kişi Hafizin bir qəzəlini oxuyurdu. Dinləyicilər ovsunlaşmış kimi
dərindən köks ötürür və
qəzəldən ləzzət aldıqlarını gizlətmirdilər.
Sonra həmin kişi qəzetdən xəbərləri oxumağa başladı: “Amerikada elə bir cihaz icad
edilib ki, söylənilən sözü bütün dünyaya eşitdirir. Parıltısı günəş şəfəqindən güclü, əli
marsa çatan, taxtı dünyadan uca olan hökmdarımız şahənşah Sultan Əhməd, Şah Bakeşah
sarayında İngiltərədə hakimiyyətdə olan kralın elçilərini qəbul etmişdir.
Dinləyicilər heyrətlə ona qulaq asırdılar. Sonra qırmızı saqqallı kişi qəzeti büküb, yenə
mahnı oxumağa başladı. Mahnı bu dəfə cəngavər zal oğlu Rüstəmdən və onun oğlu
Zöhrabdan bəhs edirdi. Mən gözlərimi isti məxməri çaya zilləyib, fikirləşirdim ki, işlər
lazım olan tərzdə getmir.
Mən İrandayam, sarayda yaşayıram, həyatımdan da razıyam.
Nino da mənimlə eyni
sarayda yaşayır, ancaq həyatından tamamilə narazıdır. O, Dağıstanda dağlı həyatının
bütün əzab-əziyyətinə qatlaşırdı. Burada isə dəbdəbəli İran həyat tərzinin əxlaq
qaydalarına uymaq istəmirdi. Polis qadınlarla kişilərin küçələrdə yan-yana getmələrini
qadağan etmiş olduğu halda, Nino mənimlə birlikdə küçəyə çıxıb gəzmək istəyirdi.
Həqiqətən bu ölkədə ərlə arvad birlikdə nə qonaq qəbul edə bilərdi və nə də bir yerdə
gəzməyə çıxa bilərdi. Nino mənə yalvarırdı ki, şəhəri ona göstərim. Onu fikrindən
döndərməyə çalışan zaman isə Nino qəzəblənirdi. Ninoya deyirəm ki, böyük
məmnuniyyətlə şəhəri sənə göstərərdim, amma
səni şəhərə apara bilmərəm, məni düz
başa düş.
Onun iri qara gözlərində narazılıq hissini oxumaq olurdu. Axı onu necə başa salım ki,
xanın arvadı çadrasız küçələrdə gəzə bilməz. Ona ən bahalı çadra almışam. Nino, bax gör
çadra nə qəşəngdir. Çadra qadının üzünü günəşdən və tozdan qoruyur. Vallah, mən də
böyük məmnuniyyətlə çadra örtmək istərdim.
Nino kədərlə gülümsəyir və çadranı qırağa qoyub deyirdi.
– Üzünü örtmək qadın üçün ləyaqətsizlikdir, Əlixan. Əgər çadra örtsəm, mən özüm-
özümə ömrüm boyunca nifrət edərəm.
Ona polisin bu barədəki əmrini göstərdim. Nino onu cırıb atdı.
Onu şəhərdə gəzdirmək
üçün hər yeri qapalı, şüşələrinə də pərdə çəkilmiş kareta sifariş verdim.
Sonra da Nino ilə karetaya minib şəhəri gəzdik. Top meydanından keçərkən Nino atamı
gördü və istədi ona salam versin. Bu bir dəhşət idi. Onun könlünü almaq üçün bazarın
yarısını satın almaq gərəkdi...
İndi də burada oturub fincanımın içinə baxıram.
Nino darıxdığından məhv olub gedirdi, mən isə ona heç bir yardım edə bilmirəm. O
Tehrandakı Avropalıların arvadları və qızları ilə tanış olmaq istəyir. Amma buna yol
vermək olmaz. Çünki bir Xan arvadının kafirlərin arvadları ilə tanış olub dostluq etməsi
xoş qarşılanmayacaq. Onlar Nino ilə dostluq edərlərsə Ninonun hərəmxana həyatına necə
tab gətirməsinə o qədər acıyacaqlar ki, nəhayət o doğrudan da bu məşəqqətə dözə
bilməyəcək!..
Bir neçə gün əvvəl Nino, xala və bibilərimi görməyə getmişdi və oradan dəhşət içində
qayıtmışdı. Nino evə gələn kimi qışqırıb dedi:
Əli xan,
onlar bilmək istəyirdilər ki, sən gündə neçə dəfə öz məhəbbətinlə məni xoşbəxt
edirsən. Onlar ərlərindən eşidiblər ki, sən bütün vaxtını mənimlə keçirirsən. Onlar mənə
cinlərdən qorunmaq üçün bir dərman verdilər və məsləhət gördülər ki, gözmuncuğu
110
taxım. Bunlar məni mütləq düşməndən qoruyacaq. Sonra, sənin bibin Sultan xanım
soruşdu ki, belə cavan ərin tək bir arvadı olması yəqin ki, onu darıxdırır. Sonra da hamısı
səni oğlanlardan necə uzaq tuta bildiyimi öyrənmək istədilər. Xalam qızı Suat hər hansı
bir zöhrəvi xəstəliyə tutulmuş olub, olmadığımı bilmək istəyirdi.
Onlar iddia edirdilər ki,
mənə qibtə etmək lazımdır. Eşidirsənmi?
Bacardığım qədər ona təsəlli verdim. O, ürkmüş bir uşaq kimi küncə qısılıb dəhşət içində
mənə baxırdı. Nino xeyli vaxt idi ki, özünə gələ bilmirdi.
Çayım lap soyumuşdu. Çayxanada oturmuşdum ki, camaat mənim bütün günümün
hərəmxanada keçmədiyinin şahidi olsun. Çünki burada kişinin daim arvadının yanında
olmasına yaxşı baxmırlar. Qohumlarım artıq məni ələ salmağa başlamışdılar. Burada
yalnız müəyyən vaxtlarını qadına sərf etməlisən. Qalan vaxtın sahibi isə kişidir. Halbuki
Ninonun
yeganə təsəllisi mənəm, onun qəzeti də, teatrı da, qəhvəxanası da, dost-tanışı da,
bunlardan başqa onun əri də mənəm. Elə ona görə də onu tək qoya bilmirəm.
Bütün bazarı ona hədiyyə alıram. Çünki bu axşam əmim atamın şərəfinə böyük bir
ziyafət verməlidir. Şahzadələrdən biri də bu məclisə gələcək. Nino isə evdə, onu Saray
həmərlərinin ənənələrini tərbiyə etməyə çalışan hərəm xidmətçisinin yanında qalmalı idi.
Bazarı tərk edib, avtomaşınla Şimrana yollandım. Nino dərin düşüncələr içində başdan
başa xalılar döşənmiş salonda oturub sırğa, qolbağ, ipək şallar və ətriyyat yığınına
baxırdı. O tez tələsik nəzakətlə məni öpdü. Hərəm xidmətçisi soyuq şərbət gətirdi və
narazı halda hədiyyələrə baxıb dedi:
– Kişi arvadının nazını bu dərəcədə çəkməməlidir!..
İranlının həyatı gecə başlayır. Gündüz həyatı isə isti və tozlu keçir. Buna görə də çox can
sıxıcıdır. Lakin gecə olduqda insanlar yenidən canlanır, düşüncələr
sərbəstləşir və söhbət
asanlaşır. Gecələr qəribə İran alicənablığı oyanır ki, bu alicənablıq Bakıdakı, Dağıstandakı
və Gürcüstandakı aləmdən çox fərqlənir və mən bu həyat tərzinə heyran olmuşam.
Əmimin karetaları saat səkkizdə evimizin qabağında dayandı. Onların biri atam üçün
biri də mənim üçün idi. Üsul qaydaları belə tələb edirdi. Hər karetanın qabağında
əllərində fənər tutmuş üç nəfər piş-xidmət dururdu. Fənərlərin işığı onların üzünə
düşürdü. Bu xəbərdarçılar hələ uşaq ikən onların bellərində cərrahiyyə əməliyyatı aparıb
dalağını kəsib çıxardırlar. Belələrinin ömrü boyu yeganə vəzifəsi, karetaların qabaqlarınca
qaçıb, ciddi bir səslə “Xəbərdar!” deyə çığırmaq olurdu.
Küçələrdə adam görünmürdü. Ancaq buna baxmayaraq xidmətçilər eyni ahənglə
“Xəbərdar!” deyə cığırırdılar. Biz dar küçələrdən, sonu görünməyən boz rəngli divarların
qabaqlarından keçirdik. Bu divarların arxasında isə kazarmalar, saraylar,
yaxud idarələr
yerləşirdi. Küçə tərəfə baxan kərpicdən tikilmiş boz rəngli divarlar İran
məhrəmiyyətlərini gizlədirdi.
Bazarın yuvarlaq günbəzləri ay işığında sanki gözəgörünməz bir əl tərəfindən toplanmış
saysız-hesabsız balonları xatırladırdı. Biz, qalın bir hasarda bürüncdən səliqə ilə
düzəldilmiş darvaza qarşısında dayandıq. Darvaza açıldı və biz bağçaya girdik.
Mən bu evə tək gəldiyim zamanlar, darvazanın qabağında köhnə paltar geymiş bir qoca
dayanardı. Bu gün isə sarayın qabağı çiçəklərdən düzəldilmiş hörüklər və iri fənərlərlə
bəzədilmişdi. Karetalarımız saraya çatıb durduqda bir sırada dayanmış səkkiz adam bizə
baş əydi. Bu böyük həyət balaca hasarla iki yerə bölünmüşdü. İçəri tərəfdə hərəmxana
111