Nino
kürsünün önündə xaç çəkib, başını qaldırdı və yuxarıda asılmış müqəddəs himayəçinin rəsminə
baxdı. Sonra o, “müqəddəs Nino, məni bağışla” – deyə pıçıldadı.
Kilsə pəncərələrindən içəri düşən işıqda mən onun gözlərinin yaşlı olduğunu gördüm.
– Gəl buradan gedək, – dedim. Nino itaətkarcasına kilsədən çıxdı. Dinməz-söyləməz küçələri gəzdik.
Nəhayət mən dilləndim:
– De görüm, müqəddəs Nino sənin hansı günahlarını bağışlamalıdır?
– Səni, Əli xan.
Onun səsi qəmgin və yorğun idi. Tiflis küçələrində Nino ilə birlikdə gəzmək xatalı bir hərəkət idi.
– Nə üçün?
Biz artıq meydana çatmışdıq. Gürcülərkafelərdə, elə küçənin ortasında oturmuşdular. Haradansa zurna
səsi gəlirdi. Lap aşağılarda isə Kür çayı köpüklənə-köpüklənə axırdı. Nino çox uzaqlara baxırdı. Elə bil
ki, o, uzaqlarda öz keçmişini axtarırdı.
– Nə düşünürsən, – deyə soruşdum.
– Səni və bütün olub keçənləri, – deyə Nino cavab verdi.
Mən onun nə demək istədiyini başa düşdüm. Lakin yenə də ondan soruşdum:
– Nə dedin?
Nino dayanıb sözə başladı:
– Get Tiflisi gəz və şəhərə diqqətlə bax. Bu şəhərdə heç çadralı qadın görəcəksənmi? Yox.
Burada heç
Asiya şəhərlərinin havası duyulurmu? Yox, bu şəhər başqa bir dünyadır. Küçələri enli, insanları isə açıq
qəlblidir. Əli xan mən Tiflisdə olduğum zamanlar özümü ağıllı bir insan kimi hiss edirəm. Çünki
burada Seyid Mustafa kimi sarsaqlara və Məmməd Heydər kimi başıboşlara rast gələ bilməzsən.
Burada həyat rahat və şəndir.
Lakin bu ölkə çəkiclə zindan arasındadır, Nino.
Nino balaca ayaqları ilə daş döşəmənin üzərində atlana-atlana yeriyərək söhbətinə davam etdi: “Bax elə
səbəb də budur. Topal Teymur Tiflisi yeddi dəfə yerlə-yeksan edib, sonra isə türklər, iranlılar, ərəblər
və monqollar da ölkəmizə yürüşlər etmişlər. Onlar Gürcüstanı xarabaxanaya çevirmişlər, insanları qətlə
yetirmişdilər, lakin heç bir zaman ona sahib ola bilməmişdilər. Müqəddəs Nino buraya üzüm
tənəklərini Qərbdən gətirmişdi. Deməli biz də Qərbə mənsubuq. Bizim ölkə Asiyaya aid deyil, biz də
Asiyalı deyilik. Biz Avropanın şərqində yerləşən bir ölkəyik. Məgər sən burada bunu hiss etmirsən?”
Ninonun qaşları çatılmış və addımlarını tez-tez atmağa başlamışdı. Onun uşaq alnı büzüşmüşdü:
“Bilirsən, sənin Ninon nəyə görə bu gün burdadır? Gəl sənə başa salım: ona görə ki,
biz Topal
Teymura, Çingiz xana, Şah Təhmasibə və Şah İsmayıla mətanətlə müqavimət göstərmişik. Bax elə
buna görə də mən varam. İndi isə sən qılıncların, hər şeyi əzib keçən fillərin, ətrafında cəngavərlərin
olmadan Tiflisə gəlmisən. Halbuki sən əlləri qana bulaşmış şahların nəslindənsən. Gələcəkdə mənim
qızlarım çadra örtəcəklər və İranın qılıncı yenə də iti olan zaman mənim oğullarım və nəvələrim Tiflisi
bəlkə də yüzüncü dəfə yerlə-yeksan edəcəklər. Ah, Əli xan, biz gərək ikimiz də Qərbə mənsub
olaydıq”.
Onun əlini əlimə aldım: “Nino, sənin üçün nə istəyirsən, edim?”
– Eh, Əli xan, – mən çox axmaq qızam, – deyə Nino cavab verdi.
Mən istəyirəm ki,
sən enli küçələri, geniş bulvarları olan və yaşıl meşələri sevəsən. Mən istəyirəm ki,
sən Asiyanın çürük divarlarına yapışıb qalmayasan, həyatı yaxşı başa düşəsən. Mən qorxuram ki, on
ildən sonra sən möminləşib, hiyləgər bir adama çevriləsən. Sonra da Gilandakı malikanəndə oturub
günlərin bir günü mənə deyəsən ki: “Nino, sən yalnız bir tarlasan”. İndi de görüm, məni nə üçün
sevirsən?
Tiflis Ninonu çaşdırmışdı. Nino elə bil Kürün sahilinin nəmli havasında sərxoş olmuşdu.
– Deyirsən səni nə üçün sevirəm, Nino?
Mən sənin gözlərini, sənin səsini, sənin ətrini və sənin yerişini
sevirəm. Daha bundan artıq nə istəyirsən? Sevdiyim ancaq sənsən. Başa düş ki, məhəbbət deyilən şey
Gürcüstanda necədirsə, elə İranda da o cürdür. Sizin böyük şairiniz Rustaveli min il bundan qabaq
bizim durduğumuz yerdə kraliça Tamaraya məhəbbət şerlərini oxuyurdu. Onun şerləri İran rübailərinə
bənzəyir.
