duyğular dalınca qaçmaq qeyri-adi bir həyatdır; onun ağlına tez-tez təbiətinə
tamam
yad olan ideyalar gəlirdi və o, bu ideyaların məkrli əsiri olurdu; lakin o, bu
ideyaların əsas mahiyyətini dərk edib maraqlarını doyuzdurandan sonra onlardan
elə bir soyuqqanlılıqla əl çəkirdi ki, bu, nəinki qızğın ehtirasla bir araya sığmır,
hətta bəzi müasir psixoloqların təbirincə desək, çox vaxt ehtiraslar üçün zəruri
şərait yaradırdı.
Bir ara şəhərdə danışırdılar ki, o, Roma katolik kilsəsinə üzv olmaq istəyir;
əlbəttə, Roma katolik kilsəsinin mərasimləri Dorianın həmişə xoşuna gəlirdi.
İbadətə aid olan gündəlik qurban qədim dünyanın qurbanlarına baxanda daha real
görünürdü; bunlar onu həyəcana gətirirdi, hisslərə nifrət hissi aşılayan dualar
onun içini tərpədirdi; bu qurbanlar ibtidai
insan təbiətinin elementlərini, qədim
insan faciəsini pafosla göstərməklə onu dəhşətli dərəcədə narahat edirdi.
Dorian kilsənin soyuq mərmər döşəməsi üstündə diz çökməyi sevirdi; o, atlaz
bürüncəkli kilsə keşişinin ağ əlləri ilə yavaş-yavaş ianə qutusunun üstündəki
örtüyü götürməsi səhnəsinə maraqla baxırdı; ya da görürdü ki, keşiş içi ağarmış
şüşə fənərə bənzəyən ianə qutusunu (onun içində parıldayan daş-qaşlar olurdu)
gətirdi; və bu zaman Dorian inanmaq istəyirdi ki, həqiqətən, bunlar mələklərin
çörəyidir; ya da bəzən elə anlar olurdu ki, keşiş hövsələdən çıxıb coşur, sinəsinə
döyür və öz günahlarına lənətlər yağdırırdı. Onu valeh
edən buxurdandan qalxan
tüstü olurdu; onlar iri, qızılı güllərə bənzəyirdi; buxurdanlar krujevalı və tünd-
qırmızı paltarlı, ciddi və təntənəli görkəmdə duran oğlan uşaqlarının əllərində
yellənirdi. Kilsədən çıxarkən Dorian qara tövbə hücrəsinə də maraqla baxardı,
bəzən isə onun tutqun kölgəsində oturub adamların köhnə taxta barmaqlıqlar
arasından öz həyat həqiqətlərini necə pıçıltı ilə söyləmələrinə xeyli qulaq asardı.
Lakin Dorian heç vaxt bu və ya digər ehkamların təsirinə uymurdu; başa düşürdü
ki, əgər o, rəsmi surətdə bu və ya digər dini ehkam və məzhəbləri qəbul etsə, əqli
inkişafına zərbə vurmuş olar; o, heç vaxt belə səhvlər etməzdi. O, daimi yaşadığı
evini heç vaxt, sadəcə, mehmanxanaya yararlı olan və ay kiçiləndə,
ulduzlar
sönən vaxtı bir neçə gecəni və ya gecə saatını mehmanxanada keçirmək üçün
yararlı olan bir ev kimi görmək istəmirdi. Bir vaxtlar o, mistika ilə maraqlanırdı;
mistikanın sadə bir şeyi sirli və qeyri-adi vergi kimi göstərmək vəzifəsi ilə məşğul
oldu; və həmişə də mistikanın paradokslarla müşayiət olunduğunu gördü. Başqa
bir vaxt o, alman darvinizminin materialist baxışlarına meyil göstərdi; və o, böyük
həvəslə insanın fikir və ehtiraslarını yığıb beyinin boz maddəsinin hansısa
qəfəsinə, yaxud bədəndəki hansısa ağ sinir lifinə topladı və məmnuniyyətlə
aşkarladı ki, insanın ruhi vəziyyəti tamamilə fiziki vəziyyətindən asılıdır; bu fiziki
vəziyyət patoloji xəstə və ya sağlam, normal və ya qeyri-normal ola bilər. Lakin
Dorian üçün həyat haqqında
bütün nəzəriyyələr, elmi baxışlar həyatın özü ilə
müqayisədə ona cılız və mənasız göründü; o, apaydın dərk etdi ki, təcrübə və
reallıqla bağlı olmayan hər bir abstrakt nəticə faydasız və səmərəsizdir. O bilirdi
ki, insanın hissi həyatı eynilə onun ruhi həyatı kimidir, açılmasını gözləyən
müqəddəs sirləri var.
