ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/59
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9514
1   ...   29   30   31   32   33   34   35   36   ...   59

saxlamalıyam. Kəskin külək qamçı kimi üzümə vururdu. Gözlərimdən yaş gəlirdi. Yox, yox mən 
ağlamıram. Göz yaşlarıma səbəb başqa şey deyil, ancaq küləkdir. Mən hətta Şərq və  Qərb arasında 
körpünün, eləcə  də  məhəbbət körpüsünün olmadığını birdən-birə anlasam da ağlamıram. Ah, o 
hiyləgər, gülümsəyən gürcü gözləri! Bəli, mən çöl övladıyam, türklərin boz qurdundan törənmişəm. 
Gör Naçararyan hər şeyi necə ustalıqla planlaşdırmışdı: “Moskvada kəbin kəsdirib, sonra da Stokholma 
getmək”. Sən bir buna bax, Stokholmda bir otel. Təmiz, isti və ağappaq yorğan-döşək. Londonda da 
bir villa? Hirsimdən başımı atın boynuna yaxın əyirəm. Birdən qeyri-iradi olaraq atın boynunu 
dişlədim. Ağzım duzlu qan dadı ilə doldu. Villa? Naçararyanın Mərdəkandakı meyvə bağlarının içində 
bir villası vardı. Bakının bütün varlılarının da burada villaları var idi. Naçararyanın villası ağ 
mərmərdən tikilib, Roma üslubunda sütunları olan və dənizin qırağında yerləşən bir villa idi.Görəsən, 
avtomaşın ilə Qarabağ atı hansı sürətlə gedə bilərlər? Naçararyanın villasını görmüşdüm. Qırmızı 
ağacdan düzəldilmiş enli bir çarpayısı vardır. O çarpayının üstünə Stokholm otelində olduğu kimi 
ağappaq döşək ağı sərilmişdi.  
Bilirəm, o bütün gecəni oturub Ninoya filosofluq etməyəcək.  
O ancaq öz işini görəcək... 
Naçararyanın çarpayısı gözlərimin qabağında idi.O çarpayı və  şəhvətlə dolu, qorxu pərdəsi altında 
gizlənmiş o gözəl gürcü gözləri gözümün qabağında canlandı. Bu dəfə atın boynunu bərk-bərk 
dişlədim. O gözəl at dördnalla çapırdı. Tələs, tez tələs! Özünü itirmə, Əli xan, onları yaxalayana kimi 
qəzəbini içində saxla! 
Mərdəkana gedən bu yol nə dar yol imiş. Birdən-birə  qəhqəhə  çəkib gülməyə başladım. Nə böyük 
xoşbəxtlikdir ki, biz Asiyada yaşayırıq, geridə qalmış, sivilizasiyadan uzaq olan Asiyada.Qarabağ atları 
üçün yararlı cığırları olan Asiyada! Görəsən bu dar yollarda avtomobil böyük sürətlə gedə bilər, ya 
Qarabağın kəhər atları? Qərbdə istehsal olunmuş avtomobillər üçün bizim geniş və rahat yollarımız 
yoxdur.  
Yolun qırağındakı bostanlardan qarpız və yemişlər elə bil mənə baxırdılar. Elə bil onların sifətləri var 
idi və onlar dil açıb deyirdilər: “Bu yollar xarici avtomobillər üçün deyildir. Bu yollar Qarabağ atlarını 
çapanlar üçündür”.  
Görəsən bu at sürətə tab gətirə biləcəkmi? Heç sanmırdım. Bu anda knyaz Melikovun sifəti gəldi 
durdu gözlərimin qabağında. O, Şuşadakı günəşli günlərin birində qılıncını şaqqıldadıb demişdi: 
“Yalnız çar həzrətləri müharibə elan etdikləri zaman mən bu möcüzəli atı minəcəyəm”. Eh, nə olursa 
olsun, istəyirsə qoy, o qoca Qarabağlının atı üçün ağlamaqdan lap ürəyi partlayıb ölsün, mənə nə var. 
Ata daha iki qamçı vurub fit çalaraq havanı yardım. Yolun kənarları yabanı kolluqlarla dolu idi. 
Nəhayət, uzaqdan avtomobil motorunun səsini eşitdim. İndi iki böyük faranın kələ-kötür yollara işıq 
saçdığını gördüm. Bu avtomobilin saçdığı işıq idi. Asiyanın yararsız yollarında Avropa avtomobili 
səndələyə-səndələyə gedirdi. Ata daha bir qamçı vurduqdan sonra, artıq avtomobilin sükanı arxasında 
oturan Naçararyanı gördüm. Nino isə büzüşüb bir küncdə oturmuşdu. Axı, nə üçün onlar atın 
nallarının səsini eşitmirdilər?  
Məgər Naçararyan gecə sükutunda kənardan gələn səsi eşitmirdi. Hər halda Naçararyan Mərdəkan 
yolunda sürdüyü Avropa avtomobilində özünü arxayın hiss edirdi. Mən  əlimi tapançaya atdım. Gəl 
mərifətini göstər Belçika malı, indi növbə sənindir öz-özümə deyib tapançanın tətiyini sıxdım. Atılan 
güllənin işığı ani olaraq qaranlığı yardı. Avtomobilin sol arxa təkəri boşalıb əyildi. Çapıb maşına 
yaxınlaşdım. Qan beynimə vurdu. Tapançanı kənara tulladım. Artıq nə etdiyimi bilmirdim. Qorxudan 
gözləri təpəsinə çıxmış iki sifət mənə baxırdı. Naçararyan titrək əlini tapançaya uzadır. Aha, deməli o, 
Avropa avtomobilində o qədər də arxayın deyildi. Onun iri və kök barmaqlarının birində iri brilyantlı 
üzüyünü gördüm. Tez, cəld ol, Əli xan! İndi bütün qəzəbini büruzə verə bilərsən! Xəncəri çəkdim. 
Yox, bu titrək  əl atəş aça bilməz. Xəncər xoş bir ahənglə havada vıyıldadı. Mən belə  xəncər atmağı 
harada öyrənmişdim? İrandamı? Yoxsa Şuşadamı? Hər hansı bir yerdə! Bu qabiliyyət bizim 


əcdadlarımızdan mənə miras qalmışdı. Hindistana yürüş edib, Dehlini dizə çökdürən ilk Şirvanşirdən 
mənə miras qalmışdır. Gözlənilmədən təəccüblü bir qışqırıq səsi gəldi. Naçararyanın biləyindən qan 
fışqırırdı. Mərdəkan yolunda düşmənin qanını görmək nə böyük xoşbəxtlikdir. Tapança onun əlindən 
yerə düşdü. Sonra iri bir cəmdək avtomobildən çıxıb, yerlə sürünməyə başladı. Yolu keçərək, yol 
kənarındakı yabanı kolluqların içində itdi. Xəncəri götürüb qınına qoydum.  
Nino avtomobilin yumşaq oturacağında quruyub qalmışdı. Onunsifətində ən kiçik ifadə belə yox idi. 
O, daşdan yonulmuş heykəl kimi hərəkətsiz idi. Uzaqdan nal səsləri gəlirdi. Tez kolluğa tullandım. 
Tikanlı kolluqlarda cızılmış əllərimdən qan axırdı. Quru budaqlar da əllərimi kəsirdi. Quru xəzəllər 
ayaqlarımın altında xışıldayırdı.  
Oradan bir az kənarda qovulan vəhşi bir heyvanın – Naçararyanın səsi gəlirdi. Buna bax, Stokholmda 
otel! Ay gördün ha, o oteli! Qalın, kobud dodaqların ay dəydi ha Ninonun yanaqlarına. İndi onu 
görürəm. Naçararyan büdrəyir, iri kök əlləri ilə sıx kolluqları yarmağa çalışırdı. O kolluqları keçəndən 
sonra bostanların içindən dəniz sahilinə doğru qaçırdı. O alçağı görən kimi tapançam yadıma düşdü. 
Hanı mənim tapançam? Aha, yadıma düşdü. Tapançanı avtomobilin yanında tullamışdım. Mən də 
yabanı kolluqların içindən keçərək, onun dalınca qaçmağa başladım. Kolluqların tikanlarından cızılmış 
əllərim qanamışdı. Budur, bostana çatdım. Bostanda gördüyüm ilk qarpız mənə yumru, kök və sarsaq 
bir adamı xatırladırdı. Onun üstündən keçdim. Qarpız ayağımın altında partlayıb tikə-tikə oldu. 
Yüyürüb bostanı keçdim. Ayın solğun şüası qarpız və yemiş bostanına zəif işıq salırdı.  
Ey Naçararyan, bil ki, qızıl külçələri İsveçə apara bilməyəcəksən!  
İndi, birdən Naçararyanın çiynindən yapışdım. O, üzünü çevirdi və kötük kimi qarşımda durdu. 
Gözlərindən görünürdü ki, o ifşa olunmuşdu. Artıq mən onun kim və  nə olduğunu bilirəm. Onun 
birinci yumruğu çənəmə dəydi. İkinci yumruğu isə döşümə ilişdi: 
Naçararyan, sən boks vuruşmasını Avropada öyrənmisən. Başım gicəlləndi. Bir saniyəlik nəfəsim 
tutuldu. Mən ancaq Asiyalıyam, Naçararyan. Mənə qurşaqdan aşağı yumruq vurmaq sənətini heç vaxt 
öyrətməmişlər.  
Mən bir çöl qurdu kimi qəzəbdən yalnız qızışa bilirəm – deyib Naçararyanın üstünə atıldım. Onun 
gövdəsindən yapışdım. Elə bil ağac kötüyünü qollarım arasına almışdım. Ayaqlarımla onun yekə 
qarnını sıxıb, əllərimlə də yoğun boynundan yapışdım. Naçararyan Avropada öyrəndiyi bütün vuruşma 
qaydalarını unudaraq məni vəhşi kimi yumruqlamağa başladı. Aşağı əyildim və birlikdə yerə yıxıldıq. 
Yerdə fırlanırdıq. Birdən mən onun altına düşdüm. Onun xirtdəyimə keçirdiyi barmaqları məni 
boğmağa başladı. Naçararyanın zədələnmiş sifətinin bir tərəfi  əyilmişdi. Ayaqlarımla onun piyli 
qarnına vururdum. Bir anlığa əlimdən çıxanda onun yaxasının cırıldığını gördüm. Birdən dişlərimlə 
onun ağ yoğun boğazından yapışdım. Bəli, Naçararyan, biz Asiyalılar belə vuruşuruq! Qurşaqdan aşağı 
vurmuruq! Boz qurd kimi yapışırıq düşmənin boğazından. Onun damarlarının döyüntüsünü hiss 
edirdim.  
Naçararyan  əlini mənim belimdəki xəncərimə uzadırdı. Döyüşün qızğın çağında belimdəki xəncəri 
tamamilə yadımdan çıxartmışdım. Xəncərin tiyəsi gözümün qabağında parladı. Qabırğamda bir ağrı 
hiss etdim. Gör nə  qədər qanım isti imiş. Xəncərin ucu qabırğalarımın üstündən sürüşdü. Onun 
boğazını buraxıb, yaralı əlindən xəncəri qapdım. İndi o, mənim altımdadır, üzü də aya tərəf baxırdı. 
Xəncəri havaya qaldırdım. O başını dala atıb nazik səsi ilə qışqırmağa başladı. Onun bütün sifəti 
dəhşətdən, qorxudan açılmış ağızdan ibarət idi.  
Axı niyə vurmuram? Nəyi gözləyirəm? Arxamdan bir səs gəldi: “Gəbərd onu, Əli xan, gəbərd!”  
Bu Məmməd Heydərin səsi idi: 
– Xəncəri ürəyinin başına endir və girdiyi yerdən aşağa doğru çək. 
Mən ölüm nöqtəsinin harada olduğunu bilirəm. Amma bir an gözləyib, düşmənimin fəryad səsini bir 
daha eşitmək istəyirəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə