– Mən
hər şeyi görmüşəm və bilirəm, – lord Henri yorğun gözlərini oğlana dikdi.
– Lakin mən həmişə yeni şeylər görməyə hazıram. Lakin qorxuram ki, mənim
üçün onların heç bir mənası olmasın. Ola bilsin ki, sizin o möcüzəli qızınız məni
heyrətləndirsin, içimi tərpətsin. Mən səhnəni sevirəm. Tamaşa çox vaxt həyatdan
daha real olur. Gəlin gedək. Dorian, gəlin siz mənim kabrioletimə minin! Bazil,
təəssüf ki, mənim kabrioletimdə cəmi iki yer var. Sən bizim dalımızca faytonla
gəlməli olacaqsan!
Onlar qalxıb paltolarını geyindilər, ayaqüstü qəhvələrini içdilər;
rəssam susurdu
və düşüncəli görünürdü. Onun üzündə anlaşılmaz kədər vardı; Dorianın nikah
niyyəti onun ürəyincə deyildi. Lakin Dorian üçün bundan da pis şeylər ola bilərdi.
Bir azdan üçü də aşağı düşdü; rəssam, Harrinin dediyi kimi, fayton tutdu və
dostunun karetinin dalınca getdi. Yolda onu qəribə itki hissləri bürüdü. O başa
düşməyə başladı ki, Dorian heç vaxt əvvəlki kimi ona yaxın olmayacaq; həyat
onların arasına girdi... Rəssamın gözləri qaraldı və izdihamlı işıqlı küçələr bulanıq
ləkələr kimi gözləri qarşısında yayılmağa başladı. Fayton teatra çatanda rəssama
elə gəldi ki, o, bu gün birdən-birə bir neçə il qocaldı.
YEDDİNCİ FƏSİL
O gecə, nədənsə, teatr ağzınacan adamla dolu idi; onları qapıda gonbul yəhudi
direktor qarşıladı; qoca şit-şit gülür, hırıldayır, qonaqlara yaltaqcasına təzim
edirdi. O, təntənəli surətdə Dorianı və dostlarını lojada yerləşdirdi; yoğun
barmaqlarında daş-qaşlı üzüklər parıldayan yəhudi qol hərəkətləri
ilə qonaqlara
nəyisə başa salmağa çalışır, səsini qaldırırdı ki, ətrafdakıların nəzər-diqqətini cəlb
eləsin.
Dorian Qrey qocaya daha çox nifrət bəsləməyə başladı; ona elə gəldi ki, qoca
Miranda üçün gəlib, lakin Kalibanla rastlaşıb. Lakin bu qoca yəhudi lord
Henrinin, deyəsən, xoşuna gəlmişdi; hər halda, lord Henri bunu dilinə gətirdi və
istədi ki, qocanın əlini sıxsın. O, qoca ilə tanışlığına şad olduğunu bildirdi və qeyd
etdi ki, o, dahi bir sənətkara, şairə sevgi ucbatından
məğlub olan və həqiqi
istedadları üzə çıxaran bir adamla qürur duyur. Holvard parterdə oturan
tamaşaçıları seyr edirdi.
İçəridə boğucu, kəsif bir bürkü vardı; iri çilçırağın işıqları nəhəng günəşin sarı
şəfəqlərini xatırladırdı. Qalyorkada cavan oğlan və qızlar paltolarını çıxarıb
baryerin üstünə qoymuşdular. Onlar bir-biri ilə zal boyu danışır, yanlarında oturan
zövqsüz geyinmiş gənc qızlara portağal təklif edir, ucadan gülürdülər. Parterdə
oturan bəzi qadınlar isə lap qaqqıldaşırdılar. Onların cingiltili səsləri adamın
qulağını deşirdi. Bufetdən butulka qapaqlarının taqqıltıları gəlirdi.
Lord Henri dedi:
– Məhz belə bir yerdə siz öz ilahənizi tapdınız, hə?!
– Bəli! – Dorian Qrey cavab verdi. – Mən onu burada tapdım və o, ölümə
məhkum adi adamlar arasında ilahədir! O oynayanda siz hər şeyi unudursunuz!
Baxın, bu adi, kobud adamlar, vulqar maneralı və eybəcər sifətli insanlar o qız
səhnədə görünəndən sonra tamam dəyişirlər. Onlar oturub nəfəslərini belə
çəkmirlər, baxırlar; onlar gah ağlayır, gah gülürlər, yalnız o qızın oynadığı rolun
sayəsində. Sibil onların bütün hisslərini
səhnədən idarə edir, qız, sanki, skripka
kimidir, onlara ruh verir, ilham verir; bax o zaman mən hiss edirəm ki, bu adamlar
da mənim qanımdandır; biz hamımız eyni ətdən və qandan ibarətik.
– Eyni ətdən və qandan? Yox, bu, ola bilməz! – lord Henri etiraz etdi və binoklla
qalyorkada duran adamlara tərəf baxmağa başladı.
– Dorian,
ona fikir vermə, – rəssam dedi. – Nə demək istədiyini mən başa düşdüm
və mən o qıza da inanıram. Sənin sevdiyin hər kəs, təbii ki, gözəl olmalıdır və
əlbəttə, adamlara təsir göstərən qızın ürəyi də gözəl və nəcib olur. Gənc nəsli
nəcibləşdirmək özü də az iş deyil. Əgər sizin sevdiyiniz qız tamaşaçıların qəlbini
riqqətə gətirə bilirsə, əgər o qız ürəklərində çirkab və yaramazlıq gəzdirən
adamları xeyirxah hisslərə sövq edirsə, əgər onları xudbinlikdən və eqoizmdən
uzaq olmağa və özgənin kədərinə məlhəm
olmağa səsləyirsə, o qız sizin
məhəbbətinizə layiqdir; dünya onun qarşısında səcdə qılmalıdır! Onunla
evlənməyə dəyər. Sözün düzü, əvvəlcə belə fikirləşmirdim, amma indi mən bu
izdivacı məqbul sayıram. Sibil Veyni sizin üçün allahlar yaradıb. Həyat onsuz
sizə yarımçıq görünər.
– Təşəkkür edirəm, Bazil, – Dorian Qrey dostunun əlini sıxaraq dilləndi. –
Bilirdim ki, məni başa düşəcəksiniz. Harri o qədər yaramazdır ki, məni qorxudur.
Hə, bu da orkestr... Bu orkestr tamam cındır bir şeydir, amma cəmi beşcə dəqiqə
çalır. Sonra pərdə açılır və siz həyatımı belə qurban verməyə hazır olduğum o qızı
görəcəksiniz...
On beş dəqiqədən sonra qız gurultulu alqışlar altında səhnəyə çıxdı; o, doğrudan
da,
gözəl idi, sevimli bir məxluq idi, hətta lord Henri də belə düşündü. Qızın
utancaq çöhrəsi və ürkək baxışları, sanki, südəmər ceyranı xatırladırdı. Qız ağzına
qədər dolmuş həyəcanlı tamaşaçı auditoriyasını görəndə yanaqları yüngülcə
allandı; o, sanki, gümüş güzgüdə əks olunan qızılgül kölgəsiydi. Sibil bir neçə
addım geri çəkildi, dodaqları əsməyə başladı; Bazil Holvard ayağa qalxıb əl
çalmağa başladı. Dorian Qrey, elə bil, yuxuya getmişdi,
hərəkətsiz oturmuş,
gözlərini qıza zilləmişdi. Lord Henri isə binoklu gözlərinə tutub elə hey təkrar
edirdi: “Əla! Çox gözəl!” Tamaşada Kapulettinin evi göstərilirdi; Romeo rahib
paltarında içəri girir, onunla birlikdə Merkusio və bir neçə dostu da evə daxil
olurlar. Orkestr yenə çaldı, musiqi sədaları ətrafa yayıldı və rəqs başladı.
Yöndəmsiz və nimdaş geyinmiş aktyorlar arasında Sibil Veyn, elə bil, ayrı
aləmdən, uca göylərdən düşmüş bir varlıq kimi görünürdü. Qız rəqs edərkən onun
bütün bədəni yellənirdi, sanki, suyun üzündə gül yırğalanırdı. Sinəsi ağappaq qar