ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   26   27   28   29   30   31   32   33   ...   59

XVI 
 
Böyük knyazın qoşunları Trabzona girmiş, Ərzurumu almış, Kürdüstan dağlarını aşıb Bağdad 
istiqamətində irəliləyirdilər. Böyük knyazın qoşunları Tehrana, Təbrizə və hətta müqəddəs Məşhədə 
belə soxulmuşdular. Artıq Türkiyənin və İranın yarısı üzərində Nikolay Nikolayeviçin zəhmli kabusu 
dolaşırdı. Böyük knyaz gürcü zadəganlarının toplantılarının birində belə demişdi:  
“Çarın  əmrinə tabe olaraq mən, İstanbuldakı Aya Sofyanın qübbəsi üzərində qızıl Bizans xaçının öz 
şan, şöhrətilə parlamayacağına qədər rahatlıq tapa bilməyəcəyəm”.  
Hilal bayraqlı ölkələrin vəziyyəti yaxşı deyildi. Şəhərdə Osmanlı imperatorluğunun qüdrətindən və 
Ənvər paşanın müzəffər qılıncından danışan qoçularla, hamballar qalmışdılar. İran kimi bir ölkə artıq 
mövcud deyildi, bir az sonra Türkiyə adında bir ölkə də qalmayacaqdı.  
Atam yaman qaradinməz olmuşdu, o, çox zaman evdə olmurdu. O, bəzən müharibə bülletenlərini 
oxuyur və xəritələrə baxırdı. Əldən gedən şəhərlərin adlarını pıçıltı ilə çəkirdi. Sonra da əlində təsbeh 
saatlarla danışmadan bir yerdə otururdu. Mən isə  zərgərxanaları, çiçək dükanlarını və kitab 
mağazalarını durmadan gəzib Ninoya qiymətli hədiyyələr alırdım. Bu işləri gördüyüm zaman 
müharibə böyük knyaz və təhlükə altında olan hilal bayrağı bir neçə saatlığa zehnimdən çıxıb yayınırdı.  
Bir gün atam dedi: “Axşam evdə ol, Əli xan. Bizə bəzi adamlar gələcək və bəzi məsələlər barədə söhbət 
edəcəyik”. 
O bir az pərt idi. Başını yana çevirərkən, vəziyyəti anladım və istehza ilə dedim: 
Ata, məgər mən sənə and içməmişdim ki, mən heç vaxt siyasətlə məşğul olmayacağam. 
– Öz xalqının taleyi ilə maraqlanmaq və onun qeydinə qalmaq, siyasətlə məşğul olmaq demək deyildir. 
Əli xan, elə vaxtlar olur ki, xalqın taleyini düşünmək və onun qeydinə qalmaq bir vəzifəyə çevrilir.  
O axşam Ninonu operaya aparmaq üçün əvvəlcədən hazırlıq görmüşdüm.  
Bakıya mahir sənət ustası Şalyapin gəlmişdi. Nino neçə gün idi ki, bu tamaşaya baxmağa hazırlaşırdı.  
İşim olduğu üçün telefonun dəstəyini götürüb İlyas bəyə zəng etdim: “İlyas bəy, bu gün mənim vacib 
işim var. Ninonu mənim yerimə operaya apara bilərsənmi? Biletləri əvvəlcədən almışam”.  
Xəttin o başından dilxor bir səs gəldi: “Nə danışırsan Əli xan? Axşamlar sərbəst olmadığımı 
bilmirsənmi? Bu gecə mən Məmməd Heydərlə kazarmada növbətçiyəm”. 
Sonra Seyid Mustafaya zəng etdim.  
– Gedə bilmərəm, – dedi,çünki,bu axşam hörmətli imam Hacı Maqsud ilə görüşüm var. O, İrandan 
yalnız iki-üç günlüyə gəlib. 
 Axırda Naçararyana zəng etməli oldum. Onun səsində böyük çaşqınlıq ifadəsi hiss olunurdu: “Yaxşı, 
sən nə üçün operaya getmək istəmirsən, Əli xan?” – deyə soruşdu.  
