ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 1,02 Mb.
səhifə18/19
tarix30.12.2017
ölçüsü1,02 Mb.
#18754
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   19

Gənc bir zabit mənim əzabımı daha da artırıb dedi:

- Çox gözəl xanımınız və gözəl eviniz vardır, Əli xan.

Siyasi səbəblərə görə bu sözlərin üstündən gənc bir zabit şapalaq yemədiyini bilsəydi, hər halda çox heyrətlənərdi. Sən bir işə bax: bir kafir köpək açıq-aşkar mənim arvadımın gözəlliyindən söhbət etməyə cürət edirdi. Onun qədəhini konyakla doldurduğum zaman əllərim əsirdi və bir neçə damcı da yerə töküldü.

Ağ bığlı və smokinq pencəyinin altından ağ köynək geymiş yaşlı bir ingilis məmuru küncdə oturmuşdu. Ona biskvit verdim. Onun dişləri uzun və sapsarı idi, barmaqları isə gödək idi.

O, təmiz fars dilində mənə müraciət etdi:

- Eviniz əsl Avropa evidir, Əli xan.

- Mən ölkəmizdəki adət üzrə yaşayıram.

O, diqqətlə mənə baxdı:

- Mənə belə gəlir ki, İran ilə Azərbaycan arasında mədəni baxımdan böyük fərq var.

- Bəli, biz İrandan yüz il irəlidəyik. Unutmayın ki, bizim böyük sənayemiz və dəmir yolumuz vardır. Amma təəssüf ki, rus idarəçiləri bizim mədəni inkişafımızı sıxışdırmışlar. Bizdə lazımı qədər həkim və müəllimlərimiz yoxdur. Eşitdiyimə görə, hökumətimiz bir sıra qabiliyyətli gənclərimizi Avropaya göndərməyi nəzərdə tutmuşdur.

Bir xeyli onunla söhbət etdim və sonra ona viski vermək istədim.

Lakin o, içkidən imtina edib dedi:

- Mən iyirmi il İranda konsul olmuşam. Köklü Şərq mədəniyyətinin dağılıb getməməsini, bu günkü müasir şərqlilərin bizim sivilizasiyanı təqlid etmələrini və öz əcdadlarının ənənələrinə hörmət etməmələrini görmək həqiqətən insana çox əzab verir. Lakin, bəlkə də onlar haqlıdırlar. Çünki həyat tərzi hər kəsin öz şəxsi işidir. Amma nə olursa olsun etiraf etməliyəm ki, sizin ölkəniz, məsələn, Mərkəzi Amerika respublikaları qədər müstəqil olmaq üçün yetişmişdir. Mənim fikrimcə, bizim hökumətimiz Azərbaycanın dövlət müstəqilliyini tezliklə tanıyacaqdır.

Salonun o biri başında Ninonun zadəgan valideynlərinin və İlyas bəyin əhatəsində xarici işlər naziri Əsədulla dayanmışdı. Mən tələsik onların yanlarına getdim. Əsədulla tez soruşdu:

- O, qoca sənə nə deyirdi?

- O dedi ki, mən səfehəm, amma İngiltərənin bizim müstəqilliyimizi tezliklə tanıyacağını söylədi.

Mirzə Əsədulla rahat bir nəfəs aldı.

- Siz heç səfeh deyilsiniz, Əli xan.

- Təşəkkür edirəm, cənab nazir, mənə elə gəlirdi ki, doğrudan da səfehəm.

O, əlimi sıxaraq getməyə hazırlaşırdı. Qapıda Ninonun əlini öpərkən, Nino əsrarəngiz bir şəkildə gülümsəyərəê ona nə isə pıçıldayırdı. Mirzə Əsədulla da onun dediklərini başı ilə təsdiq edirdi...

Qonaqlar gecə yarısı dağılışdılar. Böyük salona tütün və alkoqol qoxusu çökmüşdü. Hər ikimiz yorğun, lakin məmnun halda pilləkənlərlə yuxarı qalxıb, yataq otağına keçdik. Birdən qəribə bir dəcəllik hissi bürüdü bizi. Nino ayağındakı ayaqqabılarını bir küncə vızıldatdı, sonra çarpayının üstünə hoppanıb yellənməyə başladı. O, alt dodaqlarını salladıb, burnunu qırışdırdı. Bu anda o, balaca meymuna bənzəyirdi. Nino ordlarını şişirtdi, sonra hər iki şəhadət barmaqlarını ordlarına vurdu. Onun dodaqlarının arasından səs çıxdı.

- De görüm, məni yeni ölkənin xilaskarı rolunda necə görürsən? – deyə Nino bərkdən səslənərək çarpayının üstündə hoppanıb düşdü. Sonra güzgünün qabağına qaçdı, özünü heyran baxışlarla süzüb dedi:

- Nino xanım Şirvanşir – Azərbaycanın Janna d`Arkı. Minbaşı arvadlarını ovsunlayır və həyatında heç xədimağası görməmiş kimi davranır.

O, gülür və əl çalırdı. Ninonun əynində açıq rəngli yaxası dekolte axşam paltarı var idi. Onun incə qulaqlarından uzun sırğalar asılmışdı. Mirvari boyunbağısı lampa işığında işıldayırdı. Onun qolları qız qollarıtək incə və gözəl idi. Qara saçları da çiyinlərinə tökülürdü. Güzgünün qabağında dayanmış Ninonun mənim üçün yeni olan bu gözəlliyi valehedici idi.

Mən bir-iki addım atıb ona yaxınlaşdım və avropalı prinsesin xoşbəxtlikdən parlayan gözlərinə baxdım. Sonra onu qucaqladım və mənə elə gəldi ki, onu ömrümdə ilk dəfə idi ki, bağrıma basırdım. Onun yumşaq və ətirli dərisi var idi, dodaqları arasından görünən dişləri isə ağ mirvari dənələri kimi parlayırdı. Biz ilk dəfə olaraq çarpayının üzərində oturduq. Avropalı bir qadını qollarımın arasına aldım. Nino tez gözlərini qırpdı. Onun uzun və zərif kirpikləri yanağıma dəyirdi. Onun gözlərində nəvaziş dolu bir baxış var idi. Mən onları heç bir zaman hiss etməmişdim.

Ninonun çənəsini ovucumun içinə alıb başını qaldırdım. Yumşaq yumru sifətinə, nəmli susamış dodaqlarına və yarı bağlı gürcü kipriklərinin ardındakı xülyalı gözlərinə baxdım. Ninonun boynunun ardını sığalladım. Onun sifəti coşqunluq və şövqlə dolu idi. Birdən onun gecə paltarı da, avropasayağı çarpayısı da gözlərimin önündən silindi. Mən onun Dağıstandakı aulda gil döşəmənin üzərinə sərilmiş ensiz kilimin üstündəki döşəkdə uzanmasını gözlərimin qabağına gətirdim. Mən onun çiyinlərini qucaqlamışdım və birdən ayılıb gördüm ki, ikimiz də paltarda, məğrur Avropa çarpayısının ayaqları altında, açıq rəngli Kirman xalçasının üstündə uzanmışıq. Yumşaq xalçanın üzərində kürəyi üstə yatan Ninonun üzünə baxdım. Onun nəfəs almasını, sonra da yaşlı ingilisi, cavan zabitləri və respublikamızın aqibətini tamamən unutmuşdum.

Bir az sonra biz kürəyi üstə, yan-yana uzanıb başımızın üstündəki böyük güzgüyə baxırdıq. “Paltarım korlandı” deyə Nino birdən dilləndi, onun səsindən xoşbəxtlik yağırdı. Sonra xalçanın üstündə oturduq. Nino başını dizimə qoyub yüksək səslə dedi: “İndi biz mayorun arvadı görsəydi nə deyərdi. Deyərdi ki, məyər Əli xan bilmir ki, çarpayı nə üçündür?”

Nəhayət o, ayağa durdu və kiçicik ayağı ilə dizimə bir təpik ilişdirdi:

- Cənab attaşe həzrətləri, lütf edib, diplomatiya dünyasının ümumi qayda-qanunlarına riayət edərək, soyunub nikah yatağındakı yerini tuta bilərmi?

Yuxulu vəziyyətdə deyinə-deyinə ayağa qalxdım, paltarımı soyunub qırağa atdım və yorğanın altına girib Ninonun yanında uzandım. Beləcə biz yuxuya getdik.

Günlər, həftələr keçdi. Qonaqlar gəlir, viski içərək evimizdən heyranlıqla danışırdılar. Ninonun gürcü qonaqpərvərliyi tükənmək bilmirdi.

O cavan zabitlərlə rəqs edir, yaşlı minbaşılarla podaqra xəstəliyindən danışırdı. Nino ingilis xanımlarına kraliça Tamarının dövrünə aid hekayələr danışır və onlarda elə təəssürat yaradırdı ki, guya bu kraliça Azərbaycana da hökmranlıq etmişdi. Mən isə nazirlikdə, böyük bir kabinetdə tək otururdum, diplomatik notaların layihələrini cızır, xarici ölkələrdəki təmsilçilərimizin məlumatlarını oxuyurdum və boş vaxtlarımda pəncərədən dənizi seyr edirdim.

Nino sevinc və şadlıq içində idi, elə bil onun heç bir qayğısı yox idi. O, Xarici İşlər naziri Mirzə Əsədulla ilə dost olmağa başlamışdı. Mirzə Əsədulla bizi ziyarət etdiyi zaman Nino ona qayğı göstərir, ona Avropa cəmiyyətində necə davranmaq lazım olduğu barədə ağıllı məsləhətlər verirdi. Bəzən də onları evimizin bir guşəsində, əsrarəngiz şəkildə pıçıldaşan görürdüm.

Bir gün Ninoya “Mirzə Əsədulladan nə istəryirsən?” - deyə soruşanda Nino gülümsəyərək izah etdi ki, Xarici İşlər nazirliyində protokol şöbəsinin ilk qadın müdiri olmaq arzusundayam.

Masamın üstü məktublar, məlumatlar və bəyanatlarla dolu idi. Yeni dövlətin işləri tam sürətlə gedirdi. ‚zərində bizim yeni gerbimizin rəsmi olan məktubları açmaq adama zövq verirdi.

Bir gün kuryer mənə qəzetləri gətirəndə günortaya az qalmışdı. Hökumət qəzetini açdım və qəzetin üçüncü səhifəsində adımın böyük yağlı hərflərlə yazıldığını gördüm. Adımın altında bunlar yazılmışdı: “Xarici işlər nazirliyinin attaşesi Əli xan Şirvanşir Paris konsulluğuna təyin edilir”.

Bu qısa yazıdan sonra isə mənim gözəl cəhətlərimi sadalayan uzun bir məqalə gəlirdi. Bu məqalənin Arslan ağanın qələmindən çıxdığını başa düşmək çox da çətin deyildi.

Yerimdən sıçradım, otaqdan çıxıb nazirin kabinetinə tərəf getdim. Kabinetin qapısını açıb içəri girdim:

- Mirzə Əsədulla, bu nə deməkdir? - dedim.

O, gülümsədi:

- Dostum, sizin üçün gözlənilmədən bir sürpriz etmək istədim. Bu barədə xanımınıza söz vermişdim. Nino ilə siz Parisdə bizim ideal təmsilçilərimiz olacaqsınız. Orada əsil yerinizi tapacaqsınız.

Dəhşətli əsəbilik içində qəzeti bir küncə tulladım. Mirzə Əsədulla nitqi tutulmuş kimi mənə baxıb dedi: Əli xan, idarəmizdə işləyənlərin bir çoxu xarici ölkələrə işləməyə təyin edilsələr çox şad olarlar.

- Mirzə, vətəni uzun illər tərk etməyə məcbur edə bilən qanun mövcud deyil.

O, heyrətlə mənə baxırdı:

- Əli xan, nə istəyirsiniz? Xarici işlər nazirliyində bu cür vəzifə ən şərəfli vəzifədir. Siz bu vəzifəyə çox yaraşırsınız.

- Amma, mən Parisə getmək istəmirəm, zorla göndərəsi olsanız istefaya çıxacağam – dedim.

Mən yad küçələrə, yad insanlara, yad adətlərə və Qərb dünyası deyilən aləmə nifrət edirəm. Ancaq siz mənim bu nifrətimi başa düşməzsiniz, Mirzə!

Əsədulla nəzakətlə başını buladı, “amma, təkid edirsinizsə, burada da qala bilərsiniz” - dedi.

Tələsik evə getdim. Pilləkənləri təngnəfəs çıxıb salona girdim:

- Nino, mən bu işi görə bilmərəm, başa düş məni – dedim.

Ninonun rəngi qaçdı, əlləri titrəməyə başladı:

- Niyə, Əli xan?