O, müxtəlif qoxuları və qoxulu maddələrin hazırlanması sirlərini öyrənməyə
başladı; ətirli yağları süzdü, Şərqdən gətirilmiş iyli qatranları yandırdı. Belə bir
qənaətə gəldi ki, insanın hər hansı bir iç əhvali-ruhiyyəsi hansısa hissi
qavrayışlarla bağlıdır və Dorian onlar arasındakı əsl əlaqələri özü üçün aşkar etdi;
məsələn, nə üçün dini ayinlər zamanı yandırılan qatranın ətri insanları
mistik
əhvali-ruhiyyəyə kökləyir, boz ənbər isə onlarda ehtirası alovlandırır? Nə üçün
bənövşənin ətri ölən sevgi barədə xatirələri oyadır? Nə üçün müşk beyini
dumanlandırır, aloe isə, deyilənə görə, ruh düşkünlüyünü aparır?
Dorianın həyatında elə dövr də oldu ki, o, özünü tamamilə musiqiyə həsr etdi;
belə vaxtlarda evində, məhəccərli pəncərələri, qızılı və al-qırmızı
rənglərlə
boyanmış tavanı, zeytun rəngli divarları olan uzun zalında qeyri-adi konsertlər
təşkil edilirdi; zirək qaraçılar kiçik sitra1 ilə şən, ruhu oxşayan ara mahnıları çalır,
başlarına şal bağlamış əzəmətli tunislilər isə simləri möhkəm tarım çəkilmiş iri
musiqi aləti olan udu bir-bir götürüb ifa edir, zəncilər dişlərini qıcırdada-qıcırdada
mis barabanlara monoton zərbələr endirir, əyinlərində sarıq və çalma olan arıq,
nərmənazik hindular isə ayaqlarını qatlayıb qırmızı həsirlərin üstündə oturar,
qəmiş və ya misdən düzəldilmiş uzun tütəklərini çalar, qabaqlarındakı zəhərli
kobraları və buynuzlu eybəcər ilanları ovsunlayırdılar (bəlkə də, özlərini elə
göstərirdilər ki, ilanları ovsunlaya bilirlər!). Bu barbar musiqi növlərinin kəskin
keçidləri və tükürpədici qarışıq səsləri Dorianı həyəcana gətirirdi;
belə anlarda
ona nə Şubertin gözəl musiqisi, nə Şopenin klassik elegiyaları, nə də Bethovenin
nəhəng simfoniyaları təsir edərdi. O, dünyanın bütün ölkələrinin musiqi alətlərini
yığırdı, hətta ən qədim və nadir musiqi alətlərini də toplayırdı; hətta bunlardan
bəzilərini qədim ölü xalqların qəbirlərindən, yaxud dünyada hələ də mövcud olan,
Qərb sivilizasiyası ilə toqquşmalardan salamat çıxmış vəhşi qəbilə və tayfaların
yaşadığı yerlərdən tapmaq olardı. Dorian bu alətlərin hər birinə toxunmağı,
hərdənbir onları dınqıldatmağı xoşlayırdı. Onun çoxsaylı kolleksiyası arasında
Rio Neqro hindularının çaldığı “Juruparis” adlanan alət vardı; bu alətə baxmağı
qadınlara qadağan
etmişdilər, hətta gənclərə də bu alətə baxmağı güclü olana və
şallaq alana kimi icazə vermirdilər. Kolleksiyalar arasında Perunun gil səhəngləri,
bardaqları da vardı; onlar cingiltili quş səsləri çıxarırdılar; burada nə vaxtsa Çilidə
Alfonso de Ovallenin eşitdiyi insan sümüklərindən düzəldilmiş fleyta, Kusko
yaxınlığında tapılmış oxuyan və adamın əsəblərini heyrətamiz dərəcədə
sakitləşdirən yəşəm daşı da vardı. Dorianın kolleksiyaları arasında içinə xırda
çınqıllar doldurulmuş əlvan balqabaqlar da görmək olardı; onları tərpədəndə
gurultu qopurdu; uzun Meksika klarneti də vardı – musiqiçi onu üfürmürdü, ifa
zamanı
klarnetin özündən hava çəkirdi; Amazon tayfalarının işlətdiyi, hündür
ağacların kəlləsində oturub gözətçilik edən növbətçi üçün saat siqnalı kimi