Pauza.
(Qapıya yaxınlaşır.) Kimdi?
Pauza.
QADIN. Açma!..
Qapı yenidən döyülür.
KİŞİ (əsəbi). Niyə səsinizi çıxarmırsız? (Qapını açır.) Kimdi?
Heç kim yoxdur.
(Qapıdan eşiyə addımlayaraq.) Kimdi qapını döyən? (İçəri qayıdır.) Heç kim yoxdur... Yəqin
uşaqlardı, Yeni il qabağı xuliqanlıq edirlər...
QADIN (həyəcanla). Yox...
Kişi qapını bağlayıb, geri qaymaq istəyəndə qapı yenə bərkdən döyülür.
KİŞİ (qapıya tərəf çevrilərək, əsəbi). Kimdi orda?
QADIN (isterika ilə). Kimdi? Kimdi?
KİŞİ (qapını açaraq). Kimdi? (Eşiyə çıxır.) Bu nə oyundu belə? Kimdi? (Geri qayıdır.) Heç kim
yoxdu...
QONAQ. Necə heç kim yoxdu? (Kresloda rahat oturmuş halda onlara tərəf fırlanaraq təəccüblə.)
Bəs mən nəyəm?
İşıq sönür.
ÜÇÜNCÜ ŞƏKİL
Eyni məkan. Gecə.
Q a d ı n, K i ş i, Q o n a q.
QONAQ. Görmürsüz məni? Niyə qışqırırsız?
Pauza.
Səhərdən qışqırırdılar, indi də yerlərində donub qalıblar...
KİŞİ (güclə özünə gələrək). Siz kimsiz? Siz bura necə gəldiz? (Qadına.) Sən bunu gördün?
QADIN (dəhşət içində). Yox...
KİŞİ. Kimdi bu, belə?
QADIN (çiyinlərini çəkir). Bilmirəm...
KİŞİ. Siz səhərdən burda gizlənmisiz?
QONAQ. Mən gizlənmişəm? Niyə gizlənirəm? Kimdən gizlənəcəyəm mən?.. Nədən
gizlənəcəyəm?.. Mənim gizli bir işim yoxdu... Heç vaxt da olmayıb!..
KİŞİ (Qadına). O... O, NKVD-dən gəlib... (Hiddətlə Qonağa.) Sən NKVD-dən gəlmisən?
QONAQ. Nə?
KİŞİ. Sən NKVD-dən gəlmisən!.. (Onun yaxasından yapışır.)
QONAQ (yaxasını onun əlindən qurtarmaq istəyir). Burax məni!.. Burax!..
KİŞİ (onu silkələyir). NKVD-dən gəlmisən sən!.. NKVD-dən!.. Hə?!
QONAQ. Burax!..
KİŞİ. Gəlib, gizlənmisən burda!..
QONAQ. Burax məni!..
KİŞİ (onu eləcə silkələyərək). Nə istəyirsən sən? Niyə gizlin gəlib, gizlənmisən burda?
QONAQ (Qadına.) Kömək edin də! Görmürsüz, boğur məni!..
KİŞİ (onu daha da bərkdən silkələyir). Yox!.. Yox!.. NKVD casusu!..
QONAQ (yaxasını Kişinin əlindən çəkib, ayağa qalxmağa çalışır). Burax məni!.. Demirəm,
burax?!. (Yamsılayır.) "Hardan gəlmisən? Hardan gəlmisən?" Mən sizə hesabat verməliyəm ki,
hardan gəlmişəm? Bəlkə mən ordan gəlmişəm? (Əli ilə tavanı göstərir.)
KİŞİ (birdən-birə süst düşərək tavana baxır, sonra Qadına). Bu, nə deyir?
QADIN (uçuna-uçuna). Mən qorxuram...
QONAQ (kreslodan qalxaraq yaxasını düzəldə-düzəldə yamsılayır). "Bu, nə deyir?" "Mən
qorxuram..." Sizə nə olub? Adam kimi danışa bilmirsiz? (Ətrafa baxa-baxa var-gəl edir.) Hə...