- Nino, xahiş edirəm, məni düz başa düş. Mən başımın üstündəki hamar damı, bu çölü və bu dənizi sevirəm. Mən bu şəhəri, köhnə qala divarlarını və dar yollardakı məscidləri sevirəm. Mən Şərqdən uzaqlaşanda sudan çıxmış balıq kimi oluram.

Nino bir anlığa gözlərini yumdu.

- Çox təəssüf edirəm dedi. Səsi o qədər qəmli, o qədər kimsəsiz bir insanın tonuna bürünmüşdü ki, qəlbimi paraladı.

Oturub Ninonun əlini ovuclarımın içinə aldım.

- Nino, biz Parisə getməli olsaq, sən Tehranda pərişan olduğun kimi, mən də Parisdə pərişan olacağam. Mən özümü orada yad bir qasırğaya, burulğana təslim olmuş kimi hiss edəcəyəm. Şəmirandakı hərəmxananı yadına sal. Sən Asiyaya dözə bilmədiyin kimi, mən də Avropaya dözə bilməyəúəyəm. Gəl elə burada, Asiya ilə Avropanın hiss edilməyən şəkildə bir-birinə qarışdığı Bakıda qalaq. Mən Parisə gedə bilmərəm. Çünki orada nə məscid var, nə köhnə qala divarları və nə də Seyid Mustafa. Mən zaman-zaman Asiyanın ruhu ilə qidalanmalıyam ki, bizim ölkəmizə gələn bütün əúnəbilərə dözə bilim. Sən mənə məhərrəmlikdə nifrət etdiyin kimi, mən də sənə Parisdə nifrət edəcəyəm. Nə olursa-olsun mən vətənimdə qalacağam. Mən bu ölkədə anadan olmuşam, burada da ölmək istəyirəm.


Mən bunları dedikcə Nino susurdu. Sözümü qurtaran kimi o, mənə tərəf əyildi və əlləri ilə saçlarımı sığalladı:

- Öz Ninonu bağışla, Əli xan. Mən çox böyük axmaqlıq etmişəm. Bilmirəm nəyə görə fikirləşdim ki, sən asanca hər şeyə, hər yerə alışa bilərsən. Biz burada qalırıq, bir daha Paris barədə söhbət etməyək. Sən Asiyalı şəhərini mühafizə et, mən də avropalı evimi.

O, məni mehribanlıqla öpdü.

- Nino, mənim kimi adama arvad olmaq çox çətindir?

- Yox, Əli xan, heç də çətin deyil.

O, barmaqları ilə üzümü sığalladı. Mənim Ninom həqiqətən çox mehriban qadındı.

Mən bilirdim ki, onun həyatının ən gözəl xülyasını yoxa çıxarmışam. “Nino” dedim, – körpəmiz doğulduğu zaman səninlə birlikdə Parisə, Londona, Berlinə, Romaya gedərik. Axı biz hələ toy səyahətinə çıxmamışıq. O səyahətdə sənin haradan xoşun gəlsə, bütün yayı orada qalarıq. Ondan sonra da hər il Avropaya gedərik. Amma evimin vətənimdə olmasını istəyirəm, çünki mən çölümüzün, şəhərimizin və günəşimizin övladıyam.

- Bəli, dedi Nino. – Özü də sən çox yaxşı övladısan, biz Avropanı unutmalıyıq. Lakin qarnımda daşıdığım balam nə çölün, nə də qumun övladı olmalıdır. Bu uşaq sadəcə, Əli ilə Ninonun övladı olacaq. Razısan?

- Bəli, razıyam – dedim. Bununla mən, bir avropalının atası olmağa razılıq verirəm...

XXIX


Sənin doğulmağın çox çətin olmuşdu, Əli xan. O zamanlar biz hamilə qadınlarımızın yanına avropalı həkimlər çağırmazdıq.

Atamla evimizin damında oturmuşduq. O, qəmgin səslə yavaşcadan danışırdı: Anayın doğum sancıları çox qorxunc bir hal aldığı zaman biz ona Firuzə və almas tozu verirdik. Lakin bu tozların ona köməyi olmadı. Nəhayət sən dünyaya gəldiyin zaman mömin və cəsur olasan deyə, biz sənin göbək bağını evin gündoğanına baxan divarından qılıncla Quranın arasından asdıq. Sonra sən onu illərlə bir talisman kimi boynunda gəzdirdin və xəstəliyin nə olduğunu bilmədin. Lakin, sən üç yaşına çatdığın zaman boynundakı göbək bağını çıxardıb atdın və o gündən etibarən tez-tez xəstələnməyə başladın. Xəstəliyi səndən uzaqlaşdırmaq üçün əvvəlcə otağına şərab və şirniyyat qoyduq. Bir xoruzu rəngləyib otağına buraxdıq, amma xəstəlik yenə də səndən əl çəkmədi. Sonra dağlardan bir müdrik adam gəldi və özü ilə bir inək gətirdi. Biz inəyi kəsdik və müdrik adam onun qarnını yarıb bağırsaqlarını çıxartdı. Səni götürüb inəyin qarnına saldı. Üç saatdan sonra səni oradan çıxardanda, bədənin qıpqırmızı idi. O gündən etibarən sən bir daha xəstələnmədin.

Evin içindən boğuq və sürəkli nalə səsləri gəlirdi. Mən yerimdə hərəkətsiz oturmuşdum və bütün vücudum o səsə tabe olmuşdu. Nalə səsləri bir daha təkrar oldu, lakin bu dəfə daha uzun və acı bir səslə. Atam sakit tərzdə dedi:

- Bax indi o sənə lənətlər yağdırır. Hər bir qadın doğuş vaxtı öz ərinə lənətlər yağdırır. Qədim zamanlarda qadın doğuşdan sonra bir qoç qurban edərdi. Doğan zaman yağdırdığı lənətlərin təsirini evdən çıxarmaq üçün, qoçun qanını əri ilə uşağının yatağına çiləyərdi.

- Bu sancı nə qədər sürə bilər, ata?

Beş, altı, bəlkə də on saat.

Sonra atam susdu. Bəlkə də öz arvadını, məni dünyaya gətirərkən vəfat edən anamı yadına saldı. Atam birdən ayağa qalxdı. Mənə “gəl” dedi. Biz damın ortasında sərilmiş qırmızı namaz xalçalarına tərəf getdik. Xalçaların baş tərəfi Məkkəyə, müqəddəs Kəbəyə baxırdı. Başmaqlarımızı çıxardıb, xalçanın üstündə oturduq. Sağ əlimizi sol əlimizin üstünə qoyduq. Atam dedi:

- Dua etməkdən başqa əlimizdən heç bir şey gəlməz, lakin duanın gücü, həkimlərin gücündən daha üstündür.

Atam əyildi və duanın ərəbcə sözlərini söyləməyə başladı. Bismillahər-rəhmanirəhim (Mərhəmətli və Rəhimli Allahın adı ilə).

Mən də sözləri təkrar etdim. Bir az sonra namaz xalçasının üstündə diz üstə çöküb səcdə edərək alnımı yerə vurdum:

- Əlhəmdülillahi rəbilaləmin ərrəhmani-rəhim maliki yaumiddin (Dünyanın, Qiyamətin Rəbbi, ən mərhəmətli, ən rəhimli Allaha həmd olsun).

Xalçanın üstündə namaza davam edirdim və əllərim üzümü qapamışdı. Ninonun qışqırığı get-gedə artırdı, lakin artıq onun təsirindən uzaq idim. Dodaqlarım namaz surələrini mexaniki bir şəkildə təkrar edirdi:

- İyyaka-nəbudu və iyyaka-nastain (Sənə ehtiram edirik və səndən mərhəmət diləyirik...)

Əllərim indi dizlərim üstündə idi. Ətrafa tam sakitlik çökmüşdü. Mən atamın pıçıltısını eşidirdim:

İhdinasiratal müstəqim, siratal lazinə anamta və əleyhim (Bizi düz yolla, sənin mərhəmət göstərdiklərinin yolu ilə apar).

Namaz xalçasının üstündə səcdə edərək üzümü yerə qoydum.

Namaz xalçasının üzərindəki qırmızı naxışlar gözlərimin qabağında qarışmışdı:

Qeyril məqzubi alayhim valandalin (Qəzəbinə gəlməyənlər və səhv yolla aparmadıqların...)

Beləcə Rəbbin hüzurunda tozun içində namazımızı qıldıq. Namaz surələrini dönə-dönə təkrar etdik. Nəhayət namazı bitirib xalçanın üzərində bardaş qurub oturduq. Rəbbin otuz üç adını pıçıldaya-pıçıldaya təsbehi çevirməyə başladım. Kimsə çiynimə toxundu. Başımı qaldırıb, kiminsə gülər üzünü gördüm. Lakin dediyi sözləri başa düşmədim. Ayağa qalxdım. Atamın mənə yönələn baxışlarını hiss edib, yavaş-yavaş pilləkənlərlə aşağı düşdüm.

Ninonun otağındakı pəncərələrin pərdələrini örtmüşdülər. Yatağın baş tərəfinə keçdim. Ninonun gözləri yaşla dolu idi. Yanaqları solmuşdu. O, gülümsəyirdi. Nino sadə Azərbaycan dilində dedi:

- Qızımız oldu, Əli xan, çox gözəl bir qız. O qədər bəxtiyaram ki!

Onun soyuq əllərini ovuclarımın içinə aldım. Nino gözlərini yumdu. Kimsə arxa tərəfimdən dedi ki, Əli xan onun yuxuya dalmasına icazə verməyin, mən onun qurumuş dodaqlarını sığalladım. Nino taqətdən düşmüş halda üzümə baxdı. Ağ önlük taxmış bir qadın çarpayıya yaxınlaşdı. O, mənə bir qundaq uzatdı. Onu alıb baxdığım zaman kiçicik barmaqları və böyük ifadəsiz baxışlı gözləri olan bir canlı “oyuncaq” gördüm. “Oyuncaq” ağzını açıb ağlayırdı.


- Gör nə qədər gözəl bir qızdır – deyə Nino “oyuncağın” hərəkətlərini təqlid edərək barmaqlarını açdı. Əlimi qaldırdım və qorxa-qorxa qundağa toxundum, lakin “oyuncaq” artıq yatmışdı və onun bürüşmüş sifəti çox ciddi idi.

Nino pıçıltı ilə: “Onun adını litseyin şərəfinə Tamara qoyarıq” – dedi. Mən razılıqla başımı tərpətdim, çünki Tamara adı çox gözəl bir addır. O həm xristianlarda və həm də müsəlmanlarda təsadüf edilir.

Kimsə əlimdən tutub məni otaqdan çıxartdı. Bayırda baxışlar mənə zillənmişdi. Biz atamla həyətə çıxdıq. Atam: – “Gəl atlarımıza minib çölə gedək” – dedi. Ninonun bir azdan yatmasına icazə verəcəklər.

Atlarımıza mindik və onları çılğıncasına dördnalla çaparaq sarıqum təpələrinin arasından keçərək bir-birimizi ötdük. Atam mənə nə isə deyirdi, lakin onun dediklərini başa düşə bilmirdim. Sonra başa düşdüm ki, o, mənə təsəlli verməyə çalışırdı. Bilmirdim niyə, çünki ifadəsiz iri gözləri olan bir qızın atası olduğum üçün son dərəcə məğrur idim.

Günlər təsbehin inci dənələri kimi keçib gedirdi. Nino “oyuncağını” daima köksünə basaraq daşıyır, gecələri isə ona gürcü mahnıları oxuyurdu. O, mənimlə soyuq rəftar edirdi, çünki mən uşağı bələməyə qadir olmayan bir kişi idim. Mən bütün günü nazirlikdə oturub qovluqların içində eşələnirdim. Bir də görürdün ki, Nino mərhəmətə gəlib mənə zəng edir və inqilabi hərəkatlardan məni xəbərdar edirdi:

- Əli xan, “oyuncağımız” güldü və əlini günəş tərəfə uzatdı, “çox şeytan oyuncaqdır”, Əli xan.

Masamın üstündəki son məlumatı oxudum və şübhəli sərhədlərin cızıldığı xəritələrə baxdım. Adları çətin tələffüz edilən əsrarəngiz adamlar Versalda oturub, Şərqin aqibətini həll edirdilər. Yalnız bir nəfər, Ankaradan gəlmiş sarışın, mavi gözlü türk generalı qalib dövlətlərə ümidsiz müqavimət göstərməyə cürət göstərirdi. Vətənimiz Azərbaycan artıq Avropa dövlətləri tərəfindən müstəqil bir dövlət kimi tanındı. İngilis alaylarının artıq suveren bir respublika olan ölkəmizin torpaqlarından təmamən çıxıb getmələrinə dair xəbərdən cuşa gələn İlyas bəyin hərarətini soyutmaq üçün çox səy etməli oldum.

- Demək əbədi azadlıq, – deyə İlyas bəy sevinclə səsləndi. Artıq vətənimizin torpaqları üzərində yabançı qüvvələr olmayacaq.

