tərzi və modaya qarşı sonsuz həvəsi Mayfer ballarında və Poll Moll klublarında
əylənən modabaz gənclərə vaxtaşırı nəzərəçarpacaq dərəcədə təsir edirdi. Bu
gənclər hər cəhətdən ona oxşamağa çalışırdılar
və onu təqlid edirdilər; hətta onun
kimi füsunkar olmaq və cah-calallı görünmək üçün Dorianın özünün də fikir
vermədiyi ən xırda detalları belə gözdən qaçırmırdılar.
Dorian cəmiyyətdə həddi-büluğa çatanlara verilən çox iddialı mövqe tutmuşdu;
onun beynində belə bir fikir dolaşırdı: Neronun imperatorluğu dövründə
“Satirikon”un müəllifi Roma üçün necə idisə, o da müasir London üçün eləcə ola
bilər. Lakin lap ürəyinin dərinliklərində o düşünürdü ki, hamının məsləhətləşdiyi
(hansı pal-paltarı geyinməli, hansı daş-qaşı taxmalı, nə bilim,
qalstuku necə
bağlamalı və ya zənciri necə bağlamalı...) sadə “arbiter elegantiarum”1
olmaqdansa, cəmiyyətdə daha əhəmiyyətli rol oynamaq lazımdır. O, yeni həyat
fəlsəfəsi yaratmaq arzusunda idi; bu fəlsəfənin ağıllı əsası, öz ardıcıl prinsipləri
olmalıdır; o, həyatın ali mənasını hiss və duyğuların həyata keçirilməsində
görürdü.
Ehtiraslara baş əymək çox vaxt və tamam düzgün olaraq mühakimə olunub; çünki
adamlar instinktiv olaraq ehtiras və hisslərdən qorxurlar; onlar adamlarda güclü
ola bilərlər və bildiyimiz kimi, onlar yalnız rəzil və əxlaqsızlara xasdır. Lakin
Dorian Qreyə elə gəlirdi ki, bu hiss və ehtirasların əsl
təbiəti hələ indiyə kimi
anlaşılmaz olaraq qalır; həmin ehtiraslar ona görə heyvani azğın ehtiraslar kimi
yaşayır ki, adamlar hər zaman çalışıblar ki, onları ram edib boğsunlar; onlara qida
verməyiblər, onlarda gözəlliyə doğru ali və mütərəqqi cəhdin üstün
əlamətlərindən biri olan yeni əxlaqi həyatın elementlərini görmək əvəzinə onları
əzab və iztirablarıyla öldürüblər. Bəşəriyyətin ötüb gəldiyi yola nəzər salarkən
Dorian çox pərişan hisslər keçiriridi. Sən demə, nə qədər boşluqlar olub, necə
böyük səhvlər buraxılıbmış, nə qədər güzəştlər olubmuş! Nəyə görə? Hansı
mənasız bir şeyə görə?! Kökündə qorxu yatan mənasız, inadkar məhrumiyyətlər,
özünü məhvetmə və özünü məhrumetmənin eybəcər formaları baş verib! Bəs
nəticəsi nə olub? Cinsi pozğunluq və nəsil kəsilmə! Cırlaşma! Bu
daha qorxulu və
daha dəhşətlidir! Bu, insanların bilməməzliyi ucbatından qorunmağa can atdıqları,
necə deyərlər, “deqradasiya”dan da qorxuludur! Təbiət hər zaman ilahi bir kinayə
ilə tərkidünya olan şəxsləri nahaq yerə səhralara, vəhşi heyvanların yanına
qovmayıb, müqəddəs zahidlərə həyat yoldaşı kimi meşələrin və çöllərin
sakinlərini – dördayaqlı heyvanları göstərməyib!
Bəli: lord Henri düz deyir, düzgün proqnoz verir – yeni hedonizm2 doğulur; bu
əxlaq fəlsəfəsi həyatı tamam dəyişdirməlidir, onu sərt və bayağı puritanlıqdan
azad etməlidir; bizim günlərdə puritanlığın nədən belə dirçəlməsini anlamaq
olmur. Əlbəttə, hedonizm idrakın köməyinə əl atacaq, lakin ehtirasların çeşidli
təbiətini heç bir nəzəriyyə və ya elmi dünyagörüşlə dəyişmək iqtidarında
olmayacaq. Hedonizmin məqsədi – elə bu ehtirasların təbiətidir, təcrübəsidir,
onun acı-şirin məhsulları deyil; bizim dövrdə asketizmə3,
həm də kobud
əxlaqsızlığa yer ola bilməz! Asketizm də, qatı əxlaqsızlıq da hissləri öldürür;
hedonizm insanları həyatın hər anını tam dolğunluqla yaşamağı öyrədəcək; çünki
həyat özü yalnız ötəri və keçici bir andır.
Hərdən elə olur ki, adam səhərəyaxın şirin yuxu görür; istəyir ki, bu yuxular ölüm
yuxusu kimi əbədi olsun, amma oyanır, yuxunun uzun olmamasına təəssüf edir;
yaxud dəhşətli və qeyri-təbii sevinc hissindən sonra beyin hüceyrələrində
gerçəkliyin özündən də qorxulu olan yuxugörmələr oyanır; hər şeyi, elə bil, canlı
və aydın görürsən, lap fantastikada olduğu kimi
görürsən; bunlar elə qüvvələr
tərəfindən həyata keçirilir ki, bu qüvvələr qotik sənət nümunələrini elə canlı edir
ki, sanki, bunlar xəstə təxəyyüllü adamlar üçün yaradılıb. Bu oyanışlar hamıya
tanışdır; görürsən ki, sübhün ağ barmaqları yavaş-yavaş pərdəyə dırmaşır və
adama elə gəlir ki, pərdə titrəyir, yellənir, yırğalanır. Qara əcaib kölgələr səssizcə
otağın künc-bucağına düşür, sonra əriyib gedir. Həyətdə isə yarpaqlar arasında
artıq sərçələrin səsi eşidilir, küçədən ayaq səsləri gəlir,
adamlar işə tələsirlər,
bəzən təpəliklərdən gələn küləyin nəfəsi və vıyıltısı sükut içinə qərq olmuş evin
başına fırlanır; elə bil, qorxur ki, evin içində yatanları oyadar; lakin onun al-
qırmızı sığınacağından axır ki, yuxunu qovmağa məcbur olur. Bir-birinin ardınca
yüngül tor örtükləri qalxır, ətrafda hər şey yavaş-yavaş öz əvvəlki forma və
rəngini alır; və səhər sizin gözləriniz qarşısında dünyaya öz adi görkəmini təqdim
edir. Donuq güzgülər yenə öz əvvəlki həyatlarını yaşamağa başlayır. Sönmüş
şamlar harada idilərsə, orada da durub; onların yanındakı kitab isə hələ axıra
qədər oxunmayıb; dünənki balda sizin yaxanızı bəzəyən solğun çiçək boynunu
büküb,
yaxud o məktub, sizin oxumağa qorxduğunuz o məktub, yaxud çox tez-tez
oxuduğunuz o məktub da əvvəlki yerindədir. Sanki, heç nə dəyişməyib. Gecənin
xəyali kölgələrindən yenə tanış gerçəklik boylanır. Bugünkü həyatı gərək dünən
qoyub gəldiyin yerdən başlayasan; və biz ağrı ilə dərk edirik ki, fasiləsiz olaraq
güc sərf etməyə məhkum olunmuşuq; adi stereotip məşğuliyyətlərin yorucu
labirintində fırlanırıq, eyni şeyləri təkrar edirik. Bu anlarda biz ehtiraslı istəklər
yaşayırıq; gözlərimizi açıb yeni dünya görmək istəyirik; bu dünya bir gecənin
içində dəyişib; bizim bəxtimizdən bu dəyişən dünyada hər şey yeni forma və rəng
alıb; canlı və şəffafdır;
dünya tam yeniliklərlə doludur, sirlərlə doludur; orada
keçmişə yer yoxdur, yaxud orada keçmiş üçün də bir balaca münasib yer
saxlanılıb; əgər bu keçmiş hələ canlıdırsa, hələ ölməyibsə, hər ehtimala qarşı,
öhdəlik və ya təəssüf şəklində yaşayırsa! Çünki hətta xoşbəxtlik haqqında
xatirələrdə də bir özəl kədər var; ötüb-keçən hər bir həzzin xatirəsi isə adama ağrı
gətirir.
Dorian Qrey məhz bu cür aləmlərin gerçəkləşməsini arzulayırdı; o düşünürdü ki,
dəyişən dünyaların yaradılması həyatın əsas məqsədi, yaxud məqsədlərindən biri
olmalıdır; romantikanın əsas elementini özündə cəmləşdirə bilən yeni məstedici