Nino düşünərək dedi:
– Bizim durduğumuz yerdə deyirsən? Bəlkə də elə böyük məhəbbət şairi Sayat Nova da bu yerdə
dayanmışdı? Amma gürcülərin məhəbbətini şerlərində tərənnüm etdiyi üçün şah onun başını
vurdurtmuşdu.
Bu gün mənim Ninomun kefi yox idi. Çünki o, vətəni ilə vidalaşırdı. Nino vətəninə olan
dərin eşqini
əvvəlki vaxtlardan daha çox hiss edirdi. O, ah çəkib sözə başladı:
– Əli xan, sən mənim gözlərimi, burnumu, saçlarımı sevirsən, lakin sən bir şeyi yaddan çıxarırsan. O
da mənim ruhumdu. İndi de görək, sən mənim ruhumu da sevirsənmi?
Mən yorğun halda cavab verdim ki, bəli, mən sənin ruhunu da sevirəm. Qəribədir: Seyid Mustafa
deyəndə ki, “qadınlarda ruh yoxdur” mən ona gülürdüm. Amma indi Nino onun ruhunu sevdiyimi
bildirməyi məndən tələb edir. Axı bu qadın ruhu nə deyilən şeydir? Qadın sevinməlidir ki, kişi onun
ruhunun dərinliyində olanları bilmək istəmir.
–
Bəs sən məni nə üçün sevirsən, Nino?
Nino birdən-birə, elə küçənin ortasında ağlamağa başladı. Yanaqlarından süzülən iri yaş damlaları onu
balaca bir uşağa döndərmişdi.
– Əli xan, bağışla məni. Mən səni sevirəm, sadəcə səni, olduğun kimi. Amma sənin yaşadığın aləm
məni qorxudur. Əli xan, mən dəliyəm. Sən işə bax ki, küçənin ortasında nişanlımla dayanıb, Çingiz
xanın bütün hərbi yürüşlərinin günahını sənin üstünə atıram. Öz Ninonu bağışla, Əli xan. Çingiz
xanın hərbi yürüşlərində gürcülərin müsəlmanlar tərəfindən öldürülməsinin məsuliyyətini sənin
üstünə atmaq da axmaqlıqdır. Ancaq başa düş ki,
mən sənin Ninon, nifrət etdiyin Avropanın kiçicik
bir parçasıyam və bunu burada, Tiflisdə əvvəlki vaxtlardan daha çox hiss edirəm. Mən səni sevirəm,
sən də məni sevirsən. Lakin mən meşələri və çəmənlikləri sevirəm, sən isə dağları, daşları və çölləri
sevirsən. Çünki sən çöl övladısan. Ona görə də sənin məhəbbətindən, sənin aləmindən qorxuram.
Çaşıb qalmışdım, onun sözlərini başa düşmürdüm:
“Hə, sonra?” – deyə soruşdum.
“Sonra” – deyə Nino gözlərinin yaşını silib, yenə gülməyə başladı və başını yan tərəfə əyib dedi:
“Sonra nə olacaq? Üç aydan sonra evlənməliyik, daha bundan artıq nə istəyirsən ki?”
Nino ağlamağı da, gülməyi də, sevməyi və nifrət etməyi də bacarırdı.
O, Çingiz xanın bütün yürüşlərini mənə bağışladı və yenə də məni sevməyində davam etdi. Nino
əlimdən tutaraq məni darta-darta “Veri” körpüsündən keçirdib, bazarın əyri-üyrü
dar küçələrinə
apardı. Bu Ninosayağı üzr istəmək idi. Bu bazar Tiflisin Avropa formasında olan yeganə Şərq bazarı
idi. Xalı tacirlərindən ermənilər və farslar orada İran xəzinəsinin rəngarəng ziynətlərini camaatın
qabağına tökmüşdülər. Üstündə müdrik sözlər həkk edilmiş mis və bürünc əşyalar dükanların rəflərini
doldururdu. Mavi gözlü bir kürd qızı fala baxırdı. Hər kiçik çayxananın qabağında Tiflisin saysız-
hesabsız avara və tənbəlləri yığışıb dünya məsələləri barədə boş-boş söhbətlər edirdilər. Şəhərdə
müxtəlif dildə danışanların səsi qulaqlarımızda cingildəyirdi. Ninonun kədəri bazarın min bir rəngli
qarmaqarışıqlığında itib getmişdi. İranlı aşpazlar, erməni səyyar satıcıları, kürd falçıları, osetin keşişləri,
azərbaycanlılar, ruslar, ərəblər, inquşlar, hindlilər – Asiyanın bütün xalqları Tiflis bazarının dar
yollarında görüşürdülər. Tacirlər bir çəmbər təşkil edərək dayanmışdılar. Bir Assuriyalı, bir yəhudi ilə
mübahisə edirdi. Biz yalnız bu sözləri eşidə bildik: “Mənim əcdadlarım sənin əcdadlarını Babil
əsarətinə aparanda...”
Ətrafda duranlardan qəhqəhə qopdu. Nino da yəhudilərə, assuriyalılara, qarmaqarışıq bazara,
Tiflisin
daş küçələrinə tökdüyü göz yaşlarına gülürdü.