığa əməl edilməsi, hör­mət və tələbkarlığın tətbiq edilməsi, hər bir uşağın gələcəyinə nikbin yanaşılması ilə bağlı Quranda xeyli ayələr vardır.

İslam tərbiyəsində tərbiyənin üsulları “Qurani-Kərim”-də, Mə­həmməd Peyğəmbərin (s) hədislərində öz əksini tapmışdır. Bu üsulların ən başlıcası inandırmaqdır, şüura, ağıla və davranışa təsir göstərmək üsullarıdır. İslam tərbiyəsinin üsulları sırasında əxlaqi söhbət və mühazirələr, təbliğatlar, dini-əxlaqi rəvayətlərin nəql edil­mə­si, İslam tarixi və peyğəmbərlərin həyat və fəaliyyətindən söh­bət­lərin aparılması, hədislər əsasında tərbiyə, müqayisələr və bilik əsasında mübahisələr aparmaq, əxlaqi-dini misallar çəkmək, İslam müqəddəslərinin nümunəsində tərbiyə etmək, təlqin və təm­rinlər, islami şərtlərə uyğun əməli işlərin görülməsi, habelə is­lam tələbləri əsasında gündəlik rejimə əməl etmək üsullarıdır.

İslam tərbiyəsində ən qüvvətli və əsas üsullardan biri isə Məhəmməd Peyğəmbərin (s) nümunəsində tərbiyədir. Peyğəmbə- rimizin həyat və fəaliyyəti ən gözəl əxlaq və ən gözəl tərbiyə nümu- nəsidir. Quranın “Əl-Həşr” surəsində deyilir: “...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin”

Düzgün əxlaq və davranışa, yaxşı mənəviyyata sahib olmaq, ilk növbədə, islam qaydalarına, Allahın kəlamlarına, Məhəmməd Pey­ğəmbərin (s) hədislərinə dərindən inamdan və etiqaddan, onlara əməl etməkdən irəli gəlir. Gözəl əxlaqa sahib olmaq müqəddəs kitabımızda deyildiyi kimi, “Allahın əxlaqı ilə əxlaqlanmaqdır”. “Həqiqətən Allahın rəsulu Allaha və qiyamət gününə ümid bəslə­yənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl nümunədir”.

İslam tərbiyəsi üsulları sırasında həvəsləndirmə, rəğbət­lən­dir­mə, tənbeh kimi stimullaşdırıcı üsullar da vardır. İslam tər­bi­yəsində həvəsləndirmə üsulu kimi yaxşı işlər görməyə, gələcək­də hökmən fayda görəcəyinə inandırmaq, pis əməllərinə görə isə müəyyən cəza çəkəcəyinə inandırmaqdır. İslam hər hansı psixi, fiziki cəzaları rədd edir. İslamda məcbur etmə, zor işlətmək kimi üsullar yoxdur. İslam dinimiz tənbeh zamanı tərbiyəçinin qəzəbli vaxtda deyil, sakit vaxtda, düşüncəli şəkildə, ehtiyatla hərəkət etməsini məsləhət görür.

İslam tərbiyəsində tərbiyəçilərin özləri tərbiyəli olmalı, yük- sək mənəvi keyfiyyətlərə sahib olmalıdırlar. İslam tərbiyəsində yum­şaqlıq, mehribanlıq, xoş rəftar əsas yer tutur. İslam biliciləri ədəb haqqında belə demişlər: “Ədəb danışdığın zaman dilini, yalnız qaldığın zaman qəlbini saxlamaqdır”. “Ədəb səndən böyük olana hörmət göstərmək, səndən kiçik olana şəfqət etmək, fağır olanlar ilə gözəl davranmaqdır”.

4.4. Qurani-Kərimdə tərbiyə və öyrətmə,

öyrənmə məsələləri
Qurani-Kərim bir milyarddan artıq insanın etiqad etdiyi islam dininin müqəddəs kitabıdır. İlahi gözəlliyə malik olan bu əsər Ulu Tanrının öz möcüzəsi kimi milyonlarla insanın qəlbinə hakim kəsilmiş, onların qanına hopmuş, beyninə nüfuz etmişdir. Məhəm­məd Peyğəmbərə (s) 23 il ərzində nazil olan Quran 114 surədən, 6236 ayədən 77934 sözdən ibarətdir.

Quranın bütün ayələri tərbiyəvi, əxalqi mahiyyətdədir. Bu ayələr iki qismə bölünür:



    1. İnsanları yaxşı işlər görməyə ruhlandıran ayələr;

    2. İnsanları pis işlərdən çəkindirən ayələr.

Birinci qisim ayələr: Möminləri öz dinlərinə və din qardaş- larına məsuliyyətlə yanaşmağa, Allahın sözünə tabe olmağa çağırır; ən yaxşı təqlid nümunəsi ardınca getməyə səsləyir; düzgün yol tutmağa və ayrı-ayrı adamların istəklərinə uymamağa sövq edir; yax­şı əməllər sahibi olmağı tövsiyə edir, halal və təmiz nemətlərdən ye­məyə çağırır; təvazökar və sadə olmağa, xeyir işlər görməyə, əda­lətli olmağa, düz və doğru olmağa çağırır; özündə gözəl xasiy­yəti, halallığı, qənaətcilliyi tərbiyə etməyi, uşaqların valideyn­lərinə qayğı və hörmətlə yanaşmağı vacib bilir;

Əmanətə sədaqətli, əhdə vəfalı olmağı, xərclərdə nə simic, nə də bədxərc olmağı öyrədir; pisliyin müqabilində yaxşılıq etməyi, birləşməyi tövsiyə edir; icazəsiz başqasının evinə girməməyə, biri ilə qarşılaşarkən salam verməyə, verilən salamı hörmətlə almağa çağırır; kişilərə qadınla zərif bir məxluq kimi nəzakətlə rəftar et­mə­yi, onun ehtiramını saxlamağı, mal-dövlət məsələlərində onlara gü­zəş­tə getməyi tövsiyə edir.



İkinci qisim ayələrdə isə insanı pis davranışlardan, ədəbsiz hərəkətlərdən çəkindirir. Onlara xəsislik etməməyi, bir-birinin ey­bi­ni, sirrini açmamağı, qeybətini etməməyi, xainləri müdafiə etmə­mə­yi, sələmdən gəlir götürməməyi, yetimlərin malını və başqalarının ma­lını yeməməyi, zinakarlıq etməməyi, dünya malına uymamağı tövsiyə edir.

İslam əxlaqı “Qurani-Kərim”ə əsaslanır. “Qurani-Kərim” də hər əmr inananlar üçün bir müqəddəs vəzifədir. “Qurani-Kərim”də Peyğəmbərimizə (s) xitabən deyilir: “Doğrudan da, sən böyük bir əxlaq sahibisən! (Böyük bir din üzərindəsən!).

İslam əxlaqının digər bir yönü də davranışlardakı niyyət duy­ğu­sudur. Peyğəmbərimiz buyurur ki, (s) “Əməllər niyyətlərə gö­rədir”. Müsəlman üçün bu niyyətin ən böyük yönləndiricisi “Allah rizası”nı gözləmə duyğusudur, könlündə sadəcə, Allah rizasını və onun sevgisini qazanmaq arzusunu daşımaqdır. Necə ki, “Qurani-Kərim”də deyilir: “Allah rizasını qazanmaq uğrunda yeməyi yox­sula, yetimə və əsirə yedirərlər.

Biz sizi ancaq Allah rizasından ötrü yediririk. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik”. Niyyət və Allah rizası duyğuları ilə bərabər insanın Allah qarşısında öz əxlaqı və davranışlarına görə məsuliyyət daşıma duyğusu islam əxlaqının təməl prinsiplərindəndir.

Qurana görə, müsəlmanın məsuliyyət hissi Allahdan qorx­maq, onun əmrlərinə hörmət göstərmək və bu əmrləri gecik­dir­mə­dən yerinə yetirmək, qadağan etdiyi şeylərdən uzaq olmaq islam əxlaqının vacib şərtlərindən sayılır.

Digər bir mühüm şərt müsəlmanın digər məxluqata qarşı son dərəcə mərhəmətli, ədalətli və şəfqətli davranması, zəiflərə, möhtac olanlara yardım etməsi, ana və ataya diqqətli və qayğıkeş olması, on­ların həmişə könüllərini alması istəyidir. Bütün bunlarla bərabər, insanın öz hiss, iradə və duyğularına hakim olması, təvazökar, səbr­li, ədəbli və insaflı olması kimi keyfiyyətlərdir.

Bütün bu prinsip və şərtlərə baxdıqda İslam əxlaqının saf və sağlam olduğunu, fikirdə, sözdə və əməldə həmişə xeyirxah oldu- ğunu, daim yaxşı bir niyyətə-Allah rizasına önəm verildiyini görə bilirik. Peyğəmbərimizin (s) “Əxlaqınıızı gözəlləşdirin”, “Allahın və Rəsulunun əxlaqı ilə əxlaqlarının”-deyə tövsiyələrdə bulunması müsəlman əhlinin daima əxlaq və tərbiyəsini gözəlləşdirməsi va­cib­liyini önə sürməsidir.

Qurana görə, Allah insanı yaratmış, ona bilik və idrak vermiş, bütün kainatı ona tabe etmişdir ki, o yer üzünün ən şərəfli məxluqu olsun. Allahın yer üzündəki sirlərini aşkar etsin və Onu tanıtdırsın. Bunun üçün isə bilik lazımdır. Odur ki, Quran biliksizliyə qarşı çıxır və bunun ilkin yolunu oxuyub-yazmaqda görür.

Quran bilənlərlə bilməyənlərin bərabər olmadığını elan et- mək­lə insanları bilik qazanmağa səsləyir: “De ki: “heç bilənlərlə bil­məyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”.

İnsanın gözəl bir əxlaqa sahib olması üçün “Qurani-Kərim”də bir xeyli əmrlər mövcuddur ki, biz onlardan “Ə1-İsra” surəsinə nə­zər yetirsək, Allah Taalanın kəlamlarında insan əxlaqının, ümu­mi­lik­də, islam tərbiyəsinin əsas keyfiyyətlərini görə bilərik: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!» - belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!”.“Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Pərvərdigara! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, sən də onlara rəhm et!” “Qohum əqrabaya da, miskinə də (pulu qurtarıb yolda qalan) müsafirlərə də haqqını ver. Eyni zamanda (mal-döv­lətini əbəs yerə) sağa-sola da səpələmə!”. “Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər Şeytanın qardaşlarındandır. Şey­tan isə Rəbbinə qarşı nankordur!”. “Əgər Rəbbindən dilədiyin bir mər­hə­məti (ruzini) gözləmək məqsədilə onlardan (kömək gös­tə­rilməsi la­zım olan şəxslərdən) üz çevirməli olsan (onlara bir şeylə kömək et­mək istəsən, lakin imkanın olmadığı üçün bacarmasan və buna görə də məcburiyyət qarşısında qalıb gözlərinə görünmək istəməsən), heç olmasa, onlara (darıxmayın, Allah mənə ruzi bəxş edər, mən də sizə verərəm kimi) xoş bir söz de!”. “Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşiman olarsan”. ”Zinaya da yaxın düşməyin. Çünki o çox çirkin bir əməl və pis yoldur!”. “Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin...”, “...yetimin malına həddi buluğa çatana qədər yaxın düşməyin...”, “Ölçəndə ölçüdə düz olun, (çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!”, “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə...”. “Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən”. “Bütün bunlar rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir”.

İslamiyyətdə elmə qiymət həmişə çox yüksək dəyərləndiril­mişdir. Qurana görə, Allah insanı yaratmış, ona idrak vermiş, bütün kainatı ona tabe etmişdir ki, Allahın yer üzündəki sirlərini aşkar et­sin. Quranda insan biliyi hər şeyə qadir olduğu göstərilmiş və o elm əhlini yüksək tutaraq Allah və mələklərdən sonra üçüncü yerdə zikr etmişdir.

“Qurani-Kərim”də və hədislərdə “əl-elm” istilahında daha çox iman, təqva və salehlik nəzərdə tutulsa da, bu istilah dünyəvi mə­na­ları da qoruyub saxlayır. İslamın bu mənbələri elə bir psixoloji, mə­nəvi və intellektual ab-hava təlqin edir ki, burada həm dini, həm də dünyəvi elmlərə təhrik vardır”. Elmin insanı kamilləşdirməsi üçün əsas şərt biliklə əməlin uyğunluğudur. Əməlsiz elm və ya elmsiz əməl faydasızdır. Elmin məqsədi faydalı, səmərəli işlər görmək, insanların rifahını yüksəltməkdir.

Həzrət Peyğəmbər (s) buyururdu ki, elmi əldə edən, Allah yo­lun­da onu arayan, Allaha ibadət emiş olur, onu öyrədən sədəqə vermiş olur, onu haqq edib kimsələrə çatdıran yaxşılıq etmiş olur.

Qiyamət günündə üç sinif bağışlanılırlar:



1) Peyğəmbərlər; 2) Alimlər; 3) Şəhidlər.

Quran bütün gücü ilə bilikisizliyə qarşı çıxır və bunun ilkin yolunu oxuyub-yazmaqda, öyrənməkdə görür. İslamda elm iki yerə bölünür:



l. Zahiri elm; 2. Batini elm. Zahiri elm ibadətlə bağlı olan elmdir.

Burada hədis (yəni, Həzrəti Məhəmmədin sözləri, davranışı ilə bağlı məlumatlar), Quranın təfsiri (yəni açıqlanması), fiqh (islam hüquq elmi) daxildir. Batini elm özü də iki yerə ayrılır: Elmi-müamiləelmi mükaşefə.



Elmi müamilədə insan riyadan, lovğalıqdan, paxıllıq və qey­bət­lərdən uzaqlaşıb özünü tərbiyə, özünütəkmilləşməyə istiqa- mət­lə­nir. Bu elm insanlara gözəl əxlaqın, mənəvi sərvətlərin nədən iba­rət olmasını göstərir və bu sərvətlərə yiyələnmənin yollarını da ta­nı­dır.

Bu elm sahəsində insanların maddi və mənəvi həyatı təhlü- kələrdən qoruna bilir, hər cür günahlardan, xəta və xəstəliklərdən uzaqlaşması mümkün olur.



Elmi-mükaşefə isə qəlbə ilahidən gələn bir nurdur, xüsusi is­te­daddır, fitri qabiliyyətlərdir. Elmi-mükaşefə bu istedadlı insan- ları, fitrən qabil olan adamların fəaliyyətləri inkişaf etdirməklə məş­ğul olur.

Quran ayələrinin insanlarımıza daha aydın və ana dilində çatdırılması üçün Şərqdə Azərbaycan daha öncül mövqelərdə dura­raq Quranın tərcüməsi işinə başlamasıdır.

Mənbələrin verdiyi məlumata görə, Azərbaycanda Quranı ilk dəfə Azərbaycan dilinə tərcümə etdirən XV əsrdə Ağqoyunlu Uzun Hə­sən olmuşdur. XX əsrdə isə Bakı milyonçusu, maarifpərvər şəx­siy­yət Hacı Zeynalabdin Tağıyev olmuşdur. O, 1907-ci ildə Qu­ra­nın tərcümə və təfsirini Azərbaycan dilinə çap etdirmişdir. Quranı tər­­cümə edənlər Bakı Quberniya Qazisi Məhəmməd Kərim Cəfər­zadə və məşhur din xadimi Axund Əbu Turab olmuşdur.

H.Z.Tağıyev üç cilddə nəşr etdirdiyi bu müqəddəs kitabı 1907-ci ildə bir nüsxəsini Rus çarına, bir nüsxəsini İran şahına, bir nüs­xəsini isə türk sultanı Sultan Əbdül Həmidə hədiyyə olaraq göndər­miş­dir.

Sultana göndərilən bu hədiyyyə, xüsusi nüsxə olaraq qızıl suyu ilə yazılmış, almaz qaşlarla bəzədilmiş və qalın gümüş qutuda yerləşdirilərək Xeyriyyə Cəmiyyətinin üzvü müəllim və pedaqoq, görkəmli şair, ictimai xadim Abdulla Şaiqin qardaşı Axund Yusif Talıbzadə (Yusif Ziya adı ilə də məşhurdur) tərəfindən 1907-ci ilin 19 avqustunda Sultan Əbdül Həmidə təqdim edilmişdir.

Böyük ədib və şairimiz Abdulla Şaiq böyük qardaşı Axund Yusif Talıbzadənin Türkiyə səfəri haqqında belə yazmışdır: “Bakı qazisi Mir Məhəmməd Kərim Mir Cəfərzadə Quranı Azərbaycan dilinə tərcümə edib məşhur sərvətdar Hacı Zeynalabdın Tağıyevin pulu ilə çap etdirmişdir. Hacı tərcümənin əlli nüsxəsini qızıl suyu ilə çap etdirib qiymətli cildə tutdurmuşdur. Bu nüsxələrdən birinin cildini qalın gümüşdən yapdırıb ortasına da “La ilahə illəllah, Mühəmmədən Rəsulillah” sözlərini yazdırmış və qardaşım Axund Yusif Talıbzadə vasitəsilə həmin nüsxəni Türkiyə Sultanına hədiyyə göndərmişdir”.

Osmanlı arxivində mühafizə edilən yazılı bir sənədə əsasən Axund Yusif Talıbzadə - Xeyriyyə Cəmiyyətinin idarə işlərində vəzifə daşıdığını, ziyalı bir ailədən gəldiyini, Rus ali məktəbindən məzun olduğunu, müsəlman əhalisinin mənən və dinən xilafət məkanına daha qüvvətli bağlanması və onların aydınlanması üçün nəşr etdirdiyi günlük “Təzə həyat” qəzetində yazarlıq yapdığını saray nazirlərinə bildirdikdən sonra, Bakıda İslam Xeyriyyə Cəmiy­yətinin qurucusu və rəhbəri olan Hacı Zeynalabdin Tağıyevin təqib etməyə çalışdığı xətti hərəkəti saray üzvlərinə belə bildirmişdir: 1) İn­diyə qədər Qafqaz Türkləri yazışmalarında yalnız farscadan istifadə etmişlər. Bundan sonra farscanın yerinə ana dilimiz olan türkcənin istifadə edilməsi və genişləndirilməsi; 2)Məktəb kitabları­mızın türk dilində yazılması; 3) Məktəblərimizin proqramlarının Osmanlı Maarif proqramına müvafiq tərtib edilməsi; 4) Mərkəzi idarəsi Bolqarıstanın Varna şəhəri ilə İranın Urmiyə şəhərlərində yerləşən Erməni-Amerikan və Erməni-Proteston Komitələri Qafqaz və Azərbaycan türklərini xilafət məqamına bağlılıqdan və müqəd­dəs qaye olan İslam ittihadından uzaqlaşdırmaq üçün ərəbcə, türkcə, fars­ca və kürdcəyə vaqif olan ermənilər Qafqaza zərərli nəşriyyatlar soxurlar. Bunları bir an öncə təsirsiz hala gətirmək və Qafqaz müsəlmanlarına təsirini önləmək üçün qarşı nəşriyyatda bulun­mağımız gərəkir; 5) Qafqazdan İrana, Misirə və Avropaya fərarilik edib, oralarda tutulmayanların bir daha Qafqaza dönmələrinə izin ve­rilməməsi; 6) Uyğun bilinən məktəb müdirləri və müəllimlərin Osmanlı hökümətindən Qafqaza göndərilməsinin təmin edilməsi; 7) Dini kitabların və təfsirlərin, peyğəmbərimizin hədisləri, əxlaqi kitablar və bu mövzuda yararlı təmimlərin yayınlan­ması .

Axund Yusif Talıbzadə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti­nin və onun sədri H.Z.Tağıyevin həyata keçirmək istədiyi əsas məsələləri bu şəkildə saray üzvlərinə anlatdıqdan sonra Qurani - Kərimin Hacı tərəfindən hazırlatdırılmış üç cildlik türkcə təfsirini, onun (H.Z.Tağıyevin) yazdığı bir məktubla birlikdə, Osmanlı Dövlətinin Padşahı II Əbdülhəmidə təqdim etmişdir.

Sultan Əbdülhəmid də bunun əvəzində brilyantla işlənmiş Osmanlı dövlətinin ən böyük, ən üstün medalını - birini H.Z.Tağı­yevə, o birini də Axund Yusif Talıbzadəyə təqdim etmişdir.
Tapşırıqlar
Aşağıdakılarla bağlı şərh verin:

1. İslamiyyətdə tərbiyə məsələləri.

2. İslam tərbiyəsinin üsulları.

3. İalam tərbiyəsinin prinsipləri.

4. Qurani Kərimdə tərbiyə məsələləri.

5. H.Z.Tağıyevin maarifçilik fəaliyyəti haqqında.

6. H.Z.Tağıyev və Quranı-Kərimin tərcüməsi haqqında.
Ədəbiyyat


              1. Qurani-Kərim. Bakı: Azərnəşr, 1992.

  1. Ot kökü üstə bitər: Akademik Kamal Talıbzadə ilə müsahibə. “Xalq” qəz. Bakı, 5 iyun 1999.

  2. Talıbzadə Kamalın təqdimatında Abdulla Şaiqin “Sultana Quran aparılması” məqaləsi. “Elm” qəz. mart 1992, № 6 (403).

  3. Talıbzadə K.A. Axund Yusif Talıbzadə. “Odlar yurdu” qəz. 10-17 sentyabr 1992, № 26; 24-30 sentyabr, 1992, № 27.

  4. Həbibov İsa. Kamal Talıbzadəyə məktub (21 may, 1987-ci il, Naxçıvan şəhəri), Abdulla Şaiqin Mənzil Muzeyinin arxivi, qovluq.




  1. Şeyxülislam Allahşükür Paşazadə. Qafqazda İslam: Tarixilik və müasirlik. Bakı: Azərbyacan Dövlət Nəşriyyaü, 1991.

  2. Hacı Sabir Həsənli. İslam mədəniyyətində elm. Bakı: Elm və həyat, 1998. № 5.

  3. Məmmədov K.A. Şərq pedaqoji fikir tarixindən (Tədris vəsaiti). Bakı: Mütərcim, 2011.

  4. Hüseynzadə R.L. Bakı milyonçusu, maarifpərvər xeyriyyəçi H.Z.Tağıyevin Sultana hədiyyəsi // Azərbaycan məktəbi, 2011, № 3.



4.5. Təsəvvüfdə tərbiyə məsələləri
Erkən orta əsrlər dövründə Azərbaycanın ictimai-siyasi, mə­də­ni-maarif həyatında, şəxsiyyətin tərbiyə və təlimində, pedaqoji fik­rində sufilik hərəkatı geniş vüsət almışdır ki, bu hərəkatın mahiy­yətini bilmədən o dövrün ədəbiyyatını, mədəniyyətini, mənə­viy­yatını, pedaqoji fikirlərini anlamaq çətin olar.

İslamda yaranmış mistik hərəkat sufilik adlanmışdır. “Mis­ti­ka” ingiliscə “Tanrıya dönüş” anlamını verir. Sufilik özünə məxsus bir həyat olmaqla maddiyyəti özündən uzaqlaşdırmaq və hər cür maddi istək və arzuya qarşı daxili mübarizədir. Təsəvvüf İslam qay­naq­lı olub, müsəlmanların mənəvi həyatının təbii nəticəsi olaraq meydana çıxmışdır. Təsəvvüfün əsas nüvəsi Quran və hədislərdir.

Təsəvvüfün özünə məxsus tərbiyə, əxlaq prinsipləri mövcud olmuşdur. Təsəvvüf bir ədəbdir, pis xasiyyətləri tərk edib, gözəl xasiyyətlər qazanmaqdır, kimsədən inciməmək, kimsəni incitmə- məkdir, nəfsə qarşı bir mübarizədir, hər kəsin yükünü çəkmək, kim­sə­yə yük olmamaqdır, bütün insanlara sevgi ilə baxmaq və onları özünə dost bilməkdir.

Təsəvvüf sözünün kökü haqqında müxtəlif fikirlər vardır. Bunların ən tutarlısı dil qaydalarına və tarixi gerçəkliyə uyğun olan “Təsəvvüf” ün kökü olan “Sufi” sözünün “Suf” sözündən (yəni “Yun”) alındığını söyləyən görüşdür. Şihabəddin Sührəverdi bu mövzuda bir çox fikirləri təhlil etmiş və göstərmişdir ki, Sufilər yun paltar geydiklərindən onlara sufi deyilmişdir. Məşhur hurufi şair Nəsimi bu mənada demişdir: “Geymə atlas, gey gilən şali sən” (yəni geymə ipək, gey yun).

Qaraqoyunlu Cahanşah Həqiqi isə deyir: “Nun” ( N ), “Mim” (م), “Dal” (د)-a təhsin”. Bu hərflərin toplusu “Nəməd” (مدZ) sözünü əmələ gətirir ki, bu da farsca “Yun” deməkdir. Ərəbcə dil qay­da­larına görə “Suf” kəlməsindən “Təsəvvüf” kəlməsini əldə etmək müm­­­kündür. Ərəblər köynəyə “Kamis”, köynək geyənə “Təkəm­məs” dedikləri kimi “Suf”- yun köynəkdir, onu geyənə “Təsəvvüf” de­­mişlər. ”Təsəvvüf” əhlinə daxil olan şəxslərə “Mütəsəvvüf” demişlər.

Azərbaycanın cənub hissəsi, Türküstan, İranın Şimalı-Şərqi sufizmin əsas mərkəzi olmuşdur ki, əsası VIII əsrdə qoyulmuşdur. Ədəbiyyatda təsəvvüf axını geniş və sürətlə yayılmışdır. Baba Kuhi (933-1051), Hakim Sənai (1072- 1131), Əhməd Yəsəvi (1103 -1166), Firudin Əttar (1119-1193) kimi böyük mütəsəvviflərdən başlayıb Əbdürrəhman Cami (1414-1522) kimi böyük alim-şairlərə qədər gəlib çıxmış, sonra da davam etmişdir. XIII əsrdə təsəvvüf ədəbiyyatının tanınmış nümayəndələri “Kəlamlar” adı ilə Azər­bay­can dilində böyük “Divan” yaratmış Beyrək Quşçuoğlu, bu dövrün görkəmli alim-şairləri olan Cəlaləddin Rumi, Hacı Bektaş Vəli, Yunus Əmrə, daha sonrakı əsrlərdə Qazi Bürhanəddin, Xətai, Nəi­mi, Nəsimi, Həqiqi və başqaları olmuşlar. “Qızıl gül kədərlə qön­çə­də bağlı qaldığı kimi; Mən də tənhalığı və tanrıya sitayişi seçmi­şəm” - deyən Şeyx Nizami Gəncəvi, “Bir əlimizdə qədəh, birində Quran;/Gah ayıq oluruq, gah sərxoş” - deyən Məhsəti Gəncəvi, “Kimi huşyar görsən sən, ona ver cami-mey, saqi; Bihəmdillah, Füzuli məstdir vəhdət şərabından” - deyən Füzuli, “Mənim tanrım gözəllikdir, sevgidir” - deyən Hüseyn Cavid, “Mənim ustadım Hafizdir, məscidim isə meyxanədir”- deyən Mirzə Şəfi Vazeh şeirlərində təsəvvüf düşüncəsi hiss olunmaqdadır.

Təsəvvüfün iki önəmli cəhəti vardır: Tərbiyə almaq və bilik qazanmaq. Təsəvvüf təlim və tərbiyəsində zikr etmək, təzkiyə (qəlbi təmizləmə, paklanma), təsviyə (ruhən saflaşma, zənginləşmə), rəb­ba­nilik, mücahidə (nəfsə cihad etmək) etmək kimi əsaslar və gözəl nümunə ideyası təsəvvüf həyatının əsas şərtlərindən sayılır. Tə­səv­vüf fikihlə, hədislə, təfsirlə və digər islami elmlərlə sıx bağlıdır.

Təsəvvüfdə bilik qazanmaq özünü tanımağa, özünü dərk et­mə­yə xidmət edir. Təsəvvüf elmi insana öncə özünü tanıma, sonra Al­lahını tanıma yollarını göstərir.

Böyük mütəsəvvüf Şihabəddin Sührəverdinin “Təsəvvüf” anlayışının şərhindən anlamaq olur ki, bu pedaqoji dillə desək in­sa­nın özünütərbiyəsi, özünükamilləşdirməsi, özünütəsdiqi və mənən zənginləşməsidir. O belə deyir: “Sufilik edən kəs özünə hesa­bat (əl- mühasebə), özünənəzarət (əl-müraqəbə) və özünü­müşahidə (əl-mü­şa­hidə) yolu ilə rəzilliklərdən çəkinib nəfsini paklandırmalı və kamilləşdirməlidir”.

Təsəvvüf əhli göstərir ki, İman (İslamı, Quranı, peyğəmbəri qəbul edənlər) və İslamdan (İslam qayda-qanunlarını yerinə yeti­rən­lər) sonra İhsan (Allahı qəlblərində görüb, hiss edənlər) səviyyəsinə yüksələnlər ən böyük, ən gözəl sevgili olan Allahı öz daxillərində gör­mənin şövq və həyəcanı ilə yaşaya bilirlər. Bu həyəcan isə insan­lara Allahın yaratdığı hər şeyi sevməkdir.Hər şeyi sevmək Al­lahı sevməyə qayıdır. Bu sevginin içərisində ən gözəli və ən şə­rəf­li­si olan insanı sevmək, onu yüksək qiymətləndirməkdir İnsan­oğ­lu­nun ən uzun axtarışı “Özünü axtarış” olmuşdur. Təsəvvüf də insanın kainatda özünü tanıma səylərinin nəticəsidir. İnsan özünü tanımağa yönələrkən “Yaradan və yaranmış” haqqında düşüncə ilə baş-başa qalır. Bu iki qavramın vəhdətdə, birlikdə qəbul edilməsi təsəvvüfün əsasını təşkil edir. “Vəhdəti-vücud” (“Tək varlıq”) anlayışı ilə var olan tək “O”dur. Var olan “O”dursa, insan da “O”dur, “haq”da “O”dur. Varlıq tək “O”dur. “O”na çatmağın yolu isə eşqdir.

Təsəvvüf mahiyyətli şeirlərdə, Allahın dərkinə göstərilən cəhd­lər eşq və məhəbbətlə eyniləşdirilir və Allahın özü “Dost”, “Yar”, “Haq”, “Sevgili” adlandırılır.

Təsəvvüf əhli yaşarkən həyatdan mənəvi zövq və həzz alır, dünyaya sevgi ilə baxır, bütün yaradılmışları Allah yaratdığı üçün və Allah sevdiyi üçün sevir və hər bir maddiyyətdə məna axtarır.

“Təsəvvüf” nəfsə yenmək, dünya naz-nemətlərindən uzaq ol­maq, dünya malından qaçınmaq, hər an əxlaqiləşmə, mənəviyyatı zənginləşdirmə, “bilik müsəlmanın itiyidir”-deyə həmişə, hər yerdə bilik axtarmalı, hər cür biliklərə yiyələnmək deməkdir.

Təsəvvüf təfəkkürü təkcə ədəbiyyatda, pedaqoji fikirdə deyil, bütün sənət əsərlərində, belə düşüncədə olan insanların bütün fəa­liy­yətində öz əksini tapmışdır. Erkən orta əsrlər dövründə milli üs­lub­da ucaldılmış məscidlərdə, təkkələrdə, evlərdə, imarətlər və mehmanxanalarda təsəvvüf təfəkkürü duyulmuşdur.

XII əsr Naxçıvan memarlığında Əcəmi Əbu-Bəkr Naxçıvani yaradıcılığı İslam əxlaqı və təsəvvüf düşüncəsi ilə zəngidir. Onun Nax­çıvanda ucaltdığı Mömünə xatun türbəsi özünəməxsus me­mar­lıq üslubu, təsvir və qavrayışlı görünüşü ilə, on üzündə tək­rar­lan­mayan mənalı naxışları, yazıları və kitabələri ilə bir mənəviyyat abi­dəsidir. Türbənin yuxarı hissəsində “Allah” sözü yazılmış və on üzlü türbənin bütün kənarları “Yasin” surəsinin mətni ilə haşiyə­lən­miş­dir. Mömünə xatun türbəsinin bir kitabəsində yazılmış müdrik fi­kir Əcəminin fəlsəfi dünyabaxışı, əbədiyyət düşüncəsi öz əksimni tapmışdır:

Təlatüm içrə biz, sükunətdə daim rüzigar;



Köçərik dünyadan, amma bu qalar yadigar”.

Bu dövrün sənətkarları gördükləri hər hansı bir işi və ya yaratdıqları hər bir əsəri özlərində inandıqları ilahi bir güclə edir­dilər. Onlar sənət əsərlərini Tanrı sənətinə uyğun olan bir ölçüdə, gözəl biçimdə olması üçün çalışırdılar. Bu əsərləri Allahın qulları bəyənsin deyə deyil, Allah bəyənsin deyə gözəl, sağlam və mükəm­məl bir halda hazırlayırdılar.

Təsəvvüf erkən orta əsrlərin kamil insanının, bütöv hərtərəfli irıkişaf etmiş şəxsiyyətin yetişməsinə öz qüvvətli təsirini göstər­miş­dir ki, bu düşüncə nümayəndələrinin ideya və baxışlarına, pedaqoji düşüncələrinə, tərbiyə haqqında fikirlərinə nəzər yetirək.

4.6. Mövləvilikdə tərbiyə
Mövlana Cəlaləddin Rumi (1207-1273) Хоrasanın Bəlх şəhə­rində dünyaya gəlmiş, Kоnyada yaşamış və türk dünyasının böyük mütəfəkkiri, təsəvvüf ədəbiyyatının görkəmli şairi kimi tanınmışdır. “Ya оlduğun kimi görün, ya göründüyün kimi оl”!- məşhur kə­la­mı Rumiyə məхsusdur. О, insanları təbiiliyə, səmimiliyə, çağırmış, hər cür sünilik, təkəbbür və lоvğalıqdan uzaq оlmağı məsləhət gör­müş­dür. Оnun əхlaqi-didaktik fikirləri 25618 beytdən ibarət оlan “Məs­nəvi”sində və 30000 beytdən ibarət оlan “Divan-i Kəbir” əsə­rində, habelə “Fihi Ma Fih”(“Nə varsa içindədir”), “Məclis-i Səb`a”(“Yeddi məclis”) əsərlərində əksini tapmışdır.

Ruminin “Məsnəvi”si hələ sağlığında оna böyük şöhrət qazandırmış və “Peyğəmbər deyil, amma kitabı vardır” - deyə el arasında, İslam aləmində Quran və hədislərdən sоnra ən çох söhbət açılan, охunan kitab – “Məsnəvi” оlmuşdur. Bu kitab didaktik, tərbiyəvi mahiyyət daşıdığından о padşah saraylarında, mədrəsə­lər­də охunmuş, оna darül-məsnəvilər qurulmuşdur.

Hindistanda 300 il hakimiyyətdə olmuş türk sülaləsi - Babur şah, daha sonra hakimiyyətə gəlmiş onun nəvəsi Əkbər şah saray adamlarına deyirdi ki, Cəlaləddin Ruminin “Məsnəvi”sini və Nəsi­rəd­din Tusinin “Əxlaqi-Nasir”ini mütləq оxumaq lazımdır.

“Məsnəvi”nin əvvəlində yazılmışdır: “Tanrıdan ədəb istəyək, ədəbi оlmayan adam Tanrının inayətindən məhrumdur”.

“Məsnəvi”nin ilahi, fəlsəfi, pedaqoji fikirlərinin əsas qaynağı müqəddəs kitabımız Qurani-Kərimdir.

Mövlana Səma`(Mövləvilərin fırlanaraq “Səma`vi” adlanan rəqsləridir. “Səma`” və ya “Sima`” lüğəti mənası “eşitmək”, “duy­maq” deməkdir. Musiqini eşitmək səma`nın bir hissəsidir, musiqi (ru­hun qidası) və şeir (hiss və duyğuların inkişaf vasitəsi) kimi tər­biyə vasitələrindən istifadə edərək insanları mənəvi kamilliyə, əх­la­qi saflığa çağırmışdır. Bu üç vasitənin vəhdətini “Səma`vi” rəqs­lə­rində aydın görmək оlar. Bu rəqslərlə Allahı anma, Allaha qо­vuş­ma, əхlaqi paklanma, insanın ən yüksək varlıq olması kimi simvоlik mərasim nəzərdə tutulur.

Mövlana həyatını sevgi içində keçirib, sоnsuz хоşbəхtliyə qоvuşmağı və hər cür pisliklərdən arınmağı gənc nəslə öyüdləmiş və humanist düşüncələri ilə insanları “Gəl”-deyə mənəvi kamilliyə, yüksəlişə çağırmışdır: “Geri dön, bir daha gəl. Hər kimsən bundan öncə - dinsiz, imandan uzaq, bütpərəst və ya atəşpərəst və hər nə isən gəl. İstər yüz kərə tövbə etmiş оl, istər yüz kərə töv­bəni pоzmuş оl yenə gəl. Ümidsizlik qapısı deyil bizim qa­pı­mız, necəsənsə elə gəl”!

Bu qiymətli fəlsəfi, pedaqоji fikirlər insana böyük sevgi və məhəbbətdən irəli gəlmişdir. Mövlana insanların heç zaman ümid­siz, çarəsiz qalmasını istəməmişdir. Mövlananın belə humanist, in­san­­sevər duyğu və düşüncələri müqəddəs kitabımız Qurani-Kə­rim­dən nəş`ət etmiş və demək olar ki, “Əz-Zümər” surəsinin 53-cü ayə­sinə tam uyğun gəlir: “(Ya Peyğəmbər! Mənim adımdan qul­la­rıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağış­layandır, rəhm edəndir!” Bir sonrakı ayədə isə: “Rəbbinizə dönün, ona təslim olun”,- söylənilir.

Mövlana insanları hər cür ümidsizlik, çarəsizlik, bədbinik hal və duyğularından qurtarır, öz müdrik fikirləri ilə insana yeni ümidlər, yeni ruh verir, həyatın gözəlliyini duymağı, səbr və təm­kinli olmağı, həyatda həmişə nikbin olmağı tövsiyə edir: “Üzül­mə!... Dərd etmə can!... Görə bilirsən, toxuna bilirsən, nəfəs ala bilirsən, yeriyə bilirsən.... Nə mutlu sənə!... Əlində olmayanları söyləmə mənə... Əlində olanlarından bəhs et can!.... Üzülmə!... Dü­şü­nür­sən ki, gecələr həmişə belə kimsəsiz keçəcəkmi?.. Ge­dənlər heç dönməyəcəkmi?.... İtiridyin nə varsa, bir baxarsın ki, yağmurlu bir gecədə ... və ya bir bahar səhərində qarşına çıxmış... Bil ki, gözəlliklər də var bu həyatda ...” Mövlana insanların həmişə bir-birinə yardım etməsini istəmişdir. Rumiyə görə əgər insan bir-birinə yardım etmirsə, demək хоşbəхtliyini istəmir. Belə insanların davranışını о bədəndəki çibana bənzətmişdir

Mövlana insanları saf və təmiz görmək istəyirdi. Ona görə də hamıya ilk növbədə, saf, doğru, dürüst olmağı, hər cür riyadan, məkr­dən uzaq olmağı tövsiyə edirdi:İnsanı Allaha qovuşmağa aparan yolun bünövrəsi saflıq və doğruluq xəmiri ilə yoğrulub. Düzlük insanın şərəfi, namusu və başının tacıdır. Düzlük, təmiz­lik, paklıq cənnətin açarlarıdır. Bu sadə həqiqəti başa düşmə­yənlər ən bədbəxt adamlardır”.

Rumi sevgi və məhəbbəti bütün canılıların hərəkətverici qüv­vəsi hesab etmiş və göstərmişdir ki, sevməyi bitkilər də, hey­vanlar da bacarır. Amma, yalnız ruhu və ağlı ilə sevənlər, könlü eşqlə dolu olanlar insanlardır. O deyirdi: “Eşqsiz könülə sahib olan, padşah belə olsa atlas kəfənə bürünmüş, məzara gömülmüş ölüdən başqa bir şey deyildir”. Mövlana göstərir ki, təbiətdə hər zərrədə bir eşq və bir cazibə vardır. Dünya, aləm eşq ilə yaranmışdır.

Eşq insanı kamilləşdirir, bütövləşdirir, qorxmaz və fədakar edir: “Eşqdə zərrə qədər qorxu yoxdur; eşq qanununa görə, hər şey eşqə qurban verilir...” Mövlana özü də aşiq olmuş, ilahi eşqin varlığına dalmış, bu varlıqda yoxluğa çəkilmişdir. Ona demişlər “Eşq nədir?” – demiş ki “Mən olmalısan ki, biləsən”.

Eşqinə dalmışam mən, nəsihət nəyə yarar?

Zəhər içmişəm mən; şəkər nəyə yarar?

Mənim üçün: “ayağına zincir vurunuz!” deyirlər.

Divanə olan könüldür, ayağıma zincir vurmaq nəyə yarar”?

Mövlanaya görə insan eşqlə bütövləşir, bütöv olduqda isə kamilləşir və həqiqətə doğru yol alır. Mövlanın tutduğu yol “Ən böyük həqiqət” dediyi bilik, təfəkkür, sənət və eşq yoludur ki, bu yol Allaha qovuşmaq istəyənlərin yoludur”.

Mövlana həqiqətə çatmaqda eşqin özünün də elm və idrakla yoğrulmasını, ağılla yerinə yetirilməsini bildirirdi. Bildirirdi ki, eşq özü də elm və ədəblə, əxlaqla mühafizə edilməlidir. O deyirdi: “Al­la­ha qarşı məhəbbətim elmimin və ədəbimin nəticəsindədir”.

Mövlana özü həyatı bоyunca Quran hökmlərinin ədəbinə riayət edərək, Allahın əхlaqı ilə əхlaqlanmış, Allahın haram qıldığı şeylərdən çəkinmiş, öz elm-irfanını artırmışdır.

Mövlana ədəbin və elmin ünvanını da göstərərək deyirdi: “Bu müqəddəs kitabımız Qurani-Kərim və Məhəmməd peyğəmbərin (s) əхlaqıdır”. Mövlana ədəb və əхlaqı ən böyük hünər, insanlığın ən yükcək keyfiyyəti, insanların hünəri və mərifəti hesab etmiş və belə demişdir:

Əhli dillər arasında aradım, qıldım tələb,



Hər hünər məqbul imiş, illa ədəb, illa ədəb”.

Mövlana ədəb və mərifəti insan хоşbəхtliyinin əsas şərti say­mış və hər bir işdə, fəaliyyətdə, dоstluqda ədəb və əхlaqın göz­lə­nil­məsini tövsiyə etmişdir: Dоst yоlunda ədəbsiz kişi başqalarının yо­lunu tutmuş оlur. Belə kişi mərd deyil, namərddir”; “Ədəbin sayəsində göylər nura qərq оlmuş, mələklər də ədəblərindən ötrü təmiz və məsum оlmuşlar”;

Mövlana bildirirdi ki, insanоğlunun bəlli – başlı özəlliyi оnun ədəbi, əхlaqıdır. О, bu münasibətlə belə deyirdi:

Əgər ədəbdən məhrumsa insanоğlu, insan deyildir,



İnsanla heyvan arasındakı fərq ədəbdir.

Gözünü aç və gör, Allahın bütün kəlamı

Quranın ayət-ayət mənası, ədəbi-dərs verir”.

O bildirirdi ki, insanın geyiminə, xarici görünüşünə görə deyil daxili aləminə, ədəb və əxlaqına görə qiymət verilməlidir. O bu mə­na­da çox dəyərli fikirlər söyləyirdi: “Nə qədər paltar gördüm için­də insan yox, nə qədər insan gördüm əynində paltar yox” – deyir­di.

Sir saхlamaq, sirri kimsəyə verməmək Mövləvilik əхlaqının əsas şərtlərindən sayılmışdır: “Üç şey haqqında dоdağını açma: Fikrini, pulunu, bir də məzhəbini kimsəyə söyləmə. Çünki bu üç şeyin düşməni çохdur. Düşmən bunları bilincə tələ qurar”. Bir sirri bir kişiyə söylədinmi, artıq о sirrə vida et. İki kişiyə çatan sirr, yayılar, gedər”.

Başqa bir yerdə də Rumi insanı əxlaqlı, ədəbli və mərifətli ol­ma­ğa, həddini bilməyə çağırır:Ey insan! Həddini bil. Ticarət əhli deyilsən dükan açma. Hal ehli deyilsən ağzını açma. Bö­yük­lərin olduğu məclisdə əhkam kəsmə. Korlar çarşısında ayna sat­ma. Əhil ola bilmirsənsə barı ədəbli ol.. “.

Movlana Cəlaləddin Rumi insanda ən pis cəhət, ən böyük günah oğurluq saymışdır. Bütün pisliklərin başında oğurluq oldu­ğu­nu bildirmiş və belə şərh etmişdir: “Sadəcə bir tək günah var, o da oğurluq. Bütün başqa günahlar oğurluğun növləridir. Bir adam öldürüldüyündə bir həyat çalınmış olur, ailə həyatında ər, arvad haqqı, uşaqların ata haqqı çalınmış olur.Yalan söyləyəndə, birinin həqiqəti öyrənmək haqqı çalınır. Oğurluqdan daha alçaqca bir hərəkət yoxdur...”

Mövlana təlim və tərbiyənin gücünə dərindən inanır və de­yir­di ki, “Təlimlə hətta heyvanlar da dəyişir. Vəhşi at əhliləşir, ayı oy­nayır, keçi salam verir, it ovu tutur, çoban yanında gözətçi olur”. O göstərirdi ki, insan ömrünün sonuna qədər təlim və tərbiyə almalı, özünütəhsil, özünütərbiyə və özünütəkmilləşdirmə ilə məş­ğul olmalıdır. Elmi, biliyi öyrənərkən yalnız gözləri və qulaqları ilə deyil, onu hiss və duyğuları ilə, ürək və qəlbi ilə qəbul etməlidir: “Ey qardaş! Sən yalnız duyğu və düşüncədən ibarətsən, qeyri qalan isə sadəcə ət və sümükdür”. O bildirirdi ki, elmi ürəklə öyrənmək lazımdır ki, ürəklərə təsir göstərə biləsən. Yalnız o zaman öyrənilən bilik sahibinə “yar” olar. Əks halda elm sahibinə əziyyət verən bir yük (“bar”)olar:

Elm qəlbə əks edərsə, sahibinə yar olur,



Yalnız qəlibdə qalarsa, sahibinə bar olur”
Mövlana mahir bir pedaqoq, psixoloq məharəti ilə insanın tərbiyəsini, ədəb və ağlının səviyyəsini onun hərəkət və davra­nı­şında görür və belə deyirdi: ”Bir insanın necə güldüyündən tər­bi­yə­sini, nəyə güldüyündən ağıl səviyyəsini anlarsan”!

Mövlana nəfs tərbiyəsinə xüsusi diqqət yetirmiş, insanların ədəbli olub, nəfslərinə üstün gəlmələrini istəmiş və özü beş yaşında olanda nəfsini cilovlamış, ehtirasına qalib gəlmiş və başqalarını da bu müqəddəs yola səsləmişdir. O deyiridi: “Bu dünya bir tələdir. Yemi isə istək və arzulardır”.

Mövlana xudpəsənd, özündən razı, təkəbbürlü insanları sev­məmiş, belələrini insan olmağa çağırmışdır.Özünə gəl, mənəm­lik­dən uzaq ol. İnsanlara qarış insanlarla bir ol! İnsanlarla bir ol­du­ğun zaman, bir mədənsən, bir dənizsən. Özünə qapılınca bir dam­lasan” - demişdir.

O, həmişə haqqı, ədaləti sovunmuş, haqqı yeyilənlərin müda­fiəçisi olmuşdur. Haqqı, ədaləti, əxlaqi saflığı, mənəvi bütövlüyü təb­liğ edən Mövlana Cəlaləddin Rumiyə görə - “Ədalət hər şeyi layiq olduğu yerə - ayaqqabını ayağa, papağı başa qoymaqdır”. Baş­qasının malını yeyənləri, rüşvət alanları tənqid edən Rumi yazırdı; “Ey rüşvət yeyən, sən fil balasını yeyirsən. Buna görə fil sənə düşməndir. Bir gün fil gəlib səni yox edəcəkdir”.

Rumi göstərirdi ki, insan ömrünün sоnuna qədər- “Beşikdən qəbrədək” охuyub, öyrənməlidir. Duyğu və düşüncələrini inkişaf etdirməli, həmişə yaхşı düşünməli, yaхşı danışmalı və yaхşı hərəkət etməlidir.

Qardaşım sən düşüncədən ibarətsən

Geriyə qalan ət və sümüksən

Gül düşünərsən, gülüstan оlarsan

Tikan düşünərsən tikanlıq оlarsan”!




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə