qanlı döyüşlər olar, quldurlar zərərsizləşdirilər... Yox, yox, bəlkə də, heç qızıl
axtarmaq lazım deyil... orada dəhşətli şeylər baş verir, adamlar qızıldan ötrü bir-
birini öldürür, zəhərləyirlər; barlarda atışmalar olur, insanlar bir-birinə pis-pis
söyüşlər yağdırırlar. Yaxşısı budur, Ceyms dinc bir fermer olsun, qoyunlara
baxsın; və günlərin bir günü axşam o, at belində evə qayıdanda görər ki, bir qara
atlı quldur qənşərində gözəl və adlı-sanlı bir qızı qaçırdır; qardaşı da o qulduru
qovacaq və gözəlçəni xilas edəcək. Əlbəttə, həmin gözəlçə də qardaşına
vurulacaq, ikisi də bir-birini sevəcək, evlənəcəklər; sonra da Londona qayıdıb
böyük bir evdə yaşayacaqlar. Bəli, Ceymsi çox maraqlı macəralar gözləyir. Lakin
o da gərək ağıllı olsun, başını itirməsin, pullarını da hara gəldi xərcləməsin.
Qız qardaşından bir yaş böyük idi; o, həyat barədə çox şey bilirdi. Qardaşını
inandırmağa çalışırdı ki, bacısına hər gün məktub yazmalıdır, hər gün! Gecə
yatmazdan qabaq dua etməlidir, hər gecə! Allah qadir Allahdır, qardaşını hifz
edər! O da qardaşına dua edəcək! Çox keçməz ki, iki-üç ildən sonra qardaşı geri
dönər, varlı və xoşbəxt olar!
Ceyms bacısını sakitcə və qaşqabaqlı dinləyirdi. O, evdən nigaran gedirdi;
qəlbində ağır bir yük qalmışdı. Onu ağrıdan və darıxdıran təkcə ayrılıq dərdi
deyildi. Bütün naşılığına baxmayaraq, gənc oğlan ağrılı kədərlə hiss edirdi ki,
bacısı Sibili təhlükə gözləyir. Bacısına eşq elan edən, ona hizmət göstərən o
modabaz adamdan xeyir gəlməyəcək. O, zadəgan idi və elə buna görə də Ceyms
ona nifrət edirdi; ona düşünmədən nifrət edirdi, sinfi instinkt idi nə idi, heç özü də
bilmirdi bunu, amma ona həqarət hissi qəlbinə hakim kəsilmişdi. Ceyms anasının
yüngül xasiyyətli və ucuz şöhrətə uyan bir qadın olduğunu bilərək fəhmlə
duyurdu ki, bu işdən Sibil və onun xoşbəxtliyinə qorxunc təhlükə gələcək. Uşaq
olanda biz valideynlərimizi sevirik. Böyüyəndə isə onları mühakimə edirik; biz
onları nadir hallarda bağışlayırıq.
Bəs Ceymsin anası? Çoxdan idi o, anasına bir sual vermək istəyirdi; bu sual ona
neçə ay idi əzab verirdi. Teatrda eşitdiyi təsadüfi bir söz onun beynini qızdırdı;
bir dəfə axşam o, səhnənin arxa qapısı ağzında anasını gözləyirdi, pərdə
arxasından istehzalı pıçıltılar eşitdi. Bunu xatırlayanda indi də özünə gələ bilmir,
elə bil, üzünə şillə vururlar. O, qaşlarını çatdı; qaşları arasında dərin qırışlar
yarandı. Üz-gözünü turşudub alt dodağını çeynədi.
– Cim, sən, deyəsən, heç mənə qulaq asmırsan?! – birdən Sibil ucadan söyləndi. –
Mən də burada ağzımı yorub sənin üçün gözəl gələcək planları düzüb-qoşuram.
Bir şey desənə!
– Nə deyim axı?
– Heç olmasa, de ki, sən yaxşı oğlan olub bizi unutmayacaqsan, – qız gülümsədi.
Oğlan çiyinlərini dartıb dedi:
– Sibil, belə görürəm ki, sən məni unudacaqsan, mən səni yox!
Sibil qızardı.
– Nə üçün belə fikirləşirsən?
– Deyirlər ki, sənin təzə bir tanış oğlanın peyda olub. O kimdir? Nə üçün sən
onun barəsində mənə bir kəlmə belə deməmisən? Bu tanışlıq xeyir gətirməyəcək.
– Bəsdir, Cim! – qız qışqırdı. – Onun barəsində pis danışma. Mən onu sevirəm.
– Sən heç onun adını da bilmirsən! – Ceyms dedi. – O kimdir? Mənim bunu
bilməyə haqqım var.
– Adı “Gözəl şahzadə”dir. Nədir, xoşuna gəlmir? Ah! Sən lap səfehsən! Sən bu
adı yadda saxlamalısan! Sən onu bircə dəfə görsən, deyərsən ki, yer üzündə ondan
qəşəngi yoxdur! Avstraliyadan qayıdandan sonra onunla tanış olarsan, onda çox
xoşuna gələcək! Onu hamı sevir və mən... də... mən də onu sevirəm! Kaş bu
axşam sən teatra gələ biləydin! O da gələcək! Mən Cülyettanı oynayacağam. Ah!
Mən rolumu necə oynayacağam, bilmirəm?! Təsəvvür et, Cim, vurulasan, özün də
Cülyettanı oynayasan! Özü də sevdiyin adamın qabağında oynayasan! Onun üçün
oynayasan! Hətta qorxuram oynaya bilməyəm; ya tamaşaçıları ürküdəcəyəm, ya
da heyrətə gətirəcəyəm! Məhəbbət insanı ucaldır, özündən də yüksəklərə qaldırır!
O miskin ifrit – mister İsaakı deyirəm – yenə barda içib keflənəcək, öz butulka
dostlarına deyəcək ki, mən dahiyəm! O, mənə inanır və bu gün mənim üçün dua
edəcək! Mən bunu duyuram! Bunu o edib – mənim gözəl şahzadəm edib! Mənim
gözəl, qəşəng, füsunkar məhəbbətim edib! Gözəllik Allahı! Mən onun yanında
gözəllikdə heç nəyəm! Heyhat! Bu nə deməkdir? Deyirlər, kasıblıq sürünə-
sürünə qapıdan içəri girəndə, məhəbbət uça-uça pəncərədən çıxır. Bizim ataların
məsəlini dəyişdirmək lazımdır. Atalarımız onu qışda deyib, indi isə yaydır...
Mənim üçün isə yazdır, əməlli-başlı bayramdır, mavi səma altında gül bayramı.
– O, adlı-sanlı adamdır, – Ceyms kədərlə dilləndi.
– O şahzadədir! – qız coşdu. – Sənə daha nə lazımdır?
– O, səni özünə qul etmək istəyir.
– Mənsə azadlıq barədə düşünürəm.
– İstəyirəm ki, ondan özünü gözləyəsən!
– Onu kim görürsə, ona dua oxuyur; kim tanıyırsa, ona inanır.
– Sibil, görürəm, sən onun eşqindən dəli olmusan!
Sibil şaqqanaq çəkib güldü və qardaşının əlindən tutub dedi:
– Cim, əzizim, sən lap yüz ilin qocası kimi danışırsan. Bir vaxt gələr, sən də
sevərsən. Onda bilərsən məhəbbət nə olan şeydir. Acığın tutmasın! Sən gərək
sevinəsən ki, məni beləcə məmnun halda görürsən; dərd-sərin olmayacaq, çünki
mən heç vaxt belə bəxtiyar olmamışam! Bizim həyatımız çox ağır keçib, özün
bilirsən; hətta dəhşətli günlərimiz olub! İndi isə hər şey başqa cür olacaq! Sən
gedirsən ki, yeni dünyanı görəsən; mən isə yeni dünyanı, yeni həyatı burada
tapmışam... Gəl orada oturaq, o skamyada; ötüb-keçən yaraşıqlı adamlara tamaşa
edək.
Bacı-qardaş oturub dincələn adamların arasında yerlərini tutdular. Küçə boyu gül
ləklərində zanbaqlar alovun dili kimi alışıb-yanırdı. Havadan bəyaz toz
sallanmışdı, elə bil, ətirli kirşan buludları burulurdu. İri bəzəkli kəpənəklər
uçuşur, açan çiçəklərin çətirlərinin başına dolanırdılar.
Qız qardaşını inadla sorğu-suala tutmuşdu; istəyirdi ki, qardaşı öz gələcək
planları, arzuları barədə danışsın. Ceyms könülsüz və aramla danışırdı. Onlar
arasında söz mübadiləsi, sanki, iki şahmatçı arasında oyun gedişlərini xatırladırdı.
Sibil qardaşını öz sevincinə şərik edə bilmədiyi üçün əzab çəkirdi. Qızın
Ceymsdən aldığı yeganə cavab oğlanın kədərli üzündə oyanan xəfif təbəssüm idi.
Bir qədər sonra qız susdu, daha danışmadı. Birdən Sibil qarşısında ona tanış olan
qızılı saçlar, gülümsər dodaqlar gördü; açıq faytonda Dorian Qrey iki xanımla
yanaşı ötüb-keçdi.
Sibil yerindən dik atılıb qışqırdı:
– Odur!
– Kim? – Cim soruşdu.
– Gözəl şahzadə! – Sibil baxışları ilə faytonun dalınca baxdı. Cim də yerindən
qalxdı və bacısının əllərini bərk-bərk sıxdı.
– Hanı? Hansıdır? Göstər mənə! Mən onu görməliyəm! – Cim qışqırdı; lakin bu
vaxt hersoq Bervikin dördtəkərli faytonu araya girdi və o, ötüb-keçəndən sonra isə
Dorianın faytonu artıq parkdan uzaqlaşmışdı.
– Getdi! – qız kədərlə pıçıldadı, – heyif, sən onu görə bilmədin!
– Hə, çox heyif! Amma Allaha and olsun, əgər o, səni aldatsa, ya səni incitsə,
harada olsa, onu tapıb öldürəcəyəm.
Qız qardaşına təşvişlə baxdı. Ceyms sözlərini yenidən təkrar etdi. Onun sözləri
havada xəncər kimi vıyıldadı; adamlar təəccüblə Ceymsə baxmağa başladı.
Yaxında oturan xanım istehza ilə gülümsədi.
– Gedək buradan, Cim! Dur gedək! – Sibil pıçıldadı. Qız izdihamı aralaya-aralaya
gedir, Cim də ürəyini boşaltmış və bir qədər yüngülləşmiş adam kimi bacısının
arxasınca addımlayırdı.
Onlar Axillesin heykəlinə çatanda qız arxaya baxdı. Qardaşını təəssüf hissi ilə
sezib başını buladı və dodaqları aralandı. Dedi:
– Sən dəlisən-nəsən, Cim! Vallah, sənin başın xarab olub! Belə dəhşətli sözləri
necə dilinə gətirirsən?! Uşaqsan? Sən heç nə danışdığını bilirsən? Sən, sadəcə,
qısqanırsan və buna görə də ona qarşı ədalətsizlik edirsən! Ah! Kaş sən də
məhəbbətə mübtəla olaydın! Onda bilərdin ki, məhəbbət insanı xeyirxah,
mərhəmətli edir; sənin söylədiklərin pis sözlərdir, çox pis!
– Mən uşaq deyiləm artıq, on altı yaşım var! – Cim cavab verdi. – Və bilirəm nə
danışıram. Anamız sənə kömək edə bilməz. O heç bilmir ki, səni necə qorusun.
Çox heyif! Mən Avstraliyaya gedirəm. Əgər müqavilə bağlamasaydım, heç
getməzdim də, qalardım sənin yanında. Cəhənnəm olsun Avstraliya!
Dostları ilə paylaş: |