hakimlik edirdiniz. Nəhayət, ağlıma yeni bir ideya girdi. Mən sizi yaraşıqlı yaraq-
əsləhədə Paris kimi çəkmişdim; mən sizi
Adonis kimi ovçu geyimində, əlində
işıldayan nizəylə təsvir etmişdim; daha sonra sizi imperator Adrianın gəmisində
oturan yerdə, Nil çayının bulanıq yaşıl dalğalarını seyr edərkən çəkmişdim;
şəkillərimin birində siz Qədim Yunanıstan meşələrinin birində yerləşən sakit gölə
baxırsınız və onun sakit axan gümüşü sularında öz gözəl əksinizi görüb
fərəhlənirsiniz. Bu obrazlar fəhmlə yaradılmışdı və bunu bizim sənət tələb edirdi;
bu obrazlar
ideal obrazlar idi, real görünmürdü. Lakin gözəl günlərin birində –
mən hərdən bu günə taleyin yazdığı gün deyirəm – mən sizin canlı portretinizi
yaratmağı qərara aldım; necə varsınız elə, yəni keçmiş dövrlərin geyimində yox,
adi bugünkü gündəlik kostyumda, müasir şəraitdə... və budur... bilmirəm burada
hansı qüvvə rol oynadı – realizm metodumu, ya sizin o füsunkar surətinizin canlı
olaraq qarşımda maskasız-filansız durmasımı – deyə bilmərəm.
Bircə bunu
bilirəm ki, mən bu portret üzərində işləyəndə elə bilirdim ki, hər rəng, hər cizgi,
fırçamın kətana toxunuşundan qopan hər bir səs mənim sirrimi faş edir. Mən
qorxurdum ki, adamlar portreti görən kimi sizi necə ilahiləşdirdiyimi biləcəklər,
Dorian. Hiss edirdim ki, bu portretdə çox şey demişəm, bu portretə canımı
qoyuram. Bax onda qərara gəldim ki, onu heç vaxt sərgiyə göndərməyim. Siz
inciyirdiniz, acıqlanırdınız
bir qədər, amma bunun mənim üçün nə demək
olduğunu, səbəblərin mənim üçün nə qədər ciddi olduğunu anlamırdınız. Mən
bunları Harriyə danışanda o, mənə güldü. Əlbəttə, bu, mənim vecimə də deyildi.
Portreti çəkib qurtarandan sonra studiyada onunla üzbəüz oturdum, rəsmə
baxarkən hiss etdim ki, mən səhv etməmişəm... Bir neçə gündən sonra isə portreti
studiyadan apardılar. Və mən o əsərin dözülməz gözəllik cazibəsindən
qurtulandan sonra mənə elə gəldi ki, rəsmdə gördüklərimin hamısı yalnız mənim
təxəyyülümün məhsuludur; adamlar portretdə yalnız
sizin heyrətamiz
gözəlliyinizi və rəssamın istedadını görəcəklər, başqa heç nə! Hətta indi də mənə
elə gəlir ki, rəssamın hiss və həyəcanlarının onun əsərlərində əks olunması fikri
yanlışdır. Sənət düşündüyümüzdən də abstrakt bir şeydir. Forma və rənglər bizə
yalnız forma və rənglərdən danışır, başqa heç nədən xəbər vermir. Çox vaxt mənə
elə gəlir ki, sənət rəssamı meydana çıxarmaqdan daha çox, onu gizlədir. Məhz
buna görə də Parisdən dəvət alanda qərara aldım ki, sizin portretiniz mənim
sərgim üçün bir şah əsəri olsun. Heç vaxt düşünməzdim ki,
siz bundan imtina
edərsiniz. İndi isə görürəm ki, siz düz deyirsiniz. O portret sərgilənə bilməz.
Mənə acığınız tutmasın, Dorian. Sizə məftun olmamaq olmur, siz bunun üçün
yaranmısınız. O vaxt mən Harriyə də elə bunu demişdim.
Dorian Qrey uzun, rahat bir nəfəs aldı. Rəng-ruyu özünə gəldi, dodaqlarına zərif
təbəssüm qondu. Təhlükə sovuşmuşdu. İndiki halda onu heç bir şey qorxutmurdu.
Dorianın rəssama qeyri-ixtiyari yazığı gəldi; o, bu gün qəribə etiraflar edirdi;
fikirləşirdi ki, görəsən, o, Dorian, özü də haçansa
kiməsə məftun ola bilərmi, onun
qəlbinə kim hökm edə bilər? Lord Henri onu cəzb edir, lakin onun cazibədarlığı
təhlükədir başdan-ayağa... Lord Henri həddən artıq ağıllıdır və çox abırsız
adamdır; o, sevilmək üçün yararlı deyil. Görəsən, Dorianın da nə vaxtsa pərəstiş
etdiyi adam olacaqmı? Görəsən, tale ona hansı nəsibi yazıb? O, bu həyəcanları da
yaşaya biləcəkmi?
– Dorian, – Holvard dedi, – doğrusu, portretdəki dəyişikliklərin baş verməsini
görməyiniz mənə çox qəribə gəldi. Doğrudanmı, siz bunu görürsünüz?
– Hə, mən orada nəsə gördüm, – oğlan cavab verdi. – Gördüyüm şeylər məni çox
heyrətləndirdi...
– Onda icazə versəniz, mən də bir baxardım...
Dorian başını buladı.
– Bazil, məndən xahiş etməyin... Yox, yox... Siz ona heç yaxın gələ bilməzsiniz!
– Nə olar, bir vaxt gələr, baxaram...
– Heç vaxt!
– Bəlkə də, siz haqlısınız! Yaxşı,
sağ olun, mən getdim. Siz yeganə adamsınız ki,
mənim sənətimə həqiqi təsir göstərdiniz. Yaratdığım ən gözəl əsərlərə görə mən
sizə borcluyam. Ah! Kaş sizə söylədiklərimdən nələr çəkdiyimi biləydiniz!
– Əzizim Bazil! – Dorian dedi. – Siz mənə nə dediniz ki? Sadəcə, mənə dediniz
ki, mənimlə fəxr edirsiniz, mənə pərəstiş edirsiniz! Bu heç kompliment də deyil!
– Mənim sizə heç kompliment demək niyyətim də yox idi! Bu, etiraf idi! Mən
bunu edəndən sonra, elə bil, nədənsə məhrum oldum. İçimdən nəsə çıxıb getdi.
Görünür, öz hisslərini heç vaxt gərək sözlə ifadə etməyəsən.
– Bu etiraflar mənim gözləntilərimi azdırdı...
– Nə üçün? Siz nə gözləyirdiniz ki, Dorian? Siz portretdə məgər başqa şeylər də
görmüsünüz? Orada daha nələr ola bilər ki?
– Heç nə! Orada ayrı heç nə yoxdur... Nə üçün soruşursunuz? Bir
də pərəstiş
sözünü dilinizə gətirməyin. Bu axmaqlıqdır. Biz sizinlə dostuq və həmişə dost
kimi qalmalıyıq...
– Axı sizin Harriniz də var... – deyən rəssamın səsindən məyusluq sezildi.
– Harri! Harri! – oğlan qəfil gülüşlə səsini ucaltdı. – Harri gündüzlər mümkün
olmayan şeylər danışmaqla məşğul olur; gecələr isə ağlagəlməz işlər görür. Belə
bir həyat tərzi mənim də xoşuma gəlir. Lakin çətin və ağır dəqiqələrimdə
inanmıram ki, Harrinin yanına qaçım. Ağrılı anlarımı sizinlə bölüşmək daha
yaxşıdır.
– Siz yenə mənim emalatxanama gəlib pozada duracaqsınızmı?
– Mümkün deyil!
– İmtina etməklə siz mənim rəssamlıq sənətimi məhv edirsiniz! Dorian, heç kəs
öz idealına iki dəfə rast gəlmir. Öz idealını bircə dəfə tapanlar da
elə çox nadir
hallarda olur.