– Mən demədim ki, xoşuma gəldi.
Dedim ki, kitab məni “ovsunlamışdı”. Bunlar
ayrı-ayrı şeylərdir.
– Belə de… Siz artıq fərqləri də bilirsiniz? – lord Henri mızıldadı. Onlar yemək
otağına keçdilər.
ON BİRİNCİ FƏSİL
Dorian Qrey bir neçə il bu kitabın təsirindən qopa bilmədi; daha doğrusu, heç
buna cəhd də göstərmədi. O, kitabın nəfis şəkildə Parisdə çap olunmuş birinci
nəşrindən doqquz nüsxə sifariş verdi; onlara müxtəlif rəngli üz çəkdirdi; bu
rənglər onun əhvali-ruhiyyəsi və artıq, demək olar ki,
idarə edə bilmədiyi
dəyişkən fantaziyalarının şıltaqlıqları ilə harmoniya təşkil etməliydi.
Kitabın qəhrəmanı romantik hissləri ilə ağlı çox qəribə şəkildə birləşən qəşəng bir
parisli oğlan idi; o, sanki, Dorianın prototipiydi; və elə bil, ondan çox-çox qabaq
yazılmış bu kitab onun həyat tarixçəsini təsvir edirdi. Dorian bir məsələdə kitabın
qəhrəmanından daha xoşbəxt idi: o, gənc parislinin uşaqlıqdan qəflətən itirdiyi
heyrətamiz gözəlliyinə görə qorxu hissini heç vaxt yaşamamışdı; və o, heç vaxt
işıldayan və hamar metal güzgülər qabağında özünə baxarkən dəhşətli hallar
keçirməmişdi. Kitabın sonuncu fəslini Dorian
bədxah bir hisslə oxudu; elə bil, bu
dərdə özünün mübtəla olmadığına daha çox
sevinirdi; hər bir həzzdə, demək olar
ki, hər zaman hansısa əzablı bir fərəh hissi olur. Deməli, həmin fəsildə insanın
dərdi, kədəri, faciəsi təsvir edilir, bəlkə də, bir qədər pafoslu dillə təsvir edilirdi;
həmin dərdli insan özgələrdə və ətrafındakı adamlarda ən çox dəyərləndirdiyi şeyi
əbədi itirmişdi və buna görə əzab çəkirdi.
Dorian sevinirdi; sevinirdi ki, Bazil Holvardın və onun ətrafında olan adamların
da heyran olduğu gözəlliyi onu heç vaxt tərk etməyəcəkdi. Hətta Dorian Qrey
barədə dumanlı şayiələr eşidən adamlar belə (onun şübhəli həyat tərzi barədə
şayiələr isə, demək olar ki, bütün Londonda gəzib-dolaşırdı və klublarda dedi-
qoduya səbəb olurdu) bu rüsvayçı dedi-qodulara inana bilmirdilər: axı o, elə bir
insan idi ki, hələ həyatın çirkabına bulaşmamışdı. Ədəbsiz danışan adamlar
Dorian Qreyi görən kimi səslərini kəsirdilər. Onun üzünün dinc şəffaflığı onlar
üçün, sanki, xəcalət tənəsi kimi görünürdü. Dorianın hər hansı bir məclisdə
görünməsi itirilmiş paklığı xatırladırdı. Adamlar təəccüb edirdilər ki,
bu cazibəli
gənc bizim əxlaqsız və rəzil ehtiraslara bürünmüş əsrimizin sarsaq təsirlərindən
necə qurtula bilib? Dorian tez-tez uzun müddət evdə olmurdu və o, bu şübhəli və
müəmmalı yayınmalardan sonra (ətrafındakı dostları və onu tanıyanlar ondan
şübhələnməyə başlamışdılar) evə qayıdır, xəlvəti olaraq yuxarı qalxır, dərs
otağına girib qapını arxadan bağlayır, əlində güzgü uzun müddət portretin
qarşısında dayanıb gah şəklə, gah da özünə baxırdı və görürdü ki, şəkildəki
Dorian getdikcə daha çox qocalır; güzgüdəki əksi
isə cavan və gümrah bir
təbəssümlə ona gülümsəyir. Bu kontrast daha şox heyrət doğurduqca Dorian
bundan daha çox həzz alırdı. O, öz gözəlliyinə daha çox vurulur, qəlbinin isə
yoldan çıxmasını daha maraqla izləyirdi. O, çox böyük həyəcanla və həm də
hansısa qeyri-təbii məmnunluqla portretdəki büküş və qırışları izləyir, eybəcər
dəyişikliklərə diqqətlə baxaraq bəzən özü özündən soruşurdu: görəsən, günahın
əlamətləri daha qorxunc və mənfurdur, yoxsa yaşın? O, öz ağ əllərini portretə
yaxınlaşdırır, şəklin gücdən düşüb kobudlaşmış əllərinə vurur, onları
müqayisə
edib gülürdü. O, vaxtından əvvəl qocalmış və eybəcərləşmiş portretə kinayə ilə
baxır, onu lağa qoyurdu. Düzdür, hərdənbir gecələr öz yataq otağında uzanıb
yuxusu ərşə çəkiləndə, yaxud gəmi təmiri ilə məşğul olan dokların yaxınlığında
yerləşən pritondakı çirkli taxtlarda uzananda (o, pritona əynini dəyişib özgə adıyla
tez-tez gedirdi) qəlb ağrısıyla düşünürdü ki, o, əxlaqsızlaşıb; o, bütün həyatını
korlayıb və bu anlar ona əzab verirdi; onda belə hallar nadir vaxtlarda baş
qaldırırdı. Onun həyata sonsuz marağını lord Henri oyatmışdı və bu, Bazil
Holvardın bağçasında baş vermişdi; bu maraq ona getdikcə daha çox ləzzət
verirdi. O, öyrəndikcə daha çox şeyi bilmək istəyirdi. Onda bu həvəslərə qarşı
canavar aclığı yaranmışdı və bu aclığı söndürmək ehtirası da günü-gündən
şiddətlənirdi. Lakin Dorian
tədbirsiz də deyildi; hər halda, o, ictimai rəyə də xor
baxmırdı və cəmiyyətlə münasibətlərində ədəb-nəzakət qaydalarını gözləyirdi.
Qışda ayda iki dəfə, qalan bütün mövsümlərdə isə çərşənbə axşamı o, öz yaraşıqlı
evinin qapılarını adamların üzünə açır, burada ən məşhur və dəbdə olan
musiqiçilər öz məharətlərini göstərir, onun qonaqlarını əyləndirirdilər. Lord Henri
bu ziyafətləri verməkdə ona kömək edirdi və belə məclislərdə – seçmə qonaqların
siyahısının tərtib edilməsində, yerləşdirilməsində,
stolun üstünün
düzəldilməsində, ekzotik güllərin seçilib qoyulmasında, stol örtüklərinin, qədimi
qızılı və gümüşü qab-qaşığın düzülməsinə qədər hər şeydə lord Henrinin təcrübəsi
vardı. Gələn qonaqlar arasında çox adam vardı ki (xüsusilə yaşılları təmsil edən
gənclər arasında!), Dorian Qreyə ideal kimi baxır, yaxud özlərini belə
göstərirdilər; onlar Dorianı Eton və Oksford universitetlərindəki tələbəlik illərində
arzuladıqları və xəyallarında tutduqları insan kimi – əsl elmi dünyagörüşə malik
olan mədəniyyətli və müasir ədəb-nəzakət qaydalarını və mədəniyyəti özündə
birləşdirən dünyəvi bir sima kimi görürdülər. Dorian onlara
Dantenin dediyi kimi
– “gözəlliyə səcdə etməklə qəlbini, özünü nəcibləşdirən” adamlardan biri kimi
görünürdü. Və ya Getenin dediyi kimi, o, elə bir adam idi ki, “görünən dünya
məhz onun üçün yaradılmışdı, onun üçün mövcud idi".
Təbii ki, Dorian üçün incəsənətin birinci və ən böyük əsəri həyatın özü idi;
qalan bütün sənətlər və əsərlər yalnız müqəddimədir. Əlbəttə, o, dəbə də önəm
verirdi; dəblə müəyyən vaxt çərçivəsində hamının qəbul etdiyi bütün təxəyyül və
fantaziyaları həyata keçirmək olar; o, modabazlığa da üstünlük verirdi, çünki o,
özünəməxsus yolla gözəlliyin mütləq müasirliyinə atılan addımdır. Onun geyim