Bura bax, İlyas bəy – deyərəê onu xəritənin yanına çağıraraq dedim:

- Bizim cənub müttəfiqlərimizin Türkiyə və İran olması vacibdir, lakin indi onların hər ikisi də zəifləmişdir. İndi biz havada qalmış vəziyyətdəyik. Şimaldan neftimizi susamış yüz altmış milyon rus hər gün bizə qarşı təzyiqini artırır. Nə qədər ki, ingilislər buradadırlar, heç bir rus sərhədlərimizi keçməyə cürət edə bilməz. Əgər ingilislər çıxıb getsələr, vətənimizi müdafiə etmək üçün bir sən qalırsan, bir də mən və bir neçə alay.

İlyas bəy qayğısızlıqla başını yırğaladı:

- Əşşi, sən nə danışırsan! Ruslarla dostluq anlaşmaları yaratmaq və sülh müqavilələri bağlamaq üçün bizim diplomatlarımız var. Ordunun görəcək işləri başqadır.

O, xəritədə ölkəmizin cənub sərhədini göstərib sözünə davam etdi:

- Bax, ordu buraya Ermənistan sərhədinə getməlidir. O bölgədə vəziyyət qarışıb. Hərbi nazir general Mehmandarov artıq hərəkət əmrini verib.

Diplomatiyanın yalnız hərbçilər tərəfindən əməlli başlı himayə olunduğu zaman məna kəsb etdiyinə onu inandırmaq əbəs idi.

Çox keçmədən ingilis alayları şəhəri tərk etməyə başladılar. Küçələr bayramsayağı bəzədilmişdi. Qoşunlarımız Ermənistan sərhədinə tərəf hərəkət edirdi. Rusiya-azərbaycan sərhədindəki stansiyamız Yalamada yalnız sərhəd keşikçiləri və bir neçə məmur qalmışdı. Nazirlikdə isə biz həm ağlarla və həm də qırmızı məmurlarla müqavilələr hazırlamağa çalışırdıq. Atam İrana qayıdırdı. Nino və mən onu limana apardıq. O, kədərlə bizə baxdı. Onun dalınca getmək istəyib-istəmədiyimizi bizdən soruşmadı.

- İranda nə edəcəksən, ata?

- Ola bilsin evlənəcəyəm...

O, fikri dağınıq halda bizi öpdü və düşüncəli-düşüncəli dedi:

- Arabir sizi görməyə gələrəm. Şayəd bu dövlət yıxılası olsa, qəm yeməyin, mənim Mazandaranda bir neçə malikanəm var.

O, gəmiyə mindi və göyərtədə dayanıb, uzun müddət bizə, içəri şəhərin qala divarlarına, nəhəng Qız qalasına, şəhərə və uzun-uzadı çöllərə baxdı.

Şəhərdə hava çox isti idi. Nazirliyin pəncərələrindəki pərdələr yarı örtülü idi. Sifətlərində cansıxıcı ifadələri olan rus təmsilçiləri gəldilər. Onlar saysız-hesabsız müqavilələri, maddələri və müəyyən qeydləri laqeydliklə və tələsik imzalayıb getdilər.

Şəhərimizin küçələrini toz və qum bürümüşdü. Külək kağız tikələrini göyə sovururdu. Ninonun valideynləri yayda dincəlmək üçün Gürcüstana getmişdilər.

Yalamada isə əvvəlki kimi bir neçə sərhəd keşikçisi və bir neçə nəfər məmur qalmışdı.

Bir gün nazirə üzümü tutub dedim:

- Əsədulla, Yalamanın qarşısında otuz min nəfər rus qoşunu mövqe tutmuş vəziyyətdədir.

O, qaşlarını çataraq bilirəm – dedi:

– Müqavilələri imzalamaqdan başqa heç bir şey eləyəsi durumda deyilik. Qalan hər şey isə Allahın əlindədir.

Küçəyə çıxdım. Süngüləri par-par parıldayan bir neçə əsgər parlament binasının qapısında keşik çəkirdi.

Parlamentin iclasında müxtəlif siyasi partiyalar bir-birlərini yeyirdilər. Şəhərin kənar məhəllələrində yaşayan rus fəhlələri hökuməti hədələyirdilər ki, əgər onlar Rusiyaya neft ixracına icazə verməsələr tətilə başlayacaqlar.

Çayxanalar qəzet oxuyan və nərd oynayan kişilərlə dolu idi. Uşaqlar qızmar tozun içində oynayırdılar. Şəhərə elə bil göydən od yağırdı. Minarələrdən azan səsi gəlirdi: Namaza gedin! Namaza gedin! İbadət yatmaqdan xeyirlidir!

Mən yatmırdım, gözlərimi yumub xalçanın üstündə uzanmışdım. Sərhəd stansiyası olan Yalamanın qarşısında təhdid edən otuz min rus əsgəri gözlərimin qabağından çəkilmirdi.

- Nino, - dedim. - Hava çox istidir. “Oyuncağımız” da bu cür istiyə vərdiş etməyib. Sən də ki, ağacları, kölgəli yerləri və şırıltı ilə axan suları sevirsən. Yay vaxtı Gürcüstana, valideynlərinin yanına getmək istəməzdinmi?

- Yox, - deyə Nino ciddi cavab verdi.

Mən ona başqa bir söz demədim. Lakin Nino fikirli-fikirli qaşqabağını tökdü.

- Biz birlikdə çıxıb getməliyik, Əli xan. Şəhər çox istidir. Axı sənin Gəncədəki malikanən bağ-baxçalarla əhatə olunmuşdur. Gəl gedək oraya. Ora sənin yurdundur, “oyuncağımız” da kölgədə yatıb yuxulaya bilər.

Mən buna etiraz edə bilməzdim. Ertəsi gün qatarla yola düşdük. Vaqonumuz Azərbaycanın yeni dövlət gerbi ilə bəzənmişdi.

Gəncə dəmir yolu stansiyasından uzun, geniş və tozlu bir yol bizi şəhərə aparırdı. Kilsə və məscidlər yastı evlərlə əhatədə idi. Şəhərin müsəlman və erməni məhəllələrini biri-birindən suyu çəkilmiş bir çay ayırırdı. Mən Ninoya yüz il bundan qabaq əúdadım İbrahim xanın rus gülləsi ilə vurulub, can vermiş olduğu daşı göstərdim.

Malikanəmizin bayırındakı gölməçədə tənbəl camışlar uzanmışdılar. Suyun içində yalnız onların başı görünürdü. Havada süd qoxusu vardı, üzüm salxımlarının gilələri isə inək gözləri boyda idi. Kəndlilər başlarının ortasını ülgüclə qırxdırmışdılar. Onların başlarının sağ və sol tərəflərindəki uzun saçları qabağa daranmışdı.

Ağacların əhatəsində isə taxta eyvanlı balaca bir ev vardı. “Oyuncağımız” atları, itləri və toyuqları görəndə gülümsədi.

Biz evi səliqəyə salıb, burada yerləşdik. Mən bir neçə həftəlik nazirliyi, müqavilələri və sərhəd stansiyası olan Yalamanı yaddan çıxartdım.

Biz çəmənlikdə uzanıb yatırdıq. Nino da çəmənin acı saplaqlarını çeynəyib atırdı. Onun günəşdən qaralmış sifəti Gəncə səması kimi aydın və sakitlik içindəydi. Onun iyirmi yaşı var idi. Ona şərqli zövqü ilə baxılsaydı, çox incə quruluşlu idi.

- Əli xan, bu “oyuncaq” mənimdir. Gələn dəfə oğlan olacaq, onu sən götürərsən, təpə-təpə gəzdirərsən. Sonra “oyuncağın” gələúəyi üçün ən incəliklərinə qədər planlar cızmağa başladı. Planda tennis, Oksford, fransız və ingilis dilləri... daha nələr yoxdu. Tam Avropa nümunəsi...

Mən heç bir şey demədim. Çünki “oyuncağımız” lap balaca idi və Yalamada otuz min rus əsgəri dayanmışdı. Biz çəmənlikdə böyük ağacların kölgəsində xalça sərib yemək yeyərdik. Nino, camışların uzandıqları gölməçələrdən bir az aralıdakı çayda çimirdi. Başlarında balaca yumru papaqları olan kəndlilər bizə gəlir, xanlarına baş əyir və səbətlərdə şaftalı, alma, üzüm gətirirdilər. Biz heç bir qəzet oxumurduq, məktub da almırdıq. Dünya bizim üçün malikanəmizin sərhədində qurtarırdı. Bura az qala Dağıstan qədər gözəl idi.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə