Pauza.
KİŞİ (barmağını Qonağa tuşlayaraq). Bu, bizi məhv etmək istəyir!.. Bu, istəyir ki, biz bir-
birimizə nifrət edək!.. Bir-birimizi boğaq, öldürək!..
Divar saatının zəngi vurur.
(Şaşırmış.) Yeni il gəldi? Hə?
Kiçik pauza.
(Qadına.) 37 qurtardı?
QADIN. Bilmirəm, qurtarıb, yoxsa yox?..
KİŞİ. Qurtardı!.. 37 qurtardı!.. (Divar saatını göstərərək.) Bax, saat 12-ni vurdu! Qurtardı 37!..
Qurtardı!.. (Qəflətən Qonağın üzərinə atılaraq, iki əli ilə də onun boğazından yapışıb, boğmağa
başlayır.) Bax, belə!.. Belə!.. (Qadına.) Kömək elə mənə! Gəl, kömək elə!..
Qadın ani tərəddüddən sonra, daxildən gələn bir inilti ilə Qonağa hücum edir. Qonaq onlardan
qurtulmaq istəyir.
(Var gücü ilə Qonağı boğa-boğa, Qadına.) Sən əllərini tut! Əllərini!..
Qonaq xırıldaya-xırıldaya nə qədər çapalayırsa, onların əlindən qurtara bilmir. Nəhayət, süst
düşərək, döşəməyə yıxılır. Qadın çömələrək, dizlərini onun sinəsinə basıb, əllərini döşəməyə
sıxır. Kişi hələ də var gücü ilə Qonağı boğur.
Bitdi!.. Qurtardı!..
Əllərini taqətsiz halda yerə sərilmiş Qonağın boğazından çəkərək, döşəmədə oturur. Qadın da
onun yanında oturur.
QADIN. İt kimi gəbərdi!.. (Sarkazm ilə.) Atam bunun dostu imiş!.. (Özünü saxlaya bilməyərək,
Qonağın üstünə tüpürür.) Mənim atam sənin kimi murdarla dost ola bilməzdi!.. (Kişiyə.) Sənə nə
olub, titrəyirsən?
KİŞİ (pərişan). Biz nə etdik?..
QADIN (nifrətlə Qonağa baxaraq). O, nəyə layiq idisə, onu da etdik!..
Pauza.
Yeni ilin mübarək!.. 37 bitdi!.. Ancaq... ancaq 38-dən də gözüm su içmir...
KİŞİ. Səni əvvəllər də NKVD-yə çağırmışdılar?
Qadın başının işarəsi ilə təsdiq edir.
Neçə dəfə?
QADIN. Dörd-beş dəfə...
KİŞİ. Dörd-beş dəfə?
Qadın başının işarəsi ilə təsdiq edir.
Mənim haqqımda da soruşurdular?
QADIN. Yox... Başqa həbs olunmuş tanış-biliş haqqında...
KİŞİ. Səni onların da üzünə durquzurdular?
Qadın başının işarəsi ilə təsdiq edir.
Bəlkə mənim haqqımda da soruşanda, deyiblər ki, heç kimə demə, ona görə demirsən?
QADIN. Qorxma, sənin haqqında söhbət olmayıb...
KİŞİ. Mən qorxmuram...
QADIN. Görürəm...
KİŞİ. Sən də məni başa düşməyəndən sonra, kim məni başa düşə bilər?
QADIN. Hə, bundan sonra gərək biz bir-birimizi başa düşək... Başqa hansı yol var? Biz elə
qaranlıq bir tunelin içindəyik ki, qarşıda iynə ucu qədər işıq yoxdu... Yoxdu... Qaranlıqdan
başqa, daha heç nə yoxdu...
KİŞİ. Axı... axı... belə baxanda... biz nə etmişik?
Kiçik pauza.
Biz özümüzü xilas etmişik...
QADIN. Yəqin elədi...
KİŞİ. Biz özümüzü xilas etməməliyik?
Qadın çiyinlərini çəkir.
Səni orda incitmədilər?
QADIN. İncitmək nəyə deyirsən? Döyməyi soruşursansa, yox, məni orda döyməyiblər.
KİŞİ. Sənə... Sənə sataşmadılar ki?
QADIN. Yox... Əgər təcavüzü soruşursansa, yox, orda heç kim mənə təcavüz etməyib!..
(Qonağın cəsədinə baxaraq.) Qəribədir!.. Bakıda bu qədər ailə var, bu niyə bizi seçmişdi?
KİŞİ (Qonağın cəsədinə baxır). Bilmirəm... Səni Axund Seyid Rzaya görə də çağıracaqlar?
QADIN. Yəqin... Qonşudu də...
KİŞİ. Bəs sən nə deyəcəksən?
QADIN. Nə desələr, onu...
Pauza.
KİŞİ (gözlərini Qonağın cəsədinə zilləyib). Biz... biz insan öldürdük...
QADIN. O, insan deyildi! O şeytan idi!.. Sən hələ bunu başa düşməmisən? Mən o saat başa
düşdüm ki, o, insan deyil!.. Görən kimi, başa düşdüm!..
KİŞİ. Biz kimə sübut edəcəyik ki, o, şeytandı? NKVD-yə deyək ki, gəlin, aparın, şeytan
öldürmüşük? Onu gəlib, burda tapsalar, necə olacaq? Nə deyəcəyik?
QADIN. Onu burda saxlamaq olmaz!.. Onu aparıb zibilliyə atmaq lazımdı!.. Siçovullar yesin
onu!.. Sən düz deyirdin, o, özü də siçovul idi!..
KİŞİ. Necə aparıb atacağıq? Onu beşinci mərtəbədən aşağı necə düşürdək? Özü də Yeni il
gecəsi!.. Sonra nə olsun? Hara aparaq?
QADIN. Onu doğramaq lazımdı!..
KİŞİ (dəhşət içində). Nə?
QADIN. Onu doğramaq lazımdı!.. Sonra da hissə-hissə aparıb atmaq lazımdır!..
KİŞİ. Yox!.. Mən bunu bacarmaram!..
QADIN. Niyə? O ki, adam deyil!
KİŞİ. Nə olsun? O, adam cildindədi...
QADIN. Balta hardadı?
KİŞİ. Yox!.. Yox!..
Qadın qalxıb mətbəxə gedir.
(Onun ardınca bərkdən.) Yox! Yox!.. Mən onu doğraya bilmərəm!.. Mən bacarmaram!..
Qadın əlində bıçaq və balta mətbəxdən qayıdır.
QADIN. Kömək elə mənə!
KİŞİ. Sən? Sən onu doğrayacaqsan? Yox!.. Mən kömək edə bilmərəm!..
QADIN. Qorxaq! Sən həmişə dovşan kimi qorxaq olmusan!
Qadın Qonağın cəsədinə yaxınlaşır. Bıçağı yerə qoyur.
Əvvəlcə başını kəsmək lazımdır...
Qadın iki əli ilə də baltanın sapından yapışıb, yuxarı qaldırır və zərblə endirmək istəyəndə,
Qonaq qəflətən onun biləklərindən tutur və sərt hərəkətlə Qadını kənara itələyir. Qadın yerə
yıxılır.
QONAQ (belini qaldırıb, döşəmədə oturaraq Kişiyə.) Sonra da deyirsən ki, bu şeytan deyil!..
(Yamsılayır.) "Sən mənim arvadıma şeytan deyirsən?" Gördün? Gördün baltanı necə
qaldırmışdı? Tikə-tikə doğrayacaqdı məni!.. O-o-o!.. Bunun içində bilirsən, nələr var?... Atası
toya getməliydi!.. (Yamsılayır.) "O, mənim atamdı!.. O sizinlə dost ola bilməz!.." (Başını
bulayır.) Ay-yay-yay!..
İşıq sönür.
ALTINCI ŞƏKİL
Eyni məkan. Gecə.
Qadın, Kişi, Qonaq.
Kişi stulda oturub. Qadın da mizə dirsəklənib, başını əlləri arasına alaraq, onunla üzbəüz oturub.
Qonaq deyinə-deyinə otaqda var-gəl edir.
QONAQ. Yeni ili yaxşı qeyd elədiz!.. Söz ola bilməz e!.. Əla qarşıladız!.. (Divar saatını
göstərir.) Bu saatın zəng çalmağı ilə məni boğmaqları bir oldu e!.. Üstümə elə atıldılar ki, elə bil,
insan deyillər!.. Sonra da deyirlər ki, elədi-belədi!.. (Boğazını ovuşdurur.) Hələ də ağrıyır e,
boğazım!.. (Dayanaraq cibindən balaca güzgü çıxarıb baxır.) Yeri qalacaq!.. (Başını bulayır.) Bu
da bunların əməli!.. (Güzgünü cibinə qoyaraq, yenə var-gəl edir.) Deyirəm də!.. Bunlar adam
kimi danışa bilmirlər!.. Oturasan mizin arxasında, sakitcə danışasan, sakitcə də qulaq asasan...
Yox! Gərək qışqırasan!.. Gərək təhqir edəsən!.. Gərək boğasan!.. (Boğazını ovuşdurur.) Özləri
də ziyalıdır!.. Savadlı adamlardı!.. (Biləklərini ovuşdura-ovuşdura Qadına.) Ömründə deməzsən
ki, sizin kimi zərif bir qadının qollarında bu qədər güc var!.. Biləklərimi elə sıxmısız ki, əllərim
keyiyib... Baxın, heç tərpədə bilmirəm...
QADIN. Sizdən... yenə... yenə soruşmaq istəyirəm... Ancaq xahiş edirəm, çox xahiş edirəm ki,
cavab verəsiniz... Nə üçün?.. Nə üçün bu boyda Bakıda, bu boyda Azərbaycanda, bu boyda
SSRİ-də bizi seçmisiz, bura gəlmisiz? Nə üçün? Yəni bu boyda Bakıda, Azərbaycanda, SSRİ-də
yaşayanların ən pisi bizik? Bizi cəzalandırmaq lazımdı?
QONAQ. Əvvəla, mən sizə cavab verməyə borclu deyiləm! Ümumiyyətlə, mənim heç kimə heç
bir borcum yoxdu, olmayıb və olmayacaq!.. İkincisi də, siz nə bilirsiz ki, mən təkcə burdayam?
Mən sizə hesabat verməliyəm? Bəlkə mən indi sizdən başqa da yüz evdəyəm, min evdəyəm,
milyon evdəyəm? SSRİ-nin əhalisi 150 milyonu keçib! Düzdü, bir-birinizi güllələyə-güllələyə
azalırsız... Doğrusu, bəzən, mən özüm də çaşıb qalıram: qurban kimdi, cəllad kimdi?-başa düşə
bilmirəm!.. Bax, səhərdən Qəribzadədən danışırıq... Döyüblər onu? (Ayaq saxlayır.) Qoy mən də
oturum, rahat söhbət eləyək... (Kresloda əyləşir.) NKVD-də döyüblər onu? Bəli, döyüblər! Yüz
cür işgəncə veriblər ona? Bəli, veriblər! Güllələyiblər özünü də, arvadını da? Bəli, güllələyiblər!
Övladlarını bədbəxt ediblər? Ediblər! İndi, kim olur Qəribzadə? Qurban olur də!.. Qurbandır!
Dostları ilə paylaş: |