48
Mal və nəqliyyat vasitələrini gömrük
sərhədindən keçirən şəxslərin, gömrük brokerlərinin, yaxud
nəzarəti gömrük orqanlarına həvalə olunmuş fəaliyyətlə məşğul olan digər şəxslərin maliyyə-təsərrüfat
fəaliyyətinin yoxlanılması - gömrük məqsədləri üçün lazım olan sənəd və məlumatların yoxlanılması kimi
gömrük nəzarəti formalarından biridir.
İcrasına nəzarətin gömrük orqanlarına həvalə olunduğu Azərbaycan Respublikası Qanunvericiliyinin və
Azərbaycanın iştirakçısı olduğu beynəlxalq müqavilələrin şərtlərinin riayət edilmədiyini güman etməyə kifayət
qədər əsas olduqda maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasından istifadə olunur.
Qanunvericilik maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı gömrük orqanının vəzifəli
şəxslərinə aşağıdakı səlahiyyətləri verir:
a) gömrük işinə və gömrük orqanlarının funksiyalarına aid olan xarici iqtisadi və digər təsərrüfat
fəaliyyəti barədə istənilən sənədlər (bank sənədləri daxil olmaqla) və məlumatın əvəzsiz təqdim edilməsini
tələb etmək və onlarla tanış olmaq;
b) vəzifəli şəxslərdən və digərlərindən arayış, yazılı və şifahi izahat almaq;
c) tikililəri möhürləmək;
ç) müəyyən edilmiş formada tərtib edilən akt əsasında sənədləri (əgər onların yoxlanılması başqa
bir yerdə həyata keçiriləcəksə) götürmək.
Lazım olduğu təqdirdə gömrük orqanlarının vəzifəli şəxsləri sənədlər və məlumatla tanış olmaq üçün
yer və vaxt müəyyən edə bilərlər. Götürülmüş sənədlər mümkün qədər qısa müddətdə qaytarılmalıdır.
Gömrük orqanının vəzifəli şəxsləri maliyyə-təsərrüfat fəaliyyətini yoxladıqları subyektlərə qanuna zidd
hərəkətləri ilə ziyan vurmamalıdırlar. Yoxlama nəticəsində əldə edilən bütün məlumatlar gizli sayılır.
Gömrük nəzarətinə cəlb ediləcək mal və nəqliyyat vasitələrinin olduğu
yerlər və həmçinin gömrük
nəzarəti altında olan yerlər, gömrük nəzarəti predmetlərinin özləri gömrük orqanları tərəfindən eyniləşdirilə
bilər. Plomb, möhür qoyulması, rəqəmli, hərfli və digər növ markalanma, eyniləşdirilmə işarələri, ştamp
vurulması, prob və nümunələrin götürülməsi, mal və nəqliyyat vasitələrinin təsvir edilməsi,
layihələrin, miqyaslı
görünüşlərin hazırlanması, fotoqrafiya, illüstrasiya tətbiq edilməsi, mal-müşayiət sənədlərindən istifadə edilməsi
və s. əsas eyniləşdirmə vasitələri hesab edilir.
Beynəlxalq təcrübədə “eyniləşdirmə” vasitələri əvəzinə “gömrük təminatı atributları” məfhumundan
istifadə edilir.
Gömrük nəzarəti bitdikdən sonra gömrük orqanının vəzifəli şəxsləri gömrük, nəqliyyat və mal-müşayiət
sənədlərinə müvafiq imza, ştamp, möhür
qoymaqla, mal və nəqliyyat vasitələrinin gömrük sərhədindən
keçirilərək yoluna davam etməsinə icazə vermiş olurlar.
Ayrı-ayrı yük bağlamalarına, nəqliyyat vasitələrinin yük hissələrinə, konteynerlərə gömrük təminatı
atributları qoyulmalıdır.
Gömrük təminatları aşağıdakı tələblərə cavab verməlidir:
a) möhür, ştamp, markalanma, imza izlərinin saxtalaşdırılması qeyri-mümkün olmalıdır;
b) gözlə görünən izlər qoyulmadan gömrük təminatlarının tamlığının pozulması mümkün
olmamalıdır;
c) ştempeller, izqoyan materiallar, yazı vasitələri (pasta, mürəkkəb, möhür, yapışqan örtük)
xarici iqlim təsirlərinə davamlı olmalıdır;
ç) gömrük təminatları atributlarının izləri və qeyd edilən yazılar aydın olmalıdır;
d) sənəd və bağlamalara gömrük təminatı atributlarının vurulması və qeydlər edilməsi minimum
vaxt almalıdır.
Yuxarıda qeyd olunanları bir qədər də açıqlamağa çalışaq. Daxili gömrük tranziti prosedurası üzrə
malların daşınması zamanı plombların, möhürlərin və digər gömrük təminatlarının
mövcudluğu ümumi tələblər
sırasındadır. Mallar elə bağlamalarda, nəqliyyat vasitələrində və ya konteynerlərdə daşınmalıdır ki, onların
daşındığı vasitələrdən çıxarılması (yaxud həmin vasitələrə nəyinsə qoyulması iz qoymadan, gömrük
təminatlarını zədələmədən) mümkün olmasın. Malgöndərən və daşıyıcının plomblarından da istifadə edilməsinə
müəyyən şərtlərlə yol verilir.
Eyniləşdirilmə vasitələri yalnız gömrük orqanları tərəfindən, yaxud onların icazəsi ilə dəyişdirilə və
məhv edilə bilər. Bu qayda mal və nəqliyyat vasitələrinin məhv edilməsi, itirilməsi üçün real təhlükə olduqda və
kifayət qədər xarab olması hallarına şamil edilmir. Eyniləşdirilmə vasitələrinin dəyişdirilməsi (formaca),
qoparılması, yaxud məhv edilməsi barədə təxirəsalınmadan gömrük orqanlarına məlumat verilir. Bu məlumat
təhlükənin olduğu barədə sübutlarla möhkəmləndirilir.
BYD tətbiq edilməklə yük daşınması zamanı gömrük orqanlarının qoyduğu möhür və plombların
zədələnməsi, həmçinin yol boyunca malların zədələnməsi və məhvi zamanı avtonəqliyyat
vasitəsinin sürücüsü
bu barədə gömrük orqanlarına təcili məlumat verməlidir. Yaxınlıqda gömrük orqanı olmazsa, baş vermiş hadisə
barədə protokol tərtib etmək hüququ olan digər dövlət orqanlarına məlumat verilməlidir.
49
Müvafiq orqanların nümayəndələri avtonəqliyyat vasitəsinə baxış keçirdikdən, lazım olduqda isə
müayinə apardıqdan sonra, BYD kitabçasının nömrəsi, daşıyıcının adı, zədələnmənin xarakteri və səbəbləri,
həmçinin yükün qorunması barədə görülmüş tədbirlər qeyd edilməklə protokol tərtib edirlər.
Əgər gömrük orqanı yükün daşınma qaydalarının pozulduğunu müəyyən edirsə, bu halda da protokol
tərtib olunur. Protokol onu tərtib edən orqanın nümayəndəsi və sürücü (arzu edərsə müvafiq izahat verməklə)
tərəfindən imzalanır.
Aksizli mallara tətbiq edilən aksiz markaları da eyniləşdirilmə vasitələri hesab edilir.
Gömrük orqanları tərəfindən nəzarətin həyata keçirilməsi məqsədilə mallardan prob və nümunələr
götürülür. Prob və nümunələr minimal miqdarda götürülür və əsas məqsədi malların keyfiyyət xarakteristikası
barədə ətraflı məlumatlar əldə etməkdir.
Problar birdəfəlik, birləşdirilmiş və yoxlama kimi 3 qrupa bölünür.
Malların gömrük nəzarəti altında daşınması zamanı gömrük orqanları mövcud qanunvericiliyə riayət
olunmasını təmin etmək üçün bütün lazımi tədbirləri görməlidirlər. Bu tədbirlər mal
və nəqliyyat vasitələrinin
qorunmasına zəmanət verməli, malların əsas keyfiyyət və kəmiyyət xarakteristikalarının dəyişilməz qalmasını,
nəhayət gömrük nəzarəti altında daşınan mallara münasibətdə hər hansı qeyri-qanuni hərəkətlərin qarşısının
alınmasını təmin etməlidir.
Gömrük orqanları gömrük nəzarəti altında malların daşınmasının marşrut və müddətlərini müəyyən
etmək hüququna malikdirlər. Daşınma müddətlərini təyin edərkən gömrük orqanı adi halda yerinə çatdırma
müddətlərini, konkret nəqliyyat növünün imkanlarını, seçilmiş marşrut və digər daşınma şərtlərini nəzərə
almaqla qərar qəbul edir.
Daşıyıcı gömrük orqanının göstərdiyi marşrutla hərəkət etməlidir. Quru ərazidən idxal edilən bütün
mallar, gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan gömrük orqanına leqal, yaxud gömrük yolu adlanan ən qısa
marşrutla çatdırılmalıdır. Bilavasitə təyinatı gömrük orqanına aparan dəmir yolu, çay və s. leqal (gömrük) yolu
hesab edilir.
Dünya təcrübəsi gömrük əməkdaşlarına leqal yollarla hərəkət edən nəqliyyatı vasitələrini saxlamaq və
daşınmaya əsas verən nəqliyyat sənədlərini tələb etmək hüququ verir. Belə nəzarətin məqsədi daşıyıcının öz
yükünü təyinat gömrükxanasına aparmasına əmin olmaqdır.
Misal üçün, Bakı Baş Gömrük İdarəsinin Qaradağ
xüsusi nəzarət postu adı çəkilən və digər operativ məsələlərin həlli üçün mühüm əhəmiyyət kəsb edir.
Gömrük orqanlarının bu hüququna, daşıyıcının mal, nəqliyyat vasitəsi və yol-nəqliyyat sənədlərinin
müəyyən edilmiş marşrut üzrə və daşınma müddətlərinə ciddi əməl etməklə təyinat gömrükxanasına çatdırmaq
vəzifəsi uyğun gəlir.
Gömrük qanunvericiliyi nəzərə alır ki, malların gətirilməsi (aparılması) barədə xəbərdarlıq edildikdən
dərhal sonra daşıyıcının mal və nəqliyyat vasitələrinin, həmçinin mal-müşayiət sənədlərinin təbii aşınma və
itkidən başqa qablaşdırma vasitələrini və malın vəziyyətini dəyişmədən, tam qorunmaqla təyinat
gömrükxanasına çatdırmaq vəzifəsi yaranır. Yükün müəyyən gömrük rejimi altında yerləşdirilməsi anınadək
gömrük ödənişlərinin ödənilməsi məsuliyyəti daşıyıcının üzərinə düşür. Qəza, yaxud qarşısıalınmaz
qüvvənin
təsiri şəraitində daşıyıcı aşağıdakı hallarda məsuliyyətdən azad edilir.
1) yükün saxlanması və ondan qeyri-qanuni istifadənin qarşısının alınması üçün tədbirlər
görmüşsə;
2) yaranmış vəziyyət barədə yaxınlıqdakı gömrük orqanına nəqliyyat vasitəsinin yeri dəqiq
göstərilməklə məlumat vermişsə.
Yüklərin gömrük nəzarəti altında daşınması zamanı qanunvericiliyə riayət edilməsi məqsədi ilə görülən
əsas tədbirlər aşağıdakılardır:
1) gömrük müşayiəti;
2) gömrük daşıyıcısının xidmətlərindən istifadə edilməsi;
3) nəqliyyat vasitələrinin müəyyən olunmuş qaydada təchiz edilməsi üzrə təşkilati-texniki
tədbirlər kompleksi.
Gömrük müşayiəti dedikdə mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi mərhələsində elə
daşınma
üsulu başa düşülür ki, bilavasitə gömrük əməkdaşları tərəfindən müşayiət olunur. Gömrük müşayiəti
daşınılan yüklərin yüksək qorunma dərəcəsinə və gömrük qanunvericiliyinə riayət olunmasına zəmanət verir.
Bu tədbirin istifadə edilməsi nəqliyyat xərclərinin artmasına, gömrük kadrlarının digər işlərdən ayrılması və bu
səbəbdən çatışmamasına gətirib çıxarır. Ona görə də gömrük müşayiətindən, digər tədbirlər gömrük nəzarətini
təmin etmək üçün yetərli olmadıqda istifadə edilir.
Adətən gömrük müşayiəti barədə qərarı gömrük orqanları aşağıdakı hallarda verirlər:
1) gömrük nəzarəti altındakı malların daşınması gömrük daşıyıcısı tərəfindən həyata keçirilə
bilmədikdə;
2) əgər gömrük orqanı tərəfindən sərhəd müvəqqəti saxlanc anbarlarında mallara baxış
keçirilməsi barədə qərar qəbul edilmişsə;