42
Müəyyən konkret diplomatik və qeyri-diplomatik tapşırıqla, adətən, qısa
müddətə xaricə göndərilən
nümayəndəliklərə müvəqqəti orqanlar deyilir. Belə orqanlardan həm diplomatik, həm də qeyri-diplomatik
xarakterli beynəlxalq qurultaylara, konfranslara və müşavirələrə göndərilən, müxtəlif beynəlxalq
komissiyalarda, dövlət təntənələrində və s. iştirak edən nümayəndələri göstərmək olar.
Müəyyən olunmuş qaydada başqa dövlətlərə göndərilib, orada öz dövlətini təmsil edən, öz ölkəsinin
vətəndaşlarının hüquq və mənafelərini qorumaq məqsədilə xarici münasibət məsələləri
ilə məşğul olan orqana
diplomatik nümayəndəlik deyilir.
Beynəlxalq hüquqda məlum olan immunitetin mühüm növlərindən biri də diplomatik immunitetdir.
Buna əsasən, diplomatlara, öz vəzifələrinin həyata keçirilməsini təmin etmək üçün, yerləşdiyi ölkənin ərazisində
bir sıra xüsusi hüquq və üstünlüklər verilir. Diplomatik immunitet və üstünlüklərin təsnifində diplomatik
nümayəndəliyin, onun başçısının və qalan diplomatik heyətin immunitet və üstünlükləri fərqlənir.
Diplomatik nümayəndəliyin immunitet və üstünlüklərindən aşağıdakıları göstərmək olar:
a) xidmət binasının toxunulmazlığına əsasən, nümayəndəlik başçısının xahişi və ya razılığı
olmadan həmin binalara yerli hakimiyyət orqanlarının nümayəndələri daxil ola bilməz. Həmin binaların
mühafizəsi də yerli hakimiyyət orqanlarının vəzifəsidir. Bu binalar, oradakı əşyalar, habelə nəqliyyat
vasitələri toxunulmazdır. Bu binalarda axtarış, həbs və s. əməliyyat keçirilə bilməz;
b) fiskal immunitetə əsasən nümayəndəliyin bütün binaları, o cümlədən kirayə alınmış binalar da,
dövlət vergilərindən və yerli vergilərdən, hər cür rüsumlardan və xərclərdən azad olunur;
c) yerindən asılı olmayaraq, bütün arxiv və sənədlər toxunulmazdır;
ç) maneəsiz əlaqə saxlamaq hüququ. Buna əsasən məxfi yazışma (şifr), məktub göndərilməsinə
nəzarət edilməməsi, diplomatik kuryerin toxunulmazlığı təmin olunmalıdır.
Şəxsi diplomatik immunitet aşağıdakılardan ibarətdir:
1. diplomatik nümayəndənin şəxsi toxunulmazlığı;
2. onun şəxsi mənzilinin toxunulmazlığı;
3. məhkəmə immuniteti, yəni diplomatik nümayəndənin yerli məhkəmə aidiyyətindən kənar
olması;
4. maliyyə immuniteti, yəni onun vergi, gömrük və digər rüsumlar verməkdən azad edilməsi;
5. məxfi yazışma (şifr) və s. istifadə edərək, maneəsiz əlaqə saxlamaq hüququ, diplomatik yazışma
və göndərişlərin toxunulmazlığı.
Maliyyə toxunulmazlığına əsasən diplomatik nümayəndəliklər yerləşdiyi ölkədə müxtəlif vergi və
rüsumlardan, habelə qarşılıqlı prinsiplərə əsasən gömrük xərclərindən azad olmurlar.
Diplomatik kuryerin müşayiəti ilə göndərilən diplomatik poçt toxunulmazdır. Bu poçt,
yük və kuryerin
daşınması üçün haqq verilməsi şərti ilə, sərhədlərdən azad buraxılmalıdır.
Diplomatik nümayəndələrin hüquqi vəziyyəti beynəlxalq hüquq, beynəlxalq adətlər və daxili
qanunvericilik aktları əsasında nizama salınır.
Azərbaycan Respublikası ərazisinə gətirilən və ya bu ərazidən aparılan diplomatik nümayəndəliklərin
rəsmi istifadəsi üçün nəzərdə tutulmuş mallar gömrük ödəncləri ödənilməsindən azad edilir. Avtonəqliyyat
vasitələri, mebel, ofis texnikası, tikinti materialları, dəftərxana ləvazimatı və s. belə mallara aid edilir. Bu
malların təyinatı diplomatik nümayəndəlik başçısının rəsmi məktubu ilə müəyyən olunmuş qaydada təsdiq
olunmalıdır.
Malların təyinatı müqavilədə və ya başqa bir yolla da göstərilə bilər. Diplomatik nümayəndəliklər
tərəfindən gətirilməsinə icazə verilən avtomobillərin miqdarı adətən Xarici İşlər Nazirliyi tərəfindən müəyyən
edilir.
Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin rəsmi istifadəsi üçün
nəzərdə tutulan mallar adi
qaydada gömrük rəsmiləşdirilməsindən keçir.
Diplomatik nümayəndəliklərin rəsmi istifadəsi üçün gətirilən mallar gömrük nəzarətindən azad edilmir.
Gömrük güzəştləri yalnız gömrük ödənclərinin ödənilməsindən azad etməkdən ibarət olur. Lakin bu halda da
aşağıdakılar ödənilməlidir:
1) saxlanca görə gömrük yığımı;
2) gömrük orqanlarının müəyyən edilmiş iş yerindən kənarda və ya iş vaxtından kənarda gömrük
rəsmiləşdirilməsi üçün gömrük yığımı;
3) məlumatlandırma və məsləhət verməyə görə, ilkin qəbul edilmiş qərara görə ödənclər.
Diplomatik nümayəndəliklərə gömrük güzəştləri Azərbaycan Respublikasının gömrük sərhədindən
keçərkən mövcud qanunvericiliyə tam əməl edildliyi təqdirdə verilir.
Diplomatik güzəştlərdən qazanc məqsədi ilə istifadə olunmasına yol verməmək üçün diplomatik
təmsilçiliyin kommersiya fəaliyyəti ilə bir araya sığmazlığı prinsipindən (1961-ci il Vyana Konvensiyasının 42-
ci maddəsi) çıxış edərək, Gömrük qanunvericiliyi diplomatik təmsilçiliklərin rəsmi istifadəsi üçün nəzərdə
tutulan bəzi mallara görə məhdudiyyətlər müəyyən edə bilər.
43
Diplomatik heyətin üzvləri müvafiq təmsilçiliyin diplomatik dərəcəsi olan üzvlərinə deyilir. Müşavirlər,
ticarət nümayəndələri, hərbi, hərbi-dəniz,
hərbi-hava, gömrük attaşeləri, birinci, ikinci, üçüncü katiblər,
diplomatik attaşelər, təsərrüfat sahələri üzrə attaşelər, arxivçi-katiblər diplomatik dərəcəsi olan heyət hesab
edilir.
Diplomatik heyətin tərkibinə həmçinin ticarət nümayəndələrinin müavinləri, attaşelərin köməkçiləri də
daxildirlər.
1961-ci il Vyana Konvensiyasının “diplomatik agent” termini diplomatik təmsilçiliyinin başçısı və
üzvlərini nəzərdə tutur.
Gömrük Məcəlləsinə görə gömrük güzəştləri diplomatik təmsilçiliyin başçısının və diplomatik heyət
üzvlərinin ailə üzvlərinə də şamil edilir. Bu hüquqi norma 1961-ci il Vyana Konvensiyasının 37-ci maddəsinin
1-ci bəndinə uyğun gəlir:
“Diplomatik agentin onunla birlikdə yaşayan ailə üzvləri, əgər onlar qaldıqları
ölkənin vətəndaşı deyillərsə, diplomatik agent üçün nəzərdə tutulmuş 29-36-cı maddələrdə göstərilən
üstünlük və immunitetlərdən istifadə edirlər”. Ailə üzvləri dedikdə arvad (ər), həddi-büluğa çatmamış
uşaqlar və öhdəsində olan digər şəxslər başa düşülür.
Diplomatik təmsilçiliyin rəsmi istifadəsi üçün nəzərdə tutulmuş mallar kimi diplomatik agentin və onun
ailə üzvlərinin şəxsi istifadəsi və həmçinin ilkin təsərrüfat üçün lazım olan mallar da daxil olmaqla, gömrük
rüsumları və yığımlarından azaddırlar. Bu güzəşt saxlanc, gömrük orqanlarının iş yerindən və iş vaxtından
kənarda gömrük rəsmiləşdirilməsi, məlumatlandırma və məsləhət verməyə görə tələb olunan ödənclərə və s.
şamil edilmir.
Diplomatik agentin şəxsi baqajı dedikdə diplomatın şəxsi istifadəsi üçün əşyalar olan baqaj nəzərdə
tutulur. Adətən belə baqaj diplomatik agentlə birgə hərəkət edir. Şəxsi baqajın gömrük müayinəsindən azad
edilməsi mütləq xarakter daşımır. 1961-ci il Vyana Konvensiyasının 36-cı maddəsinə (2-ci bənd) görə
diplomatın və onun ailə üzvünün baqajında şəxsi istifadə üçün nəzərdə tutulmayan və yaxud yerli
qanunvericilikdə respublikaya gətirilməsi və ya aparılması qadağan edilmiş malların
olduğunu güman etməyə
kifayət qədər əsas varsa, həmin baqaj gömrük müayinəsinə cəlb oluna bilər.
Gömrük orqanının səlahiyyətli şəxsi nəinki sorğu-sual, həmçinin sərnişin bəyannaməsinin
doldurulmasını təklif edə bilər. Eyni zamanda baqaj və əl yükünün gömrük müayinəsini keçirə bilər. Diplomatın
şəxsi baqajına gömrük nəzarəti (müayinəsi) gömrükxana rəisi, yaxud onu əvəz edən şəxs tərəfindən
sanksiyalandırılır. Əgər gömrük nəzarəti nəticəsində gömrük qanunvericiliyinin pozulması faktı aşkar edilərsə,
gömrük orqanının səlahiyyətli şəxsi xüsusi akt tərtib edir. Bu halda protokol tərtib edilmir, belə ki, diplomatik
agent məhkəmə immunitetinə malikdir və qaldığı ölkənin qanunlarına görə hüquqi məsuliyyətə cəlb oluna
bilməz.
Adətən Xarici İşlər Nazirliyi diplomatik agentin işlədiyi səfirliyə müvafiq təqdimat göndərir. Bu
təqdimatda diplomatik statusdan sui-istifadə faktı göstərilir. Gömrük müayinəsi zamanı aşkar
edilmiş şəxsi
istifadəyə aid olmayan mallar geri göndərilməlidir. Qeyd etmək lazımdır ki, diplomatın şəxsi baqajı onun və ya
səlahiyyətli nümayəndəsinin iştirakçısı olmadan gömrük baxışına (müayinəsinə) cəlb edilə bilməz.
Beynəlxalq hüquq diplomatik və konsul poçtunun gömrük sərhədindən keçirilməsinin xüsusi xarakterini
müəyyən edir. Diplomatik və konsul poçtu toxunulmazdır.
Müasir beynəlxalq ictimai hüquqi ümumiliklə qəbul edilmiş bu prinsipi diplomatik təmsilçiliyin təmsil
etdiyi ölkə ilə münasibətlərin sərbəstliyinin təmin edilməsinə zəmanət verir. Diplomatik poçtun köməyi ilə
xidməti istifadə üçün rəsmi yazışmalar, sənədlər və müxtəlif əşyalar çatdırılır. Onlar diplomatik valizə (çantaya)
qablaşdırılır. Diplomatik valiz dedikdə müəyyən olunmuş qaydada bağlanmış, möhürlənmiş və ya plomblanmış,
onun xarakterini göstərən gözlə görünə bilinən zahiri əlamətləri olan qab (kisə, çanta, paket, zərf və s.) nəzərdə
tutulur. Diplomatik poçtun ayrı-ayrı subyektləri ölçülərinə və çəkisinə görə məhdudlaşdırılmır. Qarşılıqlı
razılaşmaya əsasən diplomatik poçtun ümumi çəkisi məhdudlaşdırıla bilər. Tranzit diplomatik poçtun çəkisi
məhdudlaşdırılmır. Diplomatik poçtun tərkibində yalnız rəsmi istifadə üçün nəzərdə tutulmuş sənəd və mallar
ola bilər.
Hər diplomatik valiz diplomatik poçtun bir yeri sayılır və ünvana diplomatik kuryerin müşayiəti ilə,
yaxud belə müşayiət olmadan adi rabitə kanalı ilə çatdırıla bilər.
Əgər diplomatik poçtun bütün baqajları (yerləri) onları fərqləndirən və diplomatik poçta aid olduğunu
müəyyən etməyə imkan verən əlamətlərə malikdirlərsə, belə poçt açıla və ya yubadıla bilməz.
Belə hallarda
gömrük orqanının vəzifəli şəxsləri zahiri baxış keçirir və poçtun markalanmasının tələblərə və kuryer vərəqində
yazılanlara uyğun olmasına nəzarət edir.
Diplomatik poçtu məneəsiz göndərmək və almaq hüququ olanlar aşağıdakılardır.
a) Azərbaycan Respublikasının diplomatik və konsul münasibətləri yaratdığı dövlətlərin xarici işlər
nazirlikləri;
b) Bu dövlətlərin üçüncü ölkələrdəki diplomatik və konsul təmsilçilikləri;
c) Azərbaycan Respublikası ərazisindəki beynəlxalq təmsilçilikləri;