– Evdə qonaqlarımız var – dedim.  
– Sənin xahişinə və bu gecə operada Şalyapin iştirak etdiyinə görə gedərəm.  
Çox şükür! Darda olan adama köməklik edən həyatda həqiqi dostdur.  
Ninoya zəng edib, gələ bilməyəcəyimi və onu operaya Naçararyanın müşayiət edəcəyini söylədim və 
operaya getməyib evdə qaldım.  
Düz saat yeddidə gözlədiyimiz qonaqlar gəlməyə başladılar. Var dövləti bir milyardı aşan qonaqlarımız, 
qırmızı xalçalar və quş tükündən olan osmanlı döşəkçələri sərilmiş böyük zalımıza toplaşmışdılar. 
Qonaqların sayı çox deyildi. Mən onların hamısını neçə illər idi ki, tanıyırdım.  
İlyas bəyin atası Zeynal ağa birinci gəlmişdi. Onun beli bükülmüş, sulu gözləri dumanlaşmışdı. Zeynal 
ağa divanda oturub, həsasını yanına qoydu və bir tikə türk halvasından götürüb yavaş-yavaş yeməyə 
başladı. Ondan sonra iki qardaş, Əli Əsədulla və Mirzə Əsədulla bizə gəldilər. Onların mərhum ataları 
Şəmsi bəy on iki milyon pul qoyub getmişdi. Qardaşlara atalarının zəkası da ayrıca miras qalmışdı. 
Onlar üstəlik yazıb-oxumağı öyrənmişdilər. Ona görə də onlar atadan qalan milyonların sayını qat-qat 
artırmışdılar.  


Mirzə Əsədulla pulu, ağıllı insanları və sakitliyi sevərdi. Qardaşı Əli Əsədulla isə Zərdüşt atəşi kimi idi. 
O tükənməz alova bənzəyirdi. Durmadan hərəkətdə idi. Onun vuruşmaqdan və  sərgüzəştdən xoşu 
gəlirdi.  
Hər yerdə onun girişdiyi vuruşmalarda tökdüyü qanlı hadisələrdən söhbət edilirdi. Onun yanında 
oturan qaraqabaq Bunyatzadə sərgüzəşti sevməzdi, amma eşqdən çox xoşlanardı. Aramızda dörd arvadı 
olan yeganə adam o idi. Onun arvadları bir-biriləri ilə amansızcasına dalaşardılar. Onlara görə 
Bunyatzadə xəcalət çəkirdi, amma öz təbiətinə qarşı heç nə edə bilmirdi. Ondan neçə uşağı olduğunu 
soruşanda, daima qəmli-qəmli cavab verirdi: “Bilmirəm on beşdir və yaxud on səkkiz. Axı mən yazıq 
bunu haradan bilim?” ondan milyonların sayını soruşanda da o, eyni cavabı verərdi.  
Zalın o biri küncündə oturan Yusif oğlu Bunyadzadəyə paxıllıq və bir az qısqanclıqla baxırdı. Yusif 
oğlunun bircə arvadı var idi, deyilənə görə o da eybəcərin biri idi. Onun arvadı hələ toyları olan gün 
ona demişdi: “Əgər sən xəyanət edib başqa qadınlara baxsan, mən o qadınların əvvəlcə qulaqlarını, 
sonra burunlarını və döşlərini kəsəcəyəm. Sənə nə edəcəyimi isə demək istəmirəm” bu qadın davakar 
bir ailənin qızı idi. Zavallı Yusif oğlu arvadının hədə-qorxusundan çəkinərək sağına-soluna baxmaz, 
rəsm toplamaqla məşğul olardı.  
Saat səkkizin yarısında zalımıza balacaboy və arıq bir kişi girdi. Onun incə barmaqlarının dırnaqları 
xınalı idi. O qapıdan içəri girəndə hamımız yerimizdən qalxıb ona başsağlığı verdik. Çünki ona 
bədbəxtlik üz vermişdi. Bir neçə vaxt bundan qabaq onun yeganə oğlu İsmayıl vəfat etmişdi. Kişi 
oğlunun xatirəsinə Nikolay küçəsində cah-cəlallı bir imarət tikdirmişdi. Binanın üz tərəfində par-par 
parıldayan iri qızıl hərflərlə “İsmayıl” sözü yazılmışdı. Kişi bu binanın İslam xeyriyyə  cəmiyyətinə 
verilməsini vəsiyyət etmişdi. O kişinin adı Ağa Musa Nağı idi və iki yüz milyon manata sahib olduğu 
üçün bizim dəstəmizə daxil ola bilmişdi. Çünki Ağa Musa artıq müsəlman deyildi. O, Nəsrəddin şahın 
edam etdirdiyi Mürtəd Babın kafir təriqətinə  mənsub idi. Babın nə istədiyini aramızda yalnız bir 
neçəsi bilirdi. Amma hamımız yaxşı bilirdik ki, Nəsrəddin şah Bahailərin dırnağının altına yanıb 
közərmiş biz batırtdırır, onları diri-diri tonqallarda yandırtdırır və qamçı ilə ölənə qədər döydürürdü. 
Bu cür ağır cəzalara məruz qalan bir təriqət insanlara hökmən çox şeytanı şeylər öyrətməyə 
çalışmalıydı.  
Saat səkkizdə qonaqların hamısı evimizin böyük zalında toplaşmışdılar. Neft şahzadələri zalda oturub 
çay içirdilər, şirniyyət yeyirdilər və durmadan inkişaf edən işlərindən, evlərindən, atlarından, 
bağlarından, qumarxanadakı yaşıl mahud örtüklü masaların üstündə uduzduqları pullardan 
danışırdılar. Onlar adətə sadiq qalıb saat doqquza qədər bütün danışıqlarını yekunlaşdırdılar. Saat düz 
doqquzda nökərlər gəlib süfrəni yığışdırdılar və zalın qapısını bağlayandan sonra atam “Şəmsi 
Əsədullanın oğlu Mirzə  Əsdullanın xalqımızın taleyi barədə  bəzi fikirləri var. Gəlin onu dinləyək” 
deyərək toplantını açdı.  
Mirzə  Əsədulla o gözəl, xülyalı başını qaldırıb danışmağa başladı: “Bu müharibəni Böyük Knyaz 
udarsa, artıq xəritədə bir dənə də olsun İslam ölkəsi qalmayacaq, çarın üzərimizə enəcək qolu daha çox 
güclənəcək. Çar bu gecə burada toplanmış olan bizlərə  əlbəttə ki, toxunmayacaq, çünki bizlər 
pulluyuq. Amma məscidlərimizi, məktəblərimizi bir-bir bağlayacaq və ana dilimizdə danışmağımızı da 
qadağan edəcəkdir. Vətənimizi əcnəbilər idarə etməyə başlayacaqlar. Çünki, Məhəmməd Hümmətini 
qoruyacaq kimsə qalmamış olacaq. Əgər müharibəni Ənvər Paşa udarsa, vəziyyətimiz yaxşı olacaqdır. 
Amma bu işdə biz ona kömək göstərə bilərikmi? Mənim fikrimcə yox, kömək edə bilmərik. Bəli, biz 
pulluyuq, amma çar bizdən də pulludur. Bəs biz bu vəziyyətdə nə etməliyik? Əgər biz pulumuzun bir 
qismini və xalqımızdan ibarət alay yaradaraq onu silahlandırıb çara versək, bəlkə müharibədən sonra 
bizlə mülayim rəftar edər. Siz nə fikirdəsiniz? Bəlkə bunun başqa çıxış yolu vardır?  
Onun qardaşı Əli söz alıb dedi: 
– Çarın qolu daha çox güclənəcək deyirsən. Kim bilir, bəlkə müharibədən sonra çarın heç qolu da 
qalmayacaq.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə