Bəxtiyar Tuncay Kültəpə, Babadərviş, yoxsa Leylatəpə: keramika etno-mədəni birliyin göstəricisi ola bilərmi?



Yüklə 249,03 Kb.
tarix30.12.2017
ölçüsü249,03 Kb.

Bəxtiyar Tuncay

Kültəpə, Babadərviş, yoxsa Leylatəpə: keramika etno-mədəni birliyin göstəricisi ola bilərmi?

Bu gün arxeoloqlarımızın kobud səhvi üzündən Cənubi və Şimali Qafqazın erkən kurqanları bütün dünyaya yanlış olaraq, «Leylatəpə mədəniyyəti» adı altında tanıdılmış və bu adlamdırmaya səbəb isə Leylatəpə tipli yaşayış məskənlərindən tapılmış keramika nümunələri ilə erkən kurqanlardan aşkar edilən keramikanın bənəzərliyi olmuşdur. Bənzərlik dedikdə, ilk növbədə saxsı qabların hazırlanma texnologiyası, forması, materialı və bəzək elementləri nəzərdə tutulur. Lakin bu və ya digər məişət əşyasının hazırlanma texnologiyası etno-mədəni birliyin göstəricisi ola bilməz, olsa-olsa, müxtəlif etno-mədəni sistemlər arasındakı mədəni-texnoloji əlaqələrin, qarşılıqlı təsirlərin göstəricisi ola bilər.

Leylatəpə tipli yaşayış məntəqələrindən məlum olan dəfn adətləri ilə kurqanda dəfn adətləri arasındakı əsaslı fərqlər bu iki mədəniyyət arasında hansısa genetik bağın olması məsələsini böyük sual işarəsi altında qoyur? Əlbəttə, son sözü genetik analizlər deyəcək. Hələlik isə bir şeyi tam dəqiqliklə söyləmək olar: Soyuqbulaq kurqanları başda olmaqla Qafqazın erkən kurqanlarını Leylatəpə mədəniyyətinə aid etmək böyük səhvdir.

N. Müseyibli özününü «Leylatəpə mədəniyyətinin qəbir abidələri və dəfn adətləri» adlı kitabının elə giriş hissəsində göstərir ki, Cənubi Qafqazın erkən əkincilik dövrü mədəniyyətlərinin tarixi başlıca olaraq yaşayış məskənlərinin arxeoloji qazıntıları əsasında oyrənilmiş, qazıntılar nəticəsində, eyni zamanda yaşayış yerlərində həmin dovrə aid torpaq qəbirləri də aşkar edilmişdir (Həbibullayev 1959). Onun sözlərinə görə, sonrakı illərdə torpaq qəbirləri Qarabağın və Muğanın neolit və eneolit mərhələlərinə aid yaşayış məskənlərində tədqiq edilmişdir (Нариманов 1987; Mahmudov 1984). «Gəncə – Qazax bolgəsinin erkən əkincilik mədəniyyətinin e.ə. IV minilliyə qədərki mərhələlərinə aid abidələri üçün belə qəbirlər səciyyəvi deyildir. Bununla yanaşı Babadərviş yaşayış yerində iki torpaq qəbirin tədqiq edildiyi barədə məlumatlar vardır (İsmayılov, Əliyev 1972).

İ. Nərimanov tərəfindən Qarabağda eneolit dovrunə aid Leylatəpə yaşayış yerində aparılan qazıntılar nəticəsində Leylatəpə mədəniyyətinin kəşf edilməsi ilə Cənubi Qafqazın arxeologiya elmində yeni bir istiqamətin əsası qoyulmuşdur (Нариманов 1985). Eyni zamanda Leylatəpə yaşayış məskənində saxsı qablarda körpə uşaq qəbirləri aşkar edilmişdir. Ön Asiyanın neolit və xalkolit dövru abidələri üçün səciyyəvi olan belə qəbirlər bütövlükdə Qafqaz üçün yeni qəbir tipi idi» (Müseyibli N., 2014, s. 4).

Qalayeri. 8 №-li (küp) qəbir (N. Müseyibli)
Beləliklə, N. Müseyibli Leylatəpə mədəniyyətinin Qafqaza kənardan gəldiyini və özü ilə tamam fərqli dəfn adəti gətirdiyini etiraf edir. Söhbət saxsı qablarda dəfn adətindən gedir. Bilavasitə Leylatəpədən 4 (Алиев, Нариманов 2001, с. 17-18), Çinartəpədən 1(Алиев, Нариманов 2001, с. 22), Gürcüstandakı Berkldeebidə 1 (Глонти, Джавахишвили 1987, с. 85), I Böyük Kəsikdə 6, I Poyluda 1, II Poyluda 4, Soyuqbulaq kurqan çölündə 3, Qalayeridə 9 (Müseyibli N., 2014, s. 56-65) belə qəbir aşkar edilmişdir.

Maraqlıdır ki, küpdə basdırılanlar yanı üstə, bükülü vəziyyətdə olublar. Kurqanlarda da eyni pozada basdırılma adətinə rast gəlinir. Lakin küp qəbirlərin kurqan qəbirlərinin praobrazı olmadığı məlumdur. Çünki bu iki qəbir tipi minillər boyu yanaşı yaşamışlar. Amma bənzər pozada, eləcə də arxası üstə dəfn adətilərnin icra edildiyi torpaq qəbirləri kurqanda dəfn adətinin praobrazı hesab etmək olar. Bunu təkcə meyitlərin torpaqda qazılmış çalalarda basdırılması sübut etmir, həm də qəbirlərə oxra səpilməsi də sübut edir. Bu baxımdan Naxçıvan Kültəpəsinin kurqanaqədərki eneolit dövrü qəbirlərini misal çəkmək olar. Həmin qəbirlər barədə İ. Aşurova və Q. Pirquliyevə yazırlar ki, təkcə Azərbaycan ərazisində - I Kültəpənin eneolit dövrü təbəqəsində 85 qəbir açılmışdır. Buradan çıxan skeletlər ölülərin bükülü vəziyyətdə və ya böyrü, yaxud da arxası üstə, müxtəlif istiqamətlərdə dəfn edildiyini göstərir. «Bəzi skeletlərin üzərinə qırmızı oxra səpilmişdir. Qəbirlərin bəzilərindən it skeleti, bir qism qəbirlərindən gil qablar, cürbəcür muncuqlar və dəvəgözü daşından əşyalar tapılmışdır. Belə qəbirlər Babadərviş və digər abidələrdə də üzə çıxarılmışdır. Azərbaycan ərazisində öyrənilmiş eneolit dövrü abidələrinin çoxunda qəbirlər bilavasitə yaşayış məskənlərində qazılmışdır. Bu adət Yaxın və Orta Şərqin bir çox ölkələrində uzun müddət qalmışdır. Belə qəbirlər, bir qayda olaraq, yaşayış yerlərinin mədəni təbəqəsində və yaxud xam torpaqda qazılırdı» (Avşarova İ. N., Pirquliyeva Q. Ə., 2010 s. 61).




Qalayeri. 7 №-li (küp) qəbir (N. Müseyibli)
Kültəpə abidəsinin üzərində xüsusi durmağımızın əsas səbəbi bir yandan onun yerləşdiyi Naxçıvan ərazisinin Ön Asiyanın qədim mədəniyyət mərkəzlərinə yaxınlığı, həm də oradakı qəbirlərin nisbətən yaxşı öyrənilmiş olmasıdır.

II Poyluda həm küp, həm də torpaq qəbirlərdə dəfn adətinə rast gəlinməsi gəlmələrlə yerlilər arasında heç bir problemin yaşanmamasından, onların bir-biri ilə yanaşı, hətta iç-içə yaşamasından və öz dəfn adətlərini azad şəkildə icra etməsindən xəbər verir. N. Müseyibli həmin ərazidən tapılmış torpaq qəbirləri belə təsvir etmişdir:

«1 №-li torpaq qəbiri 6-cı kvadratın şərq hissəsində aşkar edilmişdir. Qəbir kamerasının üst əlamətləri 85 sm dərinlikdən başlayaraq izlənilirdi. Qəbir kamerasının alt 20 sm-i materikdə qazılmışdır. Demək olar ki, dairəvi formalı qəbir kamerası 2 x 1,9 m ölçüsündə olmuşdur. Qəbirdə yaşlı kişi dəfn edilmişdir. Meyit arxası üstdə, şimali-şərq – cənubi-qərb istiqamətində uzadılmışdır. Onun alt çənəsi üst çənədən ayrılaraq boğazının üstünə düşmüşdür. Azacıq yanlara meylli qolları dirsəkdən kəskin bukulmuş, əlləri çiyinlərinə qoyulmuşdur. Ayaqları dizdən bükülü olub sağ tərəfə yönəlmişdir.

Qəbir kamerasının bütün səviyyələrində eneolit dövrünə aid saxsı qab fraqmentləri aşkar edilmişdir. Lakin həmin materiallar buraya düşünülmüş şəkildə, dəfn ayini ilə əlaqədar qoyulmamışdır. Qəbir kamerasının qazılması, meyitin oraya uzadılmasından sonra isə yenidən doldurulması zamanı mədəni təbəqədəki saxsı qab fraqmentləri də torpaqla qarışıq qəbir çalasına tökülmüşdür. Qəbirə aid heç bir avadanlıq aşkar edilmişdir.



II Poylu. 1 №-li torpaq qəbri (N. Müseyibli)
2 №-li qəbir 11-ci kvadratın şərq tərəfində aşkar edilmişdir. Qəbir kamerasının əlamətləri 80 sm dərinlikdən başlayaraq izlənilirdi. Qəbirin döşəməsi 150 sm dərinlikdə materik üzərində yerləşmişdi. Oval formalı qəbir kamerasının ölçüləri şərq-qərb istiqamətində 140 sm, şimal-cənub istiqamətində isə 110 sm olmuşdur.

Qəbirdə dəfn edilmiş kişi meyiti başı qərbə olmaqla arxası üstə uzadılıb. Qolları dirsəkdən qatlanmış, əlləri qurşaq hissəyə qoyulmuşdur. Sağa yönəlmiş və dizdən qatlanmış, ayaqları sıx bükülü vəziyyətdədir. Skeletin yalnız alt çənəsi öz yerində aşkar edilmişdir. Üst çənə və kəllə sümüyü skeletlə birgə aşkar edilməmişdir

Dəfn zamanı qəbir kamerasına torpaqla qarışıq düşmüş keramika fraqmentlərindən əlavə, məqsədyönlü şəkildə, dəfn ayininin icrası ilə əlaqədar olaraq qəbirə bəzi əşyalar qoyulmuşdur. Belə ki, meyitin sol çiyninin üstündə işlənmə izləri olan uzunsov çay daşı qoyulmuşdur. Həmin çay daşı ilə təxminən eyni ölçüdə heyvan sümüyü skeletin sağ çiyini üzərində tapılmışdır. Sağ çiyini yanında həm də obsidian parçası aşkar edilmişdir. Sol qolunun altında 41 sm uzunluğunda, üzərində işlənmə izləri olan çay daşı qoyulmuşdur. Həmin daşla bilək sümüyü arasında bir tərəfi dişəklənmiş obsidian qəlpəsi aşkar edilmişdir. Sağ dirsəyindən aşağıda isə 9 x 6,5 sm ölçüdə çay daşı qoyulmuşdur. Skeletin çanaq sümüyündən arxada iri buynuzlu heyvanın çənə sümüyü aşkar edilmişdir.

II Poylu. 1 №-li torpaq qəbri (N. Müseyibli)
Skeletin sol qolunun altında aşkar edilmiş uzunsov çay daşının uzunluğu 41 sm, eni 8-9 sm, qalınlığı isə 6 sm-dir. Daşın səthi hamardır. Orta hissəyə yaxın yerdə kənarlardan sürtülmüş, sanki ona fiqur forması verilməsinə cəhd göstərilmişdir. Nisbətən nazik sonluğuna yaxın yerdə hər iki kənarda döymə-sürtmə üsulu ilə hamarlama işi aparılıb. Belə işlənmələrdən sonra bu daş çox ehtimal ki, antropomorf fiqur ideyasının daşıyıcısı kimi qəbirə qoyulmuşdur.

Skeletin sol çiyini üstündə aşkar edilmiş nazik, kvadrat kəsikli uzun çay daşının iki üzü işlənmə nəticəsində sürtülərək hamarlanmışdır. Bir sonluğa doğru nazikləşir.

Digər nazik, uzunsov çay daşının səthi sürtülmə nəticəsində hamarlanmışdır» (Müseyibli N., 2014, s. 65-67).

Beləliklə, əgər I Kültəpənin eneolit təbəqəsində həm böyrü üstə, bükülü vəziyyətdə (R1a), həm də arxası üstə (R1b) basdırılanlara rast gəliriksə, II Poyludakı torpaq qəbirlərində basdırılan hər iki meyitin arxası üstə dəfn edildiyini (R1b) görürük. Bu isə bizə kurqan mədəniyyətinin daşıyıcılarının etno-mədəni baxımdan Leylatəpə mədəniyyəti ilə deyil, Ön Asiyanın (Anadolu və Cənubi Azərbaycan) və Cənubi Qafqazın, o cümlədən Azərbaycanın yerli neolit-eneolit əhalisi ilə bağlamağın daha doğru olacağını söyləməyə əsas verir.

Keramikaya və ümumiyyətlə maddi-mədəniyyətə gəlincə isə, bu faktoru etno-mədəni birliyin göstəricisi hesab etmək olmaz. Deyilənlərə ən gözəl sübut Qərbi Azərbaycanda, Arpaçay sahilində yerləşən adı ermənilər tərəfindən bütün dünyaya «Areni-I mədəniyyəti» kimi tanıdılan eneolit-ilk tunc dövrünə aid Arpa mağarısının sakinlərinin mədəniyyətini göstərmək olar.

Dərələyəzdə, Keşişkənddən 12 km cənub-şərqdə, Arpaçay vadisindəki Arpa (Araeni) kəndinin yaxınlığında yerləşən, sahəsi 400 м² olan Arpa (Areni 1) mağarasında 2007-ci ildən günümüzə qədər davam edən arxeoloji tədqiqatlar burada V-IV minilliklərdə yaşayış olduğunu, mağara sakinlərinin maddi mədəniyyət baxımından Kür-Araz mədəniyyətinin daşıyıcılarından, demək olar ki, fərqlənmədiyini üzə çıxarmışdır. Erməni, yəhudi, fransız və irland alimlərin birgə araşdırmaları nəticəsində mağaradan 11-16 yaşlarında olduğu zənn edilən üç qızın kəllə sümüyünə rast gəlinmişdir (Кореневский C., 2010; Smith A., Bagoyan T., Gabrielyan I., Pinhasi R. & Gasparyan B., 2014, s. 233-260; Stapleton L., Margaryan L., Areshian G., Pinhasi R. & Gasparyan B., 2014, s. 219-232). Həmin kəllə sümüklərinin DNT analizləri nəticəsində onların L1a haplotipinin daşıyıcısı olduğu məlum olmuşdur (İain Mathieson, et al., 2016).



https://upload.wikimedia.org/wikipedia/commons/thumb/c/ca/chalcolithic_leather_shoe_from_areni-1_cave.jpg/170px-chalcolithic_leather_shoe_from_areni-1_cave.jpg

Arpa mağarasından tapılmış dəri ayaqqabı
Mütəxəssislər qazıntı şəkildə tapılan ən qədim variantının Qafqazdan əldə edilməsinə rəğmən, L haploqrupunu Hindistan mənşəli hesab edirlər. Genetika sahəsində tanınmış mütəxəssis Senqupta digər alimlərlə birlikdə apardığı tədqiqatlar sonucunda bu haploqrupun üç törəmə variantını üzə çıxarmışlar: L1-M76, L2-M317 və L3-M357. Bu tiplərin hər üçünə İranda və Pakistanda, L1-ə isə Hindistanda rast gəlinmişdir. Belə bir fərziyyə irəli sürülmüşdür ki, bu haploqrupun sahibləri dravid dillərində danışmışlar. Avropada daha çox L2-M317 haplotipinə rast gəlinir.Bu haplotipə Cənubi Asiyada nadir hallarda rast gəlinir (Sengupta S. et al., 2006, p. 202-221).

Hazırda L-ə Hindistanın müxtəlif bölgələrində 7-15 % arasında rast gəlinir (Basu et al., 2003; Cordaux et al., 2004; Sengupta et al., 2006; Thamseem et al., 2006). Pakistanın cənub-qərbində, Bəlucistanda bu gəstərici 28 %-ə çatır. Hindistan qəbilələrində isə həmin göstərici çox aşağıdır və təqribən 5,6-7 % təşkil edir (Cordaux et al. 2004, Sengupta et al. 2006, Thamseem et al. 2006) ki, bu da həmin haploqrupun bu bölgənin paleolit dövrü əhalisi üçün xarakterik olmadığını düşünməyə əsas verir. Bütün bunlarla yanaşı onu da qeyd etməliyiik ki, daha öncəki tədqiqatçılar, - məsələn, Uells və başqaları (Wells et al. 2001), - Hindistanın cənubunda L haploqrupunun daşıyıcılarının 50 % təşkil etdiyini yazmışlar.



Arpa mağarasından tapılmış toxuculuq məmulatları
L3 haplotipinə daha çox Pakistanda buriş və pəştular, eləcədə Hind çayı vadisi əhalisi içərisində rast gəlinir. L1a və L1c bəluclarda üstünlük təşkil edir (24%). Draviddilli braqueylərdə isə eyni haplotiplər cəmi 8% təşkil edir (Julie di Cristofaro et al. 2013). L3 Pakistanın şimal-qərbində, Əfqanıstanda və İranda yaşayan, dil və mədəniyyətcə talışlara daha çox yaxın olan qalaşlarda da kifayət qədərdir (təqribən 23 %). Bununla belə, talışlarda həmin haplotipə rast gəlinməyib. Pakistanda yaşayan atəşpərəst parslarda (tatlarda) L haploqrupu 18 %-dir (Qamar R., Qasim Ayub, Aisha Mohyuddin, Agnar Helgason, Kehkashan Mazhar, Atika Mansoor, Tatiana Zerjal, Chris Tyler-Smith, and S. Qasim Mehdi, 2002,  p.1107-1124).

Fikrimizcə, hindavropalıların və arilərin kökünü prototürk mənşəli R1a və R1b-də axtaran avropalılar nəzərlərini L haploqrupu üzərində cəmləşdirsəydilər, daha doğru addım atmış olardılar. Çünki bu haploqrupun daşıyıcılarına başqa dillərdə danışan xalqlarda da rast gəlinməsinə rəğmən, onlar hindirandilliləra nisbətdə əhəmiyyətsiz dərəcədə azdırlar. Belələri içərisində hazırda Livan və İsraildə yaşayan və ərəb dilində danışan druzları göstərmək lazımdır. Druzların təqribən 5 % - ində L-M20 haplotipimə rast gəlinib. Ermənistanda L1a təqribən 1 % civarında, Türkiyədə 4 % (əsasən kürdlər arasında yayğındır), Gürcüstanda isə 6 % təşkil edir.

Beləliklə, faktlar iki və daha çox müxtəlif etnosun eyni maddi mədəniyyətə və texnologiyaya sahib ola biləcəyini, bu eyniliyin, o cümlədən keramika istehsalındakı bənzərliyin etno-mədəni birliyin əlaməti kimi götürməyin doğru olmayacağını göstərir. Odur ki, «Kür-Araz eneoliti» kurqanlarını «Leylatəpə mədəniyyəti» adı altında təqdim etmək, fikrimizcə, səhvdir. Amma ola bilsin ki, gələcəkdə küp qəbirlərində dəfn olunmuş skeletlərdən də DNT analizləri götürülsün və onların da R1a haploqrupunun daşıyıcısı olduğu üzə çıxsın. Hələlik belə analizlər aparılmayıb, aparılıbsa, bizə məlum deyil. Əgər küp qəbirlərindən də eyni nəticə çıxarsa, bu o demək olacaq ki, biz ölülərini iki fərqli şəkildə basdıran, yəni iki fərqli dinə və yaxud eyni dinin iki fərqli qoluna sitayiş edən vahid etnosun nümayəndələri ilə üz-üzəyik.

Əldə olan məlumatlara görə, «Yaxın Şərq mədəniyyətlərinin periferiyasında, bu mədəniyyətlərə Balkanlardan daha yaxın məsafədə yerləşən Cənubi Qafqazın, o cümlədən Azərbaycanın Yaxın Şərqlə sıx bağlı olan neolit və eneolit dövrünə aid I Kültəpə tipli abidələrində saxsı qablarda dəfnlərə rast gəlinmir. Eyni zamanda orta Kür hövzəsinin e.ə. VII-VI minilliklərə aid neolit dövrü Şomutəpə mədəniyyəti abidələrində də nə torpaq qəbirlər, nə də saxsı qab qəbirləri aşkar edilməmişdir. Bu fakt qeyd edilən dövrdə Ön Asiyadan Cənubi Qafqaza miqrasiyaların və ya müəyyən insan qruplarının lokal köçünün baş vermədiyini göstərir» (Müseyibli N., 2014, s. 68).

V. Baxşəliyevin yazdığına görə, Cənubi Qafqazda küpdə ən qədim qəbir Naxçıvandakı Ovçulartəpə yaşayış yerinin e.ə. V min. sonlarına aid təbəqəsində aşkar edilmişdir (Baxşəliyev və b. 2011, s. 329).

N. Müseyibli qeyd edir ki, Cənubi Qafqazın digər belə qəbirlərindən fərqli olaraq Ön Asiya mənşəli bu qəbirdə avadanlıq – son eneolit dövrü üçün nadir tapıntılar olan 3 ədəd metal balta aşkar edilmişdir. «Onlardan biri Leçinkay (Şimali Qafqaz) tiplidir» (Müseyibli N., 2014, s. 68).

Alim bildirir ki, Yaxın Şərqin neolit və eneolit dövrü yaşayış məskənlərinin əksəriyyətində körpə uşaqların gil qablarda dəfn edilməsi adəti mövcud olmuşdur. «Ubeyd mədəniyyətinə, o cümlədən onun lokal variantı olan və Mesopotamiyanın şimal ərazilərini əhatə etmiş Şimali Ubeyd mədəniyyətinə aid yaşayış məskənlərinə məxsus, yaşlı insanların dəfn edildiyi ayrıca nekropollar mövcud olmuşdur. Bununla yanaşı körpə uşaqların meyitləri küplərdə, evlərin döşəməsi altında dəfn edilirdi (Массон 1989, с. 87). Şərqi Türkiyədəki Dəyirmantəpə qədim yaşayış məskəninin Ubeyd mədəniyyəti təbəqəsində də körpə uşaqların dəfn edildiyi saxsı qablardan ibarət qəbirlər aşkar edilmişdir. Burada həmin qəbirlər – saxsı qablar həm evlərin döşəməsi altında – materikdə qazılmış çalalara, həm də evlərin divarlarına qoyulmuşdur. Belə qəbirlər Yaxın Şərqin xalkolit dövrünə (e.ə. V min. ikinci yarısı – IV min.) aid əksər abidələrində aşkar edilmişdir» (Müseyibli N., 2014, s. 67-68).

Maraqlıdır ki, N. Müseyibli istər ölülərini küpdə, istərsə də kurqanda dəfn edən topluluqların dəfn adətləri arasında bəzi paralellər görür və yazır ki, Leylatəpə mədəniyyətinin haqqında bəhs edilən qəbirlərinin istiqamətində şimal, qərb və şimali-qərb əsas götürülmüşdür. «Maraqlıdır ki, Soyuqbulaqda aşkar edilmiş gil qablardan ibarət qəbirlərin və kurqanaltı qəbirlərin istiqaməti də şimali-qərb – cənubi-şərq, şimal-cənub istiqamətlidirlər. Bütün bunlar Leylatəpə mədəniyyəti tayfalarının dəfn adətlərində istiqamətin seçilməsi məsələsində (şimali-qərb) müəyyən qaydaların mövcudluğunu göstərir. Çox güman ki, şimali-qərb dəfn mərasimi üçün müəyyən edilmiş istiqamət olmuşdur. Bəzi hallarda qəbirlərin və ya skeletlərin şimal və ya qərb istiqaməti şimali-qərb istiqamətindən təsadüfi yayınma olub düşünülmüş, məqsədyönlü şəkildə icra edilməmişdir (Müseyibli 2006, s. 13).



Alimin fikrincə, bu fakt Leylatəpə və Maykop mədəniyyətləri arasında genetik bağlılığı göstərən daha bir sübutdur. Bununla belə, o, Leylatəpə mədəniyyəti üçün xarakterik olan küp qəbirlərə Maykop mədəniyyətində rast gəlinmədiyini də etiraf edir və bildirir ki, mənşə etibarilə Leylatəpə mədəniyyətinə bağlı olan Maykop mədəniyyətində gil qablarda körpə uşaqların dəfnlərindən ibarət qəbirlər aşkar edilməmişdir. «Görünür, bu adət Şimali Qafqaza yayılmadan Leylatəpə mədəniyyəti arealında sıradan çıxmışdır. Ola bilsin ki, bu həm də Maykop mədəniyyətinin yaşayış yerlərinin zəif öyrənilməsi ilə bağlıdır və gələcəkdə belə qəbirlərin bu mədəniyyətin abidələrində aşkar ediləcəyi istisna deyildir» (Müseyibli N., 2014, s. 69).
Qaynaqça


  1. Avşarova İ. N., Pirquliyeva Q. Ə. Qafqaz arxeologiyası. Dərslik. Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2010, 248 s.

  2. Baxşəliyev V., Marro C., Aşurov S. Ovçulartəpəsində 2010-cu ilin araşdırmaları // Azərbaycanda arxeoloji tədqiqatlar – 2010. Bakı, 2011.

  3. Basu A. et al.: Ethnic India: A Genomic View, With Special Reference to Peopling and Structure. Genome research, 2003 (http://www.genome.org/cgi/doi/10.1101/gr.1413403).

  4. Cordaux R. et al.: İndependent Origins of Indian Caste and Tribal Paternal Lineages. Current Biology, 2004, Vol. 14, p. 231-235.

  5. Həbibullayev O. H. Kültəpədə arxeoloji qazıntılar. Bakı: 1959.

  6. İain Mathieson, et al. The genetic structure of the world's first farmers // BioRxiv, June 16, 2016.

  7. İsmayılov Q. S., Əliyev V. H. Babadərviş qədim yaşayış yerində qəbir abidələri. Azərbaycan SSR EA Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. 1972, № 2.

  8. Qamar R. et al.: Y-Chromosomal DNA Variation in Pakistan. American Journal of Human Genetics, 2002, p. 1107-1124.

  9. M. Regueiro et al.: "Iran: Tricontinental Nexus for Y-Chromosome Driven Migration, " Human Heredity, 2006, vol. 61, pp. 132-43.

  10. Mahmudov F.R. Əlikömək təpəsində arxeoloji qazıntıların ilkin yekunları // Daş dövrü və Azərbaycanda eneolit. Bakı: 1984.

  11. Müseyibli N.Ə. Eneolit dövrü I Böyük Kəsik yaşayış məskənində arxeoloji qazıntıların nəticələri //«Azərbaycan arxeologiyası və etnoqrafiyası», № 1, Bakı, 2006.

  12. Müseyibli N. Leylatəpə mədəniyyətinin qəbir abidələri və dəfn adətləri. Bakı, Nafta-Press, 2014, 140 səh.

  13.  Raheel Qamar, Qasim Ayub, Aisha Mohyuddin, Agnar Helgason, Kehkashan Mazhar, Atika Mansoor, Tatiana Zerjal, Chris Tyler-Smith, and S. Qasim Mehdi, "Y-Chromosomal DNA Variation in Pakistan, " American Journal of Human Genetics, 2002, 70: p1107-1124.

  14. Sengupta S. et al.: Polarity and Temporality of High-Resolution Y-Chromosome Distributions in India Identify Both Indigenous and Exogenous Expansions and Reveal Minor Genetic Influence of Central Asian Pastoralists. American Journal of Human Genetics, 2006, p. 202-221.

  15. Smith A., Bagoyan T., Gabrielyan I., Pinhasi R. & Gasparyan B. Late Chalcolithic and Medieval Archaeobotanical Remains from Areni-1 (Birds’ Cave), Armenia // A Guide-book to the Stone Age Archaeology in the Republic of Armenia. Monograph of the JSPS-Bilateral Joint Research Project Center for Cultural Resource Studies, Kanazawa University, 2014, s. 233-260.

  16. Stapleton L., Margaryan L., Areshian G., Pinhasi R. & Gasparyan B. Weaving the Ancient Past: Chalcolithic Basket and Textile Technology at the Areni-1 Cave, Armenia // A Guide-book to the Stone Age Archaeology in the Republic of Armenia. Monograph of the JSPS-Bilateral Joint Research Project Center for Cultural Resource Studies, Kanazawa University, 2014, s. 219-232.

  17. Thamseem I. et al.: Genetic affinities among the lower castes and tribal groups of India: Inference from Y chromosome and mitochondrial DNA. BMC Genetics, 2006 (http://www.biomedcentral.com/1471-2156/7/42).

  18. Wells R. Spencer, Nadira Yuldasheva, Ruslan Ruzibakiev, Peter A. Underhill, Irina Evseeva, Jason Blue-Smith, Li Jin, Bing Su, Ramasamy Pitchappan, Sadagopal Shanmugalakshmi, Karuppiah Balakrishnan, Mark Read, Nathaniel M. Pearson, Tatiana Zerjal, Matthew T. Webster, Irakli Zholoshvili, Elena Jamarjashvili, Spartak Gambarov, Behrouz Nikbin, Ashur Dostiev, Ogonazar Aknazarov, Pierre Zalloua, Igor Tsoy, Mikhail Kitaev, Mirsaid Mirrakhimov, Ashir Chariev, and Walter F. Bodmer: «The Eurasian Heartland: A continental perspective on Y-chromosome diversity». Proceedings of the National Academy of Sciences of the United States of America v.98(18); Aug 28, 2001.

  19. Алиев Н., Нариманов И. Культуры Северного Азербайджана в эпоху позднего энеолита. Баку, 2001.

  20. Глонти Л. И., Джавахишвили А. И. Новые данные о многослойном памятнике эпохи энеолита-поздней бронзы в Шида Картли–Бериклдееби //КСИА, № 192, Москва, 1987.

  21. Кореневский C. Раскопки в пещере Арени // Наука и жизнь, №1, 2010.

  22. Массон В.М. Первые цивилизации. Ленинград, 1989.

  23. Нариманов И. Г. Обейдские племена Месопотамии в Азербайджане // Всесоюзная археологическая конференция «Достижения советской археологии в ХЫ пятилетке». Тезисы докладов. Баку, 1985.

  24. Нариманов И. Г. Культура древнейшего земледельческо-скотоводческого населения Азербайджана. Баку, 1987.






Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə