~~~ 18 ~~~
Tədqiqatçının həm qədim, həm də müasir erməni dilini
mükəmməl bilməsi (həm qrabarı, həm də aşxabarı) onun bu
mövzunu seçməsində əsas amillərdən biri olmuşdur. Müəlli-
fin bu mövzuya üz tutmasını şərtləndirən digər vacib faktor-
lar sırasında erməni şairinin üç dildə: Azərbaycan, gürcü və
erməni dillərində yazıb yaratması, xüsusən də Azərbaycan
dilində yazmağa üstünlük verməsinin səbəblərini araşdırıb
üzə çıxartmaq cəhdi daha mühüm əhəmiyyət kəsb edir. Prob-
lemin təhlilinə keçməmişdən əvvəl belə bir cəhəti vurgulma-
ğa xüsusi ehtiyac vardır ki, M.Seyidov haqqında araşdırma
apardığı şairin Azərbaycan dilində yazmasını onun qeyri-adi
istedadı ilə yox, doğma dilimizin həmin dövrdə Zaqafqaziya-
dakı hakim mövqeyi və ecazkar qüdrəti ilə əlaqələndirməyə
üstünlük vermişdir. Monoqrafiyanın konseptual məramı, ilk
növbədə, məhz belə bir tezisin bazasında qurulmuşdur.
Elmdə ideallaşdırmağa yol vermək olmaz. Həyat və ya-
radıcılığını əsaslı şəkildə öyrəndikdə məlum olur ki, sovet
dövründə yazıb-yaradan Mirəli Seyidov təbii inkişaf mər-
hələsindən keçmiş, yaradıcılığının başlanğıcında kommunist
rejiminin təbliğatından kənarda qalmamış, sovet ideologi-
yasının normativ klişelərinə əməl etməli olmuşdur. Bunu
onun Sayat Novaya həsr olunmuş monoqrafiyası da təsdiq
edir. 1954-cü ildə yazılmış bu əsəri şərti olaraq iki hissəyə
ayırmaq mümkündür: birinci hissə mövzunun sırf elmi as-
pektdən araşdırılmasını əhatə etdiyi halda, ikinci hissə bu
və ya digər dərəcədə siyasi xarakter daşıyır. Onu da xüsusi
vurğulamaq lazımdır ki, tədqiqatçı elmi fəaliyyətinin ikinci
mərhələsində, ilk növbədə, məhz bu siyasi xarakterli hissə-
dən azad olmağa ayrıca diqqət yetirmişdir.
Tədqiqatın yazıldığı dövrü nəzərə almaqla, əsərdə özü-
nü göstərən “ştambovka”ların böyük əksəriyyətinin məc-
buriyyətdən irəli gəldiyini söyləmək mümkündür. Dövrün
möhürünün əsərdə açıq-aşkar göründüyünü adi faktlar da
təsdiqləyir. Məsələn, II Dünya müharibəsini qələbə ilə başa
~~~ 19 ~~~
vurmuş sovet cəmiyyətində İ.Stalin kultunun qeyri-adi dərə-
cədə populyar olduğunu nəzərə alsaq, əsərdə “müdrik Le-
nin-Stalin milli siyasəti…” [106,5] kimi qəlib mülahizələrin,
İ.Stalindən sitatlar gətirilməsinin [106,6] dövr üçün qaçıl-
mazlığın və qanunauyğunluğun nəticəsi kimi qəbul edilmə-
sinə ehtiyac vardır. Müstəqilliyin indiki mərhələsində əlli-alt-
mış il əvvəl yazılmış bir əsərdə yalnız elmi həqiqət axtarmaq
nə qədər əbəs bir cəhddirsə, müəllifdən elmi həqiqət naminə
şəhidlik səviyyəsinə çata biləcək fədakarlıq gözləmək də bir
o qədər lazımsız təşəbbüsdür.
Bütün bunların dövr üçün səciyyəvi cəhət olduğu SSRİ
xalqları, xüsusən Azərbaycan-erməni xalqları arasındakı
qarşılıqlı ədəbi-mədəni əlaqələr, o cümlədən Sayat Nova
haqqında yazılan çoxsaylı məqalələrin [2; 6; 31; 33; 113;
115; 118; 119; 120; 126 və s.], böyük əksəriyyətindən də
açıq-aşkar görünür. Hətta ədəbiyyatşünaslıqda təsadüfi ol-
mayan bu müəlliflərin məqalələrinin adlarının M.Seyidovun
Sayat Novaya həsr edilmiş məqalələrinin adları [49; 50; 51;
52; 53; 54 və s.] ilə müqayisəsi də yuxarıda deyilənlərin yal-
nız tədqiqatçının deyil, onunla eyni dövrdə yazıb-yaratmış
alimlərin demək olar ki, hamısının səciyyəvi cəhəti oldu-
ğunu göstərir. Nəhayət, onu da qeyd edək ki, M.Seyidovun
monoqrafiyası çapdan çıxandan sonra onun haqqında yazı-
lan resenziyaların əksəriyyətinin sərlövhəsi də fikrimizi təs-
diqləyən tutarlı faktlardandır [6; 39; 40; 119; 127].
Bu tipli mülahizələrin üzərində təfsilatlı şəkildə dayan-
madan başqa bir ifrat meyilə diqqət yetirək. Bir çox tədqiqat-
çıların, o cümlədən M.Seyidovun araşdırmalarında elmi
sübutlara əsaslanmayan ittiham xarakterli mülahizələr də
əksini tapıbdır. Diqqəti cəlb edən cəhət bir də ondan ibarət-
dir ki, belə mülahizələrində tədqiqatçı elmi araşdırmalara
istinad etmir. Məsələn, müəllif xarici ölkələrdən danışarkən,
birmənalı şəkildə onları ya proletariatın qənimi olan, ya da
işğalçı imperialist dövlət adlandırmışdır. (“Türkiyə və Iran
~~~ 20 ~~~
qəsbkarları…” [106, 30]; “Qaniçən osmanlı orduları…” [106,
38]; “…Iran, Türkiyə işğalçılarının…”[106, 99] və s.) Hesab
edirik ki, bütün bu tip məqamlar dövrün siyasi kursunun
Azərbaycan xalqının gələcəyinə, gələcək nəsillərin azərbay-
cançılıq dünyagörüşünün formalaşmasına mane olmağa he-
sablanmış, düşünülmüş addımlar idi.
Monoqrafiyada başqa tip qüsurlar vardır ki, ictimai-siya-
si və milli-tarixi xarakter daşıdığı və sovet rejiminin geostra-
teji maraqlarına uyğun gəldiyindən ikili standartlara məruz
qaldığı üçün onların üzərindən sükutla keçmək mümkün
deyildir. Başqa sözlə desək, indi haqqında bəhs edəcəyimiz
hallar Azərbaycan maraqlarına cavab versəydi, bütün bunlar
monoqrafiyada ya əksini tapmazdı, ya da bu şəkildə, formada
və tutumda ifadə edilməzdi. Digər tərəfdən onu da nəzərə al-
maq lazımdır ki, bu tipli ifratlar ölkəmizin və xalqımızın son-
rakı tarixində və taleyində əks arqument kimi istifadə oluna
bilərdi. Maraqlıdır ki, eyni bir problemin müxtəlif aspektdən
təhlili və ya yozumu Azərbaycan və erməni alimlərinin filo-
loji araşdırmaları milli maraqlara tabe etdirmək istəyini və
bacarığını da göstərə bilir.
Tədqiqatçı XVI-XVII əsr Zaqafqaziya tarixindən danı-
şarkən yazır: “Qanlı müharibələr nəticəsində qalib gəlmiş
yadelli işğalçılar erməniləri Ararat düzənliyindən, Suğadan
və sair yerlərdən zorla, kütləvi surətdə uzaq, yad ölkələrə
sürgün edirdilər. Misal üçün, 1605-ci ildə Şah Abbasın əmri
ilə Naxçıvan vilayətinin əhalisi - həm erməni, həm də azər-
baycanlılar kütləvi şəkildə sürgün edilmişdilər” [106, 15].
Zahirən problematik mahiyyət daşımayan bu mülahizədə
bəzi məqamlara diqqət yetirək. Birincisi, müəllif sovet döv-
ründə məqsədli şəkildə formalaşdırılmış süni terminologiya-
dan istifadə etməklə qədim türk torpağını erməniləşdirmək
cəhdlərində bu və ya digər dərəcədə iştirak etməli olmuş-
dur. Bəllidir ki, türk elmi-tarixi mənbələrində Ağrı dağı ilə
bağlı toponimlər ümumi xristian həmrəyliyi ilə Araratla əvəz
Dostları ilə paylaş: |