OZAN DÜNYASI № 4(19), 2014
82
Biz də yetək gül fəslində murada,
Canım alır qoşa xallar, əmqızı!
Mən Tahirəm, sirrim sana əyandı,
Sevgi sevgisindən doymaq yamandı.
Ürək sözüm sən Zöhrəyə bəyandı,
Dərman mana düşdü narlar, əmqızı!
Zöhrə saçlarından üç tel ayırıb, sinəsinə basdı, aldı cavabında görək nə dedi:
Əmim oğlu, о nə sözdü deyirsən?
Canımı canına heyran eylərəm.
Hər dəqiqə sən ki, mənim yarımsan,
Gecə-gündüz səni mehman eylərəm.
Bağça sənin, bağban sənin, bar sənin,
Bağda olan alma, heyva, nar sənin,
Peşkəşindi qoşa xallar, yar, sənin,
Bir söz var ki, onu pünhan eylərəm.
Zöhrənin də budu sana son sözü,
Qurban sana dil-dodağı, qaş-gözü;
Mən də sənin kimi aşiqəm, düzü,
Dərya kimi mən də ümman eylərəm.
Zöhrə xanım sözü tamam eyləyib, Mələksumaya dedi:
- О xörəyi gətir bura, indi üçümüz bir yerdə yeyək.
Mələksuma xörəyi gətirib qoydu qabağa, dedi:
- Xanım, gördünmü mənim niyyətimi?!
Hər üçü başladılar xörəyi yeməyə. Xörəkdən sonra Mələksumanı qapıda
qarovulçu qoydu, özü Tahir ilə qol-boyun olub yatdı. Bir qədər oturduqdan
sonra Mələksumanın yuxusu gəldi, dirsəyinə dayanıb, ordaca yatdı. Bu biri
tərəfdən dayə xidmət üçün içəri girib gördü ki, paho, Tahir ilə Zöhrə qol-
boyun olub yatıblar. İstədi qayıtsın, Zöhrə oyanıb dayəni geri çağırdı, dedi:
- Dayə nənə, sirr kimin olar, saxlayanın. Al bu bir ovuc əşrəfini, bu
sirrimi heç yerdə açma.
Dayə əşrəfləri alıb dedi:
- Çox yaxşı. Ancaq pilləkəndən yenə-yenə öz-özünə mırtdanıb dedi:
- Heç yerdə açmayacağam. Bir toyda deyəcəyəm, bir bayramda.
Gözümüz aydın, indiyə qədər birinə qulluq eləyə bilmirdik, indi iki oldu.
Dayə üz qoyub Hatəm Soltana tərəf getdi. Zöhrə xanım dayənin qımırını
başa düşüb, başladı Tahir Mirzəni oyatmağa.
OZAN DÜNYASI № 4(19), 2014
83
Aldı Zöhrə:
Beiman getdi xəbərə,
Nə yatıbsan, Tahir Mirzə?!
Çəkəcəklər səni dara,
Nə yatıbsan, Tahir Mirzə?!
Danışırıq biz qeybdən,
Xəbərin yoxdu eyibdən.
Qorxuram mən səyrəğibdən,
Nə yatıbsan, Tahir Mirzə?!
Xəyal toxumun əkərsən,
Bica əzablar çəkərsən,
Ağlarsan, qan-yaş tökərsən,
Nə yatıbsan, Tahir Mirzə?!
Mən Zöhrəyəm, qələm qaşlı,
Ala gözlü, siyah saçlı.
Qoyma məni gözü yaşlı!
Nə yatıbsan, Tahir Mirzə?!
Tahir oyanıb gördü Zöhrə xanım ağlayır. Boynunu qucaqlayıb, ala
gözlərindən bir busə alıb dedi:
- Nə üçün ağlayırsan?
Zöhrə xanım əhvalatı ona söylədi. Tahir dedi:
- Qorxma, səni məndən ayıra bilməzlər. Bizi bir-birimizə qismət eyləyən
var.
İndi eşit Hatəm Soltandan. Hatəm Soltan əhvalatı eşidib, bərk
qəzəbləndi, Tahiri hüzuruna apartdı. О saat cəllada əmr edib dedi:
- Gözümün qabağında bunun boynunu vur, ürəyim sakit olsun.
Cəllad Tahiri yaxalayanda camaat Hatəm Soltanın əl-ayağına tökülüb
dedi:
- Bu nahaq qanı bizim ölkəyə tökmə!
Hatəm Soltan camaatm töhmətindən, narazılığından qorxub, əmr elədi
ki, onu bir böyük sandığa qoyub dəryaya atsınlar. Bəli, bir böyük sandıq
qayırdılar. Tahiri sandığın yanına gətirdilər. Tahir baxıb gördü Zöhrə
kənarda durub, gözünün yaşını abi-leysan kimi tökür. Tahir sevgilisinin ahü-
zarını görüb, sazı sinəsinə basdı, görək nə dedi:
Başına döndüyüm alagöz xanım,
Qoy aparsın görüm, sel mənə neylər?!
OZAN DÜNYASI № 4(19), 2014
84
Sana qurban olsun bu şirin canım,
Qoy aparsın görüm, sel mənə neylər?!
Əmib-əmib ləblərindən qandığım,
Pərvanətək şam oduna yandığım,
Müşənbələ, at dəryaya sandığım,
Qoy aparsın görüm, sel mənə neylər?!
Tahir deyir; nə edirsən əndişi,
Əlbət belə imiş qəzanın işi,
Yusifi quyudan çıxardan kişi
Saxlasa sandığı, sel mənə neylər?!
Tahir Mirzə sözünü qurtaran kimi onu sandığa saldılar, sandığın ağzını
bərk-bərk müşənbələyib, dəryaya atdılar.
Dərya sandığı apardı, hərləyib, Zöhrə xanımın otağının qabağına vurdu.
Zöhrə xanım bunu görüb, aldı, görək dəryaya necə yalvardı:
Qanlı dərya, nə axarsan selavda,
Axıb-axıb nə məkana gedərsən?
Qoymagilən sandıq qala girdabda,
Götür apar, hər bir yana gedərsən!
Ağlaram, gözümdən tökərəm qanı,
Fəryadıma yetiş, xanların xanı!
Göz yaşım kaş qurudaydı dəryanı,
Götür apar, Həştərxana gedərsən!
Mən Zöhrəyəm, Tahir Mirzə qəmində,
Heç olmadım söhbətində, dəmində,
Nə çalxalanırsan Gilanzəmində?
Bağışlarsan Süleymana, gedərsən.
Elə ki, Zöhrə xanım sözünü bitirdi, dərya sandığı götürüb başladı
aparmağa. Tainki sandıq gözdən qeyb oldu, Zöhrə xanımın ürəyi qana
döndü, göz yaşını tökə-tökə görək nə dedi:
Nə axarsan, qanlı dərya?!
Getdi mənim yarım səndə.
Əlim çatmaz, ünüm yetməz,
Bir ahilən zarım səndə.
Dostları ilə paylaş: |