ehtiras gördüm ki, bunu heç vaxt əvvəllər görməmişdim. Dodaqlarım istər-
istəməz onunkuna doğru uzandı. Biz öpüşdük. O anlarda nələr keçirdiyimi sizə
təsvir edə bilmirəm. Mənə elə gəlirdi ki, bütün həyatım qızılgül bəxtəvərliyinə
bələnmiş mükəmməl bir nöqtədən ibarətdir. Qız əsirdi, titrəyirdi, ağ nərgiz gülü
kimi əsirdi. Birdən o, özünü mənim ayaqlarıma atdı və başladı əllərimdən
öpməyə. Düşünürdüm ki, mən bunları sizə söyləməyim, amma özümü saxlaya
bilmirəm. Əlbəttə, bizim nişanımız sirr olaraq qalır. Qız heç öz anasına bu barədə
bir kəlmə belə deməyib. Hələ mən də bilmirəm ki, qəyyumlarım buna nə deyəcək.
Lord Radley mütləq hiddətlənəcək. Bu, məni maraqlandırmır da. Mənim hələ bir
ilim qalıb, yaşım imkan vermir; bir ildən sonra nə istəsəm, onu edə bilərəm. Düz
demirəm, Bazil? Mən öz məhəbbətimi poeziyadan yüksək tutmaqda düz
eləmişəm, eləmi? Şekspirin pyeslərində özümə arvad tapmaqda düz eləməmişəm?
Şekspirin öyrətdiyi dodaqlar ki var, onlar mənim qulaqlarıma öz sirlərini
pıçıldadı. Rozalindin əlləri mənim belimə dolanmışdı; mən Cülyettanın
dodaqlarından öpdüm.
– Bəli, Dorian, məncə, siz düz deyirsiniz, – Holvard yavaşdan səsləndi.
– Bu gün onu görmüsünüzmü? – lord Henri soruşdu. Dorian Qrey çiyinlərini
çəkdi.
– Mən onu Arden meşələrində buraxıb gəldim; mən onu Veronanın meyvə
bağlarında tapacağam...
Lord Henri dalğın-dalğın şampan şərabından bir qurtum vurdu.
– Dorian, deyin görüm siz məhz hansı məqamda ona evlənməyi təklif etdiniz və
onun cavabı necə oldu? Yəqin, bunları yaddan çıxartmısınız?..
– Əzizim Henri, mən ona rəsmi təklif etməmişəm, buna da biznes sövdələşməsi
kimi baxmıram. Mən ona dedim ki, səni sevirəm və o da mənə dedi ki, mən sənin
arvadın olmağa layiq deyiləm! “Layiq deyiləm”ə bax! Bütün dünya mənim üçün
heç nədir onun yanında!
– Qadınlar çox gözəl təcrübəyə malik olan məxluqdurlar, – lord Henri pıçıldadı. –
Hətta biz kişilərdən daha təcrübəli olurlar. Bu cür situasiyalarda biz çox vaxt
nikah-filan sözünü unuduruq, onlar isə bunu həmişə bizim yadımıza salırlar.
Holvard əl işarəsi ilə dostunun sözünü kəsdi.
– Bəsdir, Harri. Sən lap Dorianı incidirsən. O, başqa kişilər kimi deyil. O, çox
mərhəmətlidir və qadınlara da zərər yetirməz. Xeyirxah oğlandır.
Henri Doriana baxdı.
– Dorian heç vaxt məndən incimir, – lord Henri dedi. – Mən bu sualı xeyirxah
niyyətlə verdim; yalnız o məqsədlə verdim – sırf maraq xətrinə. Mənim
müşahidələrimə görə, adətən, nikahı qadınlar təklif edir, kişilər yox. Yalnız burjua
dairələrində əksinə olur. Lakin burjuaziya, bilirsiniz ki, zəmanədən geri qalır.
Dorian Qrey güldü və başını yellədi. Dedi:
– Siz düzələn adam deyilsiniz, Harri; amma mən incimirəm bundan. Sizdən
küsüb-incimək mümkün deyil. Siz Sibil Veyni görsəniz, deyərsiniz ki, o qızı
yalnız əclaf adamlar incidə bilər; gərək qəlbi daş adam olasan ki, o qızın könlünü
sındırasan. Başa düşmürəm, necə ola bilər ki, sən sevdiyin bir adamın qəlbinə
dəyəsən?.. Mən Sibili sevirəm və istərdim ki, onu qızıl pyedestala çıxarım, qoy
bütün dünyaya sevgilimin ayaqları altından tamaşa edim. Nikah nədir? Pozulmaz
əhd-peyman! Sizə gülməli gəlir? Ah! Gülməyin! Bu bir pozulmaz əhd-peymandır,
mən bunu üzərimə götürmək istəyirəm! Onun mənə inamı, mənə etibar etməsi
məni xeyirxah olmağa səsləyir! Mən onunla olanda utanıram; sizin mənə
öyrətdiyiniz bütün hər şeydən utanıram, Harri; tamam ayrı bir adam oluram; bir
balaca Sibilin əlinə toxunanda sizi də, sizin təlqin etdiyiniz əyləncəli, cazibəli,
lakin zəhərli və yanlış nəzəriyyələri də unuduram...
– Hansı nəzəriyyələri? – lord Henri boşqabına salat qoyaraq soruşdu.
– Oooo, sizin həyat haqqında nəzəriyyələrinizi deyirəm... Məhəbbət haqqında,
həzz haqqında... bütün nəzəriyyələrinizi, Harri!
– O nəzəriyyəyə yalnız həzzi aid etmək olar, vəssalam! – lord Henri astadan
cavab verdi. – Lakin həzz barədə nəzəriyyəni mən icad eləməmişəm... Bu,
əlahəzrət təbiətə məxsusdur. Onun müəllifi də odur. Həzz – məhəkdaşıdır, onun
vasitəsilə insanı sınağa çəkirlər; o, təbiətin insana verdiyi xeyir-duadır. İnsan
xoşbəxt olanda həmişə yaxşı olur. Lakin yaxşı adamlar həmişə xoşbəxt olmurlar.
– Ah! Bəs yaxşı adamlar kimdir? – Bazil Holvard ucadan soruşdu.
– Hə, siz axı kimləri yaxşı adam hesab edirsiniz? – Dorian sualı qüvvətləndirdi.
– Yaxşı adam olmaq – özünlə saziş bağlayaraq yaşamaq deməkdir, – lord Henri
izah etdi. – Kim ki özgələrlə saziş bağlayıb onlarla birgə dinc yaşamağa məcbur
edilir, həmin adam öz-özü ilə ixtilafdadır. Öz həyatın! Bax budur əsas vacib
məsələ! Meşşan, yaxud puritan1 ola bilərsən, onlar öz əxlaq prinsiplərini
digərlərinə yeridə bilərlər, lakin mənə görə öz yaxınlarımızın həyatına müdaxilə
etmək bizim işimiz deyil. Çünki individualizmin, şübhəsiz, böyük məqsədləri var.
Müasir əxlaq bizdən tələb edir ki, biz öz epoxamızın beynəlxalq aləmdə qəbul
olunmuş ümumi anlayışlarını bölüşdürək. Mən isə düşünürəm ki, mədəni adam
gərək öz zəmanəsinin meyarlarını kortəbii qəbul etməsin; bu, əxlaqsızlığın ən
kobud formasıdır.
– Harri, razılaş ki, insan əgər özü üçün yaşayırsa, bunun üçün çox ödəməli olur, –
rəssam söz atdı.
– Əlbəttə, bu dövrdə hər şeyə görə gərək çox ödəyəsən. Məncə, kasıbların
bədbəxtliyi ondadır ki, onlar həyatda təkcə fədakarlıqdan – özlərini hər şeydən
məhrum etməkdən – başqa heç nə əldə etməyə qadir deyillər. Gözəl günahlar
gözəl şeylərə bənzəyir, bax bu, varlıların imtiyazıdır.
– İnsan öz həyatına görə pul ödəmir, başqa şey ödəyir.
– O başqa şey nədir, Bazil?
– Oooooo! Məsələn, deyərdim ki, peşmançılıq hissi, vicdanın səsi, mənəvi
aşınmanın dərk edilməsi....
Lord Henri çiyinlərini dartdı.
– Əzizim, orta əsrlər sənəti çox gözəldir, lakin orta əsrlərin hissləri və təsəvvürləri
köhnəlib. Əlbəttə, ədəbiyyat üçün onlar yaraya bilər; lakin ədəbi roman üçün o
şeylər yaraya bilər ki, onlar artıq həyatda istifadə edilmir, yaxud həyatımızdan
çıxıb. İnan mənə, mədəni adam həzzə görə heç vaxt peşman olmur; mədəniyyətsiz
adam isə həzzin nə olduğunu heç vaxt bilmir.
– Mən indi dərk edirəm ki, həzz nə olan şeydir, – Dorian qışqırdı. – Həzz kiməsə
heyran olmaq deməkdir.
– Əlbəttə, kiməsə heyran olmaq kiminsə sənə heyran olmasından daha yaxşıdır, –
lord Henri cavab verdi və əlini qabağındakı meyvə boşqabına uzatdı. – Kiminsə
sənə məftun olması üzücü və darıxdırıcı bir şeydir. Qadınlar biz kişilərə…
bəşəriyyət allahlara baxan kimi baxırlar; onlar bizə sitayiş, pərəstiş edirlər və
daim bizdən nəsə tələb etməklə bizi zinhara gətirirlər.
– Məncə, onlar bizdən ilk dəfə bizə bəxş elədikləri şeyi tələb edirlər, – Dorian
dalğın-dalğın yavaşdan pıçıldadı. – Onlar bizim içimizdə sevgini oyadır və bizdən
də onu tələb etməkdə haqlıdırlar.
– Bax həqiqət elə budur, Dorian! – Holvard təsdiq etdi.
– Həyatda əbədi həqiqət yoxdur, nisbi həqiqət var! – lord Henri dedi.
– Əbədi həqiqət var, Harri, – Dorian təkidlə cavab verdi. – Qəbul etməlisiniz ki,
qadınlar bizə həyatda ən qiymətli şeylərini bəxş edirlər.
– Ola bilər, – lord Henri davam etdi, – lakin onlar verdikləri şeyi daim geri tələb
edirlər, hətta bütün xırdalıqlarına qədər. Dərd elə bundadır! Bir ağıllı fransızın
dediyi kimi, qadınlar bizi böyük işlər görməyə ruhlandırır, lakin onları həyata
keçirməkdə daim bizə mane olurlar.
– Harri, siz islaholunmaz abırsız adamsınız. Amma mən bilmirəm sizdə nə
görmüşəm?! Nə üçün sizi belə sevirəm?!
– Siz məni həmişə sevəcəksiniz, Dorian!.. Qəhvə istəyirsiniz, dostlar?.. Bizə
qəhvə, konyak və papiros gətirin!... Yox, papiros lazım deyil, məndə var! Bazil,
səni siqar çəkməyə qoymayacağam. Papiros götür! Papiroslar ən mükəmməl həzz
vasitəsidir; zərif və kəskin, lakin bizi daim təmin eləmir. Daha nə istərdiniz?
Dorian, hə, nə deyirdim, siz məni həmişə sevəcəksiniz. Sizin gözünüzdə mən
bütün günahların mücəssəməsiyəm, o günahların ki, onları etməyə sizin
cəsarətiniz çatmır.
– Nə boş-boş danışırsan, Harri? – Dorian xidmətçinin gətirdiyi “əjdaha” fiqurlu
gümüşü alışqanda papiros yandırdı. – Gəlin teatra gedək. Sibili səhnədə görən
kimi sizin həyat haqqında fəlsəfəniz tamamilə yenilənəcək. O, sizin üçün elə bir
təzə dünya açacaq ki, siz onu heç vaxt görməmisiniz.
Dostları ilə paylaş: |