kimi zanbağı xatırladır, əlləri isə, elə bil, fil sümüyündən yonulmuşdu. Lakin
qəribə burası idi ki, qız, elə bil, özünü səhnədə hiss eləmirdi. O, Romeonu
görəndə onun üzündə heç bir ifadə, yaxud sevinc hissi duyulmadı. Elə yalnız
Cülyettanın bu sözlərini dilə gətirdi:
“Mərhəmətli rahib, sən öz əllərinə qarşı çox sərtsən – orada yalnız möminlik
əməlləri var! Bu dünyada daha müqəddəs əllər var – sən onlara toxuna bilərsən!”
Qısa dialoq zamanı bu sözlərin ardınca gələn replikalar adama saxta görünürdü.
Səs
çox gözəl idi, lakin intonasiya tamam uyğun gəlmirdi və bu düzgün olmayan
ton şeri, sanki, öldürdü, ifadə olunan hisslər qeyri-səmimi təsir bağışladı.
Dorian Qrey tamaşaya baxdıqca rəngi ağarırdı. O sarsılmışdı və həyəcanı getdikcə
artırdı. Nə lord Henri, nə də Bazil ona bir söz demək istəmirdi. Sibil Veyn onlara
tamamilə istedadsız aktrisa kimi göründü. Onlar tamam məyus olmuşdular.
Cülyettanı oynayan hər bir aktrisa üçün əsl məhəkdaşı ikinci hissədəki balkonda
olan səhnədir; onlar bunu dərk edərək ikinci hissəni gözlədilər.
Əgər Sibil bu
səhnəni də oynaya bilməsə, deməli, onun heç bir istedadı-filanı yoxdur.
Qız ay işığında balkonda görünəndə çox füsunkar idi; bunu inkar eləmək olmazdı.
Lakin qızın oyunu çox pis təsir bağışladı; hətta səhnədə tamaşa davam etdikcə
qızın ifaçılıq məharəti daha da zəifləyirdi. Onun səhnə hərəkətləri qeyri-təbii
alınırdı. Sözləri həddən artıq pafosla ifadə edirdi. Gözəl bir monoloq vardı
tamaşada: “Mənim üzüm gecənin zülməti altında gizlənib, lakin o, hələ də
xəcalətdən alışıb-yanır; çünki bu gecə sən mənə qulaq asmısan...”
Bu sözləri Sibil
elə tərzdə deyirdi ki, elə bil, şagirddir, mətni təzə-təzə öyrənir və
özü də ikincidərəcəli bir müəllim yanında dərs keçib. Balkondan əyilən zaman
Sibil aşağıdakı misraları söylədi: “Yox, yox, sən mənim sevincim olsan belə, and
içmə! Gecəki sövdəmizdən sevinmədim mən; bu addım tələsik bir iş oldu, mənim
üçün qəfildən. Elə bil, səmada ildırım çaxdı; çaxıb getdi, yox oldu! Ah, mənim
sevgilim... gecən xeyrə, əzizim; qoy bu isti yay
nəfəsi sevgimizin qönçəsini
oxşasın; o gül açanda biz də yenidən görüşərik...”
Qız bu misraları elə mexaniki deyirdi ki, sanki, onların mənasını bilmirdi, ona
çatmırdı. Bu, həyəcan, gərginlik əlaməti deyildi. Əksinə, Sibil tamamilə özünü ələ
almışdı. Bu, sadəcə, çox pis bir ifa idi. Görünür, aktrisa istedadsızdır. Hətta arxa
cərgələrdə oturan kütlə tamaşaya marağını itirdi; hamı səs salmağa, ucadan
danışmağa başladı, fit çalanlar da oldu. Balkonun skamyalarına
söykənən yəhudi
menecer ayaqlarını yerə döyür, donquldanır və söyüş söyürdü. Bütün bunlara
yalnız Sibil Veynin özü səhnədə laqeydlik göstərirdi.
İkinci hissə bitəndən sonra zalda səs-küy başladı və lord Henri ayağa durub
paltosunu geyinərək dedi:
– Qız çox gözəl qızdır, Dorian, amma aktrisa kimi oynaya bilmir. Gəlin gedək!
– Yox, mən axıradək oturacağam, – Dorian kəskin və sərt hərəkətlə etiraz etdi. –
Təəssüf edirəm ki, mənə görə bu axşamı itirdiniz. Hər ikinizdən üzr istəyirəm.
– Əzizim, görünür, Miss Veyn, bu gün xəstədir, – Holvard onun sözünü kəsdi. –
Biz başqa vaxt gələrik.
– Mən
də istərdim belə düşünəm, – Dorian dedi. – Amma görürəm ki, o, sadəcə,
soyuqluq və laqeydlik göstərir. O, tamam dəyişib. Dünən o, böyük aktrisaydı. Bu
gün isə yalnız ən orta səviyyəli bir ifaçı oldu.
– Sevdiyiniz qadın barədə belə danışmayın, Dorian. Sevgi sənətdən ucada durur.
– Sevgi də, sənət də – ikisi də yalnız təqlid formasıdır, – lord Henri dedi. – Gəl,
Bazil, gedək. Dorian, sizə də məsləhət görürəm ki, burda qalmayasınız. Pis oyuna
baxmaq ürəyə ziyandır... və bir də axı siz çətin razı olasınız ki, arvadınız aktrisa
olsun. Buna görə də sizin üçün nə fərqi var – o, Cülyettanı necə oynayır? Qız çox
sevimlidir. Əgər o, həyatı da teatr sənəti kimi belə az qanırsa, deməli, onunla
yaxınlıq sizə daha çox məmnunluq gətirəcək. Əsl həqiqətdə isə iki cür insan var
ki, onlar maraqlı adamlar hesab olunurlar: həyat haqqında hər şeyi bilənlər və
həyat haqqında heç nə bilməyənlər.... Allah xatirinə,
mənim əzizim, bunu facianə
qarşılama! Cavan qalmağın sirri bundadır ki, həyəcandan qaçasan,
nigarançılıqdan uzaqlaşasan. Onlar adamı dəli edir. Gəlin bizimlə gedək kluba!
Biz Sibil Veynin sağlığına içərik, papiros çəkərik! Qız mələkdir, sizə bundan artıq
nə lazımdır ki?
– Harri, çıxın gedin! – Dorian çımxırdı. – Mən yalqız qalmaq istəyirəm. Bazil, siz
də gedə bilərsiniz. Ah! Görmürsünüz, ürəyim partlayır?
Oğlanın yanaqlarından isti göz yaşları axdı. Dodaqları titrədi, lojanın arxasına
çəkilərək divara söykəndi və əlləri ilə üzünü örtdü.
– Gedək, Bazil, – lord Henri Bazil üçün gözlənilməz olan qəribə mülayimliklə
müraciət etdi. Hər ikisi lojanı tərk etdi.
Bir neçə dəqiqədən sonra səhnənin işıqları yandı; pərdə açıldı və üçüncü hissə
başladı. Dorian Qrey lojadakı yerinə qayıtdı. Onun rəngi ağarmışdı; o, təkəbbürlü
və laqeyd görünürdü. Tamaşa
davam edirdi; adama elə gəlirdi ki, bunun sonu
olmayacaq. Zal, demək olar, yarıyadək boşalmışdı; salonu ağır çəkmə tappıltıları
və gülüş səsləri bürümüşdü. Bu, əməlli-başlı uğursuzluq əlaməti idi. Aktyorlar
sonuncu hissəni, demək olar, boşalmış auditoriya üçün oynayırdılar. Nəhayət,
pərdə istehzalı gülüşlər və uğultular altında bağlandı.
Tamaşa qurtaran kimi Dorian Qrey səhnənin arxasına yüyürdü. Sibil öz
qrim otağında tək qalmışdı. Onun siması təntənəli
görünürdü, gözləri parıldayır,
qız, sanki, günəş kimi işıq saçırdı. Yarıaçıq qönçə dodaqlarına yalnız onun özünə
məlum olan sirli təbəssüm qonmuşdu. Dorian Qrey içəri girəndə qız böyük
sevinclə ona baxdı və ucadan qışqırdı:
– Dorian, mən bu axşam çox pis oynadım!
– Elədir, çox pis oynadınız! – Dorian təsdiq etdi və qıza anlaşılmaz təəccüblə
baxdı. – Dəhşət idi! Çox pis idi! Siz xəstə-zad deyilsiniz ki? Heç bilirsiniz bu
necə dəhşətli bir oyun idi? Mən çox iztirab çəkdim! Xəcalət təri tökdüm!