– Səbəblərini izah edə bilmirəm, Bazil. Lakin bilirəm ki, mən bir daha pozada
durmayacağam. Portretdə nəsə bir məşumluq var. O da öz xüsusi həyatını yaşayır.
Mən gəlib sizinlə bir fincan çay içərəm. Bu daha yaxşı olar.
– O, sizin üçün daha yaxşıdır... – Holvard narazı-narazı donquldandı. – Yaxşı,
onda mən gedim, hələlik. Çox təəssüf ki, siz mənə portretə baxmağa icazə
vermədiniz. Neyləmək olar? Sizi başa düşürəm.
Holvard gedən kimi Dorian Qrey öz-özünə güldü. Yazıq Bazil! O, əsl həqiqəti
bilmədi! Qəribədir! Dorian özü öz sirrini ona açmadı və üstəlik, dostunu məcbur
elədi ki, sirrini desin. Təsadüfən o, qələbə çalmışdı! Dostunun sirrini öyrənmişdi!
Bazilin etirafından sonra ona çox şey aydın oldu. Rəssamın gic qısqanclıq alovları
və ona ehtiraslı bağlılığı, valehedici mədhiyyələri, lakin bəzən qəribə təmkini və
qapalı olması – bütün bunları başa düşdü, aydındır! Dorian bir anlıq məyus oldu.
Romantik məftunluqla boyanmış belə bir dostluqdan nəsə faciə qoxusu gəlirdi.
O, dərindən ah çəkdi və zəngi basıb xidmətçini çağırdı. Bütün hallarda portreti
buradan götürüb gizlətmək lazımdır. Bu sirrin açılmasına yol vermək olmaz!
Portreti bircə saat belə otaqda qoymaq axmaqlıq olardı; bura onun hər hansı bir
dostu, ya tanışı gələ bilər.
ONUNCU FƏSİL
Xidmətçi içəri girəndə Dorian oğrun-oğrun ona baxdı. Görəsən, Viktor ekranın
arxasındakı portret barədə nə düşünür? O, portretə baxa bilərmi? Xidmətçi isə
özünü soyuqqanlı aparırdı, sakitcə durub Dorianın əmrlərini gözləyirdi. Dorian
siqaret yandırdı və güzgünün qabağına sarı yeridi; o, güzgüdən xidmətçinin əksini
apaydın görürdü. Viktorun üzündə heç bir ifadə yox idi, o, təmkinlə növbəti
xidməti vəzifəsinin icrasını gözləyirdi. Yox, ondan ehtiyatlanmağa dəyməz!
Bununla belə, Dorian qət etdi ki, hər halda, ehtiyat tədbirləri də görsə, pis olmaz.
Dorian astadan danışmağa başladı; Viktora dedi ki, ev işlərinə baxan qulluqçu
qadını çağırsın, sonra bəzəkli taxta sexinə getsin, ustadan xahiş eləsin ki, bura
dərhal iki fəhlə göndərsin. Doriana elə gəldi ki, xidmətçi otaqdan çıxanda ekrana
tərəf gözucu da olsa, baxdı. Bəlkə, heç baxmayıb? Dorianın gözünə belə göründü,
hə?
Bir azdan qulluqçu missis Lif tələsik kitabxanaya daxil oldu; qadının əynində qara
ipək don, əllərində isə köhnə dəbli barmaqsız əlcəklər vardı. Dorian qadından
keçmiş dərs otağının açarını istədi.
– Köhnə dərs otağının? – qadın təəccübləndi. – Ora toz-torpaq içindədir, mister
Qrey! Qoyun əvvəl təmizləyim, səliqə-sahmana salım, sonra ora girin. Ser, indi
bu vəziyyətdə ora girmək olmaz! Düz deyirəm, ora biabırçı kökdədir.
– Lif, oranı təmizləmək lazım deyil! Mənə yalnız açarı verin!
– Ser, vallah, ora girsəniz üst-başınız tamam batacaq! Düz beş ildir, o dərs
otağının qapısı açılmır. Lord həzrətlərinin ölümündən bəri oraya kimsənin ayağı
dəyməyib.
Mərhum babasının adını eşitcək Dorian diksindi. Onun yaddaşında qocanın çox
pis xatirəsi qalmışdı.
– Eybi yoxdur! Mən, sadəcə, ora baxmaq istəyirəm, vəssalam! Açarı verin!
– Buyurun, götürün, ser! – yaşlı qadın əlləri titrəyə-titrəyə topa açarlar arasından
dərs otağının açarını ayırdı. – Alın, bu da açar... Ser, axı... siz belə vəziyyətdə
otağa girməzsiniz, eləmi? Bəlkə, ora köçmək fikriniz var? Məgər bura, aşağı otaq
rahat deyil?
– Yox, yox, belə bir fikrim yoxdur! – Dorian tələsik cavab verdi. – Təşəkkür
edirəm, Lif! Gedə bilərsiniz.
Ev işlərini idarə edən qadın bir anlıq ləngidi, istədi məişət məsələləri ilə bağlı bəzi
xırda təfərrüatları ev sahibinə söyləsin. Dorian dərindən ah çəkdi və qadına dedi
ki, bütün məsələləri özü həll eləsin, o, Lifə inanır. Qadın otaqdan razı halda çıxdı.
Qapı örtülən kimi Dorian açarı cibinə qoyub otağa göz gəzdirdi. Gözünə al-
qırmızı rəngli, qızılı ilmələrlə tikilmiş ipək örtük sataşdı; bu atlaz örtük XVII
əsrin axırlarında Venezsiya incəsənətinin gözəl nümunələrindən biriydi; babası
onu nə vaxtsa Bolonya yaxınlığındakı monastırdan gətirmişdi. Bəli, elə bu örtüklə
də o dəhşətli portreti bağlamaq olar! Ola bilsin, bu örtükdən nə vaxtsa dəfn
mərasimləri üçün istifadə olunub. İndi bu atlaz parça meyitdən də daha dəhşətli
qoxu verən bir şəkli örtəcək; əks halda o portret qorxunc sarsıntılar, təhlükələr
yaradacaq və bunların sayı-hesabı olmayacaq! Qurdlar meyiti gəmirən kimi,
Dorian Qreyin də günahları onun kətan parça üzərindəki portretini gəmirəcəkdir.
Onlar şəklin gözəlliyini gəmirəcək, portreti pis kökə salacaqlar; şəkli
murdarlayacaqlar, ona biabırçı görkəm verəcəklər. Portret isə, hər halda,
yaşayacaq, daim canlı olacaq.
Bu düşüncələr Dorianı çimçişdirdi və o, əslində, şəkli nə üçün gizlətmək
istədiyini Bazilə söyləmədiyinə görə bir anlıq peşmançılıq hissi yaşadı. Bazil,
şübhəsiz, onu lord Henrinin təsirlərindən qoruya bilərdi, hələ üstəlik, onun özünü
də zəhərli və təhlükəli ehtiraslardan çəkindirə bilərdi.
Bazilin ona qarşı məhəbbəti (bu, doğrudan da, əsl sevgiydi!) çox xeyirxah və ali
bir hissdir! Bu, gözəlliyə qarşı instinktdən doğan və insan zəifləyən kimi ölüb
gedən adi fiziki aludəçilik deyil. Yox! Bu sevgi Mikelancelo sevgisidir; bu sevgi
Monten, Vinkelmann1 və Şekspir sevgisidir. Bəli, Bazil onu xilas edə bilərdi.
Lakin artıq çox gecdir. Keçmişi hər zaman peşmançılıq hissiylə, unutmaqla və ya
inkar etməklə ütüləmək olar. Gələcək isə qaçılmazdır. Dorian hiss edirdi ki, onun
içində elə ehtiraslar qaynaşır ki, onlar çölə çıxsa, nəticəsi pis olar; əgər onun
dumanlı şirin xəyalları həyata keçsə, onun həyatına kölgə düşəcək.
Dorian al-qırmızı-qızılı örtüyü taxtın üstündən götürdü, onu əllərində tutub
ekranın arxasına keçdi. Portretin üzündə başqa dəyişiklik-zad olmamışdı ki? Yox,
ona elə gəldi ki, olmayıb; hər halda, o, şəklə daha böyük həqarətlə baxdı. Qızılı
qıvrım saçlar, mavi gözlər və çəhrayı dodaqlar – necə var yerindəydi. Yalnız üzün
ifadəsi dəyişmişdi; o, öz qorxunc simasıyla dəhşətli görünürdü. Bazilin Sibil
Veynə görə danlaqları, mənasız və boş məzəmmətləri yanında bu qorxunc sifət
daha eybəcər idi! Portretdən onun öz qəlbi idi ona baxan, onu ittiham edən! O, öz
qəlbinə cavab verməliydi! Dorian ağrı hiss edə-edə dəbdəbəli örtüyü portretə
doladı. Elə bu vaxt qapı döyüldü; Dorian ekranın arxasından çıxıb qapıya
boylandı. Xidmətçi Viktor otağa girdi.
– Müsyö, fəhlələr gəlib.
O düşündü ki, Viktoru dərhal harasa göndərmək lazımdır; qoy portreti fəhlələrin
hara qoyacaqlarını bilməsin. Viktorun ağıllı, bic gözləri var; bəlkə də, orada bir
hiyləgərlik də gizlənib! Etibarsız adamdır! Dorian yazı masası arxasına keçib lord
Henriyə xırda bir məktub yazdı; xahiş edirdi ki, ona oxumaq üçün bir şey
göndərsin, həm də xatırlatdı ki, onlar bu axşam doqquza on beş dəqiqə işləmiş
görüşməlidirlər.
– Bunu dərhal lord Henriyə çatdırın və cavabını da gözləyin, – kağız parçasını
Viktora uzatdı, – fəhlələrə də deyin, gəlsinlər içəri...
Bir azdan qapı yenə döyüldü və Cənubi Audli küçəsindəki taxta sexinin məşhur
ustası mister Habbard və onun çox yöndəmsiz bir köməkçisi içəri girdilər. Mister
Habbard qırmızısifət, sarışın bakenbardlı bir adam idi. Onun incəsənətə isti
münasibəti əhəmiyyətli dərəcədə lap qədimdən əksəriyyəti pulsuz-parasız olan
müştərilərlə – rəssamlarla ölçülürdü. Adətən, o, sifarişçilərin evinə getmirdi,
gözləyirdi ki, sifarişçilər özləri onun sexinə gəlsinlər. Lakin Dorian Qrey üçün
həmişə istisnalar olurdu. Dorianda qəribə bir cazibədarlıq vardı ki, bu da hamını
ovsunlayırdı. Hətta onu görməyin özü adamda məmnunluq doğururdu.
– Mister Qrey, mənə görə bir qulluq? – sex ustası yoğun, çilli əllərini bir-birinə
sürtə-sürtə soruşdu. – Fikirləşdim ki, şəxsən özüm gəlim, sizin qulluğunuzda
durmaq şərəfinə nail olum! Bir gözəl çərçivə əldə etmişəm, satış mərkəzindən
gətirdim onu, ser. Qədim Florentin malıdır. Fontildən gətiriblər. Bu çərçivə dini
şəkillər üçün çox münasibdir, mister Qrey!
– Mister Habbard, bağışlayın, sizə əziyyət verdim! Əlbəttə, dini şəkillərə bir o
qədər maraq göstərməsəm də, gəlib o çərçivəyə baxaram. Amma bu gün istəyirəm
ki, bu şəkli yuxarı mərtəbəyə aparaq. Çox ağırdır. Ona görə də xahiş elədim ki,
siz iki fəhlə göndərəsiniz.
– Heç bir əziyyəti yoxdur, mister Qrey! Sizə xidmətdən şad olaram. Hansı
şəkildir, ser?
Dostları ilə paylaş: |