siz ondan yaxşısınız. Siz güclü deyilsiniz, siz həyatdan çox qorxursunuz, lakin siz
daha yaxşısınız. Biz birlikdə necə də xoşbəxt idik! Bazil, məni tərk etməyin,
məndən küsməyin! Mən necə varamsa, eləyəm! Nəyəmsə, buyam, bundan artıq,
ya da əskik ola bilmərəm. Vəssalam!
Rəssam qəribə hisslər keçirdi. Gənc oğlan onun üçün çox əziz idi və onunla tanış
olandan bəri rəssamın yaradıcılığında əməlli-başlı dönüş əmələ gəlmişdi. Dorianı
bir daha məzəmmət etməyə onun gücü çatmadı; bircə buna təsəlli tapdı ki, bu
gəncin belə sərt və daşürəkli olması ötəri haldır, keçəcək. Axı onun yaxşı cəhətləri
çoxdur! Dorianda nə qədər nəcabət var!
– Yaxşı, Dorian, – rəssam kədərlə gülümsədi, – mən sizinlə bir daha bu dəhşətli
hadisə barədə danışmayacağam. İnanmaq istəyirəm ki, bu işdə sizin adınız
hallanmayacaq. İstintaq bu günə təyin olunub. Sizi hələ çağırmayıblar ki?
Dorian başını tərpədərək “yox” dedi, “istintaq” sözünü eşidən kimi dilxor oldu.
Ona elə gəldi ki, bu işdə nəsə bir kallıq və bayağılıq var.
Dorian cavab verdi:
– Onlar mənim adımı bilmirlər, heç məni tanımırlar…
– Şübhəsiz, qız bilirdi, elə deyil?
– Soyadımı bilmirdi, adımı bilirdi və əminəm ki, o, mənim adımı heç kəsin
yanında dilinə gətirməyib. Sibil mənə deyirdi ki, hamı mənim kim olmağımla
maraqlanır, lakin cavabında o da deyib ki, guya, mənim adım “Gözəl şahzadə”dir.
Adam lap kövrəlir, Bazil! Siz mənə Sibilin şəklini çəkə bilərsinizmi? Siz onun
şəklini çəkməlisiniz. İstəyirəm onun xatirəsini əbədiləşdirəm. O, mənim
yaddaşımda bir-iki öpüş və zərif sözlərlə qalmamalıdır.
– Çalışaram bir şey edim, Dorian. Amma siz gərək yenə mənim studiyama
gələsiniz və mənim yanımda oturasınız. Sizsiz bunun öhdəsindən gələ bilmərəm.
– Mən bir daha sizin üçün gəlib pozada durmayacağam, Bazil! Bu, mümkün
deyil! – oğlan bağırıb geri çəkildi. Rəssam təəccüblə Doriana baxdı.
– Bu nə oyundur, əzizim?! Yəni, doğrudanmı, mənim çəkdiyim portret sizin
xoşunuza gəlməyib? Hanı o portret? Niyə şəklin önünə ekran qoymusunuz? Mən
ona baxmaq istəyirəm. Axı o, mənim ən yaxşı əsərimdir! O ekranı götürün şəklin
qarşısından! Bu nə deməkdir, sizin xidmətçinin nə ixtiyarı var o şəkli bir küncdə
gizlətsin? Elə mən içəri girən kimi hiss etdim ki, otaqda nəsə çatışmır!
– Bazil, xidmətçinin günahı yoxdur! Yəni siz inanırsınız ki, mən buna yol verim?
Xidmətçi mənim otağımı mənim zövqümə görə bəzəyə bilərmi? O, hərdənbir
mənim üçün güllər seçir, vəssalam. Ekranı isə mən qoymuşam portretin qabağına.
Burada portretin üstünə çox gün düşürdü.
– Çox gün düşür? Ola bilməz, əzizim! Bura portret üçün ən münasib yerdir. Qoy
bir baxım ona.
Holvard otağın küncünə sarı yeridi. Birdən Dorian Qreydən dəhşətli qışqırıq
qopdu və o, cəld qaçıb ekranla rəssamın arasına girdi.
– Bazil! – oğlanın rəngi ağardı, – siz ona baxmayın! İstəmirəm portretə baxasınız!
– Baxmayım? Öz əsərimə baxmayım? Ciddi deyirsiniz? Niyə, nə üçün? – Holvard
gülə-gülə soruşdu.
– Bazil, siz bunu etsəniz, and içirəm ki, ölənədək sizinlə danışmayacağam!
Tamam ciddi deyirəm! Heç bir izahat da vermirəm və məndən də heç nə
soruşmayın! Bir də deyirəm: əgər ekrana toxunsanız, bizim aramızda hər şey
qurtaracaq.
Holvard heyrət içindəydi. Onun gözləri bərəlmiş və Dorian Qreyə zillənmişdi.
Rəssam onu heç vaxt bu halda görməmişdi. Oğlan, doğrudan da, qəzəbdən
ağarmışdı. Əllərini düyünləmişdi, gözlərindən od çıxırdı. Dorian başdan-ayağa
əsirdi.
– Dorian!
– Susun!
– Sizə nə olub? Əgər istəmirsinizsə, əlbəttə, baxmaram! – rəssam quru və soyuq
tərzdə dilləndi, pəncərəyə tərəf getdi. – Amma… axı… öz çəkdiyim portretə
baxmağı mənə qadağan etmək gülməli görünür… Özü də mən onu Parisdə
sərgidə nümayiş etdirmək istədiyim bir vaxtda… Payızda… Nəzərə alın ki, onun
üzünə yenə lak çəkmək lazım gələcək. Deməli, mən onsuz da, şəklə
baxmalıyam… Bunu nə üçün indi etməyim, hə?
– Sərgiyə? Nə dediniz, sərgiyə göndərmək istəyirsiniz? – Dorian Qrey səsini
ucaltdı; içinə qəribə qorxu hissi doldu. Deməli, dünya onun sirrini biləcək?
Deməli, adamlar onun ən məhrəm hisslərinə baxacaqlar? Yox, bu mümkün deyil!
Nəsə (amma nə?) etmək lazımdır, özü də dərhal!
– Hə, sərgi Parisdə olacaq. Ümid edirəm ki, siz buna etiraz etməyəcəksiniz? –
rəssam sözünə davam etdi. – Jorj Petit mənim ən yaxşı kolleksiyalarımı yığıb Rü
de Sez küçəsində xüsusi sərgi nümayiş etdirmək istəyir. Bu sərgi oktyabrın ilk
həftəsində açılacaq. Portreti bir aylığa aparacaqlar. Məncə, siz qısa müddətə bu
portretdən ayrıla bilərsiniz. Həmin dövrdə siz, onsuz da, şəhərdə olmayacaqsınız.
Əgər siz onu daim ekran altında gizlətsəniz, onu necə qoruya bilərsiniz?
Dorian Qrey əlini alnına apardı. Alnı tərləmişdi. Ona elə gəldi ki, dəhşətli bir
təhlükə ilə üzləşib. Səsini yenə ucaltdı:
– Axı siz cəmi bir ay bundan qabaq demişdiniz ki, bu əsəri heç vaxt sərgiyə
göndərməyəcəksiniz! Niyə fikrinizi dəyişdiniz? Siz axı o adamlardansınız ki,
sabit olmağınızla qürurlanırsınız; lakin əslində, əhval adamısınız, tez-tez
dəyişirsiniz! Dəmdəməkisiniz! Fərq bundadır ki, sizin əhvali-ruhiyyənizin heç bir
mənası olmur! Siz təntənəli surətdə məni əmin etdiniz ki, heç bir vəchlə, milyon
da versələr, mənim portretimi sərgiyə göndərməyəcəksiniz! Harriyə də eyni
sözləri dediniz! Yadınızdan çıxmayıb, əlbəttə!
Dorian qəflətən susdu, gözləri parıldadı. Lord Henrinin bir dəfə ona yarızarafat,
yarıciddi söylədiyi sözləri xatırladı: “Əgər istəyirsinizsə ki maraqlı vaxt əldə
edəsiniz, onda Bazili məcbur edin desin: o, nə üçün sizin şəklinizi sərgiləmək
istəmir. O, mənə bunu söylədi və mənim üçün bu, bir kəşf oldu...” Aha, görünür,
Bazilin də sirri var, nəsə gizlədir məndən. Bu sirri ondan öyrənmək lazımdır, o,
buna çalışacaq!
– Bazil, – Dorian Holvarda daha da yaxınlaşdı və düz onun gözlərinin içinə baxdı.
– Bizim hər birimizin sirri var. Siz öz sirrinizi mənə açın, mən də özümünkünü
açaram sizə. Nə üçün siz mənim portretimi sərgiləmək istəmirdiniz?
Rəssam diksindi və qeyri-ixtiyari geri çəkildi.
– Dorian, əgər bu sirri sizə desəm, siz məni əvvəlki kimi sevməyəcəksiniz və
mənə güləcəksiniz. Buna isə dözə bilmərəm. Bir halda ki siz tələb edirsiniz
portretə baxmayım, qoy belə olsun. Axı mənim üçün əsas seçim sizsiniz; sizi ki
görə biləcəyəm? Elə deyil? Siz istəyirsiniz ki, mənim yaratdığım ən gözəl əsəri
hamıdan gizlədəsiniz? Nə olar, mən razı. Sizin dostluğunuz mənim üçün şan-
şöhrətdən daha qiymətlidir.
– Yox, Bazil, siz mənə bunu deməlisiniz, – Dorian təkid etdi. – Məncə, buna
mənim haqqım çatır.
Dorianın qorxu hissi uçub getmişdi, bütün şüuru maraq içində yanırdı. O, Bazil
Holvardın sirrini açmaq qənaətindəydi.
– Gəlin əyləşək, Dorian, – rəssam narahat-narahat təklif etdi. – Oturaq. Amma bir
sualıma cavab verin, xahiş edirəm. Siz portretdə elə bir xüsusi dəyişiklik hiss
etməmisiniz ki? Nəsə bir şey, məsələn, ilk baxışda gözə çarpmasın, amma birdən
sizin gözünüzə sataşsın, bax elə bir şeyi deyirəm!
– Bazil! – Dorian səsini ucaltdı və əlləri əsə-əsə kreslonun tutacağından yapışdı və
qorxa-qorxa gözlərini rəssama bərəltdi.
– Deməli, görmüsünüz, bilirəm! Heç nə deməyin, Dorian, əvvəlcə məni dinləyin.
Bizim ilk görüşümüzdən sizin şəxsiyyətiniz məni valeh etmişdi və mən tamam
sizin təsiriniz altında idim. Siz mənim qəlbimə, şüuruma, gücümə, istedadıma
anlaşılmaz dərəcədə hakim kəsilmişdiniz; siz mənim üçün elə bir ideal idiniz ki,
sənətkar üçün bu ideal bütün ömrü boyu əlçatmaz arzu olur. Mən sizə heyran
olmuşdum. Sizi hər kəsə qısqanırdım. Mən sizi yalnız özümə məxsus etmək
istəyirdim. Sizinlə birlikdə olanda özümü xoşbəxt hiss edirdim. Hətta mənim
yanımda olmadığınız vaxt belə siz mənim təxəyyülümdə canlanır, sizin obrazınız
sənətlə məşğul olanda mənə ilham verirdi. Əlbəttə, bunu heç vaxt sizə
bildirməzdim. Siz heç bunu başa da düşməzdiniz. Mən özüm də bunu çətinliklə
anlayırdım. Yalnız bircə bunu hiss edirdim ki, qarşımdakı mükəmməllik
təcəssümüdür, mən ideal görürəm və buna görə də dünya mənim gözlərimdə
füsunkar bir möcüzəydi; özü də həddən artıq məftunedici gözəllik kimi görünürdü
və dəli bir məftunluq hətta qəlb üçün bir qədər də təhlükəliydi. Mən bilmirəm
bunlardan hansı daha çox qorxuludur – dəli məftunluğu qəlbdə saxlamaq
təhlükəlidir, yoxsa onu itirmək. Həftələr ötürdü, siz isə mənim qəlbimə daha çox
Dostları ilə paylaş: |