Pis yaşamırsız... Sonra da narazılıq edirsiz... Başqaları on nəfər bir kommunal otaqda yaşayır,
beş ayrı-ayrı ailənin bir tualeti olur, amma siz cəmi iki nəfər, bu cür də mənzil?.. (Mizin üstünü
göstərərək.) Yeyib-içməyiniz də ki, əla!.. Daha nə istəyirsiz? (Kişiyə.) Qapını açıq qoymusuz,
gedin, bağlayın.
KİŞİ. Siz burdan rədd olun, sonra!..
QONAQ (Qadına). Bu da sizin ərinizin mərifəti! (Başını bulaya-bulaya qapıya yaxınlaşıb,
bağlayır.) O qədər müftə yeyib-içmək istəyən var ki, bir də gördün, biri girdi içəri... Siz gərək
sərhesab olasınız!..
KİŞİ (sərt). Siz burdan çıxıb gedəcəksiz, ya yox?!
QONAQ. Pah!.. Qorxdum!.. (Qadına.) Siz belə adamla necə yaşayırsız?
QADIN (diqqətlə ona baxaraq, vahimə içində). Yox!.. Siz insan deyilsiz!.. Sizin gözünüz insan
gözü deyil!
QONAQ. Nə olub mənim gözümə? (Cibindən balaca güzgü çıxarıb, baxır.) Mənim gözümün
nəyi sizin gözünüzdən fərqlidi? Hə? Nəyi?
QADIN (eyni vahimə içində). Siz... Siz nəsiz? Şeytansız, iblissiz, cinsiz, məlun mələksiz,
əcinnəsiz, nəsiz? Nəsiz siz?
QONAQ (gəlib Qadına baxır, sonra Kişinin qabağında dayanaraq, təəccüblə). Bəyəm bunlar
hamısı eyni şey deyil?
KİŞİ. Sən nə üçün bura gəlmisən?
QONAQ. Heç qonaqdan da soruşarlar ki, niyə gəlmisən?
KİŞİ. Kim səni qonaq çağırıb?
QONAQ. Qonağı elə ancaq çağırarlar? Çağırılmamış qonaq olmur? Mən də çağırılmamış
qonağam!.. (Narazı.) İmkan vermirsiz e, oturub, normal söhbət edim...
QADIN. O, şeytandır!..
QONAQ (Qadına). Siz deyirsiz ki, mən şeytanam. İndi mən də boynuma almalıyam ki, hə,
şeytanam? Buna görə də deməliyəm ki (Tavanı göstərir), doğrudan da oradan gəlmişəm? Ya da
sübut eləməliyəm ki, yox, mən şeytan deyiləm? (Yamsılayır.) "Hardan gəlmisən?" "Hardan
gəlmisən?" Mən heç kimə heç nə sübut etmək fikrində deyiləm!.. (Yenə yamsılayır.) "Hardan
gəlmisən?" "Hardan gəlmisən?" (Tavanı göstərir) Mən ordan yox e, bax, burdan gəlmişəm!
(Barmağı ilə Kişinin ürəyini göstərir.) Bax, burdan gəlmişəm! (Yaxınlaşıb barmağını Qadının
ürəyinin başına toxundurur.)
KİŞİ. Mənim arvadımın döşünə əl dəymə! (Onun üstünə cumur.)
QONAQ (kənara çəkilərək, Qadına). Doğrudan da, siz bu adamla necə yaşayırsız?
Kiçik pauza.
Bu, dəlidi ki!..
KİŞİ. Dəli sənsən!
QONAQ. Yaxşı, yaxşı sakit olun!.. (Deyinə-deyinə var-gəl edir.) Şeytan, İblis, Dyavol, Satana,
Əcinnə, Velzevul, Mefistofel, Cin, nə bilim, nə?.. Özünüzdən bu qədər ad uydurmusuz... İllər,
yüz illər, min illər bir-birini əvəz edir, siz elə öz uydurmalarınızın içindəsiz... Bir-birinizi
Şeytanla qorxudursuz... Əgər doğrudan da Şeytan varsa, o nədir? Kimdir? Cəhənnəm
hökmdarı!.. Bunu siz deyirsiz də! Siz deyirsiz ki, Şeytan cəhənnəm hökmdarıdır!.. Cəhənnəm
hökmdarı nə edir? Günahkarlara əzab-əziyyət verir! Onları odda yandırır, qaynar tiyanlara salır,
məlun mələklərə tuş gətirir!.. Özümdən uydurmuram ki, siz özünüz deyirsiz!.. (Ayaq saxlayır.)
Hə?
Pauza.
Bir tərəfdən də deyirsiz ki, Şeytan ilan cildinə girir, Həvvanı şirnikləndirir ki, günah işləsin...
Həvva bəyəm bəbə idi? (Yenə var-gəl edir.) Allah Adəmi yaratdı, onu tək qoymamaq üçün də
Həvvanı yaratdı. Kim idi Həvva? Yetişmiş yekə qadın idi!.. İstəməsəydi, almanı yeməzdi də!..
Şeytan nə qədər şirnikləndirirdi, şirnikləndirsin!.. (Yamsılayır.) "Şeytan insanları yoldan
çıxarır..." Hər kəlmə başı da “lənət Şeytana” deyirsiz!.. Bəs, bu necə olur? Şeytan həm özü
şirnikləndirir ki, günah iş görsünlər, həm də günaha görə onları cəzalandırır? Mat qalmalı işdir!..
Bu əbləh Şeytan özü deyir günah işlə, özü də cəzalandırır? Nə olur o, kim olur? Mazoxist olur,
sadist olur, nə olur, hə? Nə cəfəngiyyat quraşdırmısız özünüzdən? Hə? (Gəlib Qadının
çənəsindən tutur.) Cavab ver də mənə, ey gözəl məxluq!..
KİŞİ (yerindən sıçrayıb, onu itələyir). Arvadıma əl vurma, NKVD casusu! Sən mənə heç nə edə
bilməzsən!.. Səni bura nahaq göndəriblər!..
QONAQ (güclə müvazinətini saxlayır). Az qalmışdı yıxılım e... (Kişiyə.) Özünüzü adam kimi
aparın, eşidirsiz?! Yekə kişisiz! O boyda komissarlıqda idarə müdirisiz! Kommunistsiz!
(Yamsılayır.) "Səni bura kim göndərib?" Məni bura heç kim göndərməyib!.. Mən özüm
gəlmişəm!..
QADIN (taqətsiz stulda əyləşir). Bilmirəm, siz şeytansız, nəsiz, amma... amma niyə bizi
seçmisiz? Niyə bura gəlmisiz?
QONAQ. Sizin də qonaqpərvərliyiniz belədi, hə? (İncik halda.) Özü də Yeni il gecəsi!.. (Başını
bulayır.)
QADIN. Nə üçün? Nə üçün bizi seçmisiz?
KİŞİ. O, NKVD-dən gəlib!.. Düz demirəm, NKVD siçovulu?
QONAQ (gəlib, onun qarşısında dayanır). NKVD siçovulu, hə?
KİŞİ (bir az şaşırmış). Bəs mən nə deməliyəm? Gecənin yarısı qəfildən peyda olursuz...
QONAQ. Ancaq NKVD-də şahidlik edəndə, Qəribzadənin üzünə duranda ki, kontrrevolyusion
pantürkist təşkilatı yaradanlardan biridir, yoldaş Stalinə sui-qəsd hazırlayırdılar, onda NKVD
işçiləri siçovul deyildi, Allahın bacısı oğlu idi, hə?
Pauza.
QADIN (sarsılmış). Necə yəni Qəribzadənin üzünə duranda?
KİŞİ. Onun dediyi səfsəfəyə qulaq asma!.. O, yoldan ötənin biridi!.. Təxribatçıdı!.. Şantajistdi!
Kişi yerindən qalxıb, Qonağa hücum etmək istəyir.
QONAQ (əlini onun qarşısında qaldırır). Dur!
Kişi, elə bil, bir anın içində hipnoz olubmuş kimi, dayanır.
Mən təxribatçı da deyiləm, heç vaxt da olmamışam! Şantajist də deyiləm, heç vaxt da
olmamışam! Yoldan ötən birisi də deyiləm!.. (Çox ciddi.) Bunu sırğa eləyib, ikiniz də