– Harri, yaxşısı budur,
mən birbaşa operaya gəlim, orada görüşək. İndi çox
yorulmuşam. Yemək istəmirəm. Sizin bacınızın lojasının nömrəsi neçədir?
– Gərək ki, iyirmi yeddi. İkinci mərtəbədədir. Qapının üstündə bacımın soyadı
yazılıb. Mənimlə gəlmədiyinizə və nahar etməməyinizə təəssüflənirəm...
– Vallah, yorulmuşam, Harri... Sizə hədsiz minnətdaram. Hər şeyə görə.
Söylədiklərinizə görə... İndi bilirəm ki, əsl dostum sizsiniz. Məni sizin kimi başa
düşən yoxdur.
– Bu, bizim dostluğumuzun hələ başlanğıcıdır, Dorian, – lord Henri dostunun
əlini sıxaraq cavab verdi. – Hələlik, görüşənədək. Ümidvaram ki, onun yarısına
kimi görüşəcəyik. Unutmayın, Patti oxuyur....
Lord Henri çıxandan sonra Dorian zəngi basıb Viktoru çağırdı. Viktor lampaları
gətirdi və pərdələri endirdi. Dorian səbirsizliklə Viktorun otaqdan çıxmasını
gözlədi. Ona elə gəlirdi ki, xidmətçi bu gün daha çox eşələnir.
Viktor gedən kimi o, ekranı portretin qabağından çəkdi. Yox! Portretdə heç bir
yeni dəyişiklik baş verməmişdi! Görünür, Sibil Veynin ölümü barədə xəbər
portretə daha öncə çatmışdı, Dorianın özündən qabaq! Bu portret onun həyatının
bütün olaylarından, onlar baş verəndən dərhal sonra xəbər tutur. Görünür, o
məşum ağız büküşləri də o zaman peyda olmuşdu ki,
Sibil Veyn həmin vaxt zəhər
içirmiş! Ya da, bəlkə də, portretdə canlı Dorian Qreyin törətdiyi əməllər yox,
onun qəlbində və ruhunda baş verən dəyişikliklər əks olunur? Bütün bunları
götür-qoy edən Dorian öz-özünə düşünürdü: birdən gözəl günlərin birində portret
onun gözləri qarşısındaca dəyişdi, onda nə olar? Dorian bunu həm istəyir, həm də
bu barədə düşünməkdən belə qorxurdu.
Zavallı Sibil! Bu nə sevgi hekayəti idi baş verdi?! O, tez-tez səhnədə ölürdü,
ölümü səhnədə yaşayırdı! İndi isə ölüm özü gəlib onu apardı! Sonuncu tamaşada
o necə də pis oynadı?! Görəsən, Sibil ölərkən ona lənətlər yağdırıbmı? Yox, ola
bilməz! Sibil Doriana olan məhəbbətinə görə getdi bu dünyadan! Bəli, sevgidən
ötrü getdi! Və bundan sonra Sevgi onun üçün ən müqəddəs sayılacaq. Sibil ondan
ötrü həyatını qurban verdi və bununla da hər şeyi özüylə yuyub-apardı.
Dorian bir
daha ogecəki teatr oyununu xatırlamayacaq, ogecəki oyundan aldığı sarsıntılı
təəssüratları, peşmançılıq hisslərini unudacaq. Sibil onun xatirəsində faciəli rolları
məharətlə oynayan ən parlaq aktrisa kimi qalacaq, unudulmaz faciə obrazı kimi
qalacaq! O qız həyat səhnəsinə bir məlaikə kimi göndərilmişdi ki, dünyaya ali
Sevginin var olduğunu göstərsin. Heyrətamiz faciə obrazı!? Sibilin məsum
çöhrəsi, məftunedici çevikliyi və utancaq məlahəti yadına düşdükcə Dorianın
gözlərindən yaş axmağa başladı. O, tələsik göz yaşlarını sildi və yenidən portretə
baxmağa başladı.
O düşünürdü ki, seçim etməyin vaxtı gəlib çatmışdır. Bəlkə,
elə seçim çoxdan
edilib? Bəli, həyat özü onun əvəzinə seçim edib; həyat və onun həyata sonsuz
marağı edib bunu! Əbədi cavanlıq, sönməz ehtiras, incə və qadağan olunmuş
həzzlər, xoşbəxtlik coşqusu, bundan da azğın günah dəlilikləri – bütün bunlara
yiyələnəcək, bütün bunları o yaşamalıdır! Qoy
portret də onun eyiblərinin,
rüsvayçılıqlarının yükünü daşısın! Vəssalam!
Birdən düşünəndə ki portretdəki o gözəl üz eybəcər hala düşəcək, ürəyində ağrı
hiss etdi. Haçansa o, gicbəsərlik edərək Narsisə bənzəmək üçün portreti öpmüşdü,
kətan parçada təsvir olunan o gözəl dodaqları öpmüşdü; o dodaqları ki, indi onlar
zalımcasına büküşüb eybəcər hala düşərək ona yanğı verir. O, hər səhər uzun
müddət portretin qarşısında dayanır, ondan zövq alırdı. Hərdən hiss edirdi ki,
portretə, deyəsən, vurulub. Görəsən, doğrudanmı Dorianın hər bir
hərəkəti, hər bir
zəif cəhəti indi bu portretdə əks olunacaq? Doğrudanmı, o portret eybəcər və
qorxunc bir rəsmə dönəcək və onu günəş işığı düşməyən zirzəmidə ağzını
qıfıllayıb həmişəlik gizlətməli olacaq? Çox təəssüf! Çox heyif!
Dorian bir anlıq istədi ki, dua etsin; dua etsin ki, onunla portret arasında mövcud
olan fövqəltəbii əlaqə qırılsın. Portretdəki dəyişiklik ona görə yaranmışdı ki, o
özü nə vaxtsa bunu arzulamışdı. Bəlkə, dua edib Allaha yalvarandan sonra portret
daha eybəcər hala düşməyəcək? Məgər insan, həyatı hələ əməlli-başlı dərk
etməyən bir adam daim cavan qalmaq imkanından imtina edərmi?
Qoy bu imkan
fantastik olsun lap, qoy lap təhlükəli nəticələri olsun bu imkanın! Bundan başqa,
axı bu imkan onun əlində idimi? Doğrudanmı, portreti onun istək və duaları
dəyişdirib? Bəlkə, elə bu dəyişiklik elmin sirli qanunları ilə tənzimlənir? Əgər
fikir canlı orqanizmə təsir etmək gücünə malikdirsə, ola bilsin ki, elə ölülərə də,
cansız əşyalara da təsir etməyə qadirdir! Bundan başqa, bizim fikirlərimiz və
düşüncələrimizin, şüurlu istəklərimizin təsiri olmadan bizdən kənardakı qüvvələr
hisslərimizlə, əhvali-ruhiyyəmizlə bərabər, səs-səsə verə bilməzlərmi? Axı
hansısa gizli bir sevginin, qəribə cazibə qüvvəsinin təsiri altında
atom atoma can
atır? Bir sözlə, indi səbəb axtarmaq da vacib deyil. O, bir daha heç vaxt hansısa
kənar qüvvələri, fövqəltəbii qorxunc qüvvələri köməyə çağırmayacaq. Qoy portret
dəyişsin, əgər onun nəsibi dəyişməkdirsə, qoy belə olsun! Vəssalam! Buna dərin
bir məna verməyə də lüzum yoxdur!
Lakin bu prosesi müşahidə etməyin özü əsl ləzzətdir! Portret onun ən məhrəmani
niyyətlərini öyrənmək üçün Dorianın özünə imkan verəcək. Portret onun üçün
sehrli güzgü olacaq. Bu güzgüdə o, nə vaxtsa
özünün əsl sifətini görmüşdü; indi
isə bu güzgü onun qəlbinin içini də göstərəcək! Və kətan üzərindəki Dorian üçün
qış gələndə canlı Dorian ətirli, gözəl yaz-yay fəsilləri ilə nəşələnəcək. Portretin
üzündəki rənglər solub gedəndə və o, qalaylanmış gözləri ilə birlikdə ağ tabaşirli
ölü maskası kimi olanda canlı Dorianın üzü gəncliyin bütün təravətini qoruyub
saxlayacaq. Onun füsunkarlıq
rəngi solmayacaq, onun həyat nəbzi daim güclü
döyünəcək! Qədim yunan allahları kimi o da əbədi güclü, çevik və həyatsevər
olacaq. Onun portretinin dəyişməyinin nə əhəmiyyəti var axı? Onun özünə ki heç
nə olmayacaq, o, daim cavan qalacaq; bu daha vacib deyilmi?